Biləsuvarlı gənclər “Tütünə yox!” deyirlər

Gənclərin tam sağlam həyat tərzi keçirməsinə nail olunması dövlət siyasətinin prioritetlərindəndir. Bu məqsədlə  Biləsuvarda da əməli addımlar atılır.

Rayondakı Heydər Əliyev Mərkəzində Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə narkomaniya, tütün,alkoqol və digər psixoaktiv maddələrin mənfi təsiri, xəstəliklərin profilaktikası, sağlam qidalanma mövzusunda  maarifləndirmə tədbiri keçirilib. Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Kamil Qurbanlı, rayon Polis şöbəsinin, Təhsil şöbəsinin və Mərkəzi Xəstəxananın əməkdaşları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov bildirdi ki, Azərbaycan Respublikası əhalisinin sağlamlığının qorunması, sağlam həyat tərzinin təbliği, uşaqların və gənclərin sağlam böyüməsi və inkişafı, zərərli vərdişlərə aludəçiliyin profilaktikası, tütün məmulatlarının istifadəsinin və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirlərinin azaldılması istiqamətində fəaliyyətin hüquqi əsaslarını müəyyən etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunun tətbiqi barədə Fərman imzalamışdır. Azərbaycanda qeyri-infeksion xəstəliklərin 70 faizi tütünlə əlaqəlidir. Hətta bu xəstəliklərdən baş verən ölümlərin əsas və öndə duran səbəbi məhz tütündən istifadədir. 2020-ci ilə qədər Azərbaycanda tütündən istifadənin 10 faiz azaldılması məqsədi qarşıya qoyulub.

Digər natiqlər bildirdilər ki, Azərbaycanda əhalinin sağlamlığının qorunması üçün tütünlə mübarizə ilə əlaqədar bu qanunun qəbul edilməsinin xüsusi önəmi var. Qanunun tətbiqindən sonra siqaretdən istifadə edənlərin böyük bir hissəsi onu tərgitməyə hazır olduğunu bildirib. Tədbir çərçivəsində tütünlə mübarizə sahəsində görülən işlər, “Tütünə qarşı mübarizə üzrə” Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Çərçivə Konvensiyası: Tütünlə mübarizə sahəsində dünya təcrübəsi və tütünlə mübarizə üsulları barədə çıxışlar oldu və fikir mübadiləsi aparıldı, gənclərə bu zərərli vərdişdən uzaqlaşmaq üçün dəyərli məsləhətlər verildi.

Tədbirin sonunda maarifləndirici videofilm nümayiş etdirildi, broşürlər paylandı.

 

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”nin bölgə müxbiri

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında