Sığorta haqları üzrə borcların silinməsi nəzərdə tutulur

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev  dövlət başçısının sahibkarlığın inkişafına, bu sahədə dövlət dəstəyinin daha da artırılmasına yönələn növbəti addımı və təşəbbüsü kimi hazırlanan yeni “Məcburi dövlət sosial sığorta haqları üzrə borcların tənzimlənməsi haqqında” qanun layihəsi ilə bağlı məlumat verib.

E.Babayev bildirib ki, qanun sahibkarlığın inkişafı, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması tədbirlərinə dəstək məqsədi daşımaqla, hüquqi və sahibkarlıq fəaliyyət ilə məşğul olan fiziki şəxslər üçün əlverişli sığorta mühitinin stimullaşdırılmasına xidmət edir. O, qeyd edib ki, ölkədə sahibkarlıq mühitini inkişaf etdirmədən və onlar üçün əlverişli şərait yaratmadan sosial müdafiə sisteminin əhatəliliyinin artırılmasına və sosial sığorta ödənişlərinin tam toplanmasına nail olmaq mümkün deyil. Xüsusilə də, son illərdə qloballaşan dünyada baş verən ciddi iqtisadi və siyasi hadisələrin fonunda yaranan maliyyə böhranını və onun mənfi təsirlərini maksimum zəiflətmək, qeyri-neft sektorunun inkişafına sahibkarlıq subyektlərinin stimullaşdırılması və əlverişli biznes mühitinin formalaşdırılması vasitəsi ilə dəstək vermək, beləliklə də, ölkədə sosial sığorta sisteminin maliyyə dayanıqlığını təmin etmək üçün məcburi dövlət sosial sığorta borclarının tənzimlənməsinə ehtiyac var.  “Məcburi dövlət sosial sığorta haqları üzrə borcların tənzimlənməsi haqqında” qanun layihəsi də əlverişli sığorta mühitinin yaradılmasına, fərdi uçot sistemində nəzərə alınmayan, məhkəmə qərarlarının olmasına baxmayaraq, hazırkı tarixədək əsasən obyektiv səbəblərdən ödənilməyən məcburi dövlət sosial sığorta haqları üzrə borcların tənzimlənməsinə xidmət edir. “Layihədə sığorta edənlərin ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borclarının tam məbləğdə silinməsi nəzərdə tutulub. Həmin borcları təhlil etdikdə ötən 12 il ərzində borcu olan sığorta edənlərin heç də hamısının borclarını ödəməyə cəhd göstərmədiyi və ya belə bir imkana malik olmadıqları aydın olur. Bu sahədə görülmüş tədbirlər nəticəsində məhkəmə qərarları vasitəsilə də gözlənilən məqsədə kifayət qədər nail olunmayıb”.

Şöbə müdiri vurğulayıb ki, hesabat məlumatlarına görə, sığorta edənlərin məcburi dövlət sosial sığorta haqları üzrə 1 yanvar 2006-cı il tarixə olan 199,6 milyon manat borcundan yalnız  99,3 milyon manatı 1 yanvar 2018-ci il tarixinədək ödənilib. 

Qanun layihəsinin digər müddəası sığorta edənlərin ƏƏSMN yanında DSMF-nun uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları üzrə borclarının tam məbləğdə silinməsini nəzərdə tutur. Hesabat məlumatlarına görə sığorta edənlərin həmin dövrdə yaranmış borclarının məbləği 26,7 milyon manat təşkil edir.

Ümumilikdə bu qanun layihəsi ilə sığorta edənlərin ƏƏSMN yanında DSMF-nun uçot sistemində mövcud olan məcburi dövlət sosial haqları və məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları üzrə borclarının 155,3 milyon manat hissəsinin silinməsi, 26,7 milyon manat hissəsinin isə tənzimlənməsi nəzərdə tutulur.  Nəticə etibarilə,  qanun layihəsi ilə 373,7 min sığorta edənin, o cümlədən 217 min sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin məcburi dövlət sosial sığortası üzrə borcları tənzimlənəcək. Bu isə məcburi dövlət sosial sığorta haqları üzrə borcu olan sığorta edənlərin maliyyə yükünün azalmasına, həmin sosial sığorta haqları üzrə cari borcların ödənişinin vaxtında və tam məbləğdə həyata keçirilməsinə imkan verəcək, belə borcları gələcəkdə yaratmamağa sövq edəcəkdir. Eyni zamanda, bu tədbir bütövlükdə əmək pensiyalarının əsas maliyyə mənbəyi olan məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların artırılmasına və əmək pensiyalarının vaxtında və tam məbləğdə maliyyələşdirilməsinə şərait yaradacaq.

 

Zərifə BƏŞİRQIZI,
"Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında