Səbail Rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın geniş iclasında rayonun ötənilki sosial-iqtisadi inkişafına yekun vurulmuş, bu il qarşıda duran vəzifələr geniş müzakirə olunmuşdur. Qəbul olunmuş qərarda iqtisadi inkişafı daha da sürətləndirmək, ilin önəmli sosial layihələrinin icrasını təmin etmək, xidmət sferasının fəaliyyətini yaxşılaşdırmaq, problemləri aradan qaldırmaq yolları, sakinlərin rifahını yüksəltmək məsələləri əksini tapmışdır.
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov respublikanın sosial-iqtisadi inkişafında son illər əldə olunmuş nailiyyətlər, ötən ilin başlıca uğurları barədə yığcam məlumat vermiş, dövlət başçısının cari ildə icra qurumları qarşısında qoyduğu təxirəsalınmaz vəzifələri şərh etmişdir.
Rayon rəhbəri qeyd etmişdir ki, ötən il dünya ölkələrində davam edən iqtisadi və maliyyə böhranına baxmayaraq Azərbaycan iqtisadiyyatı güclənmiş, hərtərəfli yeniləşmə xətti uğurla davam etdirilmişdir. Paytaxtın anası sayılan Səbail rayonu da respublikanın ümumi inkişafına öz layiqli töhfəsini vermişdir. Son illərdə ölkə rəhbərinin davamlı köməyi ilə gerçəkləşdirilən irimiqyaslı layihələr nəticəsində bu qədim rayon gəncləşmiş və gözəlləşmiş, yaşayış səviyyəsi yüksəlmişdir. Bu davamlı tərəqqinin təməlində ümummilli lider Heydər Əliyevin uzaqgörənliklə müəyyənləşdirdiyi əsaslı islahatlar, Prezident İlham Əliyevin son 15 ildə davam və inkişaf etdirdiyi məqsədyönlü siyasət dayanır.
Rayonun son 1 illik sosial-iqtisadi inkişaf yekunları barədə məlumat verən Səbail RİH başçısının müavini Eldar Ağayev bildirmişdir ki, 2017-ci ildə sənaye müəssisələrində 24 milyard 421,87 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,8 faiz çox məhsul istehsal edilmişdir. Nəqliyyatda görülmüş iş və xidmətlərin həcmi 450,4 milyon manat və ya 5,5 faiz çox, rabitədə isə 133,7 milyon manat olmuşdur. Bütün maliyyə mənbələri hesabına əsas kapitala 7 milyard 823,8 milyon, tikinti- quraşdırma işlərinə isə 5 milyard 528 milyon manat investisiya qoyulmuşdur. Rayonun pərakəndə ticarət şəbəkəsindən əhaliyə 850,1 milyon manat məbləğində və ya 30,4 faiz çox istehlak malları satılmış, xidmət müəssisələri 270,6 milyon manatlıq və ya 2,2 faiz çox pullu xidmət göstərmişdir.
Son 1 ildə Səbail rayonunda çalışan işçilərin sayı 114 min nəfəri ötmüş, orta aylıq əməkhaqqının məbləği 1481,8 manat olmuşdur ki, bu da əvvəlki illə müqayisədə 8 faiz çoxdur. Ötən il rayonda 4 min 571-i daimi olmaqla 5 min 502 yeni iş yeri açılmışdır. Ümumilikdə isə son 15 ildə 53 min 708-i daimi olmaqla 58 min 107 yeni iş yerləri yaradılmışdır.
Bildirilmişdir ki, ötən il rayonda bir sıra layihələrin icrası da uğurla başa çatdırılmışdır. Sentyabrın 11-də Badamdar qəsəbəsindəki 239 və 20-ci yaşayış sahəsindəki 162 nömrəli tam orta məktəblər təmir-yenidənqurma işlərindən sonra, oktyabrın 28-də isə 20-ci yaşayış sahəsində yeni idman salonu və istirahət parkı Prezident İlham Əliyevin xeyir-duası ilə istifadəyə verilmişdir. Badamdar qəsəbəsində Bakı Media Mərkəzinin İnzibati binasının tikintisi, Bakı Şəhər Endokrinoloji dispanserinin əsaslı təmiri də keçən il başa çatdırılmışdır. Badamdar qəsəbəsində 10 min kubmetrlik 2, 20-ci sahədə 5 min kubmetrlik 3 su anbarı istifadəyə verilmişdir. İl ərzində şəhərin mərkəzi hissəsindəki Xaqani, Üzeyir Hacıbəyov, Puşkin küçələrində yaşayış binalarının fasadları dekorativ üzlənmişdir.
Ərazidəki “Xəzər Waterfront” ticarət-əyləncə mərkəzinin, yeni “İnterkontinental” və “Dinamo” mehmanxanalarının, Səbail Rayon Prokurorluğunun və DTX Səbail rayon idarəsi üçün yeni inzibati binaların tikintisi, İncəsənət Muzeyi binasının və Bülbül adına orta ixtisas musiqi məktəbinin, Bülbül prospektində, Üzeyir Hacıbəyov və Əhməd Cavad küçələrində bir sıra binaların fasadlarının və səkilərin təmiri davam etdirilir.
Məruzəçi qeyd etmişdir ki, Səbail RİH Badamdar yolunda müasir standartlara uyğun yenidənqurma aparır, zəbt olunmuş yerlər təmizlənir, qanunsuz tikililər sökülür. Sahibkarların 14 müasir layihəsi təsdiq olunmuş və qəsəbədə çoxmənzilli yaşayış binalarının tikintisinə başlanmışdır. Rayonun digər ərazilərində də köhnə binaların yerində yeni çoxmərtəbəli yaşayış binalarının tikintisi ilə bağlı işlər aparılır. Kəskin qəzalı yaşayış binasından 13 ailə dövlət vəsaiti hesabına köçürülmüşdür. RİH Bayıldakı 157 saylı köhnə uşaq bağçasını sökərək yerində yeni bina tikmişdir. Abbasqulu Abbaszadə küçəsində növbəti “Abad məhəllə” yaradılır.
Şəhər mərkəzindəki parklarda və əsas yolların kənarlarında abadlıq işləri davam etdirilmiş, burada mövsümi güllər əkilmiş, yaşıllaşdırma işləri görülmüşdür. “Ekoloji park”da işlər davam edir, burada əkilən 200 mindən çox ağaca gündəlik qulluq göstərilməsi üçün müvafiq tədbirlər həyata keçirilir.
İlboyu Səbail RİH-in təşkilatçılığı ilə 100-dən çox tədbir, dəyirmi masa, görüş və s. keçirilmiş, milli bayramlar, yubileylər və tarixi günlər təntənə ilə qeyd edilmişdir.
Çıxışlarda ölkə başçısının apardığı uğurlu siyasət, görülən işlər dəstəklənmiş və Səbail RİH-in son 1 illik fəaliyyəti qənaətbəxş qiymətləndirilmişdir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının sektor müdiri Tağı Tağıyev yığıncaqda çıxış etmişdir.
İclas salonunda quraşdırılmış mikrofonda sakinlərin arzu, təklif və mülahizələri səslənmiş, müraciətlər qeydə alınmış, suallar cavablandırılmışdır. Səbail RİH-in başçısı Eldar Əzizov nöqsanların araşdırılması və aradan qaldırılması üçün tapşırıqlar vermişdir.
Tahir AYDINOĞLU,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.