Nəsimililərin Novruz şənlikləri

Novruz bayramını ayrı-ayrı sahələrdə nailiyyətlərlə, abadlıq-quruculuq işlərində yeniliklərlə qarşılayan paytaxtın Nəsimi rayonunda da silsilə və kütləvi şənliklər təşkil olunmuşdur. Nəsimi RİH-in ötən çərşənbədən start verdiyi rəngarəng tədbirlər bütün kollektivləri, məhəllə və yaşayış sahələrini, rayonun hamilik etdiyi cəbhə bölgəsindəki hərbi hissəni də əhatə etmişdir.

 

 

 

Sakinlərə “Abad həyət” hədiyyəsi

 

El bayramlarnda iri yaşayış sahələrində nümunəvi həyətlərin istifadəyə verilməsi ənənəsinə uyğun olaraq, Novruz ərəfəsində 2-ci mikrorayon ərazisindəki H.Seyidzadə küçəsində yaradılmış növbəti “Abad həyət” sakinlərə hədiyyə edilmişdir. Məhəllədəki binaların fasadları, girişləri, dam örtükləri və zirzəmiləri əsaslı təmir edilmiş, qapılar və pəncərələr yeniləşdirilmişdir.

Yaşıllıqlar sahmana salınmış, həyətə yeni ağac və gül kolları əkilmişdir. Yollara və keçidlərə asfalt örtük çəkilmişdir. Sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri, mənalı istirahətləri üçün oturacaqlar, söhbətgahlar qoyulmuş, idman qurğuları quraşdırılmışdır. Uşaqlar üçün isə müxtəlif əyləncə avadanlıqları quraşdırılmışdır.      

“Abad həyət”in istifadəyə verilməsi məhəllə sakinlərinin ümumi bayram şənliyinə çevrilmişdir. Ərazidə yaşayanları Novruzun gəlişi münasibətilə təbrik edən Nəsimi RİH-in başçısı Asif Əsgərov qeyd etmişdir ki, dövlət başçısının davamlı himayəsi ilə gerçəkləşdirilən genişmiqyaslı və əsaslı abadlıq-quruculuq tədbirləri rayonun simasını tamamilə yeniləşdirmiş, sosial problemlərin həllində, sakinlərin rahatlığının yüksəldilməsində ciddi dəyişikliklər yaratmışdır.

Rayon rəhbəri sakinlərin təklif və mülahizələrini də dinləmiş, əlaqədar qurumlara müvafiq göstərişlər vermişdir.

 

Döyüşçülərə bayram sovqatı

 

Nəsimi rayon ictimaiyyətinin nümayəndələri son illərin ənənəsinə uyğun olaraq, Novruz bayramında da Müdafiə Nazirliyinin Bərdə korpusunun hərbi hissəsində xidmət edən əsgər və zabitlərin qonağı olmuş, el şənliyini Vətənin müdafiəçiləri ilə birlikdə qeyd etmişlər. Qonaqlar hərbi hissə komandanlığı ilə birlikdə əsgərlərimizin xidməti, məişət şəraiti ilə tanış olmuş, döyüşçüləri əziz bayram münasibətilə  təbrik etmişlər. Nəsimi RİH-in hədiyyələri, rayon kollektivlərinin bayram xonçaları, əsgər ləvazimatları və şagird məktubları əsgərlərə çatdırılmışdır.

Hərbi hissənin şəxsi heyəti ilə keçirilən təntənəli görüşdə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov rayon ictimaiyyəti adından əsgər və zabitləri Novruz bayramı münasibətilə təbrik etmiş, onlara çətin və şərəfli xidmətlərində uğurlar arzulamışdır. Natiq xalqımızın ordumuza bəslədiyi böyük inam və ehtiramdan danışmış, nəsimililərin torpaqlarımızın tezliklə düşməndən azad ediləcəyinə əminliklərini ifadə etmişdir.

Hərbi hissənin komandanlığı şəxsi heyətin xidməti və döyüş hazırlığı barədə məlumat vermiş, döyüşçülər üçün Novruz bayramı şənliyinin təşkilinə görə Nəsimi RİH-ə minnətdarlığını bildirmişdir.

Xidmətdə fərqlənən əsgər, çavuş və zabitlərin bir qrupu Nəsimi RİH-in xatirə hədiyyələri ilə mükafatlandırılmışdır.

Şənlik rayon icra hakimiyyətinin tanınmış sənətçilərin iştirakı ilə təşkil etdiyi konsertlə davam etmiş və bayram naharı ilə başa çatmışdır.

Bayram məzuniyyəti ilə mükafatlandırılmış əsgərləri nəsimililər özləri ilə gətirərək evlərinə çatdırmışlar.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında