Rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş ümumrayon toplantısındakı geniş hesabat məruzəsində qeyd etdi ki, Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında və “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda Qəbələdə yeni mərkəzi xəstəxana kompleksinin və Qəbələ dəmir yolunun tikintisinə başlanılacağı, şəhərin su-kanalizasiya şəbəkəsində tikinti-quraşdırma işlərinin başa çatdırılacağı qeyd edilib. Bu, fakt rayonumuza çox böyük diqqət və qayğının parlaq təzahürü olmaqla yanaşı, həm də biz qəbələlilərin qarşısında dövlətçiliyimizə daha da sədaqətlə xidmət etmək istiqamətində mühüm vəzifələr qoyur”.
Natiq qeyd etdi ki, 2017-ci il ölkənin hər yerində olduğu kimi, Qəbələnin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında da əlamətdar olub. Ötən il iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə 220,924 min manatlıq məhsul istehsal edilib, əvvəlki ilin müvafiq dövrünə nisbətən ümumi məhsul buraxılışı rayon üzrə 17,188 min manat, yaxud 8,4 faiz artıb. 2016-cı ilin müvafiq dövrünə nisbətən ümumi məhsul buraxılışı sənayedə 7,771 min manat, yaxud 29,9 faiz, kənd təsərrüfatında 2,007 min manat, yaxud 3,0 faiz, nəqliyyatda 181 min manat, yaxud 4,9 faiz, ticarətdə 4, 560 min manat, yaxud 16,5 faiz, rabitədə 51 min manat, yaxud 4,8 faiz, tikintidə 2618 min manat, yaxud 3,3 faiz artıb. Adambaşına düşən ümumi məhsul buraxılışı 2,094 manat təşkil edib.
Bildirildi ki, il ərzində sənaye müəssisələrində çalışan 1397 işçinin orta aylıq nominal əməkhaqqı 336 manat olub. Əsas kapitala yönəlmiş investisiyanın həcmi 82, 690 min manat, tikinti quraşdırma işlərinin həcmi isə 81, 225 min manat təşkil edib. 2003-cü ilin oktyabr ayından bu ilin yanvarınadək 14907-si daimi olmaqla, 16706 yeni iş yeri açılıb. İl ərzində açılmış 1641 yeni iş yerlərinin hamısı daimi iş yerləridir.
Hər il olduğu kimi ötən il də rayonda tikinti-quruculuq işləri davam etdirilib. Qəbələ Rayon Məhkəməsinin, rayon kənd təsərrüfatı idarəsinin, Qəbələ Peşə Tədris Mərkəzinin, Qəbələ Xalça Fabrikinin binalarında tikinti işləri başa çatdırılıb və həmin obyektlər istifadəyə verilib. Şəhərin Heydər Əliyev prospektində, Həzi Aslanov, 28 May, Xalid Qasımov, Ümnisə Musabəyova, Araz Cavadov küçələrində abadlıq işləri görülüb, Muxtar Abduyev küçəsində isə 5 ədəd beşmərtəbəli ictimai yaşayış binasının dam örtükləri dəyişdirilib. Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa olunan 2 ədəd yaşayış binaları əsaslı təmir edilib.
Məruzədə qeyd edildi ki, ötən il Aydınqışlaq kənd tam orta məktəbi və Tikanlı kənd uşaq bağçası əsaslı təmir olunub, Cığatelli kənd tam orta, Seyidqışlaq kənd ümumi orta məktəblərində modul tipli binalar tikilərək istismara verilib. “Qafqaz” Aqua Land Hoteldə, “Qafqaz” Diamond Akvaparkda, “Cıdır” Atçılıq İdman Kompleksində, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin, rayon prokurorluğunun və Gömrük Akademiyasının binalarında inşaat işləri davam etdirilir.
Natiq qeyd etdi ki, ümumtəhsil məktəblərində təlimin keyfiyyətinin yüksək olmasını təsdiq edən amillərin əsasını məzunlarımızın ali və orta ixtisas məktəblərinə qəbul imtahanları zamanı qazandığı göstəricilər müəyyən edir. Qürur hissi ilə demək olar ki, ali məktəblərə sənəd verən 850 nəfərdən 527 nəfəri daxil olub, onlardan 57 nəfəri 600-dən, 123 nəfəri isə 500-dən çox bal toplayıblar. Tüntül kənd tam orta məktəbin məzunu İmran Nəzirli 695 bal, Mıxlıqovaq kənd tam orta məktəbin məzunu Aylin Şirinova 690 bal toplayaraq, Prezident Təqaüdünə layiq görülüblər.
Respublikada keçirilən IX-XI sinif şagirdlərinin “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində ötən ilin mart və noyabr aylarının hər birində 2 mərhələ olmaqla, ölkənin digər rayonlarından olan məktəblilər Qəbələyə gəlib, həmçinin mart ayının 23-26-da və noyabr ayının 16-19-da Qəbələ məktəbliləri də həmin aksiyada iştirak edərək, Gəncə-Şəmkir-Göygöl və Quba-Qusar-Xaçmaz rayonları ilə tanış olublar.
Rayon ərazisində yerləşən “Gilan” Qəbələ Konserv Zavodu , “Gilan” Qəbələ Yeyinti Məhsulları İstehsalı ASC, “Aqro-Azərinvest” MMC-nin Şərab Məhsulları Müəssisəsi, “Qəbələ Quşçuluq” ASC, Qaradeyin kəndində “ASPİ AQRO” MMC-nin şərab zavodu, digər qida sənayesi müəssisələrində, həmçinin ərzaq məhsulları hazırlanan bir sıra sahələrdə istehsal olunan bütün çeşiddə məhsullar gigiyena qeydiyyatına alınaraq gigiyenik serifikatlaşmaya cəlb edilib.
Rayon rəhbəri qeyd etdi ki, 29 iyul – 3 avqust tarixlərində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və təşkilatçılığı ilə keçirilən Qəbələ IX Beynəlxalq Musiqi Festivalında dünyanın tanınmış musiqi kollektivləri və musiqiçiləri iştirak ediblər. Eləcə də ötən ilin avqustunda Qəbələ Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə V Qəbələ Beynəlxalq Mürəbbə Festivalı keçirilib. Festivalda dünyanın 22 ölkəsindən, həmçinin respublikanın 44 şəhər və rayonundan olan şirniyyatçılar iştirak edib.
Natiq sonda qeyd etdi ki, 2018-ci il ölkəmiz, o cümlədən, Qəbələ üçün daha uğurlu faktlarla zəngin olacaq. Çünki bu
il biz çoxsaylı tarixi, əlamətdar hadisələrin ildönümünü qeyd etməklə yanaşı, prezident seçkiləri də keçirəcəyik.
Yığıncaqda Prezident Administrasiyasının məsul əməkdaşı Rüfət Əliyev və Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov iştirak ediblər.
İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin bölgə müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.