Yasamal rayonunda Xocalı faciəsinin anım mərasimi keçirilib

Əsrin faciəsi adlandırılan Xocalı qətliamından 26 il ötür.  Dünyanı lərzəyə salan bu soyqırımı qurbanları hər il anılır, onların ruhuna dualar oxunur. Yasamal rayonundakı 20 saylı məktəb-liseydə faciənin 26-cı ildönümü ilə əlaqədar keçirilən mərasim foyedə 4 saylı Uşaq İnkişaf Mərkəzi şagirdlərinin soyqırımına həsr olunmuş rəsm işlərindən ibarət sərgiyə baxışla başlandı. Sonra  məktəb-liseyin direktoru Səadət Veysova mərasimi açıq elan etdi. Xocalı faciəsində, torpaqlarımızın azadlığı və suverenliyi uğrunda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov Xocalı faciəsi barədə ətraflı məlumat verərək dedi ki, son illər Xocalı faciəsinin dünya ölkələrində tanıdılması, erməni qəsbkarlarının ifşası istiqamətində sistemli iş aparılır.  Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin sərəncamı ilə “Xocalı soyqırımının iyirmi altıncı ildönümünün keçirilməsinə dair tədbirlər planı” təsdiq edilib.

Tədbirlər planında Bakıda, həmçinin respublikamızın müxtəlif rayonlarında anım mərasimlərinin  keçirilməsi, Xocalı qurbanlarının ruhuna dualar oxunması nəzərdə tutulur. Qeyd olundu ki, erməni quldurları zaman-zaman azərbaycanlılara qarşı soyqırımı , terror aktları törətmiş, günahsız insanları qətlə yetirmiş, tarixi- mədəni abidələri vəhşicəsinə dağıtmışlar. Son illər həyata keçirilən uğurlu xarici siyasət sayəsində artıq dünya birliyi Ermənistanı işğalçı dövlət kimi tanıyır. İşğalçı ölkənin törətdikləri qətliamlar, xüsusilə Xocalı soyqırımı barədə dünyaya məlumat verilməsində Heydər Əliyev Fondunun və fondun vitse-prezidenti Leyla Əliyevanın fəaliyyəti qeyd olunmalıdır:  “Fond bəşəriyyətin ən böyük faciələrindən olan Xocalı soyqırımı haqda faktların dünyaya çatdırılması istiqamətində sistemli və ardıcıl fəaliyyət göstərir. Dağlıq Qarabağ münaqişəsində xalqımızın üzləşdiyi faciələri əks etdirən filmlərin, fotosənədlərin, kitabların və digər kütləvi nəşrlərin yayılması bu baxımdan mühüm əhəmiyyətə malikdir. Fondun dəstəyi ilə 2006-cı ildə Azərbaycan, fransız, alman, ərəb, ingilis və rus dillərində hazırlanmış "Qarabağ həqiqətləri" bukletlər toplusu və onların CD, DVD variantlarının bir sıra ölkələrdə yayılması işğala məruz qalmış ölkəmizin üzləşdiyi fəlakətləri əks etdirən ən böyük təbliğat işlərindən biri olub”.

Ə.Əzizov bildirdi ki,  Heydər Əliyev Fondunun dəstəyi ilə nəşr edilən "Qarabağın tarixi haqqında məlumat", "Qarabağ münaqişəsinin başlanması", "Xocalı soyqırımı", "Azərbaycana qarşı erməni təcavüzünün nəticələri", "Erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti" kitabçalarının elektron variantları xarici ölkələrin diplomatik korpuslarına, beynəlxalq təşkilatlara, kütləvi informasiya vasitələrinə, tanınmış ictimai-siyasi xadimlərə göndərilib. Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” kampaniyasının təbliğat-təşviqatı sayəsində dünyanın əksər ölkələri, ABŞ-ın 20 ştatı Xocalı soyqırımını rəsmən tanıdıqlarını bəyan ediblər. Natiq  qeyd etdi ki, işğal altında olan ərazilərimizin azad olunacağına, soydaşlarımızın doğma ata-baba yurdlarına qayıdacaqlarına əminik. Son illər həyata keçirilən uğurlu xarici siyasət və 2016 -cı ilin aprel döyüşlərində ordumuzun göstərdiyi qəhrəmanlıq xalqımızda bu əminliyi daha da möhkəmləndirdi. Şəhidlərimizin qanı yerdə qalmayacaq!

Xocalı Rayon İcra Hakimiyyəti başçısının müavini Vahid Əliyev ermənilərin qəddarlığının faşistlərdən də betər olduğunu faktlarla diqqətə çatdırdı.

Sonra şagirdlərin ifasında “Əsrin faciəsi” ədəbi-bədii kompozisiya nümayiş etdirildi.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında