“Cənub qapısı” Astaranın sosial-iqtisadi inkişaf meyilləri fərəh doğurur. İlbəil gözəlləşən bu diyarda həyat şəraitinin yaxşılaşması, abadlıq-quruculuq işlərinin davamlı şəkildə aparılması uğurların əsas rəhninə çevrilib.
Zəfər yolunun son bir illik nailiyyətləri icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin təqdim etdiyi hesabat məruzəsində özünün dolğun əksini tapmışdır. Qeyd edildiyi kimi, rayonun yerli gəlirləri 6 milyon 200 min manat olmaqla 103 faizə çatıb. İqtisadiyyatın əsas sahələri üzrə istehsal edilmiş məhsul və xidmətlərin ümumi dəyəri 227 milyon manat, əhalinin hər bir nəfəri üçünsə 2120 manat təşkil edib. Ötən il ərzində rayonda 4024 yeni iş yeri açılıb.
2017-ci ildə görülən işlər sırasında ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə ayrılmış vəsait hesabına tikintisi yenicə başa çatdırılmış Taxtanəkəran-Miki və Taxtanəkəran-Toradi kəndlərarası avtomobil yollarının inşası nəticəsində 38 yaşayış məntəqəsinin 12 minlik əhalisinin problemini həll etmişdir. Hazırda Ojakəran-Tüləküvan-Təngərüd yolunun yenidən qurulması gündəmdədir.
Həyata keçirilən ən böyük layihələrdən biri Xəzər dənizi sahilində salınmış park-bulvar kompleksi ərazisinin genişləndirilməsi olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 8 iyun 2017-ci il tarixli sərəncamına uyğun olaraq burada hazırlanmış layihəyə əsasən işlər ardıcıl həyata keçirilir. Tikinti işləri yekunlaşandan sonra park-bulvar kompleksinin ümumi ərazisi 18 hektar olacaq.
Şəhərin prospekt və küçələrində boru xətləri çəkilmiş, 1677 mənzilə çıxış verilmişdir. Bu il şəhərin yeni layihə üzrə içməli su təchizatının təmin edilməsi gözlənilir. Ötən il Astara şəhərində 29 ictimai yaşayış binasının fasad və bloklarında əsaslı təmir işləri görülmüş, 3 binanın dam örtüyü dəyişdirilmişdir.
Rayonun qaz təchizatının yaxşılaşdırılması, istehlakçıların fasiləsiz elektrik enerjisi ilə təmin olunması sahəsində işlər davam etdirilmişdir. Şəvqo kəndinin elektrikləşdirilməsi ilə əlaqədar yeni xətt təsərrüfatı tikilmişdir.
Rayonun ümumtəhsil məktəbləri daimi diqqətdədir: 7 məktəbdə cari təmir işləri aparılmış, 96 şagird yerlik Bala Şahağac kənd ümumi orta məktəbinin yeni binası bu günlərdə istifadəyə verilmişdir. Siyatuk kənd ibtidai məktəb üçün inşa edilən 56 yerlik modul tipli məktəb binası istifadəyə hazırdır. Ötən il Astara məzunlarından 243 nəfəri respublikanın müxtəlif ali məktəblərinə daxil olmuşdur.
Hesabat ilində rayon əhalisinə göstərilən tibbi xidmət yaxşılaşdırılmışdır. Bir neçə səhiyyə müəssisəsi cari təmir edilmiş, Pəlikəş kənd sahə xəstəxanası üçün müasir tipli bina tikilib istifadəyə verilmişdir. Rayonda 1 şəhid ailəsi üçün fərdi yaşayış evi tikilmiş, daha bir ailə üçün evin tikintisinə başlanılmışdır.
Ötən il sentyabrın 3-də Lənkəran şəhərində keçirilən respublika müşavirəsində möhtərəm Prezident cənab İlham Əliyev geniş nitq söyləyərək respublikada, o cümlədən cənub bölgəsində qeyri-neft sektorunun dinamik inkişafını təmin etmək məqsədilə müvafiq tapşırıqlar vermişdir. Astarada əkinə yararlı torpaq sahələrinin dövriyyəsi artırılmışdır. Sututarlara yaxın ərazilər və çay vadiləri çəltik əkini üçün, dağ və dağ yamaclarında meşə ilə örtülü olmayan tala yerlərində istifadə olunmayan torpaqlar isə sitrus sahələrinin salınmasından ötrü müəyyənləşdirilmişdir. 2017-ci ildə çəltik əkini aparılmış 447 hektar sahədən 1802 ton çəltik yığılmış, məhsuldarlıq 40 sentner olmuşdur. Keyfiyyətli və ekoloji təmiz Astara düyüsü bazarlarda öz yerini tutduğuna görə çəltik sahələrinin 1000 hektara çatdırılması nəzərdə tutulur. Rayonda mövcud olan 192 hektar məhsuldar çay sahəsindən 476 ton məhsul yığılmışdır. Gələcəkdə 1000 hektar sahədə çay plantasiyaları salınacaq. 2017-ci ildə rayon üçün prioritet olan çay, çəltik, sitrus və arıçılıq sahələrindən ümumilikdə 60 milyona yaxın gəlir əldə edilmişdir.
İl ərzində rayon Suvarma Sistemləri İdarəsi tərəfindən Lovayn su anbarı tam həcmdə doldurulmuşdur. Görülən tədbirlər nəticəsində rayonda aparılan əkin sahələrində, xüsusən çəltik, çay və sitrus bağlarında su qıtlığı olmamışdır. Rayonun təbii iqlim şəraiti arıçılığın inkişafı üçün əlverişlidir. Ümumilikdə arı ailələrinin sayı 12 minə çatdırılmışdır. Hesabat ilində 100 tona yaxın təbii bal və digər arıçılıq məhsulu istehsal edilərək, bazar və yarmarkalara göndərilmişdir.
Ərçivan qəsəbəsində gündəlik istehsal gücü 40 ton olan çəltik emalı zavodunun tikintisi, Astaraçay və Pensərçayda sahilbərkitmə işləri, qaz almayan kəndlərin qazlaşdırılması, elektrik təsərrüfatının yenidən qurulması işinin davam etdirilməsi, ümumtəhsil məktəbləri üçün yeni binaların tikintisi və əsaslı təmiri, həmçinin, rayonda logistik mərkəzin yardılması əsas məsələlərdəndir.
Məruzə ətrafında müzakirələr işgüzar ruhda keçib. Prezident Administrasiyasının məsul işçisi Habil Əzənmədovun çıxışı maraqla dinlənilib. Sonda yığıncaq iştirakçıları adından Azərbaycan Prezidenti cənab İlham Əliyevə müraciət ünvanlanıb.
Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.