Naxçıvanda 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilmişdir

Martın 7-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov tədbir iştirakçılarını və muxtar respublika qadınlarını 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edərək demişdir: Hər bir cəmiyyətin mədəni inkişaf səviyyəsi və yüksəlişi, qabaqcıl dəyərlərə malik olması anaya, qadına olan münasibətlə sıx bağlıdır. Azərbaycan cəmiyyətində ana və qadın adının müqəddəs tutulması səbəbsiz deyil. Əsas səbəblərindən biri qədim türk adət-ənənələrinin yaşadılmasıdırsa, ikinci səbəbi isə müqəddəs dinimiz olan İslam dinidir. Bu dinin ehkamları da qadına,  qıza və anaya yüksək ehtiram ifadə etmiş, Qurani-Kərimdə qadın hüquqlarına hörmətlə yanaşılması mənəvi öhdəlik kimi qoyulmuşdur.

Qeyd olunanların nəticəsidir ki, Azərbaycanda qadın hüquqları dünyanın bir çox ölkələrindən əvvəl dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilmiş, 1918-ci ildə yaranan Azərbaycan Xalq Cümhuriyyəti hökuməti müsəlman Şərqində ilk dəfə olaraq qadına seçmək və seçilmək hüququ vermişdir. Müqayisə üçün deyə bilərik ki, bundan 2 il sonra Amerika Birləşmiş Ştatlarında, 26 il sonra Fransada, 53 il sonra isə İsveçrədə qadınlar seçkilərdə iştirak hüququ ala bilmişlər. Sovetlər Birliyi dövründə də Azərbaycan qadınlarının ictimai həyatda fəallığı artmışdır. Bu dövrdə baş verən ictimai-siyasi proseslər, iqtisadiyyatın sürətli inkişafı qadınların maariflənməsinə və ictimai həyata qoşulmasına səbəb olmuşdur.

Ötən əsrin 70-ci illərində ümummilli lider Heydər Əliyev Azərbaycanın rəhbəri seçiləndən sonra qadınların ictimai həyatda yeri və mövqeyi daha da möhkəmlənmişdir. Qadınların təhsil səviyyəsinin yüksəldilməsi, müxtəlif peşələrə yiyələnərək öz istedad və bacarıqlarını göstərə bilmələri həmin dövrün başlıca nailiyyətidir. Bu dövrdə qadınlar Azərbaycanın və Sovetlər Birliyinin ali hakimiyyət orqanlarına deputat seçilir, yüksək vəzifələrə təyin olunurdular. Ümummilli liderimiz dövlət qadın siyasətində yaranmış müsbət meyilləri əsaslandıraraq 1974-cü ildə keçirilmiş müşavirədə deyirdi ki, həyat özü, bizim təcrübəmiz qadınların başçılıq etdikləri müəssisələrin bir qayda olaraq qabaqcıllar sırasında getdiyini sübut edir. Bunlarda səliqə-sahman daha çox olur, əmək intizamı pozulmur.

Ali Məclisin sədri demişdir: Ümummilli liderimizin ali hakimiyyətə ikinci qayıdışından sonra qadın problemlərinin həllində də əsaslı dönüşə nail olundu. Dövlət qadın siyasətini tənzimləyən qanunvericilik bazası yaradıldı. Ölkəmiz qadın hüquqlarının qorunması ilə bağlı konvensiyalara qoşuldu. Bu gün Azərbaycan qadını ictimai-siyasi həyatda, elm, təhsil, mədəniyyət, dövlət qulluğu və ordu quruculuğunda, hüquq-mühafizə, məhkəmə və digər orqanlarda çalışır. Bu, Azərbaycan qadınının seçki hüququ qazanmasından ötən yüz ildə əldə etdiyi ən böyük nailiyyətidir!

Ali Məclisin sədri demişdir ki, muxtar respublika qadınları təhsil sahəsində də fərqlənirlər. Bunun əyani ifadəsi özünü ali və orta ixtisas məktəblərinə qəbulda qızların fəallığının artmasında göstərir. 2017-ci ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək bal toplayanların 174 nəfərini, yaxud 60 faizini qızlar təşkil etmişdir. Hazırda muxtar respublikada elmlər doktorlarının 2-si, fəlsəfə doktorlarının isə 88-i qadınlardır. Muxtar respublika qadınlarından 23 min 175-i Yeni Azərbaycan Partiyasının üzvüdür ki, onların da 111-i ərazi ilk partiya təşkilatının sədridir. Bütün bunlar onu deməyə əsas verir ki, artıq muxtar respublika qadınları cəmiyyət həyatının bütün sahələrində uğurla təmsil olunurlar. Ona görə də muxtar respublika qadınlarının əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş, ölkəmiz müstəqillik qazandıqdan ötən müddət ərzində qadınların 147-si Azərbaycan Respublikasının, 133-ü isə Naxçıvan Muxtar Respublikasının fəxri adlarına layiq görülmüş, 105 qadın orden, medal və döş nişanları ilə təltif olunmuşdur.

Ali Məclisin sədri bu gün muxtar respublikamızın inkişafında əməyi olan bütün qadınlara muxtar respublikanın Ali Məclisi və hökuməti adından təşəkkürünü bildirmiş, bir daha qadınları 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik etmiş, çıxışını ölkə Prezidenti cənab İlham Əliyevin fikirləri ilə tamamlamışdır: “1918-ci ildə seçib-seçilmək hüququ qazanan Azərbaycan qadını qısa müddət ərzində bir neçə əsrə bərabər inkişaf yolu keçmişdir. Ümidvaram ki, qadınlarımız gələcək nəsillərin milli-mədəni irsə, adət-ənənələrimizə hörmət ruhunda tərbiyəsində var qüvvələrini sərf edəcək, daim yeniləşən ölkəmizin daha da çiçəklənməsinə layiqincə xidmət göstərəcəklər”.

Sonra Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının təltiflərinin təqdimatı olmuşdur.

Ali Məclisin sədri təltiflərin vəsiqə və döş nişanlarını təqdim etmişdir.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında