Nəsimililər Xocalı qurbanlarının xatirəsini Türkiyədə kocaelililərlə birlikdə yad etmişlər

Son illər yaranmış dostluq ənənəsinə uyğun olaraq, Türkiyənin Kocaeli vilayətində bu il  də Xocalı faciəsinin növbəti ildönümü ilə bağlı anım tədbirləri və soyqırımı abidələrinin açılış mərasimləri Bakının Nəsimi rayonundan dəvət olunmuş  nümayəndə heyətinin iştirakı ilə keçirilmişdir.

Ayrı-ayrı şəhərlərdə təşkil olunan silsilə tədbirlərdə nəsimililər Xocalı soyqırımı haqqında ətraflı məlumat vermiş, görüşdükləri insanlara qətliamdan bəhs edən kitablar, bukletlər, foto və video materiallar  paylamışlar. Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündarın, Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə  Verdiyevanın, Nəsimi Bələdiyyəsinin sədri Nazim Qaraxanovun, Qarabağ müharibəsi əlili Azər Quliyevin, Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin və türkdilli dövlətlərin gənclərinin iştirakı ilə keçirilən anım mərasimlərində və Xocalı abidələrinin açılış mərasimlərində faciə şəhidlərinin əziz xatirəsi ehtiramla yad edilmiş, erməni vandallarının 26 il əvvəl  törətdiyi kütləvi soyqırımının təşkilatçıları və icraçıları kəskin ittiham olunmuşlar.

Səfər çərçivəsində  Kocaeli Böyükşəhər Bələdiyyəsinin sədri İbrahim Karaosmanoğlu Nəsimi rayonunun nümayəndə heyəti ilə görüşərək bildirmişdir ki, Türkiyə həmişə Azərbaycanın yanındadır, onun ən ağrılı məsələsi olan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə, Xocalı qırğınının soyqırımı kimi tanıdılmasına da lazımi dəstək verməyə çalışır.

Kocaeli şəhər valisi Hüseyn Aksoy və Körfəz Bələdiyyəsinin sədri İsmayıl Baranla görüşdə də Xocalı qətliamının soyqırımı olduğu, insanlığa qarşı bu amansız cinayəti törədənlərin cəzalandırılmasının zəruriliyi vurğulanmışdır.

Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva həmin görüşlərdə kocaelililərin göstərdiyi ehtiram və dəstəyə görə minnətdarlığını bildirmişdir.

Vilayətin  İzmit şəhərində  Xocalı abidəsi önündə keçirilən izdihamlı anım mərasimində bələdiyyə sədri Nevzat Doğan qeyd etmişdir  ki, Azərbaycan xalqının ayağına dəyən daş Türkiyənin ürəyini ağrıdır. Xocalı faciəsi də türk xalqının ürəyindəki sağalmaz yaralardandır. Türkiyədə ilk dəfə Xocalı soyqırımı abidəsi  İzmitdə yaradılmışdır. Ölkənin  digər şəhərlərində də  belə abidələr ucaldılmaqdadır. Biz Xocalı qurbanlarını heç bir zaman unutmayacağıq, onların  ruhuna daim dualar edəcəyik.

Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva isə demişdir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı quldurları sovet ordusunun 366-cı alayının ağır texnikasının və hərbçilərinin köməyilə Xocalı şəhərinə girərək qoca, qadın, uşaq demədən hər kəsi görünməmiş amansızlıqa qətlə yetirmiş, dinc sakinlərə dəhşətli işgəncələr vermişlər. Ümummilli lider Heydər Əliyev Xocalı faciəsi ilə bağlı xüsusi sərəncam imzalamış və Milli Məclisin qərarı ilə 26 fevral “Xocalı soyqırımı və milli matəm günü” elan olunmuşdur. Erməni terrorçularının törətdiyi bu soyqırımı bəşəriyyətə qarşı cinayətlər sırasına daxil edilmişdir.

Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar qeyd etmişdir ki, İzmit Bələdiyyəsinin inşa etdirdiyi Xocalı soyqırımı abidəsi ermənilərin türk soyuna amansızlıqla divan tutmasının misilsiz bir səhifəsini  çağdaş nəsillərin yaddaşına həkk edir. Öz havadarlarının köməyilə Azərbaycana hərbi təzcavüz etmiş Ermənistanın Xocalıda törətdiyi misilsiz  qırğının bütün dünyada soyqırımı kimi tanıdılması və qəbul edilməsi üçün  türkdilli dövlətlərin birgə fəaliyyət göstərməsi  zəruridir.

İzmit Peşə və Texniki Anadolu Liseyində nəsimililərlə keçirilən  görüşdə də Xocalı soyqırımının dəhşətlərindən söhbət açılmışdır. Nəsimi rayonundakı 54 nömrəli orta məktəbin direktoru Sahibə Abbasova rəhbərlik etdiyi təhsil ocağının şagirdlərinin Xocalı faciəsinin dəhşətlərini əks etdirən əl işlərini liseyin muzeyinə təqdim etmişdir.

Həmyerlilərimiz Kocaeli vilayətində  minlərlə insanın, millət vəkillərinin, rəsmi şəxslərin, QHT və KİV rəhbərlərinin iştirak etdiyi digər tədbirlərdə – Körfəz Bələdiyyəsi ərazisində  Xocalı parkının və Xocalı soyqırımı abidəsinin, Sakarya  Karasu   bölgəsində “Qarabağ”  küçəsinin,  Xocalı parkının  və  abidəsinin  açılış  mərasimlərində  də iştirak etmişlər. Gülarə Verdiyeva bu mərasimlərdəki çıxışlarında vilayətin şəhərlərində Xocalı qurbanlarının xatirəsinə yeni küçə, park və abidələrin yaradılmasını  qardaşlığımızın daha bir təsdiqi kimi dəyərləndirmişdir.

Kocaeli vilayətində  Xocalı faciəsinin növbəti ildönümü ilə bağlı anım tədbirləri  və soyqırımı abidələrinin açılış mərasimlərində  çıxış edənlər Xocalı qətliamının dünya ictimaiyyətinə çatdırılması və beynəlxalq aləmdə soyqırımı kimi tanıdılması istiqamətində xalqlarımızın zəruri tədbirləri bundan sonra da davam etdirməsinin  vacibliyini qeyd etmişlər.

Tahir AYDINOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında