Məcburi köçkün ailələri onlar üçün inşa edilən yeni yaşayış kompleksinə köçürülür

Tərtər rayonunda məcburi köçkün ailələri onlar üçün inşa edilən 1176 ailəlik yeni yaşayış kompleksinə köçürülür.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Məhəmməd Məhərrəmov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, köçürülmə prosesi Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”na əsasən yaradılmış komissiya tərəfindən həyata keçirilir.

 

İki gündə 120 ailə yeni mənzillərə köçüb

 

Mənzillər məcburi köçkün ailələrə püşkatma yolu ilə, ailə üzvlərinin sayına uyğun olaraq verilir. Yaşayış məhəlləsinə Tərtər rayonu ərazisindəki sosial obyektlərdə - məktəblərdə, uşaq bağçalarında, inzibati binalarda və digər tikililərdə məskunlaşan məcburi köçkünlər köçürülür. Artıq iki gün ərzində 120 ailə yeni mənzillərə köçürülüb. Məcburi köçkünlərin əşyaları Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ayırdığı yük maşınları tərəfindən yeni mənzillərə daşınır.

Qeyd edək ki, yaşayış məhəlləsində hər biri 4 mərtəbəli olmaqla, 34 yaşayış binası, 1200 şagird yerlik məktəb binası, 280 yerlik uşaq bağçası, musiqi məktəbi, həkim məntəqəsi, inzibati bina, klub icma mərkəzi, avtomat telefon stansiyası inşa edilib. Binalardakı mənzillərin 120-si bir, 504-ü iki, 472-si üç, 80-ni dördotaqlıdır. Bütün infrastruktura malik kompleksdə məcburi köçkünlərin yaşayışı üçün hər cür şərait yaradılıb.

 

Kəlbəcərli məcburi köçkün: İnanıram ki, bu cür sevinci doğma torpaqlarımıza

qayıdanda da yaşayacağıq

 

Yaşayış kompleksində yeni mənzillərə köçən məcburi köçkünlər sevinclərini AZƏRTAC-ın bölgə müxbiri ilə bölüşüblər. Kəlbəcər rayonundan olan məcburi köçkün Sədaqət İsmayılova deyib: “25 ildir ki, uşaq bağçasında çətin şəraitdə yaşayırdıq. Bu gün isə yaraşıqlı, hər cür şəraiti olan ikiotaqlı evimiz var. Çox sevinirik, inanıram ki, bu cür sevinci doğma torpaqlarımıza qayıdanda da yaşayacağıq”.

 

“Hər cür şəraiti olan, tam təmirli mənzilə sahib olmaq bizim üçün əsl bayramdır”

 

Digər məcburi köçkün Xaliq Hüseynov isə fikirlərini belə ifadə edib: “Qaçqın və məcburi köçkünlərin problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması hər zaman Azərbaycan dövlətinin diqqət mərkəzində olub. Tərtər rayonunda belə bir yaşayış məhəlləsinin inşa edilməsi dövlətimizin torpaqlarından didərgin düşmüş insanlara diqqət və qayğısının daha bir nümunəsidir. Bu gün ailəmiz dövlətimiz tərəfindən verilən üçotaqlı mənzilə köçdü. Hər cür şəraiti olan, tam təmirli mənzilə sahib olmaq bizim üçün əsl bayramdır. Bu sevinci bizə bəxş etdiyi üçün dövlətimizə minnətdarıq”.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında