Qaradağ Rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın iclasında Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan iclasında və 29 yanvar 2018-ci il tarixdə regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda Azərbaycan Prezidenti İlham Əliyevin nitqlərindən irəli gələn vəzifələr ətraflı müzakirə olunmuşdur.
Rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılov hesabat məruzəsi ilə çıxış edərək demişdir ki, 2017-ci ildə iqtisadiyyatın davamlı inkişafı, son illərdə aparılan siyasəti nəticəsində qeyri-neft iqtisadiyyatımız 2,5 faiz, o cümlədən qeyri-neft sənayesi 3,6 faiz, kənd təsərrüfatı isə 4,1 faiz artmışdır. İlin yekunu üzrə ölkənin valyuta ehtiyatları 4,5 milyard dollar artaraq, 42 milyard dollar səviyyəsinə çatmış, ixrac 19 faiz artmışdır, qeyri-neft ixracımız isə 24 faiz artmışdır. 2017-ci ildə 221 min yeni iş yeri açılmışdır ki, onların 177 mini daimi iş yeridir.
Ölkəmizin sosial-iqtisadi inkişafına dair qəbul edilmiş dövlət proqramlarının uğurlu icrası, regionlarda yeni müəssisələrin və iş yerlərinin yaradılmasında, irimiqyaslı və çoxsahəli infrastruktur layihələrinin reallaşmasında müstəsna rol oynamışdır.
Rayonun sosial-iqtisadi həyatında son illərdə müşahidə olunan sürətli inkişaf tempi 2017-ci il ərzində də saxlanılaraq həm sosial, həm də iqtisadi sahələrdə yeni nailiyyətlərin qazanılması ilə əlamətdar olmuşdur. Qaradağ rayonunun 2017-ci ilin yekunlarından söz açan S. Mikayılov qeyd etmişdir ki, sənaye sahəsində 2017-ci ildə 929 mln 693 min manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz çox məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir. Sənaye məhsulunun ümumi həcmində qeyri-dövlət sektorunun xüsusi çəkisi 41,7 faiz təşkil etmişdir.
2017-ci ildə nəqliyyat sektorunda 76 milyon 503 min manat, rabitə müəssisələrində isə 3 milyon 464 min manat həcmində xidmət göstərilmişdir.
Hesabat dövründə istehlak bazarı dinamik inkişaf etməkdə davam etmiş və pərakəndə ticarət şəbəkəsindən rayon əhalisinə 1 milyard 635 milyon 968 min manatlıq və ya 2016-cı ilin 53,8 faizi həcmində istehlak məhsulları satılmışdır. Tikinti sektorunda hesabat dövründə bütün maliyyə mənbələri hesabına 101 milyon 502 min manat əsas fondlar istifadəyə verilmişdir. 2017-ci ildə Qaradağ rayonunda iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 322 milyon 404 min manat məbləğində investisiya yönəldilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 72,4 faiz çox olmuşdur.
Azərbaycan Prezidenti onun üçün hər zaman doğma olan Qaradağ rayonuna təkcə 2017-ci il ərzində üç dəfə səfər edib.Bu səfərlər çərçivəsində cənab İlham Əliyev may ayının 18-də Heydər Əliyev adına yarımdalma qazma qurğusunun açılış mərasimində, sentyabr ayının 6-da Gəmiqayırma zavodunda “Şahdəniz-2” layihəsi çərçivəsində inşa edilən “Xankəndi” sualtı tikinti gəmisinin təqdimat mərasimində və oktyabr ayının 30-da Bakı Beynəlxalq Dəniz Ticarət Limanında keçirilmiş Bakı-Tbilisi-Qars dəmir yolunun təntənəli açılış mərasimində iştirak etmişdir. Prezident İlham Əliyevin Qaradağ rayonuna səfərləri hesabat dövrünün ən mühüm və yaddaqalan hadisələrindən olmuşdur.
Qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün görülən işlər bu kateqoriyadan olan soydaşlarımızın diqqət və qayğı ilə əhatə olunduğunu göstərir. Bu istiqamətdə atılan mühüm addımlardan biri də martın 9-da Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr edilən müşavirənin keçirilməsidir. Həyata keçirilmiş tədbirlərin davamı olaraq keçən ilin may ayının 30-da Qaradağ rayonunun Lökbatan qəsəbəsində qaçqın və məcburi köçkün ailələr üçün 1026 mənzilli yeni yaşayış kompleksinin təməlqoyma mərasimi keçirilmiş və Birinci vitse-prezident Mehriban xanım Əliyeva mərasimdə iştirak etmişdir.
Məruzədə sahibkarlığın inkişafı, əhaliyə göstərilən pullu xidmətlər, sosial təminat, ünvanlı sosial yardım, əhalinin məşğulluq səviyyəsinin artırılması, istehsal və xidmət, yenidənqurma, genişmiqyaslı abadlıq-quruculuq işləri, qəsəbələrdə salınan yeni parklar, nümunəvi məhəllələr, yol kənarlarına, nümunəvi məhəllələrə əkilən gül və ağac kolları, əhalinin elektrik enerjisi, təbii qaz, istilik və içməli su təchizatı, vətəndaşların qəbulu, əhalinin tibbi müayinəsi, milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunub saxlanması, inkişaf etdirilməsi, qeyri-neft sənayesinin inkişafı və movcud problemlərin aradan qaldırılması barədə ətraflı məlumat verilmişdir.
Məruzə ətrafında çıxışlarda görülən işlər yüksək qiymətləndirilmiş, yığıncaq iştirakçıları rayonda sosial-infrastruktur layihələrinin yüksək səviyədə icra edilməsi, əhalinin sosial müdafiəsinin təmin edilməsi, təhsil müəssisələrində görülmüş işlər, tibbi müayinə və sair məsələlərin həyata keçirilməsini qarşıya məqsəd qoymuşlar.
İclasda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ərazi-təşkilat məsələləri üzrə şöbəsinin sektor müdiri Tağı
Tağıyev və Milli Məclisin deputatı Aydın Hüseynov iştirak etmişlər.
Afət Sadıqoğlu,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.