Gəncə şərabları Avropa brendlərini geridə qoydu

Ötən ayın sonlarında “Gəncə Şərab-2” ASC- nin həyatında görünməmiş bir hadisə baş verdi. Fevralın 21-dən 24-dək Moldovanın Kişinyov şəhərində Qara Dəniz Hövzəsi və Avropanın digər ölkələrində istehsal olunan şərab məhsullarının anonim dequstasiya müsabiqəsi keçirildi. Həmin müsabiqəyə “Gəncə Şərab-2” ASC-nin istehsal etdiyi şərab məhsulları da çıxarıldı.

Qeyd edək ki, müsabiqənin aliliyini belə bir fakt təsdiq edirdi ki, onun tərkibinə Fransa, Böyük Britaniya, Koreya, Kanada, Sloveniya, Slovakiya, Ukrayna, Polşa, Belarus, Rusiya, Macarıstan, İtaliya, Almaniya, Gürcüstan, Çexiya, Rumuniya, Moldova kimi dövlətlərin tanınmış mütəxəssisləri, alimləri daxil edilmişdilər. Onların arasında müsabiqədə Azərbaycanı təmsil edən, “Gəncə Şərab-2” ASC-nin sədr müavini, baş şərabçı Elbrus Əhmədov da var idi. Digər tərəfdən, Moldova Prezidentinin də bu müsabiqəyə qatılması, ayrı-ayrı ölkələrin nümayəndələri, onların gətirdikləri şərab məhsulları ilə yaxından tanış olması bu beynəlxalq müsabiqənin necə böyük əhəmiyyət kəsb etdiyindən xəbər verirdi.

Xüsusilə qeyd edilməli faktdır ki, müsabiqədə müxtəlif Avropa ölkələrində istehsal olunan 450 şərab növü arasında Gəncə şərabları özünəməxsus keyfiyyətləri ilə komissiya üzvlərinin böyük marağına səbəb olmuş və onlar yüksək mükafatlara layiq görülmüşdür. Təqdim edilən 5 şərab məhsulundan 4-nün qızıl medal alması, razılaşın ki, böyük uğurdur. Müsabiqəyə təqdim olunan, Rkasteli və Bayan üzüm sortlarından hazırlanan “Hilside Classiko” ağ desert şərabının isə ən ali mükafata – “Qran Pri”-yə, böyük qızıl medala layiq görülməsi onu göstərdi ki, bu müəssisə son illər böyük inkişaf yolu keçib.

Kabarne-Sovinyon üzüm sortundan hazırlanmış “Hilside Rezerv”, Saperavi üzüm sortundan hazırlanmış “Hilside Saperavi” və müxtəlif şərab materiallarından kupaj üsulu ilə hazırlanmış “Hilside kuvee” qırmızı turş şərabları da qızıl medala layiq görüldü.

Əslində, bu, Azərbaycanın üzümçülük və şərabçılıq sahəsində əldə etdiyi ən böyük uğurlardan biridir. Müəssisənin rəhbərliyi əldə olunan uğurları dovlətin respublikada üzümçülüyün və şərabçılığın inkişafı üçün gördüyü böyük işlərin nəticəsi kimi qiymətləndirir. Digər tərəfdən, kollektiv bu uğura illər uzunu addım-addım yaxınlaşıb. Cəmiyyətin rəhbərliyi bu illərdə bütün qüvvəsini buraxılan məhsulların çeşidinin artırılması ilə yanaşı, onun keyfiyyətinin də yaxşılaşdırılmasına çalışmış, Azərbaycan brendinin Avropada, dünyanın bir çox ölkələrində tanınması üçün bütün imkanlardan maksimum istifadə etmişdir. Bunun üçün ən müasir texnoloji avadanlıqların və müasir texnoloji xətlərin quraşdırılması yolu seçilmişdir.

Yüksəliş, uğur öz-özünə yaranmır. Müasir şərabçılıqda tətbiq edilən yaxşı nə varsa, tapıb gətirmək, quraşdırmaq və bunun bəhrəsini görmək lazım idi. Məhz müəssisə rəhbərliyinin, şəxsən ASC-nin sədri Namiq Məmmədovun belə bir mövqeyi bugünkü uğurların əsasını qoyub.

Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında