Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində müşavirə keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının 2014--2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışından irəli gələn vəzifələrin həyata keçirilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) üzrə görüləcək işlərə dair müşavirə keçirilib.

Müşavirədə dövlət başçısının təşəbbüsü və konkret tapşırığı əsasında regionların sosial-iqtisadi inkişafı Dövlət proqramının uğurlu nəticələri diqqətə çatdırılıb. Nazir S.Müslümov qeyri-neft sektorunun inkişafından, ənənəvi kənd təsərrüfatı sahələrinin dirçəldilməsinin bölgələrdə əmək resurslarının məşğulluğunun əhəmiyyətli şəkildə artırılmasında önəmli rolundan danışıb. Bildirib ki, nazirlik tərəfindən respublikanın bütün regionlarını əhatə edən aktiv məşğulluq tədbirləri, o cümlədən bütün rayon və şəhərlərdə əmək yarmarkaları təşkil edilir. ƏƏSMN tərəfindən icra olunan özünüməşğulluq proqramı çərçivəsində yaradılan kiçik ailə təsərrüfatlarının  84 faizi  regionlar üçün xarakterik olan ənənəvi kənd təsərrüfatı sahələrini əhatə edir: “Bu proqramı biz demək olar ki, keçən il icra etməyə başlamışıq. İlkin nəticələr müsbətdir. Bu il isə atılan addımlar, aparılan islahatlar nəticəsində kifayət qədər böyük -- 30 milyon manatdan çox vəsait olacaq və 6 min, bəlkə də 7 min ailə özünüməşğulluq proqramına cəlb ediləcək. Bu, həm iqtisadi, həm də psixoloji cəhətdən çox gözəl layihədir, gözəl təşəbbüsdür. Qarşımızda duran əsas vəzifə dövlət başçısının bu sahədə tapşırığına uyğun olaraq, cari il ərzində 7 minə qədər  aztəminatlı ailəyə aktivlər verməklə onların kiçik ailə təsərrüfatlarını qurmalarını təmin etməkdir. Proqrama cəlb ediləcək ailələrin 83 faizinin regionlarda yaşayan ailələrdən ibarət olması nəzərdə tutulur”.

Bölgələrdə işçi qüvvəsinin əmək bazarının tələblərinə uyğunlaşdırılması işlərindən bəhs edən nazir bildirib ki, Bakıda, Göyçayda, Naxçıvanda Regional Peşə Tədris Mərkəzləri yaradılıb və əsas vəzifələrimizdən biri də bölgələr üzrə peşə hazırlığı mərkəzləri şəbəkəsinin daha da genişləndirilməsidir. 2014--2018-ci illərdə regional inkişaf üzrə Dövlət Proqramına uyğun olaraq, regionlarda əmək bazarının mütəmadi öyrənilməsi sisteminin yaradılması istiqamətində də məqsədyönlü işlər aparılıb. Həmçinin gənc kadrların iş axtarmaq bacarıqlarının inkişafına dəstək məqsədilə BMT İnkişaf Proqramı ilə birgə Bakı, Sumqayıt, Gəncə şəhərlərində, son illərdə isə Masallı rayonunda SYSLAB Təlim-Tədris Mərkəzləri yaradılıb. Məşğulluq mərkəzlərinin xidmətlərinin daha səmərəli vasitələr, daim yenilənən informasiya bazası üzərində formalaşdırılması yönündə işlərə ilk olaraq İsmayıllı rayonundan başlanılmaqla, son illərdə bu rayonda müasir iş metodlarına əsaslanan ilk pilot mərkəz qurulub.

Nazir diqqətə çatdırıb ki, ötən dövrdə əlil və şəhid ailələri üçün inşa olunan çoxsaylı fərdi və çoxmənzilli yaşayış binalarının böyük əksəriyyəti bölgələrin payına düşür. O, həmçinin son 14 ildə Naxçıvan, Şirvan, Lənkəran, Şəki, Sumqayıt, Naftalan, Xaçmaz, Yevlax şəhərlərində regional bərpa mərkəzlərinin,  Bakı Protez-Ortopedik Bərpa Mərkəzinin Naxçıvan istehsalat sahəsi və Gəncə şəhərində filialının istifadəyə verildiyini, Bakı və Naxçıvan şəhərlərində Uşaq Bərpa Mərkəzlərinin yaradıldığını bildirib. Eyni zamanda, son illərdə Respublika Əlillərin Bərpa Mərkəzində, Uşaq Bərpa Mərkəzində yüksək standartlar səviyyəsində  reabilitasiya şəraiti yaradılıb və hazırda  bölgələrdəki ayrı-ayrı bərpa mərkəzlərində də müasir tələblərə uyğun reabilitasiya şəraitinin qurulması işləri aparılır. Onların, o cümlədən Yevlax, Naftalan, Sumqayıt şəhərlərindəki bərpa mərkəzlərinin, Mərdəkan Müalicə Pansionatının əsaslı təmirdən sonra cari il ərzində istifadəyə verilməsi planlaşdırılır.

Bildirilib ki, sosial sifarişlər üzrə icra olunan layihələrin əksər hissəsi regionları əhatə edir. Bu layihələr çərçivəsində eyni zamanda ölkənin müxtəlif rayon və şəhərlərində günərzi qayğı və icma əsaslı reabilitasiya mərkəzləri fəaliyyət göstərir, çətin həyat şəraitində olan uşaqlar, lazımi hallarda ailələri reabilitasiya yönümlü sosial xidmətlərlə təmin edilirlər.

Müşavirədə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının 2014--2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışından irəli gələn vəzifələrin həyata keçirilməsi ilə bağlı nazirlik tərəfindən görüləcək işlər ətraflı müzakirə olunub.

 

Zərifə HÜSEYNOVA,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında