Oğuz: Görülən işlər əhalinin güzəranının daha da yaxşılaşmasına hesablanıb

 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr edilmiş ümumrayon toplantısında bu dağlar diyarının ötənilki uğur və nailiyyətlərini göstərən çoxsaylı faktlar, rəqəmlər, arqumentlər səsləndirildi. Geniş hesabat məruzəsi ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı Eyvaz Qurbanov qeyd etdi ki, ötən il Yemişanlı, Xalxalqışlaq və Qarabaldır kəndlərində yeni modul tipli məktəblər istifadəyə verilib. Baş Daşağıl və Top kəndlərində Qarabağ müharibəsi əlilləri üçün evlərin tikintisi ilboyu davam etdirilib. Axıska türklərinin evə ehtiyacı olan ailələrinə il ərzində rayonun müxtəlif yaşayış məntəqələrində 11 yaşayış evi tikilərək istifadəyə verilib.

Oğuz şəhərində 15 ədəd ictimai yaşayış binasının fasadının, pilləkən qəfəsinin və dam örtüyünün təmiri işləri aparılıb. Rayon icra hakimiyyətinin sifarişi ilə Oğuz şəhərində, Oğuzçay çayı üzərində piyada keçid körpüsündə, yeni uşaq bağçasında, Olimpiya İdman Kompleksinin ətrafında, Heydər Əliyev parkında, yeni istirahət parkında, şəhərin 3 küçəsində təmir və abadlıq işləri başa çatdırılmışdır.

Həmçinin Oğuz şəhərində küçələrin təmiri işləri ilə əlaqədar olaraq, 14 küçədə ümumilikdə 15 min 900 kvadratmetr yol sahəsinə asfalt-beton örtüyün salınması işləri yerinə yetirilib. Bundan başqa, rayonun Bucaq kəndində tütünqurutma sexinin inşasına başlanılıb və hazırda tikinti-quraşdırma işləri davam etdirilir. Sincan-Xaçmaz-Filfili avtomobil yolunun tikintisi və təmiri işləri başa çatdırılıb, yol istifadəyə verilib. Oğuz-Bucaq-Muxas-Baş Daşağıl avtomobil yolunun tikintisinə başlanılıb. Oğuz-Xanabad, Padar-Böyük Söyüdlü avtomobil yolunun tikintisi ilə bağlı sənədləşmə işləri aparılır.

Hesabat dövründə rayonda 350 yeni iş yeri açılmışdır. Onların hamısı daimidir.

Ümumrayon toplantısında qeyd edildi ki, 2002-2017-ci illərdə İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun vasitəsilə Oğuz rayonu üzrə 223 sahibkara 12,3 milyon manat, o cümlədən 2017-ci ildə 12 sahibkara 165 min manat güzəştli kreditlər verilib. Bu kreditlər hesabına 980, o cümlədən, 2017-ci ildə 13 yeni iş yeri yaradılıb. Rayonda 2017-ci ildə iqtisadiyyatın əsas sahələrində istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi əvvəlki ilə nisbətən faktiki qiymətlərlə 22,4 faiz artaraq, 100,8 milyon manat təşkil edib.

İpəkçiliyi inkişaf etdirmək üçün hesabat ilində 9,8 hektar sahədə 58 min ədəd tut tingi əkilib. Belə bağların ümumi sahəsi 20,7 hektardır. Hesabat ilində ailə kəndli və ev təsərrüfatlarında 2524,05 kiloqram barama istehsal edilib.

Paytaxt bazarlarında süni qiymət artımının qarşısını almaq məqsədilə Bakı şəhərinin Nərimanov rayonunda kənd təsərrüfatı məhsullarının satış yarmarkası keçirilir. Oğuzlu fermerlər hər həftənin şənbə və bazar günləri müxtəlif çeşiddə istehsal etdikləri kənd təsərrüfatı məhsullarını maneəsiz olaraq həmin bazarlara çatdıraraq, əhaliyə yüksək xidmət göstərirlər.

“Təhsilin inkişafı üzrə Dövlət Strategiyası” Oğuzda da uğurla həyata keçirilməkdədir. Son 12 il ərzində rayonda 17 yeni məktəb binası və Oğuz şəhərində 115 yerlik yeni bağça binası inşa edilib. 3 məktəb binası, 1 körpələr evi-uşaq bağçası əsaslı təmir olunub. Yeni tikilmiş və əsaslı təmir olunmuş ümumtəhsil məktəbləri 3700 şagirdin təhsil şəraitinin yaxşılaşmasına səbəb olub. 2017-2018-ci dərs ilində rayonun Qarabaldır, Yemşanlı və Xalxalqışlaq kəndlərində modul tipli məktəb binaları istifadəyə verilib.

İlin yekunları barədə danışan rayon rəhbəri qarşıda mühüm vəzifələrin durduğunu söylədi: “Sahibkarlara kreditlərin verilməsi üçün lazımi kömək göstərilməli, onların hüquqları qorunmalıdır. İstehsal sahələrinin yaradılmasına, kənd təsərrüfatına və xidmət sektorunun inkişaf etdirilməsinə diqqəti artırmalı, baramaçılığın inkişafı, tut bağlarının salınması işi sürətləndirilməli, barama istehsalının rayon üzrə ikiqat artırılmasına nail olmalıyıq”.

Qeyd edildi ki, fındıqçılığın inkişafı, yeni bağların salınması işi surətləndirilməli, onların ümumi sahəsi 2000 hektara çatdırılmalıdır. Tütünçülüyün inkişafı ilə bağlı tədbirlər həyata keçirilməli, əkin sahələri 400 hektara çatdırılmalı, məhsul istehsalı ikiqat artırılmalıdır. Eləcə də, rayonda turizm sektorunun inkişafı ilə bağlı tədbirlər görülməlidir.

Natiq sonda dedi: “Dövlətimizi əmin edirəm ki, rayonumuzda son vaxtlar əldə olunan nailiyyətlər, aparılan geniş quruculuq işləri 2018-ci ildə də davam etdiriləcəkdir. Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı və “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransdakı tövsiyə və tapşırıqlardan irəli gələn vəzifələrin yüksək səviyyədə yerinə yetirilməsi üçün bütün qüvvələrdən maksimum istifadə ediləcəkdir”.

İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin
bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında