Masallı tərəqqi yollarında

Cənub bölgəsinin ən böyük rayonlarından sayılan Masallının tərəqqi meyilləri, göz oxşayan mənzərələri ötən ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş toplantıda nümayiş etdirilən sənədli filmdə hərtərəfli əks etdirilmişdir. Rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynovun hesabat məruzəsi iştirakçıların təəssüratlarını daha da dolğunlaşdırmışdır.

R.Hüseynov qeyd etdi ki, respublikamızın hər yerində olduğu kimi, Masallıda da ötən il sosial-iqtisadi inkişaf göstəricilərinə görə uğurlu olmuş və yeni iş yerlərinin yaradılması, tikinti-quruculuq, abadlıq işlərinin sürətlə davam etdirilməsi üçün ardıcıl tədbirlər həyata keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə avqust ayında Qax rayonunda barama, tütün və fındıq istehsalının inkişafına, sentyabrda isə Lənkəran şəhərində çay, çəltik və sitrus meyvələrinin istehsalının inkişafına dair respublika müşavirələri bu sahələrdə böyük canlanma yaratmışdır. Fərəhli haldır ki, Masallı rayonunda prestijli kənd təsərrüfatı məhsullarının əkin sahələri və məhsul istehsalı xeyli artmışdır.

Hesabat dövründə rayon üzrə məhsul istehsalı və göstərilən xidmətlərin həcmi əvvəlki illə müqayisədə 2,9 faiz artaraq 656,5 milyon manat olmuşdur. Kənd təsərrüfatı məhsullarının həcmi 31,9 faiz artaraq 139,3 milyon manata çatmışdır. İl ərzində Masallıda adambaşına düşən pul gəlirləri 2684 manat, bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 310 manat olmuşdur. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən fermerlərə 42 layihə üzrə 442 min 500 manat kredit verilməsi onların fəaliyyət dairəsinin genişlənməsinə təkan vermişdir. İl ərzində rayona 54 layihə üzrə 126 milyon 667 min manat həcmində investisiya cəlb edilmişdir. 2017-ci ildə istehsal, emal və xidmət obyektlərinin istifadəyə verilməsi yeni iş yerlərinin açılmasına öz təsirini göstərmiş, 4615 yeni iş yeri açılmışdır ki, onlardan 3770-i daimidir.

Rayonda hərtərəfli abadlıq tədbirlərinin görüldüyü konkret faktlarla diqqətə çatdırıldı. Qeyd olundu ki, Prezident İlham Əliyevin 5 sentyabr 2016-cı il tarixli sərəncamı ilə Masallı şəhərində 27 çoxmənzilli binanın təmir edilməsindən ötrü 3 milyon manat vəsait ayrılmışdır. Hazırda həmin binalarda hərtərəfli iş gedir. Ötən il ümumi uzunluğu 5,5 kilometr olan Heydər Əliyev prospekti genişləndirilmiş, suötürücü kanalın çəkilişi başa çatdırılmışdır. Şəhərin əksər küçələri də qaydaya salınmışdır. Digah küçəsinin yenidən qurulması başa çatmışdır. Zərifə Əliyeva küçəsinin mərkəzi xəstəxanaya gedən hissəsi abadlaşdırılmışdır. Park-Bulvar kompleksinin böyük bir hissəsi beton məcraya salınmışdır, burada tikinti işləri davam etdirilir. Şəhərin baş planında Viləş çayının sahilləri rekreasiya zonası kimi nəzərdə tutulduğuna görə həmin ərazidə təmizləmə işlərinə və yaşıllıqların salınmasına start verilmişdir. Artıq 20 hektara yaxın ərazidə meşə zolağı salınmışdır. Həmçinin Bakı prospekti və Seybətin küçəsinin yenidən qurulmasına başlanmışdır. 

Hesabat ilində 60 şagird yerlik Kubin, 80 şagird yerlik Meşəkənarı, 60 şagird yerlik Mololon və 35 şagird yerlik Ləngan məktəbləri istifadəyə verilmişdir. Xallıcallı və Təkdam kəndlərində modul tipli məktəblərin tikintisinə başlanmışdır. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Masallı şəhərində 100 yerlik “Viləş” uşaq bağçası, 100 yerlik Kolatan kənd uşaq bağçası, 60 yerlik 2 saylı şəhər uşaq bağçası və 60 yerlik Sərçuvar kənd uşaq bağçasının yeni binası tikilib istifadəyə verilmişdir.

Rayonun tibb müəssisələrinin maddi-texniki bazası yaxşılaşdırılmışdır. 240 çarpayılıq mərkəzi xəstəxana əsaslı təmirdən sonra istifadəyə verilmişdir. Hazırda Lürən və Miyankü həkim məntəqələrinin tikintisi davam etdirilir. Bu il təhvil verilməsi nəzərdə tutulan məhkəmə binasında tikinti işləri davam etdirilir. Bu dövr ərzində 30 ərazidə istirahət mərkəzləri istifadəyə verilmiş, 3 ərazidə isə tikinti işləri aparılır.

Məruzəçi sonra bildirdi ki, Prezidentin sərəncamı ilə Masallı şəhəri ərazisində sənaye məhəlləsi yaradılır. Bu, rayon iqtisadiyyatının sürətli inkişafına təkan verəcək və 800-ə yaxın yeni iş yerinin açılmasına səbəb olacaq. Hazırda möhtəşəm obyektdə tikinti işləri yekun mərhələsindədir.

Beş il öncə başlanan içməli su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması işləri böyük həcmdə həyata keçirilmişdir, hazırda bu işlər davam etdirilir. Prezident İlham Əliyev tərəfindən müvafiq qurumlara verilən tapşırıqlara əsasən Muğan zonası və Qızılağac istiqamətində olan 42 kəndin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə layihələndirmə işləri aparılmış və Viləşçay Su Dəryaçasından həmin istiqamətlərdə olan kəndlərə içməli su xəttinin çəkilməsinə başlanılmışdır.

Əhalinin işıq, qaz və rabitə xidməti ilə təmin edilməsi məqsədilə müvafiq qurumlarda zəruri cari və perspektivi nəzərdə tutan tədbirlər həyata keçirilmişdir. Rayonun Binə Xocavar-Çaxırlı istiqamətində 5 kilometr yol yenidən asfaltlaşdırılmışdır. İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi çərçivəsində hesabat ilində ümumilikdə 35 kilometr uzunluğunda kəndarası yollarda təmir işləri aparılmışdır. Bağıroba kəndində inkubator sexi, Kolatan kəndində yem sexi tikilib istifadəyə verilmişdir.

İşgüzar müzakirələrin aparıldığı toplantıda çıxış edən Prezident Administrasiyasının məsul işçisi Habil Əzənmədov, millət vəkili Musa Qasımlı və başqaları 2017-ci ildə rayonun inkişaf durumunu yüksək qiymətləndirdilər.

Toplantı iştirakçıları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul etdilər.

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında