Tərtərdə Olimpiya İdman Kompleksinin təməli qoyulub

Fevralın 28-də Tərtər şəhərində yeni Olimpiya İdman Kompleksinin təntənəli təməlqoyma mərasimi keçirilib.

Gənclər və idman naziri Azad Rəhimovun, rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovun, Milli Məclisin deputatı Sahib Alıyevin və digər rəsmilərin iştirak etdiyi şənlikdə daim  artan dövlət qayğısına tərtərlilərin dövlətçiliyimizə sədaqətlə, hərtərəfli yeniləşmə və tərəqqi prosesinin önündə getməklə cavab verəcəkləri vurğulanıb.

Yeni idman obyektinin ucaldığı ərazidə keçirilən təməlqoyma mərasimini  giriş sözü ilə açan Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tərtərlilərin sonsuz sevinc duyğularını ifadə edərək, Prezident İlham Əliyevin cəbhə bölgəsində yerləşən rayona göstərdiyi davamlı diqqət və qayğıdan söhbət açıb. Rayon rəhbəri bildirib ki, dövlət başçısının sərəncamı ilə rayonda 100 yerlik uşaq bağçasının tikintisinə, Kovdadıq və Zolgörən kəndlərində  modul tipli məktəblərin quraşdırılmasına başlanıb. Otən il isə Bayandur və Poladlı kəndlərində modul tipli məktəblər istifadəyə verilib. İndi isə müasir Olimpiya İdman Kompleksinin təməli qoyulur.

RİH başçısı Müstəqim Məmmədov son illərdə Tərtərin hərtərəfli inkişafına göstərilən yüksək diqqətə görə rayon əhalisi adından ölkə rəhbərinə dərin minnətdarlığını bildirib. 

Sonra çıxış edən gənclər və idman naziri Azad Rəhimov Azərbaycan Respublikasının və Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin ölkədə idmanın sürətli inkişafına göstərdiyi geniş himayədarlıqdan söz açaraq qeyd edib ki,  məhz dövlət başçısının həyata keçirdiyi müstəsna tədbirlərin nəticəsidir ki, ölkəmizdə 43 Olimpiya İdman Kompleksi fəaliyyət göstərir. Bu gün isə Azərbaycanın 44-cü Olimpiya İdman Kompleksinin təməli Tərtərdə qoyulur. Bu il ölkəmizdə daha iki bölgədə – Lənkəran və Beyləqanda Olimpiya idman kompleksləri istifadəyə veriləcək. Cəbhə bölgəsində yaşayan gənclərin də sağlam həyat tərzi sürmələri, onların idmanla sərbəst məşğul olmaları üçün belə idman kompleksləri yaradılır.

Mərasimdə bildirilib ki, Tərtər Olimpiya İdman Kompleksinin tikintisi Prezident fərmanı ilə təsdiq edilmiş 2014-2018-ci illərdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulub. Tərtər Rayon İcra Hakimiyyətinin ayırdığı 4 hektar ərazidə ucaldılan nəhəng idman obyektinin ümumi sahəsi 10 min 792 kvadratmetrdir. Kompleksdə 1036 tamaşaçı tribunası olan, müxtəlif idman növləri üzrə məşqlərin və yarışların keçirilməsi üçün nəzərdə tutulan universal salon, uzunluğu 24, eni 12 metr olan 174 tamaşaçı yerlik üzgücülük hovuzu, 152 tamaşaçı yerlik güləş, boks və trenajor salonları yaradılacaq. Burada 22 otaqdan ibarət 54 çarpayılıq mehmanxana, restoran, mətbəx, həkim otaqları, inzibati kabinetlər, tamaşaçılar üçün sanitar qovşaqlar, digər texniki və köməkçi otaqlar nəzərdə tutulub.

Kompleksdə fiziki imkanları məhdud tamaşaçıların və idmançıların təhlükəsizliyi  üçün zəruri şərait olacaq. Ərazidə min tamaşaçı yerlik tribunası olan stadion, mini futbol, voleybol və basketbol meydançaları da inşa ediləcək.

Ziyəddin SULTANOV,
“Xalq qəzeti”nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında