Neqativ hallara qarşı mübarizədə ictimaiyyət də fəal olmalıdır

Xətai rayonunda qanunsuz küçə ticarəti, kənd təsərrüfatı məhsullarının antisanitar şəraitdə satılması və
digər neqativ hallara qarşı reydlər keçirilir.

Son illər Xətai rayonunda aparılan abadlıq və quruculuq işləri, məhəllədaxili yollara və səkilərə asfalt və üzlük daşların döşənməsi, yeni parkların, xiyabanların və yaşıllıqların, abad həyətlərin salınması bu ərazidə yaşayan insanların böyük razılığı ilə qarşılanır.

Amma son vaxtlar rayon icra hakimiyyətinin başçısı Razim Məmmədovun vaxtaşırı müxtəlif yaşayış məhəllələrində keçirdiyi səyyar  görüşlər zamanı görülən işlər, əldə olunan uğurlarla yanaşı, rayonun ümumi mənzərəsinə xələl gətirən, əhalinin ciddi narazılığı ilə qarşılanan bəzi problemlər haqqında da şikayət və təkliflər səsləndirilirdi. Bunların əksəriyyəti qanunsuz küçə ticarəti, ət kəsimi və satışı, səkilərdə yöndəmsiz satış köşklərinin salınması, müxtəlif ünvanlarda fəaliyyət göstərən kafe və restoran sahiblərinin təsdiq edilmiş layihədən kənara çıxaraq səkiləri zəbt etmələri, bəzi ticarət obyektlərinin özbaşına, zövqsüz və yöndəmsiz reklam lövhələri vurmaları ilə bağlı olurdu. 

Əslində, hələ ötən il rayon icra hakimiyyəti başçısının yanında keçirilən iclasda bu kimi halların qısa bir zamanda aradan qaldırmaq və şəhərin ümumi gözəlliyinə xələl gətirən qanunsuz əməllərin qarşısını almaq məqsədilə komissiya yaradılmış və onun həyata keçirəcəyi vəzifələr müəyyənləşdirilmişdi. Son bir neçə gündə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov əhali tərəfindən daxil olmuş şikayətlərlə bağlı komissiyanın gördüyü tədbirlərlə yerində tanış olmaq üçün aparatın məsul işçiləri,  rayon mənzil kommunal təsərrüfat birliyinin, rayon və qəsəbə bələdiyyələrinin, xidmət sahələrinin rəhbərlərinin, hüquq-mühafizə orqanlarının əməkdaşlarının və digər təşkilatların nümayəndələrinin iştirakı ilə əraziyə baxış keçirmiş və göstərilən bir sıra faktlar təsdiqini tapmışdır. 

Reydlər zamanı aşkar edilmişdir ki,  bu istiqamətdə  görülən bir sıra tədbirlərlə  yanaşı, nöqsanlar da mövcuddur. Xüsusən  əhalinin daha ciddi narazılıq etdiyi ərazilərdə – metronun “Əhmədli” stansiyasının ətraf sahəsində, Məhəmməd Hadi, Sarayevo və Qaçaq Nəbi küçələrində antisanitar şəraitdə balıq, meyvə və digər ərzaqların, qənnadı məmulatların  qanunsuz satışı, yöndəmsiz köşklərdə heç bir sanitar normaya cavab verməyən iaşə xidmətləri  həyata keçirilməkdədir. Xüsusilə, metronun “Əhmədli” stansiyasının üzərində Sarayevo və M.Hadi küçələrindəki səkilərdə ticarətin qanunsuz və antisanitar şəraitdə aparılması bir yana, gediş-gəlişə ciddi şəkildə maneələr yaratdığından haqlı narazılıqlar səslənirdi.

Rayon icra başçısının gəlişini görən bəzi sakinlər elə oradaca ona yaxınlaşır və qeyd edirdilər ki, Prezidentimiz İlham Əliyev  “14 ildən artıqdır paytaxtımızın gözəlliyi, abad və rahatlığı üçün gərgin işləyir və çox böyük işlər görür. Məhz onun zəhməti və qayğısı sayəsində Bakı indi dünyanın ən gözəl şəhərlərindən birinə çevrilmişdir. Paytaxtımızın keçmiş Sovet İttifaqında öz adı ilə xalqımızı utandıran “Qara şəhər”in yerində indi möcüzəli bir “Ağ şəhər” salınır, parklar, xiyabanlar, bir-birindən yaraşıqlı göydələnlər göz oxşayır. Amma bəzi insanlar öz qanunsuz qazanclarından ötrü şəhərimizin gözəlliyinə xələl gətirirlər”. Sakinlər hətta icra başçısından tələb etdilər ki, göstərilən mənfi hallara qarşı qanun çərçivəsində ən sərt tədbirlər görülsün.

Sakinlərin ciddi narazılığına səbəb olan ünvanlardan biri də  Qaçaq Nəbi küçəsində yerləşən “Urfa” türk restoranının qarşısında qanunsuz yerləşdirilmiş rus nağıl qəhrəmanlarının, o cümlədən də mənfi obrazların – Baba Yaqa, Kaşşey bessmertnıy və s. heykəllərindəndir. Haqlı irada nə deyəsən: axı “Urfa” türk restoranı ilə rus nağıl qəhrəmanlarının nə əlaqəsi?! Yaxud, yenə həmin küçədə “Rolls Roz” restoranı, qanunsuz reklam yerləşdirməsi azmış kimi, üstəlik, səkini zəbt etmiş, dəmir dirək basdıraraq, ətrafı zəncirləyib süni maneələrlə insanların gediş-gəlişinə ciddi maneə yaratmışdır. 17 və 261 saylı tam orta məktəblərin hasarları boyu özünü bəlli etməyən “sahibkarlar” tərəfindən yaradılmış avtomobil dayanacağı, iaşə obyektləri, avtomobil təmiri sexləri, “moyka”lar və s. həm məktəblərin rəhbərliyi, həm də valideynlərin haqlı narazılıqlarına səbəb olmuşdur.

Razim Məmmədov  reyd keçirilən ünvanlarda  aşkar edilmiş bu və digər faktların, sakinlərin narazılığına səbəb olan bütün neqativ halların  dərhal aradan qaldırılması məqsədilə rayon icra hakimiyyəti, hüquq-mühafizə orqanları və digər əlaqədar təşkilatlarla  birgə tədbirlərin həyata keçirilməsinə yerindəcə göstərişlər verdi.

İcra başçısının rayonun Naximov yaşayış massivində sakinlərlə keçirilən növbəti səyyar görüşündə bütün bunlar haqqında insanların minnnətdarlıq dolu çıxışları səsləndi. Elə oradaca Razim Məmmədov sakinlərə üzünü tutub bildirdi ki, Prezidentimiz İlham Əliyevin yaratdığı əsrarəngiz şəhərimizin gözəlliklərini, parklarını, xiyabanlarını, bir-birindən gözəl metro stansiyalarını, salınan küçə və meydanların abadlığını biz bir yerdə qorumalıyıq. Bunlar bizimdir və Bakıya gələn on minlərlə, yüz minlərlə qonağın bizim haqqımızda təəssürat şəhərimizin görkəminə görə formalaşır. Qeyd edilən neqativ hallara qarşı  ictimaiyyət də ciddi mübarizə aparmalıdır.  

Bu səyyar görüşdən sonra da icra başçısı əraziyə baxış keçirib, irad və təkliflərini müvafiq orqanların nümayəndələrinə bildirdi və qısa zamanda tədbir görülməsini tapşırdı.

 

İlqar RÜSTƏMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında