Bakıya aşiq olan yeni zelandiyalının “Baku Cafe”si

Səyahət həvəskarı olan sosial şəbəkə istifadəçisi, “Vizam.az” şirkətinin təsisçisi Baba Ağayevin Yeni Zelandiyada fəaliyyət göstərən “Baku” kafesindən foto çəkib yazdığı status maraqla qarşılanıb. Belə ki,Taupo şəhərində  təsadüfən qarşılaşdığı  “Baku” adlı kafe gənc səyyahı həm sevindirib, həm də xeyli təəccübləndirib.  Səyahətinin ilk gününə xoş sürprizlə başlayan Baba Ağayev bununla bağlı feysbuk sosial şəbəkəsində dostları ilə paylaşıb: “Günün maraqlı hadisəsi Topua gölünün ətrafına çatanda yaxınlıqda gördüyümüz qəşəng bir kafe oldu: “Baku Cafe”! Üçümüz (qardaşım və həyat yoldaşım) də bir-birimizə şübhə ilə  baxdıq. Eləmə tənbəllik, yolu geri qayıdıb, gəldik kafeyə ki, bu həqiqətən bizim Bakıdır, yoxsa təsadüfdür. Hava yağışlı idi. Maşını park edib gəldik, ancaq kafe bağlı idi. Kafenin içinə baxdıq ki, xırda bir detal tapaq vətənlə bağlı. Bəəəh! Divarda bizim Bakının Fəvvarələr meydanına  tərəf  İstiqlaliyyat küçəmizdən aşağı düşən yolun böyük şəkli! Bayram! Yarım saat əlləşib şəklini  çəkdik...”

Baba Ağayevlə virtual söhbət zamanı  “Baku Cafe” ilə bağlı daha maraqlı məqamlar öyrəndik. “Həqiqətən də vətəndən uzaqda Bakı ilə bağlı belə bir kafenin açılması bizim üçün fəxrdir.  Növbəti gün  yolüstü kafeyə gəldik və yaxınlaşıb kafenin Azərbaycanla əlaqəsini soruşduq. Məlum oldu ki, kafenin sahibi Yeni Zelandiyalıdır. Özü də “Formula-1”  həvəskarıdır. “ Baba Ağayev bildirib ki, Yeni zelandiyalı həmin sürət həvəskarı 2016-cı ildə Bakıda keçirilmiş “Formula-1” yarışlarını izləmək üçün gəlib, həm yarışın təşkilatçılığını, həm də Bakını çox bəyənib. “O qədər bəyənib ki, 5-6 ay sonra açdığı kafeyə məhz “Cafe Baku” adını qoyub. Bu sevgi deyil, bəs nədir?”-deyə Baba Ağayev “Formula-1” sürət yarışının tanıtımının uğurlu bir nümunəsi olduğunu qeyd etdi. Onun sözlərinə görə, kafedə Dənizkənarı parkın və  “Formula-1” yarışları zamanı çəkilmiş fotolar  Bakı haqda gələnlərə təsəvvür yaradır.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında