Quba böyük imkanları olan rayondur

Bu gün həyata keçirilən tədbirlərin əsas məqsədi uzunmüddətli iqtisadi inkişafa nail olmaqdır

“Rayonumuzu yeni ildə bütün istiqamətlərdə daha böyük tərəqqi gözləyir. Biz bundan sonra daha da əzmlə  çalışmalı, daha çox iş görməliyik. Qubanı gözəlliklər diyarına çevirməliyik”. Bu sözləri Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev Mədəniyyət və Turizm Nazirliyi, Quba  Rayon İcra Hakimiyyəti və “ASAN xidmət”in təşkilatçılığı ilə Quba “ASAN Həyat” Kompleksində keçirilən tədbirdə deyib. Ötən ilin son ayının əvvəllərində ölkə başçısının sərəncamı ilə Quba rayonuna icra başçısı təyin olunmuş Ziyəddin Əliyev “Rayonumuzu yeni ildə bütün istiqamətlərdə daha böyük tərəqqi gözləyir” sözlərini dilə gətirməklə hansı yeniliklərə işarə edirdi? Sözün düzü, bu sualın cavabını tapmaqda biz də müəyyən mənada çətinlik çəkdik. Hətta: “Görəsən icra başçısı rayon sakinlərini hansı sürprizlərlə sevindirəcək?” – sualı da yarandı. Lakin onun qısa müddətdə rayon sakinləri ilə keçirdiyi çoxsaylı görüşlərdə bizə hər şey aydın oldu.

Məlum olduğu kimi, hazırda  şəhər, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərdə 2017-ci ilin yekunları ilə bağlı hesabat yığıncaqları  keçirilməkdədir. Quba Rayon İcra Hakimiyyətinin başçısı belə tədbirlərdə şəxsən özü iştirak edir, qaldırılan problemlərlə dərindən maraqlanır və onların hər birinin həllinə nail olmağa çalışır. Qeyd edək ki, indiyədək rayonun 150 yaşayış məntəqəsini  əhatə edən 31 inzibati ərazi dairəsində yığıncaqlar keçirilib. Məsələn, yanvarın 5-də İspikdə keçirilən yığıncaqda sakinlərin ən böyük çətinliyinin iş yerlərinin azlığı və kənd yolunun asfalt olmaması vurğulanıb. Həmçinin kəndə təbii qaz xəttinin çəkilməsinə kömək göstərilməsi xahiş olunub. Rayon icra hakimiyyətinin başçısı qaldırılan problemlərə toxunaraq qeyd edib ki, yazbaşı yolun asfaltlanması üçün nə lazımdırsa, bütün tədbirlər görüləcək və ilin sonuna kimi bu məsələ öz müsbət həllini tapacaq. Kəndə təbii qaz xəttinin çəkilməsi ilə  əlaqədar “Azəriqaz”ın rəhbərliyi qarşısında məsələ qaldırılacaq və s.

Yaxud, rayon rəhbəri içməli su sarıdan əziyyət çəkən (1987-ci və 2011-ci illərdə yaxınlıqdakı bulaqlardan kəndə içməli su xətti çəkilsə də, sonradan xətlər sıradan çıxıb) Möhüc kəndinin sakinlərinin də gileyinə biganə qalmayıb. Belə ki, o, su çəkilişi ilə bağlı bütün ehtiyat mənbələrinin araşdırılmasını, həmçinin Caf yaylağından su xətti çəkiləcək marşrutun dəqiqləşdirilməsini tapşırıb. Bununla da rayon rəhbəri kəndə su xəttinin çəkilməsinə kömək göstərəcəyinə söz verib. Xülasə, onlarca belə misal çəkmək olar. 

 

Sosial-iqtisadi yüksəlişin yeni mərhələsi başlayır

 

Rayonda bağçılıqla yanaşı, heyvandarlığın və  əkinçiliyin inkişafına diqqət artırılmaqdadır. Quba rayonunu böyük imkanları olan diyar kimi xarakterizə edən Ziyəddin müəllim Vəlvələ, Rustov, Xucbala, Qonaqkənd  inzibati ərazi dairələrinin sakinləri ilə görüşərkən bildirib ki, yaxın zamanda Qubada 6 min ton süd emal edən zavod inşa olunacaq: “Zavod xammalı kənd sakinlərindən alacaq... Hər bir kənd əhli şəxsi yardımçı təsərrüfatını inkişaf etdirməlidir. Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması bu gün ən vacib məsələdir. Ən ucqar dağ kəndlərində belə fermer təsərrüfatları yaradılmalıdır. Hər bir ailə özünün kənd təsərrüfatı məhsullarına olan tələbatını ödəməli, artıq məhsullarını bazara çıxarmalıdır. Torpaq islahatı zamanı verilmiş əkin, bağ, biçənək sahələri iş, dolanacaq yerinə  çevrilməlidir. Meyvəçiliklə yanaşı, kartofçuluğun da inkişafına xüsusi diqqət yetirilməlidir. Bolluq yaratmaq üçün hamı işləməlidir”.

Hazırda Qubada yeni konserv zavodunun, meyvəqurutma sexinin tikintisi də gündəmdədir. Torpaq sahələrinin suvarılmasında yaranmış problemlərin aradan qaldırılması məqsədilə ümumilikdə 13 min 40 hektar torpaq sahəsinin suvarılması üçün Zərdabi qəsəbəsində, Alekseyevka, Vəlvələ, Vladimirovka və Hacıhüseynli kəndlərində su anbarlarının tikilməsi, çoxmənzilli yaşayış binaları üçün mərkəzləşdirilmiş istilik təchizatının qurulması, 7 yaşayış məntəqəsində uşaq bağçalarının tikintisi və digər bu kimi məsələlərin həlli nəzərdə tutulur. Bu kimi işlər həm də işsizlik probleminin  aradan qaldırılmasında bir vəsilə olacaq: “Son nəticədə həm kənd sakinlərinin məşğulluğu təmin olunacaq, həm də işsizlik problemi aradan qalxacaq. Və bununla da ölkə Prezidenti möhtərəm İlham Əliyevin uğurlu iqtisadi siyasətini regionun hər bir sakini tezliklə öz gündəlik həyatında, dolanışığının yaxşılaşmasında hiss edəcəkdir. Bizim amalımız və məqsədimiz cənab Prezidentimizin tapşırıqlarına əsasən Qubaya və qubalılara xidmət etməkdir”. O, həmçinin qeyd edib ki, son illərdə Azərbaycanda həyata keçirilən aqrar islahatlar nəticəsində kənd təsərrüfatının dinamik inkişafı üçün hərtərəfli zəmin yaradılıb, bu sahədə  əsaslı dönüş baş verib.

Xatırladaq ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyev bir daha vurğulayıb ki, bu gün bölgələrə daha çox sərmayə qoyan yerli iş adamlarıdır. Əlbəttə, burada iqlim amili də var. İndi hansısa məhsulu yetişdirmək üçün müəyyən bir regiona sərmayə qoyulmalıdır. Eyni zamanda, rayonlarda mövcud mühit, ab-hava, investisiya iqlimi də rol oynayır. Ona görə yerli icra orqanları bu işlərdə daha fəal olmalıdırlar. Onlar iş adamlarını cəlb etməlidirlər ki, gəlib sərmayə qoysunlar”. Biz isə  əminliklə qeyd edə bilərik ki, işə başladığı elə ilk günlərdən rayon icra hakimiyyətinin başçısı bu məsələ ilə bağlı ciddi axtarışlar aparır və xarici iş adamlarını da Qubaya cəlb etməyə  çalışır.

 

Təhsil və səhiyyə diqqət mərkəzindədir

 

Rayon icra hakimiyyətinin başçısı hesabat yığıncaqları çərçivəsində müəyyən məkanlara da baş çəkir. Məsələn, bu günlərdə o, Zərqovada ərazi dairəsinin sakinləri ilə görüşdən sonra 1975-ci ildə inşa edilən, problemlər məngənəsində sıxılan Zərqova kənd tam orta məktəbində olub. O, sinif otaqlarında elektrik işığı olmadığından şəbəkənin yenidən qurulması, məktəbə yüz ədəd çilçırağın verilməsi və yarımçıq qalmış təmir işlərinin başa çatdırılması üçün əlaqədar şəxslərə göstərişlər verib. Üstəlik, o, hər cür kömək göstəriləcəyini, bir aydan sonra elə bu məktəbdə kənd sakinləri ilə görüşəcəyini də vəd edib. Əldə etdiyimiz məlumata görə, inşaatçılar briqadası artıq məktəbdə təmir işlərini yekunlaşdırmaq üzrədir.

Yeri gəlmişkən, onu da qeyd edək ki, Z.Əliyev bu vəzifəyə təyin olunduqdan sonra sahələr üzrə ilk geniş tərkibli yığıncağı məhz təhsil işçiləri ilə keçirib. Bilir ki, təhsil hər bir ölkənin gələcəyinin təmin olunmasına ciddi təkan verən strateji və cəmiyyətin bütün sahələri ilə sıx bağlı olan mühüm sahədir. Qeyd edək ki, rayon icra hakimiyyəti başçısının təqdimatı ilə  Rüfət Hacıyev təhsil şöbəsinə müdir təyin olunmuşdur. Bu vəzifəyədək o, Qəçrəş kənd tam orta məktəbində direktor işləmişdir.

2018-ci ildə Dəvədabanı yaşayış massivində 500, Alekseyevka kəndində 450, Vəlvələ və İkinci Nügədi kəndlərində 350 şagird yerlik məktəblərin tikintisi, Qamqam, Çiçi, Vladimirovka, Hacıhüseynli məktəblərinin əsaslı təmiri nəzərdə tutulmuşdur. Artıq ilkin sənədlər hazırlanaraq, əlaqədar təşkilatlara göndərilib. Qarşıdakı illərdə daha 25 məktəb üçün yeni binanın tikintisi, 33 məktəbin isə əsaslı təmiri ilə bağlı müraciətlər aidiyyəti  təşkilatlara ünvanlanmışdır.

Rayonda azyaşlılar da unudulmayıb. Belə ki, şəhərin Heydər Əliyev prospektində 120 yerlik uşaq bağçasının tikintisinə başlanılıb. Hazırda özülatma işləri aparılır. Bağça binasının qarşısında uşaq meydançalarının salınması da nəzərdə tutulub.

“Sakinlərin narazılığı əsasən perinatal mərkəzdəndir (doğum şöbəsi – red). Nəzərinizə çatdırım ki, şikayətlərin çoxu haqlıdır. Araşdırma aparmışam, ana və uşaq ölümü halları var. Bu, çox ciddi problemdir. Bunun səbəbləri aydınlaşdırılmalı və məsələ tezliklə həllini tapmalıdır. Bundan başqa, perinatal mərkəzdə qoyulmuş bəzi şərtlər aradan qaldırılmalıdır. Qısa müddət ərzində yeni xəstəxana binasında təmir işləri aparılacaq və istifadəyə veriləcək. Həmin binada daha əlverişli şərait olacaq. Lakin bilməlisiniz ki, geniş imkanları olan belə bir xəstəxana binasında yüksək səviyyədə xidmət göstərilməlidir... Əlillik dərəcəsi müəyyən olunarkən bəzi neqativ hallara çox yol verilib. Elə şəxslər var ki, sağlamdır, lakin əlillik dərəcəsi alıblar. Amma bir neçə ciddi əlillik əlaməti olan şəxsə illərdir əlillik dərəcəsi verilmir. Belə hallar  diqqətlə yenidən araşdırılacaq”. – Bu sözləri isə icra başçısı rayonun tibb işçiləri ilə görüşdə deyib. Qeyd edib ki, mövcud olan neqativ hallara baxmayaraq, Qubanın səhiyyə sistemində gözəl nəticələr əldə edəcəyik. Biz birlikdə mövcud problemləri aradan qaldıracaq və Qubamızı gözəl diyara çevirəcəyik.

Məlumat üçün bildirək ki, ölkə başçısı cənab İlham Əliyevin sərəncamına əsasən 2014-cü ildə təməli qoyulan Quba Rayon Mərkəzi Xəstəxana binasında hazırda tamamlama işləri aparılır. Onun ilin sonuna kimi  təhvil veriləcəyi gözlənilir. Qeyd edək ki, “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasına uyğun olaraq tikilən kompleks regionda ən böyük və geniş imkanlara malik xəstəxana binası olacaq.

Bundan başqa, 10 min nəfərə xidmət göstərən Vəlvələ həkim məntəqəsində əsaslı təmir işləri görülür. Məntəqənin may ayında istifadəyə verilməsi planlaşdırılıb. Qubanın ən böyük ərazi dairələrindən biri sayılan Vladimirovkada isə həkim məntəqəsinin tikintisinə (bu kənddə həkim məntəqəsi icra nümayəndəliyinin binasında fəaliyyət göstərir) qərar verilib.

 

Abadlıq yeni vüsət alır

 

Prezident İlham Əliyevin Quba şəhərində çoxmərtəbəli binaların (hazırda Heydər Əliyev prospektindəki 2 B saylı binada tamamlama işləri görülür. Fətəli xan küçəsində yerləşən 2 A saylı binanın isə şifer dam ortüyü sökülərək yeni “çerepitsa” ilə əvəzlənir. Mövlud Qonaq küçəsindəki beşmərtəbəli 2 B saylı binanın damının da sökülməsinə başlanılıb və sair) əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncamına əsasən çoxmərtəbəli binaların dam və fasadlarında təmir başlanılıb. Fətəli xan küçəsindəki 129 saylı binanın sakini Ələddin Mirzəyev bizimlə söhbətində dedi ki, yaşadığımız bu bina ötən əsrin 70-ci illərində tikilib. İndiyədək burada bir sıra kosmetik işlər aparılsa da, əsaslı təmir olunmayıb. Yağışda bina damırdı. Ölkə Prezidenti möhtərəm İlham Əliyevə minnətdarıq ki, Qubanın inkişafına, müasirləşməsinə belə böyük qayğı göstərir. İnşaat işləri həm sürətlə, həm də keyfiyyətlə aparılır. Bu sahədə rayon rəhbərliyindən çox razıyıq.

Rayon rəhbərinin tapşırığına əsasən şəhərin təmizliyi və binaların təmiri ilə yanaşı, əvvəlki dövrlərdə çəkilmiş yerüstü  elektrik xətlərinin dəyişdirilməsi də nəzərdə tutulub.

Rayon icra hakimiyyəti başçısının 26 dekabr 2017-ci il tarixli sərəncamına əsasən rayonumuzda fəaliyyət göstərən abadlıq və işıqlandırma idarəsinin, təmiz şəhər və yaşıllaşdırma xidmətinin, Quba Yaşıllaşdırma İdarəsinin bazasında yeni – Təmizlik, Sanitariya və Abadlıq Birliyi yaradılmışdır. Birliyin yeni təyin olunmuş rəisi Azər Hüseynovla söhbətdən aydın oldu ki, hazırda yaşıllıqların qorunması istiqamətində də müəyyən işlər görülür: “Bunun üçün müəyyən küçə və prospektlərdə, park və xiyabanlarda budama işləri aparır, qurumuş ağacları çıxdaş edirik. Şəhərimizin işıqlandırılması da diqqətdə olan məsələdir. Məqsədimiz budur ki, təkcə mərkəzi küçələrdə deyil, digər küçələrdə də işıqlandırma sistemi quraşdıraq və  yaşıllıqları genişləndirək”. 

Unutmayaq ki, respublikamızın səfalı guşələrindən sayılan və özünəməxsus flora və faunaya malik olan Qubaya hər gün yüzlərlə turist gəlir. Onlar rayonumuzun mədəniyyəti, tarixi, adət-ənənələri ilə maraqlanır və öz istirahətlərini mənalı keçirməyə çalışırlar. Şübhəsiz ki, hər bir yaşayış məskəni haqqında təsəvvür ilk olaraq onun yolundan başlanır. Bu baxımdan son günlərdə yollarda da cari təmir işləri böyük vüsət almışdır.

Bundan əlavə, Quba şəhərinin hazırlanmaqda olan baş planı layihəsinə görə, Qudyalçayın Quba şəhəri ərazisindən keçən hissəsində 3000 metrə yaxın uzunluqda beton sahil mühafizə bəndlərinin qurulması, ərazidə müasir tələblərə cavab verən irimiqyaslı turizm və digər sahibkarlıq obyektlərinin tikintisi və parkların salınması nəzərdə tutulmuşdur.

Bütün bu qeydlərdən belə nəticəyə gəlmək olar: bu il Quba rayonunu bütün istiqamətlərdə daha böyük tərəqqi gözləyir. Yeni növrağın  mübarək, Quba!

Qəhrəman Qasımov,
Əməkdar jurnalist,
Quba rayonu

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında