Şəki: Uğurlar tarixi ənənə üzərində formalaşdırılır

“2017-ci ildə rayonun sosial-iqtisadi inkişafının yekunları ilə tanış olmaq üçün konkret faktlara nəzər salsaq, görərik ki, ötən il istehsalın əsas sahələrində 406 milyon manatlıq məhsul buraxılıb. Bu,  2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 125 faiz təşkil edir. Buraxılmış məhsulun 9 faizi dövlət, 91 faizi qeyri-dövlət mülkiyyətinin payına düşür. Adambaşına faktiki qiymətlərlə 2188 manatlıq məhsul istehsal olunub.  İl ərzində pərakəndə əmtəə dövriyyəsi 403 milyon manat olub ki, bu da 2016-cı ilin müvafiq dövrünə nisbətən 102 faiz təşkil edir. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi isə 93 milyon olub, bu da əvvəlki  illə müqayisədə  105 faiz təşkil edir.

Ötən il rayonda 2985   iş yeri açılıb. Bunun da hamısı daimi iş yerləridir. 2003 - cü ilin oktyabrından sonra isə  rayonda 21 min 819  iş yeri açılıb ki, bunun da 96 faizi daimi iş yerləridir. Hazırda rayonda 20 sənaye müəssisəsi fəaliyyət göstərir. 2017-ci ildə iqtisadi və sosial sahələrin inkişafına yönəldilmiş investisiyanın həcmi 91 milyon manat olub. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3 dəfə çoxdur. İstifadə edilmiş investisiyanın  91 faizi dövlət mülkiyyətinin,  9 faizi qeyri-dövlət mülkiyyətinin payına düşür. Əsas kapitala yönəldilmiş investisiyanın 83 milyon manatı tikinti-quraşdırma işlərinə sərf edilib. Bu göstərici də  əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3 dəfə çoxdur”.

Bu fikirlər Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovun 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş ümumrayon toplantısındakı hesabat məruzəsində səsləndirildi.

Natiq qeyd etdi ki, ötən il  avqustun  4 - də Qaxda keçirilən müşavirədə  bu zonada kənd təsərrüfatının mühüm sahələrindən  olan tütünçülüyün, baramaçılığın və fındıqçılığın inkişafı sahəsində son illərdə əldə olunan nəticələr təhlil olunub  və qarşıda duran vəzifələr müəyyənləşdirilib. Həmin vəzifələr Şəkidə də uğurla icra edilib. Konkret faktları yada salan rayon rəhbəri qeyd etdi ki, Şəki respublikamızın ən iri aqrar rayonlarından biridir. 2017-ci ildə taxıl sahələrindən 214 min ton taxıl istehsal olunub, hər hektardan orta məhsuldarlıq 33 sentner təşkil edib.  Bu isə  əvvəlki  illə müqayisədə 21 min ton çoxdur.

Qeyd edildi ki,  Şəkidə əhalinin tarixən əsas məşğuliyyət sahələrindən biri də baramaçılıq olub. “Azərbaycan Respublikasında ipəkçiliyin maddi-texniki bazasının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında”   Prezident sərəncamı ölkəmizdə barama istehsalının dinamik inkişafında mühüm rol oynayıb. Ötən ilin payız mövsümündə rayonda  140 mindən çox tut tingi əkilib.

 Rayonda 2015-ci ildə cəmi 200 kiloqram barama istehsal edildiyi halda, 2017-ci ildə istehsalın həcmi 18 tona çatdırılıb. Məhz ölkə başçısının  təşəbbüsü ilə həyata keçirilən operativ tədbirlər nəticəsində bu sahədə ciddi dönüş yaranıb və nəticədə  Şəki ipək kombinatı öz fəaliyyətini bərpa edib. 2018-ci ildə rayonda 70 ton barama istehsal edilməsi nəzərdə tutulur. İndi qarşıda duran ən başlıca vəzifə rayon ərazisində mövcud olan bütün toxmacar bağlarının dəqiq uçotunu aparmaqdır.

Son illərdə rayonda tütünçülüyün inkişafında da ciddi dönüş yaranıb. Nəticədə 2017-ci ildə 843 hektar sahədə 2631 ton  məhsul istehsal olunub ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 200 ton çoxdur. 2018-ci ildə rayonda 900 hektar sahədə tütün əkini proqnozlaşdırılır.

Təbii ki, Şəki həm də qərzəkli meyvələrin istehsal edildiyi rayonlardandır. Burada qərzəkli meyvə istehsalının inkişafına da diqqət yetirilir. Həyata keçirilən tədbirlər nəticəsində Şəkidə 2017-ci ildə 469 hektar sahədə yeni fındıq bağları salınıb. Bu gün Şəkidə fındıq bağlarının ümumi sahəsi 2262 hektardır. Rayonda fındıq bağlarının salınması işləri davam edir.

Abadlıq – quruculuq işlərindən danışan rayon rəhbəri qeyd etdi ki,  hazırda  şəhərdəki  Heydər Əliyev Mərkəzinin və Bayraq Meydanının inşası davam etdirilir. Təməli dövlət başçımız tərəfindən qoyulan bu inzibati mərkəz tezliklə tikilib başa çatdırılacaq.  Zərifə Əliyeva küçəsində “ASAN həyat” kompleksinin tikintisi  davam edir, “Yuxarı Baş” tarix-memarlıq qoruğu ərazisində “ABAD” Keramika Mərkəzi üçün ayrılmış binada yenidənqurma işləri tamamlanıb.

Bildirildi ki,  Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə  Bəxtiyar Vahabzadənin ev muzeyinin əsaslı təmiri işləri başa çatdırılıb, əvvəllər bu evdə yerləşən  bağça üçün  yeni  binanın tikintisi yekunlaşmaq üzrədir. Şəki qarışıq tipli uşaq evi üçün ümumi sahəsi 1200 kvadratmetr  olan  yeni binanın tikintisi də  davam etdirilir. 

 “Şəki rayonunun Kiş kəndində abadlıq-quruculuq işlərinin aparılmasına dair tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2017-ci il tarixli sərəncamına əsasən Kiş kəndində “Kiş Alban məbədi”nə aparan dairəvi avtomobil yolunun tikintisi və yolboyu ərazinin abadlaşdırılması üçün  tikinti abadlıq işlərinə başlanılıb.  Bu işin qısa müddətdə, yüksək keyfiyyətlə  başa çatdırılması üçün zəruri tədbirlər görülür.   

Natiq qeyd etdi ki, hesabat dövründə təhsil sisteminin tədrisi, təlim-tərbiyə prosesinin yüksək səviyyədə təşkili daim diqqət mərkəzində saxlanılıb. 2011-ci ildə ali məktəblərə qəbul olunanların sayı 494 nəfər idisə, 2017-ci ildə bu rəqəm 645 nəfər olub.  2011- ci ildə məzunlardan cəmi 22 nəfəri 600-dən yuxarı bal toplamışdısa, 2017-ci ildə 600-dən yuxarı bal toplayanların sayı 60 nəfər olub.

Məktəblərin  maddi-texniki bazasının  yaxşılaşdırılması istiqamətində də xeyli iş görülüb. Əgər 2000-2010-cu illərdə, yəni 10 il ərzində rayonda cəmi  16 məktəb  tikilib və ya əsaslı təmir olunmuşdusa, 2011-2017-ci illərdə -- yəni 7 ildə 30 məktəb yenidən tikilib və ya əsaslı təmir olunub.  Hazırda   Baş Zəyzid kənd tam orta məktəbi üçün 640 şagird yerlik yeni binanın tikintisi davam etdirilir.  2011-2016-cı illərdə məktəblərin maddi-texniki bazası əvvəlki 5 ilə nisbətən 6 dəfə yaxşılaşdırılıb.

Qeyd edildi ki, Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan Şəki şəhərində son illərdə turizm sahəsinin inkişafı ilə bağlı mühüm layihələr həyata keçirilib. Nəticədə Şəki turistlər üçün cəlbedici məkana çevrilib, son beş ildə rayonu ziyarət edənlərin sayı yeddi dəfədən çox artaraq 150 min nəfərə çatmışdır.

Rayon rəhbəri əminliklə bildirdi ki, 2018-ci ildə Şəkinin uğur və nailiyyətləri daha möhtəşəm olacaq.

 İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin
bölgə müxbiri

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında