Respublikamızda kənd təsərrüfatının inkişafı ilə bağlı həyata keçirilən dövlət proqramına uyğun olaraq 2017-ci təsərrüfat ilində Cəlilabadda da xeyli iş görülüb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aqrar sahənin inkişafına həsr olunmuş müşavirələrin yekunları rayonda əməli fəaliyyət proqramı kimi qəbul edilib.
Cəlilabad Kənd Təsərrüfatı İdarəsinin rəisi Rahib Kərimovun dedikləri:
– Prezident İlham Əliyevin ölkənin sosial-iqtisadi inkişafı ilə əlaqədar müntəzəm olaraq keçirdiyi müşavirələr qarşıya qoyulmuş hədəflər baxımından çox vacibdir. Dövlət başçısı birmənalı şəkildə vurğulayır ki, Azərbaycanda qeyri-neft ixracını artırmaq imkanları çox böyükdür. Bərəkətli torpağımız, əlverişli iqlim şəraitimiz var. Bu da keyfiyyətli məhsulların yetişdirilməsinə və daxili tələbatı ödəməklə bərabər, milli brendimizin dünya bazarına çıxarılmasına zəmin yaradır.
Sentyabr ayında Lənkəranda keçirilmiş müşavirədən iki gün sonra Cəlilabadda qarşıda duran vəzifələrlə əlaqədar ümumrayon toplantısı olub. İcra hakimiyyətinin başçısı bildirib ki, hər bir fermer, sahibkar, iş adamı fəaliyyətini günün tələblərinə uyğunlaşdırmalıdır. Odur ki, biz öz fəaliyyətimizdə bitkiçilik və heyvandarlıqda intensiv metodların tətbiqinə xüsusi önəm veririk. Ölkə başçısının tapşırığına əsasən ötən il rayonumuzda 500 hektar pambıq və 635 hektar şəkər çuğunduru əkilib. Bol məhsul götürülməsi üçün bütün zəruri tədbirlər görülüb, nəticə də fərəhlidir. Bundan başqa, baramaçılığın inkişaf etdirilməsi məqsədilə inişil Günəşli ərazisində xaricdən gətirilmiş 10 min ədəd tut tingi, ötən payızda isə Uzuntəpədə daha 5 min ədəd ting əkilib, mövcud ağaclar budanıb. Ötən il 2 istehsalçı tərəfindən 243 kiloqram barama istehsal olunub: Komanlıdan İdrak Abbasov özünün mövcud tut bağından 65 kiloqram, Uzuntəpədən Mirhəsən Nəsirov isə 178 kiloqram barama əldə edib. Bu il daha 6-7 nəfər zəhmət adamı barama qurdu əldə etmək istədiyini bildirib. Həmçinin rayona KTİ xəttilə 4500 ədəd fındıq tingi gətirilib və vətəndaşlara paylanıb.
Hazırda Azərbaycanın 24 rayonunda 33 aqropark yaradılır. Onlar məhsuldarlığın artmasına, daxili tələbatın ödənilməsinə və ixrac potensialının güclənməsinə çox böyük təsir edəcək. Həmin aqroparklardan biri də Cəlilabadda təşkil edilib. Aqroparkın fəaliyyəti ötən ilin əvvəlindən daha da genişləndirilib, xeyli buğda, arpa, şəkər çuğunduru, pambıq, silosluq qarğıdalı və yonca əkilib. Həmçinin ilkin mərhələdə 500-2500, sonrakı mərhələdə isə 3000 baş cins qaramalın saxlanılacağı müasir tipli tövlələrin tikintisinə başlanıb. Aqroparkda gündəlik 15 min litr, yaxın gələcəkdə 90 min litr süd istehsal olunması, təqribən 100 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulur.
Ötən il rayon ərazisində fəaliyyətə başlayan müəssisələrdən biri də “Qreen Field-KT” MMC-dir. Müəssisənin istifadəsində olan 151 hektar torpaq sahəsində qarğıdalı əkilib. Cəlilabadda əkin sahələrinin genişləndirilməsi və məhsuldarlığın artırılması məqsədilə suvarma suyu ilə təminat gücləndirilib. Əkin suyuna olan tələbatı tam ödəmək üçün əlavə subartezian quyuları qazılıb.
Kənd təsərrüfatı idarəsinin rəhbərliyi ayrı-ayrı inzibati ərazi dairələrində müntəzəm olaraq istehsalçılarla səyyar görüşlər keçirib, onların təklif və rəylərini nəzərə alıb, torpaq mülkiyyətçilərini maraqlandıran sualları cavablandırıb, qarşılaşdıqları çətinliklərin aradan qaldırılmasına köməklik göstərib.
Aldığımız məlumata görə, 2017-ci təsərrüfat ilində Cəlilabadda 57010 hektar sahədə buğda, 5879 hektar sahədə arpa, 2750 hektarda vələmir, 5916 hektarda noxud, 1100 hektarda mərci, 300 hektarda lərgə, 200 hektarda qarğıdalı, 4200 hektarda kartof, 710 hektarda günəbaxan, 500 hektarda pambıq, 635 hektarda şəkər çuğunduru, 47 hektarda pomidor, 25 hektarda xiyar, 7 hektarda badımcan, 22 hektarda soğan, 54 hektarda sarımsaq, 15 hektarda kələm, 15 hektarda qarpız, 15 hektarda yemiş, 420 hektarda çiyələk, 48 hektarda yonca, 98 hektarda meyvə əkilib. Həmin sahələrdə hər hektardan 28 sentner olmaqla 160483 ton buğda, 22, 8 sentner olmaqla 13404 ton arpa, 21, 4 sentner olmaqla 5885 ton vələmir götürülüb. Eyni zamanda 8755 ton noxud, 1397 ton mərci, 390 ton lərgə, 1800 ton qarğıdalı, 79842 ton kartof, 1420 ton günəbaxan, 564 ton pomidor, 275 ton xiyar, 171 ton soğan, 120 ton kələm, 180 ton qarpız, 165 ton yemiş, 12990 ton üzüm, 4137 ton çiyələk, 816 ton yonca, 580 ton meyvə, 13906 ton şəkər çuğunduru, 1000 ton pambıq istehsal edilib. Onu da qeyd edək ki, ötən il Cəlilabadda 3 hektar moruq əkilib ki, bu giləmeyvə sahələri də gələn il məhsula düşəcək.
“Aqrolizinq” ASC-nin xəttilə istehsalçılara və fermerlərə 2249, 2 ton azot, 128,3 ton nitroammofos, 33, 5 ton ammonium-sulfat, 2816,6 ton superfosfat, 1241 litr diamin, 760 litr knoskdovn, 132 litr fastak, 40 litr topcup güzəştlə satılıb.
Cəlilabad Rayon Bitki Mühafizə Mərkəzi tərəfindən gəmiricilərə qarşı 78537 hektar sahədə müşahidə aparılıb, 25729 hektarda sirayətlənmə aşkarlanıb, 16936 hektarda mübarizə tədbirləri görülüb. Taxıl, pambıq, üzüm, kartof sahələrində ziyanvericilərə qarşı zəruri mübarizə aparılıb ki, məhsullar zay olmasın.
Payızlıq əkin kompaniyası da uğurlu keçib. Belə ki, 52 min 100 hektarda buğda, 2800 hektarda arpa, 2600 hektarda vələmir əkilib. Kartof əkini 4 min 400, sarımsaq əkini isə 102 hektar təşkil edib.
Rayon üzrə 99375 baş iribuynuzlu mal-qara, 53319 baş ana heyvan, 122955 baş davar, 624572 baş quş mövcud olub. Ötən il 311n baş heyvan süni mayalandırılıb, 1525 baş bala alınıb. Lizinq yolu ilə 499 baş cavan düyə gətirilib.
Cəlilabadın qabaqcıl fermerləri məhsul bolluğu üçün əllərindən gələni edirlər. Xanlar və Rövşən Mirzəyev qardaşları, Hüseyn Cəfərov, Mahmudağa Miriyev, Qasım Mirzəyev, Rizvan Bayramov və başqaları bu sahədə nümunə göstərirlər.
Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”nin
bölgə müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.