Ölkəmizin “cənub mirvarisi”, subtropik zonanın mərkəzi sayılan Lənkəran öz sakinlərində hədsiz iftixar duyğuları yaradan, qonaqları heyran edən bir diyardır. Uğurla ötən hər il burada yeni-yeni zirvələrin fəthi ilə əlamətdar olur.
Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı yanında şuranın iclası 2017-ci ildə rayonunun sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlərə və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin ötən ilin yekunlarına həsr olunmuş iclasındakı çıxışından irəli gələn vəzifələrə həsr olunmuşdu.
İclasdan əvvəl Lənkərаn ŞİH-nin bаşçısı Taleh Qaraşov və qonaqlar Hеydər Əliyеv Xatirə Parkında ümummilli liderin abidəsi ziyarət edildikdən sonra iştirakçılar rayonda istehsal edilən kənd təsərrüfаtı və sənаyе məhsullаrındаn ibarət sərgiylə tanış oldular.
Lənkəran ŞİH-nin bаşçısı Taleh Qaraşovun illik hesabat məruzəsi dinlənildi. Məruzədə qeyd olundu ki, 2017-ci il sentyabrın 2-3-də cənab Prezident İlham Əliyevin Lənkəran şəhərinə növbəti səfəri rayonun həyatında unudulmaz hadisəyə çevrilib. Dövlətimizin başçısı səfər çərçivəsində rayonun təsərrüfatları və istehsal sahələri ilə tanış olaraq, əməkçilərlə iş başında görüşüb, onlara tövsiyələrini verib. Sentyabrın 3-də isə cənab Prezidentin sədrliyi ilə Lənkəranda ilk dəfə olaraq çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilib.
T.Qaraşov ötən il Lənkəranda bir sıra mühüm əhəmiyyətli tədbirlərin, o cümlədən aprel ayında “XX əsrdə Türk-Müsəlman xalqlarına qarşı soyqırımları” mövzusunda IV Beynəlxalq Elmi Konfransın, 6-7 may tarixlərində ilk dəfə olaraq Azərbaycanda “Avropa Günü” (Şuman günü) münasibətilə şənliklərin müvəffəqiyyətlə keçirildiyini xatırladıb. Məruzəçi daha sonra deyib ki, hesabat ilində Lənkəranda sosial-iqtisadi sahənin inkişafına 160,4 milyon manat investisiya yönəldilib, bunun da 145,9 milyon manatı tikinti-quraşdırma işlərində istifadə olunub. 2017-ci ildə rayona həmçinin ümumi layihə dəyəri 124,5 milyon manat məbləğində özəl investisiya cəlb olunub, icra edilmiş 72,4 milyon manat məbləğində investisiyanın 5,1 milyon manatı xarici investisiya olub. Rayonda ümumi məhsul buraxılışı 2016-cı ilə nisbətən 9,1 faiz artaraq 449 milyon manat təşkil edib, sənaye müəssisələrində əvvəlki ilə nisbətən 20 faiz çox, yəni 37,1 milyon manatlıq məhsul istehsal olunub.
Daha sonra diqqəti aqrar sahəyə yönəldən natiq bildirib ki, dövlət qayğısının daim artması hesabına ölkənin hər yerində olduğu kimi, Lənkəran rayonunda da kənd təsərrüfatı sürətlə inkişaf edib, 104,8 milyon manatlıq kənd təsərrüfatı məhsulu, o cümlədən 73972 ton tərəvəz, 4872 ton kartof, 3851 ton taxıl, 17877 ton meyvə tədarük olunub.
Hesabat ilində rayonda 50 hektar sahədə yeni çay plantasiyalarının salındığını, məhsuldar sahələrdən 241 ton yaşıl çay yarpağının yığıldığını, bunun hesabına 1,1 milyon manat gəlir əldə olunduğunu, 300 nəfərin daimi işlə təmin edildiyini vurğulayan icra başçısı cənab Prezidentin ölkədə ekoloji cəhətdən təmiz və təhlükəsiz ərzaq məhsulları istehsalının artırılması barədə tapşırığının icrası ilə əlaqədar rayonda çəltikçiliyin inkişafına da xüsusi diqqət yetirilərək əkin sahələrinin 526 hektara çatdırıldığını qeyd edib. Respublikada ilk dəfə olaraq bölgənin iqlim şəraitinə uyğun yeni texnologiyalar əsasında yetişdirilmiş çəltik şitilləri Cənubi Koreyadan gətirilərək ən müasir maşın və mexanizmlərdən istifadə edilməklə əkilib və biçilib. Nəticədə çəltik sahələrindən 1815 ton yüksək keyfiyyətli, ekoloji cəhətdən təmiz məhsul yığılıb, 4,4 milyon manat gəlir əldə edilib, 1068 nəfər işlə təmin olunub, məhsulun keyfiyyətli emalı üçün yeni texnologiya ilə işləyən 2 çəltik zavodu quraşdırılıb. Məruzədə həmçinin sitrus meyvəçiliyinin inkişafı ilə əlaqədar ötən il “Gilan Aqro” MMC tərəfindən 100 hektar sahədə xaricdən gətirilmiş yeni növ sitrus bağlarının salındığı, 200 nəfərin daimi işlə təmin edildiyi, ümumilikdə isə rayonda il ərzində 1282 hektar sitrus bağlarından 12900 ton məhsulun yığıldığı və bunun hesabına 7,7 milyon manat gəlirin əldə olunduğu qeyd edilib.
Ötən il rayonda heyvandarlıq məhsullarının istehsalı sahəsində də nailiyyətlər qazanılıb. Diri çəkidə 6717 ton mal əti, 202,7 ton quş əti, 33790 ton süd və 15,9 milyon ədəd yumurta tədarük olunub.
Ölkə rəhbərinin unudulan kənd təsərrüfatı sahələrinin dirçəldilməsi ilə bağlı tövsiyə və tapşırıqlarına əsasən rayonda ilk dəfə olaraq baramaçılıq da inkişaf etdirilir. Belə ki, baramaçılığın yem bazasının yaradılması üçün keçən il rayon üzrə ümumilikdə 64,7 min ədəd tut tingi əkilib, həmçinin mövcud tut tinglərindən çilingi üsulu ilə 100 min ədəd yeni tingin yetişdirilməsinə başlanılıb. Bu il ilk dəfə olaraq könüllülük əsasında 30 ailə tərəfindən baramanın bəsləniləcəyi nəzərdə tutulub.
Məruzədə hesabat dövründə yol-abadlıq işlərinə də diqqətin artırıldığı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Lənkəran şəhərində qəzalı vəziyyətdə olan 13 çoxmənzilli yaşayış binasında əsaslı bərkitmə-gücləndirmə işlərinin və 20 çoxmənzilli yaşayış binasının dam örtüklərinin və fasad hissəsinin əsaslı təmiri ilə bağlı sərəncamlarının sakinlər tərəfindən minnətdarlıqla qarşılandığı vurğulanıb.
Ötən il Lənkəranın respublikada daha bir ilkə imza atdığı, dekabrın 19-da şəhərdə ilk dəfə olaraq çay, çəltik və sitrus festivalının keçirildiyi, bu ümumxalq tədbirinin təkcə kənd təsərrüfatında deyil, həm də rayonun sosial-iqtisadi inkişafı və mədəni quruculuğu sahəsində qazanılmış nailiyyətlərin parlaq nümayişinə çevrildiyi qeyd edib.
T.Qaraşov çıxışının sonunda əminliklə bildirib ki, lənkəranlılar qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün bütün imkanlarını səfərbər edəcək və Azərbaycanın sosial-iqtisadi inkişafına töhfələrini daha da artıracaqlar.
Məruzə ətrаfındа çıxış edən Milli Məclisin Əmək və sоsiаl siyаsət kоmitəsinin sədri Hаdi Rəcəbli, millət vəkili Rüfət Quliyev, Prеzidеnt Аdministrаsiyаsının məsul işçisi Habil Əzənmədov və digərləri 2017-ci ildə Lənkəran rayonunda görülən işləri yüksək qiymətləndirərək, əldə edilən nailiyyətlərin davamlı olması arzusu ilə tövsiyə və məsləhətlərini bildiriblər. Sonda yığıncaq iştirаkçılаrı adından Аzərbаycаn Rеspublikаsının Prеzidеnti cənаb İlhаm Əliyеvə müraciət qəbul olunub.
Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”nin bölgə müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.