Qobustan: Bir il ərzində məhsul istehsalı 26,7 faiz artmışdır

Qobustan Rayon İcra Hakimiyyətinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2018-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyev parkında ümummilli liderin abidəsini ziyarət etmiş, sonra isə ötən ilin iqtisadi göstəricilərini əks etdirən stendlərə baxmış, rayonda istehsal olunan kənd təsərrüfatı və emal sənayesi müəssisələrinin məhsulları ilə tanış olmuşlar.

Yığıncaqda rayon icra hakimiyyətinin başçısı Adil Məmmədov hesabat məruzəsi ilə çıxış edərək bildirmişdir ki, son illər ərzində Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü və düşünülmüş islahatlar ölkəmizin bütün regionlarında, o cümlədən Qobustan rayonunda iqtisadiyyatın sürətli inkişafını, insanların yaşayış şəraitinin daha da yaxşılaşdırılmasını, yoxsulluğun və işsizliyin azaldılmasını, sabitliyin möhkəmlənməsini təmin etmişdir.

2017-ci il Qobustan rayonunda uğurlu il kimi yadda qalmışdır. Ötən il ən əlamətdar hadisələrdən biri möhtərəm Prezident İlham Əliyevin Qobustan rayonuna səfəri olmuşdur. A. Məmmədov demişdir: “Cənab Prezident 2 oktyabr 2017-ci il tarixdə rayonumuzda olaraq görülmüş işlərlə bir daha yerində tanış olmuş, şəhərdə inşa edilmiş 100 yerlik uşaq bağçasının, Təklə-Sündü-Xilmilli yolunun, 4 zolağa genişləndirilmiş Bakı-Şamaxı yolunun Cəngi-Bədəlli hissəsinin açılışını etmiş, şəhərimiz üçün həyati əhəmiyyət kəsb edən su layihəsinin başa çatdırılması ilə əlaqədar Sukanal İdarəsinin yeni inzibati binasında ictimaiyyət nümayəndələri ilə görüşmüşdür”.

Sevindirici haldır ki, ötən il rayonda ümumi məhsul buraxılışı 2016-cı illə müqayisədə 26,7 faiz artaraq, 165 milyon 55 min manat olmuşdur. Kənd təsərrüfatında bu artım 32,4 faiz təşkil etmişdir. O cümlədən, bitkiçilikdə 24,8 faiz, heyvandarlıqda 35,4 faiz artıma nail olunmuşdur. 2016-cı illə müqayisədə tikintidə iş və xidmətlərin həcmi 2,8 dəfə artmışdır.

Qobustan rayonunun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. 2017-ci ildə ümumi məhsul buraxılışının 45 faizi kənd təsərrüfatının payına düşüb. Ötən il rayonda 53280 ton taxıl istehsal edilmişdir ki, bundan 33914 ton buğda, 19366 ton arpa təşkil edir. Buğda sahəsi üzrə məhsuldarlıq 21,4 sentner, arpa üzrə 20,8 sentner olmuşdur. Qeyd etmək lazımdır ki, rayon özünü taxıl toxumları ilə tam şəkildə təmin edir.

Rayonda kənd təsərrüfatının inkişaf etmiş sahələrindən biri də heyvandarlıqdır. 2017-ci ildə iribuynuzlu mal-qaranın baş sayı 1,4 faiz artaraq 30 min başa, qoyun və keçilərin baş sayı 190 min başa çatmışdır. İl ərzində ət istehsalı 2,1 faiz artaraq 5918 ton, süd istehsalı 1,7 faiz artaraq 20 min ton, yumurta istehsalı 2 faiz artaraq 8,8 milyon ədəd olmuşdur.

 Məruzəçi qeyd etdi ki, Qobustan rayonunda aqrar sahənin daha da inkişaf etdirilməsi məqsədilə Qaracüzlü kəndi yaxınlığında 1000 hektar ərazidə aqroparkın yaradılması işinə başlanılıb. Artıq aqroparkda 300 hektar buğda və 400 hektar arpa əkilmişdir. 

 Rayonda əhalinin məşğulluğunun təmin edilməsi, yeni iş yerlərinin yaradılması, sosial müdafiə məsələləri də daim diqqətdə saxlanılır. 2017-ci ildə rayonda 622-si daimi olmaqla, 2837 yeni iş yeri yaradılmışdır. Eyni zamanda, daimi iş yerlərinin sayı 2016-cı illə müqayisədə 97,5 faiz, ümumi iş yerlərinin sayı isə 14,1 faiz artmışdır. Kənd təsərrüfatı bitkilərinin əkini ilə əlaqədar əlavə olaraq 5253 nəfər müvəqqəti və mövsümi işlə təmin edilmişdir.

Ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində son illər ərzində rayonda 13 yeni məktəb binası tikilmiş, 5 məktəb əsaslı təmir edilmiş, məktəblərin maddi-texniki bazası möhkəmləndirilmiş, ən müasir avadanlıq və texniki qurğularla təmin olunmuşdur. Hazırda Qobustan şəhər 3 saylı tam orta məktəbi üçün müasir tələblərə cavab verən 624 yerlik yeni məktəb binasında işlər yekunlaşmaq üzrədir. Təsi və Sədəfli kənd ümumi orta məktəblərinin hər biri üçün 54 yerlik modul tipli yeni məktəb binaları tikilmişdir. Rayon məktəblərinin 63 faizi müasir tələblərə tam şəkildə cavab verən, yeni inşa edilmiş və ya əsaslı təmir edilmiş məktəblərdir.

 2017-ci ildə rayonda əhalinin elektrik enerjisi, təbii qaz və içməli su ilə təminatında da mühüm işlər görülmüşdür. Elektrik təminatının keyfiyyətli şəkildə saxlanılması məqsədilə Qobustan şəhərində, Poladlı, Təklə, Ərəbşalbaş, Təklə Mirzəbaba, Cəyirli və Çalov kəndlərində örtülü naqillərə keçid başlanılmışdır. Qobustan rayonunda son illərdə qazlaşma istiqamətində mühüm addımlar atılmışdır. 2003-cü ildən başlayaraq rayonun 8 kəndi və Qobustan şəhərinin “Yeni massiv” adlanan ərazisi tam şəkildə qazlaşdırılmışdır. Ümumilikdə rayonun yaşayış mövcud olan 29 məntəqəsindən 21-i və ya 72 faizi, əhalinin isə 93 faizi təbii qazdan istifadə edir.

Həm məruzədə, həm də məruzə ətrafında çıxışlarda vurğulanıb ki, rayonun əmək kollektivləri Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində səy və bacarıqlarını bundan sonra da əsirgəməyəcəklər.

Hesabat yığıncağında Prezident Administrasiyasının məsul işçisi Rüfət Məmmədov çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasından, qazanılan böyük uğurlardan, habelə qarşıda duran konkret vəzifələrdən danışmışdır.

Sonda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə yığıncaq iştirakçıları adından müraciət qəbul olunmuşdur.

Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin
bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında