Ev tikmək, bahalı avtomobil almaq adamların həyat səviyyəsini əks etdirən göstəricilərdir. Rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov ötən il daha çox fərdi ev tikilən kənd və qəsəbələrin adlarını sadaladıqdan sonra, bir dənə də olsun fərdi ev inşa olunmayan az sayda kəndin də adını çəkdi və dərhal müvafiq qurumların rəhbərlərinə göstəriş verdi: “Gedib yerində baxın, öyrənin, təhlil aparın. Görün niyə bu kəndlərdə il ərzində heç kim ev tikdirmək barədə fikirləşməyib”.
Rayon icra hakimiyyətinin başçısı Şəmkirdə 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr haqqında hesabat məruzəsi ilə çıxış edərkən bu vacib məsələyə toxundu və dedi ki, keçən il rayonda 20 milyon 120 min manatlıq 385 fərdi ev tikilib istifadəyə verilib. Bu, bizi fərəhləndirən faktlardandır. Deməli, adamların həyat səviyyəsi daha da yüksəlir, məişət şəraiti yaxşılaşır.
Rayon icra hakimiyyəti səhiyyə sahəsinə də diqqəti və nəzarəti gücləndirmişdir. “Gənc Həkimlər Birliyi”nin yaradılması işin xeyrinə olmuş və onun fəaliyyəti uğurludur. Tərkibində 30 nəfər müxtəlif ixtisaslı həkimləri birləşdirən bu birlik tərəfindən keçən il rayonun 32 yaşayış məntəqəsində 3500 nəfər xəstə müayinə olunmuş və onlara lazımi tibbi yardım göstərilmişdir. Şəmkirdə yaşayan şəkərli diabet xəstələrinin dərman tələbatının ödənilməsində yaranmış vəziyyətə görə rayon icra hakimiyyəti Səhiyyə Nazirliyi qarşısında məsələ qaldıraraq, həmin dərman preparatlarının konsultativ poliklinika şöbəsindən alınaraq xəstələrin yaşadıqları ərazidə yerləşən tibb müəssisələrinə verilməsinə nail olmuşdur. Yeri gəlmişkən qeyd edək ki, Şəmkirdə əldə olunan bu təcrübə digər rayonlarda da tətbiq olunsa, təbii ki, səmərə verər. Qəzetimizdə bu mövzuda ayrıca yazı hazırlamağı nəzərdə tutmuşuq.
Rayonda ölkə Prezidentinin müvafiq sərəncamına uyğun olaraq Mərkəzi Xəstəxananın inşası davam etdirilir. Bu xəstəxana kompleksində ən müasir diaqnostik sahələr və yeni stasionar şöbələrin yaradılması nəzərdə tutulmuşdur. Hazırda xəstəxana kompleksində son tamamlama işləri görülür və bu il istifadəyə veriləcəkdir. Yaponiya səfirliyinin qrantı hesabına Atabəy kəndində tibb məntəqəsinin tikintisi başa çatdırılmışdır. Ümumiyyətlə, son illər rayonun İrmaşlı, Ələsgərli və Sabirkənd kəndlərində Yaponiya səfirliyinin maddi dəstəyi ilə yeni tibb müəssisələri tikilmişdir.
...Şəmkir dinamik və sürətlə inkişaf edir. Rayonda bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Şəmkirə hədsiz diqqət və qayğısının nəticəsi olduğunu hamı etiraf edir və ölkə başçısına dərin minnətdarlıqlarını bildirirlər. Alimpaşa Məmmədov dedi ki, təyinatından asılı olmayaraq, rayonda elə obyekt yoxdur ki, orada cənab Prezidentimizin izi olmasın, xeyir-duası səsləndirilməsin.
Keçən ilin avqustunda ölkə rəhbərinin Şəmkirə növbəti gəlişi rayonun həyatında çox mühüm tarixi hadisə kimi qiymətləndirilir. Həmin səfər zamanı nəhəng obyektlərin açılışı, təməlqoyma mərasimləri, müxtəlif görüşlər haqqında hələ də söhbətlər gedir və hamı görür ki, Şəmkir artıq bütün sahələrdə inkişafa, tərəqqiyə nail olur. Məsələn, ölkə başçısının açılışını etdiyi Şəmkir Aqroparkın Loqistika Mərkəzi bu il artıq 9 min ton xurma qəbul etmiş, həmin məhsulun 4800 tonu xarici bazarlara göndərilmişdir. Hazırda Loqistika Mərkəzinin xidmətlərindən Şəmkirlə yanaşı, Gəncə, Tovuz, Göyçay, Goranboy, Samux və Tərtər fermerləri də istifadə edirlər.
Şəmkir Aqroparkın ardınca region üçün mühüm əhəmiyyətə malik olan yeni “Сeyrançöl” Aqroparkının yaradılması istiqamətində işlər görülür. Bu park üçün artıq xeyli texnika alınmış və ABŞ istehsalı olan 14 ədəd müxtəlif radiuslu müasir pilot suvarma aqreqatları və avadanlıqları quraşdırılmışdır.Keçən il 1000 hektar qarğıdalı və bu il 3000 hektar sahəyə Almaniyadan gətirilmiş yüksək məhsuldar buğda toxumu səpilmişdir.
Burada 8000 hektar torpaq sahəsində meliorativ tədbirlərin görülməsi, su, enerji və yol infrastrukturunun yaradılması üçün Azərbaycan Respublikası Prezidentinin və Nazirlər Kabinetinin müvafiq sərəncamlarına əsasən dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu hesabına 3,2 milyon manat vəsait ayrılmış, qısa müddət ərzində əraziyə su xətti çəkilmiş, su tutarları inşa olunmuş, elektrik yarımstansiyası və elektrik transformatoru quraşdırılmış, 145 kilometr yol təmir edilmişdir.
Rayonda iş adamlarına yaradılmış şəraitin və dəstəyin nəticəsidir ki, Şəmkirdə hər il bol məhsul götürülür və onların çoxu xarici bazarlara çıxarılır. Bu baxımdan istixanalar müstəsna əhəmiyyət kəsb edir. Hazırda bu istixanalar 923 hektar təşkil edir. Cari ildə daha 100 hektar istixana salınması planlaşdırılır. Bu, təkcə ayrı-ayrı sahibkarların, onların ailə üzvlərinin kifayət qədər mənfəət götürməsi ilə yekunlaşmır. İstixanalar əlavə iş yerləridir, başqalarının da qazanc obyektləridir. Hazırda təkcə istixanalarda çalışanların sayı 5987 nəfərdir.
“Azərxalça” müəssisəsində artıq 100-ə yaxın xalça istehsal olunub. Çinarlı qəsəbə MMC-yə məxsus 5 hektar sahədə salınmış “Şəmkir səbəti” özünü doğruldub.
Rayonun Mehrili kəndi ərazisində, Şəmkir çayının sahilində “Azfarel” MMC balıqyetişdirmə və emalı müəssisəsinin tikintisi sürətlə aparılır. Müəssisədə ilkin mərhələdə ildə 2500 ton 12 növ farel balığının və saatda 3000 ədəd balıq konservinin istehsalı, 150 nəfərin işlə təmin olunması nəzərdə tutulur. Növbəti mərhələdə ildə 10 min ton balıq istehsal etmək və işçilərin sayını 500 nəfərə çatdırmaq planlaşdırılır.
Məruzə ətrafında çıxış edənlər Şəmkirin bundan sonra da yüksəlişi naminə əllərindən gələni əsirgəməyəcəklərinə söz vermişlər.
Prezident Administrasiyasının məsul işçisi Əlibaba Əliyev yığıncaqda çıxış etmişdir.
Hamlet Qasımov,
“Xalq qəzeti”nin
bölgə müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.