Qaradağ rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər

Hər birimizin gözləri önündə doğma Bakımızın sosial-iqtisadi həyatında bir an belə səngiməyən inkişaf ritmi xəyallarımızın gerçəkləşmiş təsdiqinə də bənzəyir.  Şəhər sanki  ildən-ilə yox, aydan-aya simasını dəyişir, daha da gözəlləşir. Keçən əsrin  sonlarında gördüyümüz, ucuz işçi qüvvəsinin məişət ehtiyaclarını ödəmək üçün tikilmiş neft qoxulu, hisli-paslı, yöndəmsiz “gecəqondu”lardan can qurtaran paytaxt,  indi  modern və yaraşıqlı, əngin səmalara boy verən möhtəşəm binaları ilə şəhər tarixinin yeni səhifələrini yazmaqdadır.

Paytaxtımızın bu yeni növrağı Səbail, Xətai, Yasamal, Nəsimi, Nərimanov və digər rayonları ilə yanaşı, ərazicə ən böyük rayonu olan Qaradağ da yaşamaqda, sosial rifahın, tərəqqinin,  əmin-amanlığın və rahatlığın yeni ünvanına çevrilməkdədir. Ölkəmizin hər bölgəsində qarşılaşdığımız  bu uğurları Bakının Qaradağ rayonunda da görmək mümkündür. Halbuki, əvvəllər belə deyildi. Rayonun miskin görkəmindən söhbət açan qəzet məqaləsində deyilirdi: “Son illərədək müsafirlər yolboyu sıralanmış könül bulandıran mənzərələrin yanından tez ötüb keçməyə çalışsalar da, ekoloji cəhətdən korlanmış əraziləri, boz-bulanıq görkəmli binaları, gölməçə və qamışlıqları, köhnəlmiş sənaye obyektlərini gen-bol seyr etməli olurdular. Bərbad vəziyyətə düşmüş yolların özü də adamın səbrini tükəndirir, sanki, darıxdırıcı səhnələrin ömrünü bir az da uzadırdı. Təxminən bir əsr ərzində min illər boyu bakir qalmış, karvanların, köçəri maldarların ötüb keçdiyi bu yovşanlı-yulğunlu yerlər, qara-qonur təpəciklər sürətlə mazutlu mədənlərin, gecəqondu məhəllələrin, hisli-paslı fabrik-zavodların, çala-çuxur yolların altınıda qalmışdı. Talenin hökmü ilə yağmaçı imperiya yıxılmasa, Azərbaycan dövlət müstəqilliyi qazanmasaydı, hələ kim bilir, bu vəziyyət pisləşə-pisləşə nə qədər davam edəcəkdi. Yaxın keçmişin Qaradağı məhz belə qara libaslı, qara güzəranlı olmuşdu”.

Həyatımızın əvəzsiz neməti olan müstəqilliyimiz Qaradağın təkcə görkəminə yox, iqtisadi, ictimai həyatına da yeniliklər bəxş etdi. Yollar, kommunikasiyalar təzələndi. Sonra inkişaf və tərəqqinin yeni özülləri üzərində yüksəliş sütunları ucaldı. Təzələnmiş hasarlar, meydanlar, bağlar, yolkənarı tərtibatlar ümumi mənzərəyə zənginlik gətirir. Ötən hər gün, hər həftə, hər ay irili-xırdalı, saysız-hesabsız yeniliklərlə müşayiət olunur. Doğrudan da, bu gün Bakının inkişafından danışarkən onun bir parçası olan Qaradağ rayonunun sürətlə böyük sənaye mərkəzinə çevrildiyi də ciddi bir fakt kimi diqqəti cəlb edir. Əldə olunmuş uğurların, hər şeydən əvvəl, aparılan düzgün siyasətin nəticəsinin olduğunu bildirən  Milli Məclisin deputatı,  YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov deyir:

-- Bu gün dünyanın ən müxtəlif yerlərində müşahidə olunan xaotik proseslər, siyasi və iqtisadi böhranlar  böyük fəlakətlər və  etirazlar yaratmaqdadır. Lakin ölkəmizin sağlam təməllər üzərində qurulan uğurlu  inkişafı təhlükəsiz şəraitdə yaşamağımızın qarantı olmuşdur. Azərbaycanda aparılan düşünülmüş, müstəqil siyasət  sabitlik və təhlükəsizlik yaratdığı kimi,  xalqın  rifahını təmin etmiş, ölkədə gedən iqtisadi islahatların səmərəliliyini artırmaqla respublikamızın sosial-iqtisadi inkişafının uğurlarının təminatçısı olmuşdur.

Aydın müəllim söhbətinə davam edərək bildirir ki,  qazanılan hər bir uğurun təməlində  dövlət tərəfindən göstərilən böyük diqqət və qayğı durur. Qaradağlılar bu qayğını daim hiss etmiş, bu gün də hiss etməkdədirlər. Təkcə ötən 2017-ci ildə  ölkə başçısı  rayonumuza 3 dəfə səfər etmişdir. May ayının 18-də   Heydər Əliyev adına qazma qurğusunun açılış mərasimində, sentyabr ayının 6-da Gəmiqayırma zavodunda “Şahdəniz-2” layihəsi çərçivəsində inşa edilən “Xankəndi” sualtı tikinti gəmisinin təqdimat mərasimində və oktyabr ayının 30-da Bakı Beynəlxalq Dəniz Ticarət Limanında keçirilmiş Bakı-Tbilisi-Qars dəmir yolunun təntənəli dövlət rəhbərlərinin iştirakı rayonun sosial-iqtisadi həyatında mühüm tarixi hadisə olmuşdur.

Təbii ki, Aydın müəllimin dedikləri dinamik inkişaf edən Qaradağın önəmli uğur reseptlərindən olmaqla, buraya həm də innovasiyaların sürətlə tətbiqi, biznesin inkişafı üçün perspektivlərin yaradılması, sahibkarlığın inkişafına verilən maddi və mənəvi dəstək, böyük layihələrin reallaşdırılması daxildir. Eyni zamanda, rayonun inkişafını təkcə sənaye məhsulu istehsalının sürətli artımı müəyyənləşdirmir. Yeni tikilən və istehsal gücü ilə rayonun iqtisadi potensialını artıran sənaye nəhəngləri ilə paralel olaraq Qaradağın sosial-məişət infrastrukturu da yenidən qurulur və yaxın illərdə qaradağlıların ehtiyaclarının ödənilməsində bu, önəmli rol oynayacaqdır.

Buna qədər də rayonun uzunmüddətli sosial-iqtisadi inkişafı üçün möhkəm iqtisadi təməllərin yaradılması ümdə vəzifələrdən olmuşdur. 2007-ci ildə Bakı şəhərinin və Abşeron yarımadasının enerji təhlükəsizliyinin möhkəmləndirilməsi üçün nəzərdə tutulan 300 meqavat gücündə modul tipli Səngəçal elektrik stansiyasının, müasir Gəmiqayırma zavodunun,  Beynəlxalq Dəniz Ticarəti Limanının, Cənubi Qafqazda ən nəhəng özəl müəssisələrdən olan Metanol zavodunun, “Holcim-Azərbaycan” , “Norm” yeni sement, “Mətanət-A” şirkətinin Yeni Ağdağ gips zavodlarının  və bir sıra digər sənaye obyektlərinin  tikintisi bu sahədə atılan sanballı xaddımlar idi. Bununla da burada müasir və tam yeni infrastruktura malik bir sənaye mərkəzinin yaradılmasının əsası qoyulub.

İndi bu layihələr öz bəhrəsini verməkdədir. Fikirlərimizin təsdiqi üçün Qaradağ rayonunun sosial-iqtisadi həyatında keçən ilin yanvar-sentyabr aylarının uğurlarını əks etdirən kiçik bir statistikaya nəzər yetirək: 2017-ci ilin doqquz ayının yekunlarına görə, rayon üzrə sənaye məhsulunun ümumi həcmi  685 milyon 500 min manatdan çox olub. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 35,3 faiz çox sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir. Sahibkarlığa verilən dəstəyin nəticəsi olaraq, sənaye məhsulunun ümumi həcmində qeyri-dövlət sektorunun xüsusi çəkisi 42,2 faiz təşkil etmişdir. İstehlak bazarı dinamik inkişaf etməkdə davam etmiş və pərakəndə ticarət şəbəkəsindən rayon əhalisinə 1 milyard 202 milyon 125 min manatlıq istehlak malları satılmışdır  ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 61,4 faiz artım deməkdir.

 On bir qəsəbənin  daxil olduğu Qaradağın sürətli inkişafına  geniş imkanlar açan  amillərdən biri də  rayonun respublikanın əsas nəqliyyat arteriyası üzərində bərqərar olmasıdır. Xəzər hövzəsində ən böyük ticarət limanı olan Ələt Beynəlxalq Dəniz Ticarəti Limanı  rayonu ölkənin nəqliyyat-loqistika mərkəzinə çevirib. Bu infrastrukturların tam gücü ilə işləməsinin zamana ehtiyacı olduğuna baxmayaraq, bu ilin üçüncü rübünün yekunlarına görə nəqliyyat sektorunda xidmətlərin həcmi 56 milyon 227 min  manata çatmışdır.

Əhalinin rifah halının yüksəldilməsi ən önəmli məsələlərdən olmaqla, yeni iş yerlərinin açılması, nominal əmək haqlarının artırilması, aztəminatlı ailələrə yardımların ayırılması əvvəlki illərdəki kimi, yenə də diqqət mərkəzində olmuşdur. Artıq üç ildir ki, fəaliyyətdə olan “ASAN xidmət” regionlardakı əhaliyə səyyar formada xidmətlər göstərir. Son bir ildə Qaradağ rayonunun Lökbatan, Sahil, Qobustan, Ələt və Müşviqabad qəsəbələrində minlərlə rayon sakini səyyar “ASAN xidmət”in fəaliyyətindən bəhrələnmişdir. Demək olar ki, rayonun bütün qəsəbələrində təmir-tikinti, quruculuq, abadlıq, təmizlik, yaşıllaşdırma işləri rayon icra hakimiyyətinin daxili imkanları hesabına həyata keçirilmiş, qəsəbə sakinləri tərəfindən də böyük rəğbətlə qarşılanmışdır.

Dövlət başçısının xüsusi nəzarətində olan əhalinin sağlamlığının qorunması, səhiyyənin inkişafı, tibbi xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində Qaradağda görülən işlər bu sahənin də ümumi inkişaf dinamikasından geri qalmadığını göstərir. İstifadəyə verilən və müasir avadanlıqla təchiz edilən tibb müəssisələri rayonda səhiyyənin keyfiyyətcə yeni mərhələyə daxil olduğunu deməyə əsas verir. Ölkə başçısının tapşırığına uyğun olaraq, 2018-ci il fevral ayının 12-dən respublikamızın bütün bölgələrində olduğu kimi, Qaradağ rayonunda da əhalinin tibbi müayinədən keçirilməsi tədbirlərinə başlanmışdır. Bu aksiya əhalinin sağlamlığının qorunması, xəstəliklərin erkən mərhələdə aşkarlanması baxımından olduqca əhəmiyyətlidir. Humanitar aksiyanın mütəşəkkilliyini təmin etmək üçün Qaradağ Rayon İcra Hakimiyyətində müvafiq komissiya yaradılmış, xüsusi tədbirlər planı hazırlanmış, qrafik tərtib edilmişdir. Bir ayda rayonun tibb müəssisələrində 6 mindən çox rayon sakini ixtisaslı həkimlər tərəfindən müayinə olunmuş,  sakinlərdən 901-i ambulator, 72-si stasionar müalicəyə cəlb edilmiş, 82 nəfər respublikanın ixtisaslaşmış xəstəxanalarına göndərilmişdir. Eyni zamanda, səhiyyə müəssisələrinin həkimləri rayon sakinləri ilə yanaşı ərazidə məskunlaşmış məcburi köçkünlərin də tibbi müayinələrdən keçməsini həyata keçirirlər. Rayon icra hakimiyyətində əhalinin tibbi müayinədən keçirilməsi zamanı yaranan neqativ halların aradan qaldırılması üçün “Qaynar xətt” telefon əlaqə nömrəsi yaradılmışdır.

Keçən il may ayının 30-da Qaradağ rayonunun Lökbatan qəsəbəsində qaçqın və məcburi köçkün ailələr üçün 1026 mənzilli yeni yaşayış kompleksinin təməlqoyma mərasimi olmuş və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva həmin tədbirdə iştirak etmişdir. Ölkəmiz üçün çox vacib olan bu məsələyə, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çağırışına Qaradağ rayonunda fəaliyyət göstərən özəl sektor və biznes strukturları da qoşulmuşdur.

        Bu gün özünün yeni qurulan infrastrukturu, diversifikasiyalı iqtisadiyyatı, sənaye müəssisələrinin və yaşayış tikililərinin inkişafı üçün ərazi perspektivləri olan  Qaradağ, sözün əsl mənasında, Bakının çoxfunksiyalı dinamik inkişaf edən sənaye rayonuna çevrilmişdir.

Namiq Əhmədov,
“Xalq qəzeti”

Məqalə Qaradağ Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə keçirdiyi müsabiqəyə təqdim edilir.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında