“Ölkəmizi tanıyaq” tur-aksiyasının növbəti mərhələsi davam edir

Bakı

“Ölkəmizi tanıyaq” tur-aksiyasının Naxçıvandan olan iştirakçıları martın 16-da Fəxri xiyabanda müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar.

Sonra tur-aksiya iştirakçıları Şəhidlər xiyabanına gedərək Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə güllər düzüblər.

Sədərək rayon Qaraağac kənd tam orta məktəbinin şagirdi Özcan Ağazadə müxbirimizə müsahibəsində deyib ki, o, kiçik yaşlarından ümummilli liderin və şəhidlərin məzarlarını ziyarət etmək arzusunda olub və bu gün artıq bu arzusuna çatıb. Bakı şəhərini çox sevdiyini, burada gördüklərinin onu valeh etdiyini deyən naxçıvanlı şagird bu tur-aksiyada iştirak etdiyinə görə çox sevindiyini deyib.

Naxçıvan şəhər tam orta məktəbinin şagirdi Murad Quluzadə “Ölkəmizi tanıyaq” tur-aksiyasının çox faydalı olduğunu, şagirdlərin dünyagörüşünün zənginləşməsinə kömək etdiyini vurğulayıb. O deyib ki, dövlətimizin başçısının təşəbbüsü ilə reallaşan bu layihə sayəsində onun kimi yüzlərlə şagird ölkəmizi daha da yaxından tanıyacaq. 

Culfa rayonunun Saltaq kənd tam orta məktəbinin şagirdi Şahmar Hüseynov deyib: “Bakı şəhərinin tarixi və mədəniyyət abidələri bizim üçün çox maraqlıdır. Biz bu abidələrlə, şəhərin görməli yerləri ilə, sosial-iqtisadi inkişafı ilə yaxından tanış olduq. Əldə etdiyim məlumatları rayonumuza qayıtdıqdan sonra dostlarımla bölüşəcəyəm. Bu tur-aksiya Vətənimizi daha yaxından tanımaq üçün gözəl imkandır. Artıq Bakıda yeni dostlar qazanmışam. Şəhərdən zəngin təəssüratlarla qayıdacağam”.

 

Quba

 

Azərbaycanın şimal bölgəsinin tarixi məkanlarına, muzeylərinə ekskursiyanı səbirsizliklə gözləyirdim. Bu gün Qubada dağ yəhudilərinin yığcam yaşadığı Qırmızı qəsəbədə, Quba Soyqırımı Memorial Kompleksində, Cümə məscidində və başqa görməli yerlərdə olacağıq. Bu səyahət bizim Quba, Qusar, Xaçmaz rayonları haqqında biliklərimizi zənginləşdirməklə yanaşı, yeni dostlar qazanmağımıza şərait yaradır.

Bunu müsahibəsində “Ölkəmizi tanıyaq” devizi ilə təşkil olunan maarifləndirici tur-aksiyaya Astara rayonundan qoşulan Nəzrin Məmmədova söyləyib.

Rayonun Ərçivan qəsəbə 1 saylı tam orta məktəbinin 11-ci sinif şagirdi şimal rayonlarına ilk dəfə səfər etdiyini, burada gördüklərindən çox məmnun olduğunu bildirib. “Ekskursiya zamanı gördüyümüz hər bir məkan haqqında daha çox öyrənməyə çalışırıq. Düşünürəm ki, dünyagörüşümüzün formalaşmasında bu tur-aksiyanın böyük əhəmiyyəti olacaq. Artıq iki gündür ki, “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində Quba-Qusar-Xaçmaz marşrutu üzrə tur-aksiyada iştirak edirəm. Bu ekskursiya bölgələrin tarixi, mədəniyyəti ilə yaxından tanış olmaq üçün əvəzsiz imkan, Azərbaycan tarixi və coğrafiyası barədə əyani dərsdir”, - deyə Nəzrin Məmmədova qeyd edib.

 

Şəki

 

Prezident İlham Əliyevin tövsiyəsinə əsasən “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın növbəti mərhələsi çərçivəsində Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə hərəkət edən Gəncə şəhərinin və 8 rayonun – Gədəbəy, Göygöl, Samux, Şəmkir, Goranboy, Kəlbəcər, Xocalı və Tərtər rayonlarının məktəblilərindən ibarət qruplar ekskursiyanın ikinci günü, martın 16-da səhər saatlarında qədim Şəkiyə gəliblər.

Tur-aksiyanın iştirakçıları Heydər Əliyev Mərkəzində şəhər icra hakimiyyətinin rəsmiləri tərəfindən mehribanlıqla qarşılanıblar.

Şəhər icra hakimiyyəti başçısının müavini Zərinə Cavadova məktəblilərə qədim Şəkinin tarixi, mədəniyyəti, özünəməxsus adət-ənənələri, iqtisadiyyatı və turizm potensialı barədə qısa məlumat verib. Bildirilib ki, 2700 ildən çox yaşı olan bu qədim diyar dünya əhəmiyyətli tarixi-memarlıq abidələri ilə məşhurdur. Şəkidə dövlət qeydiyyatına götürülən 84 tarix və mədəniyyət abidəsi var. Füsunkar təbiəti, nadir tarixi-memarlıq abidələri, inkişaf etmiş sənətkarlığı, həmçinin zəngin irsinin qorunması nəticəsində Şəki bu gün Azərbaycanda turizmin yüksək səviyyədə inkişaf etdiyi bölgələrdən birinə çevrilib. 2017-ci ildə Şəkiyə 200 minə yaxın turist gəlib. Hər il bu şəhərdə beynəlxalq səviyyəli bir neçə festival keçirilir. Ənənəvi olaraq hər il keçirilən “İpək Yolu” Beynəlxalq Musiqi Festivalında dünyanın bir sıra ölkələrinin tanınmış musiqi və folklor kollektivləri iştirak edirlər. Keçən il Şəki şəhəri UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına daxil edilib.

Bildirilib ki, tarixən ipəkçilik diyarı kimi tanınan Şəkidə bu sahənin inkişaf etdirilməsi üçün böyük potensial mövcuddur. Dövlətimizin başçısının birbaşa diqqət və qayğısı sayəsində hazırda Şəkidə ipəkçilik ənənələri yenidən bərpa olunur. “Şəki-İpək” ASC bu gün Azərbaycanda ipəkçilik sənayesinin inkişafına çox böyük töhfələr verir.

Tur-aksiya iştirakçılarının qədim Şəkinin tarixi məkanları ilə ilk tanışlığı “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisindən başlanıb. Məlumat verilib ki, qoruğun ərazisində dövlət qeydiyyatına götürülən 25 tarixi abidə var.

XVIII əsrə aid nadir tarixi-memarlıq abidəsi – Şəki xanlarının sarayı ilə tanışlıq tur-aksiya iştirakçılarında böyük maraq oyadıb. Bildirilib ki, Azərbaycanda ilk müstəqil xanlığın əsasını qoyan Hacı Çələbi xanın nəvəsi, “Müştaq” təxəllüsü ilə şeirlər yazan Hüseyn xanın dövründə, 1761-1762-ci illərdə inşa edilən bu sarayın dünyada bənzəri yoxdur. Sarayın tikintisində mismar və yapışqandan istifadə olunmayıb.

Tur-aksiya iştirakçıları sonra qoruğun ərazisində yerləşən V-VI əsrlərə aid memarlıq abidəsi Dairəvi Məbədlə tanış olublar. Qeyd edilib ki, hazırda burada Xalq Tətbiqi Sənəti Muzeyi fəaliyyət göstərir.

Şəki Tarix-Diyarşünaslıq Muzeyi ilə tanışlıq zamanı məlumat verilib ki, 1925-ci ildən fəaliyyət göstərən muzeydə 5 minə yaxın eksponat saxlanılır.

Məktəblilər qoruğun ərazisində fəaliyyət göstərən sənətkarlıq emalatxanalarına da baş çəkiblər. Diqqətə çatdırılıb ki, Şəki əsrlərboyu sənətkarlar məskəni olub. Şəki sənətkarlarının yüzillərboyu əldə etdikləri təcrübə nəsildən-nəslə keçməklə zəmanəmizədək gəlib çatıb.

Şəkinin tarixi məkanları ilə tanışlıqdan sonra tur-aksiya iştirakçıları Zaqatala rayonuna yola düşüblər.

 

Quba

 

Martın 16-da on rayonun məktəblilərindən ibarət 400 nəfərdən çox şagird “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində Quba və Qusar rayonlarının görməli yerləri ilə tanış olublar.

Məktəblilərin bir qrupu – Neftçala, Salyan, Şirvan, Şuşa və Zəngilanı təmsil edən şagirdlər qədim Quba ilə tanışlığa dağ yəhudilərinin yığcam yaşadıqları Qırmızı qəsəbədən başlayıblar. Şagirdlər qəsəbədə salınan Heydər Əliyev parkını gəzib, eləcə də dağ yəhudilərinin ibadət etdikləri sinaqoqla yaxından tanış olublar. Burada məktəblilərin diqqətinə çatdırılıb ki, Azərbaycanın bu dilbər guşəsi multikultural ənənələri ilə seçilir. Bölgədə müxtəlif xalqların nümayəndələri əsrlərdən bəri dinc şəraitdə yaşayır, həm öz mədəniyyətlərini, həm də Azərbaycan xalqının mədəniyyətini zənginləşdirirlər.

Cümə məscidində olan tur-aksiya iştirakçılarının diqqətinə çatdırılıb ki, zəngin memarlıq üslubuna malik dini məbəd 1802-ci ildə tikilib. Məscidin tikintisi müəyyən fasilələrlə 10 ilə başa çatdırılıb. Bu məscid təkcə Qubada deyil, bütün şimal-şərqi Azərbaycanda ən qədim dini mərkəzlərdən biridir.

Daha sonra məktəblilər şəhərdə fəaliyyət göstərən “Qədim Quba” xalçaçılıq müəssisəsində xalça toxunması prosesini izləyiblər. Burada onlara Quba xalçaçılıq məktəbi haqqında ətraflı məlumat verilib.

Quba Soyqırımı Memorial Kompleksini ziyarət zamanı tur-aksiyanın iştirakçıları ermənilərin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlandırılıblar.

Məktəblilər 1918-ci ildə Qubada cinayətkar erməni hərbi dəstələri tərəfindən törədilmiş soyqırımı qurbanlarının dəfn olunduğu yerdə ucaldılmış abidəni ziyarət edib, qarşısına gül dəstələri düzüblər.

Diqqətə çatdırılıb ki, Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksi 2013-cü il sentyabrın 18-də açılıb. Kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolar var. Burada quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı respublikamızın müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımı aktları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür.

Bildirilib ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.

Günün ikinci yarısında məktəblilər Quba rayonu ərazisində, Xınalıq yolu üzərində yerləşən dağ şəlaləsinə ekskursiya ediblər. Tur-aksiya iştirakçıları, həmçinin “Rixos Quba Azerbaijan” otel kompleksi və burada yerləşən Azərbaycan Milli Qolf Klubu ilə yaxından tanış olublar.

Lənkəran, Astara, Lerik, Yardımlı və Yevlax rayonlarından olan şagirdlər isə martın 16-da Azərbaycanın “şimal qapısı” sayılan Qusara səfər ediblər.

Ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri Qusar şəhərinin girişindəki Bayraq meydanında qarşılanıblar. Rayon icra hakimiyyətinin, mədəniyyət və turizm, təhsil şöbələrinin nümayəndələri şagirdlərə Qusar rayonu haqqında ətraflı məlumat veriblər. Bildirilib ki, Azərbaycanın şimal bölgəsi iqtisadiyyatı ilə bərabər, turizmin inkişafı üçün də cəlbedici məkandır. Son illərdə bu bölgədə turizm infrastrukturunun yaradılması istiqamətində mühüm addımlar atılıb. Qusar rayonunda “Şahdağ” Turizm Mərkəzinə gələn turistlərin sayı ilbəil artır. Bu mərkəzi Azərbaycanın turizm brendi hesab etmək olar. Şahdağ təbiətin bütün fəsillərində öz gözəlliyi ilə fərqlənir.

Sonra tur-aksiya iştirakçıları “Şahdağ” Turizm Mərkəzi ilə tanış olub, Həzrə kəndində “Şeyx Cüneyd” türbəsini ziyarət edib, şəhərdəki Heydər Əliyev Mərkəzində Ulu Öndərin zəngin irsini və fəaliyyətini əks etdirən fotoşəkillərə baxıblar. Şagirdlər Qusar Tarix-Diyarşünaslıq Muzeyi, Olimpiya İdman Kompleksi və rəsm qalereyası ilə yaxından tanış olublar.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında