Goranboy: İnkişaf və yeniləşmə bu il daha da sürətləndiriləcək

Goranboy Rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın geniş iclasında ötən ilin sosial-iqtisadi inkişaf yekunları və cari ilin önəmli vəzifələri Prezident İlham Əliyevin ölkənin icra qurumları qarşısında qoyduğu tələblər baxımından müzakirə olunmuş, konkret hədəflər müəyyənləşdirilmişdir.

Hesabat məruzəsi ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı Nizaməddin Quliyev bildirmişdir ki, 2017-ci il respublikanın hər yerində olduğu kimi, Goranboy rayonuna da uğurlar qazandırmışdır. Ümumiyyətlə, rayonun makroiqtisadi göstəricilərində müsbət dinamika qeydə alınmışdır. Ümumdaxili məhsulun həcmi 198,2 milyon, sənaye istehsalı 11,8 milyon, kənd təsərrüfatı məhsulları 90,4 milyon manat təşkil etmişdir. Ümumi məhsul buraxılışında qeyri-dövlət sektorunun xüsusi çəkisi 82,3 faiz olmuşdur. Əhaliyə 58,2 milyon manatlıq ticarət, 3,6 milyon manatlıq nəqliyyat xidməti göstərilmişdir. Pərakəndə əmtəə dövriyyəsi 16,6 faiz artmışdır. Əsas kapitala 46 milyon manat investisiya yönəldilmişdir.

İndi rayonda orta aylıq əməkhaqqı 273,3 manata çatmışdır ki, bu da əvvəlki ilə nisbətən 8 faiz çoxdur. Ötən il 70 biznes layihəsinin icrası üçün Sahibkarlığa Kömək Milli Fondu yerli iş adamlarına 799 min manat kredit vermiş, bu hesaba 6 mindən çox yeni iş yeri yaradılmışdır.

Keçən il Goranboyun tarlalarından 6 min 960 ton pambıq yığılmışdır ki, bu da əvvəlki illə müqayisədə 1,9 dəfə çoxdur. 6 hektarda tütün əkilmiş, 9 ton məhsul istehsal edilmişdir. 2,2 ton barama yetişdirilmiş, istehsalın artırılması məqsədilə 8 27 min tut tingi əkilmişdir. Bu il 5 min hektarda pambıq, 3 min hektarda çuğundur, 10 hektarda tütün əkilməsi, 5 ton barama yetişdirilməsi nəzərdə tutulur. “Bozdağ” massivində yaradılmış Goranboy aqroparkında taxıl, şəkər çuğunduru, texniki bitkilər əkiləcək. Burada emal müəssisələri, soyuducu anbarlar inşa ediləcək, 500 yeni iş yeri yaradılacaq.

Hazırda rayonda fəaliyyət göstərən 17 istilikxanada ildə 800 tona qədər faraş məhsul yetişdirilir ki, bunun da bir hissəsi xarici bazara çıxarılır. Son illərdə salınmış 450 hektar nar bağında yetişdirilən məhsulun emalı məqsədi ilə nar konsentratı istehsalı müəssisəsinin tikintisi başa çatmaq üzrədir.

Son illər rayon mərkəzinin simasını əsaslı surətdə gözəlləşdirən bir sıra obyektlər istifadəyə verilmişdir. Heydər Əliyev Mərkəzi, YAP rayon təşkilatının inzibati binası, 480 şagird yerlik şəhər 3 nömrəli məktəb, 100 yerlik uşaq bağçası, Uşaq şahmat məktəbi, Avtovağzal, Ticarət mərkəzi bu sıradandır. Rayonda tikinti, abadlıq və quruculuq işləri ötən il də uğurla davam etdirilmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin inzibati binasının tikintisi başa çatmaq üzrədir. Şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün 5 yaşayış evi tikilmişdir.

Məruzəçi bildirmişdir ki, son illər əhalini narahat edən sosial problemlərin həlli ilə bağlı mühüm işlər görülmüşdür. Rayon Mərkəzi Xəstəxanası üçün yeni binanın tikintisinə başlanılmış, obyekt bu il istifadəyə veriləcəkdir. Olimpiya İdman Kompleksinin tikintisi də gələn il başa çatdırılacaq. Bayraq muzeyinin və Dövlət bayrağı meydanının tikintisi davam etdirilir. Yaxın günlərdə Ailə və Uşaqlara Dəstək Mərkəzinin tikintisinə başlanacaq. Goranboy şəhərində 28 çoxmənzilli yaşayış binasında və həyətlərdə əsaslı təmir-abadlıq işləri aparılmışdır.

Küçə və meydanlarda yenidənqurma və asfatlaşdırma davam etdirilmişdir. 37,75 kilometrlik Goranboy-Yuxarı Ağcakənd avtomobil yolunun 34 kilometrinə asfalt-beton örtük salınmışdır. Ümumilikdə, son 8 ildə 130 kilomertdən artıq yol yenidən tikilmişdir ki, bu da mövcud kəndlərarası yolların 67 faizi deməkdir.

Rayonun yaşayış məntəqələrində də abadlıq-quruculuq işləri davamlıdır. Yerli icma və qeyri-hökumət təşkilatlarının maliyyə dəstəyi ilə keçən il 12 layihə həyata keçirilmişdir. Son illər əhalinin içməli su təminatının yaxşılaşdırılması istiqamətində xeyli iş görülmüşdür. Hazırda rayon üzrə qazlaşma 95 faiz təşkil edir.

Qeyd edilmişdir ki, hesabat ili xidmət təşkilatları və humanitar sahələr üçün də uğurlu olmuşdur. “Azəraqrartikinti” ASC aprel döyüşlərində ziyan dəymiş Tap kənd tam orta məktəbini əsaslı təmir etmiş, 180 şagird yerlik əlavə tədris korpusu inşa etmişdir. Xoylu kənd tam orta məktəbinin əlavə tədris korpusunda əsaslı təmir işləri başa çatmaq üzrədir. Son 7 ildə 24 məktəb, 3 əlavə tədris korpusu inşa edilmiş, 11 məktəb isə əsaslı təmir edilmişdir. Hazırda rayon üzrə 16 məktəbin tikintisinə ehtiyac var.

 Ötən il rayonun turizm-istirahət mərkəzlərinin xidmətindən 21 min nəfərdən çox turist istifadə etmişdir ki, bu da əvvəlki illə müqayisədə xeyli çoxdur.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Arif Novruzov və Milli Məclisin deputatı Ağalar Vəliyev yığıncaqda çıxış etmişlər.         

Yığıncaq belə bir yekdil inam və qənaətlə başa çatmışdır: ötən il əldə edilmiş sosial-iqtisadi uğurlar 2018-ci ildə daha yüksək olacaq, bütün sahələrdə inkişaf və yeniləşmə təmin ediləcək.

Ziyəddin SULTANOV,
“Xalq qəzeti”nin
bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında