Paytaxtın Nəsimi rayonunda sosial-iqtisadi yüksəliş yeni mərhələyə qədəm qoyur

Ölkəmizdə strateji inkişafın baş xəttinə çevrilmiş dinamik yüksəliş, infrastrukturun təzələnməsi, yeni istehsal sahələrinin yaradılması, geniş tikinti-quruculuq və abadlıq işləri Bakının mərkəzi ərazisini əhatə edən Nəsimi rayonunda da 2017-ci ildə sosial-iqtisadi tərəqqinin, hərtərəfli yeniləşmənin əsas istiqamətini təşkil etmişdir.

Paytaxtda əhalinin, inzibati binaların, sosial-mədəni obyektlərin sıx yerləşdiyi bu rayonun ümumi görkəmi son illərdə durmadan müasirləşir, sosial problemlər sürətlə həll olunur, əhalinin rifahı yüksəlir. Sosial yönümlü layihələr, yeni tikilən binalar, yenidən qurulan ümumi istifadə obyektləri yaşayış sahələrinin, küçə, meydan və parkların simasını gözəlləşdirir. Sosial-mədəni quruculuq turizmin inkişafı üçün də yeni imkanlar yaradır.

2017-ci ildə də davamlı sosial-iqtisadi inkişaf təmin edilmiş, bir sıra layihələr uğurla həyata keçirilmişdir. İstehsalın həcminin artımını, quruculuq-abadlıq işlərinin genişləndirilməsini, əhaliyə göstərilən xidmətlərin yüksəldilməsini rəhbər fəaliyyətində prioritetə çevirən Nəsimi Rayon İcra Hakimiyyəti ilboyu işini qanunçuluq, aşkarlıq və ictimai rəyin nəzərə alınması prinsipləri əsasında qurmuşdur.

Rayon icra hakimiyyəti ərazidə sosial-iqtisadi inkişaf göstəricilərinin yaxşılaşdırılması məqsədilə dövlət vəsaitindən səmərəli istifadə ilə yanaşı, daxili imkanlara da diqqəti artırmışdır. Sağlam biznes mühitinin formalaşdırılması, investisiyaların cəlb edilməsi, kiçik və orta sahibkarlığın inkişafı, əhalinin işgüzarlıq fəaliyyətinin artırılması üçün münbit şərait yaradılmışdır. Yerli infrastruktur layihələrinin icra olunması, yeni istehsal və emal müəssisələrinin açılması, məşğulluq səviyyəsinin artırılması, əhalinin rifahının yüksəldilməsi ilə bağlı işlər ilboyu davam etdirilmişdir.

Qazanılmış nailiyyətlər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata heçirilən irimiqyaslı, davamlı yeniləşmə və yüksəliş strategiyasının düzgünlüyünü və tarixi önəmini bir daha təsdiqləyir. Dövlət başçısı paytaxtın mərkəzi rayonunun problemlərinin həllini daim nəzarətdə saxlayır, gerçəkləşdirilən layihələri ardıcıl himayə edir. Keçən il də ölkə Prezidenti dəfələrlə rayonda olmuş, müxtəlif təyinatlı bir sıra obyektlərin inşası, təmiri və yenidənqurulması işləri ilə yerindəcə tanış olmuş, açılış mərasimlərində şəxsən iştirak etmiş, rayon sakinlərinə təbriklərini və xeyir-duasını çatdırmışdır.

Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fevralın
 10-da Bakı Dəmir Yolu Vağzalında yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olmaları, dövlət başçısının iyunun 25-də Yusif Səfərov küçəsinə paralel yeni yolun açılışında iştirak etməsi, sentyabrın 11-də isə əsaslı təmirdən sonra 268 nömrəli xüsusi məktəbdə olması, həmin gün Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmirdən sonra “Qərənfil” körpələr evi-uşaq bağçasının fəaliyyətinə xeyir-dua verməsi ötən il rayonun tarixinə ən unudulmaz hadisələr kimi yazılmışdır.

Gerçəkləşdirilən tədbirlər həyatın bütün sahələrində inkişafı təmin etmiş, Nəsimi rayonu, bütövlükdə, keçən ili sevindirici nailiyyətlərlə başa vurmuşdur. Rayonun iqtisadi və sosial həyatında baş verən dəyişiklikləri əyani surətdə əks etdirən makroiqtisadi göstəricilər 2017-ci ilin yanvar–dekabr ayları ərzində əvvəlki ilin müvafiq dövrünün nəticələrini xeyli üstələmişdir. Ayrı-ayrı sahələrdə qazanılmış uğurlar daha yüksək olmuşdur:

Əhali. Rayonun əhalisi ilin sonuna 220,9 min nəfərə çatmışdır. İl ərzində 2 min 300 doğum və 1066 ölüm qeydə alınmışdır.

Sənaye. Keçən il ev təsərrüfatlarında istehsalla məşğul olanların, fiziki şəxslərin işi də nəzərə alınmaqla, əvvəlki illə müqayisədə 12 faiz çox məhsul buraxılmış və digər xidmətlər göstərilmişdir.

Tikinti. Kompleksdə iqtisadi və sosial sahələrin inkişafına bütün maliyyə mənbələri hesabına 556 milyon 330,1 min manatlıq investisiya yönəldilmişdir. İstifadə edilmiş vəsaitin 341 milyon 494,8 min manatlı tikinti- quraşdırma işlərinin yerinə yetirilməsinə xərclənmişdir.

Nəqliyyat. Bu sektorda əvvəlki illə müqayisədə 4,9 faiz çox xidmət göstərilmişdir.

Rabitə. Şəbəkədə müəssisələrə və əhaliyə göstərilən xidmətlər əvvəlki illə müqayisədə 3 dəfə artmışdır.

Ticarət. Rayonun pərakəndə ticarət şəbəkəsindən əhaliyə 26,6 faiz çox istehlak malları satılmışdır. Əmtəə dövriyyəsinin 99,8 faizi özəl sektorun payına düşür.

Xidmət. Əhaliyə əvvəlki ildəkindən 27,9 faiz çox ödənişli xidmət göstərilmişdir. Mühüm qida məhsulları özəl müəssisələrdə istehsal edilmiş, iaşə xidmətləri də bütünlüklə özəl sahədə göstərilmiş və illik artım 27,6 faiz olmuşdur.

Məşğulluq. Nəsimi RİHB-in sərəncamı ilə “2017-ci il üçün ərazi məşğulluq proqramı” təsdiq edilmiş və Məşğulluq Mərkəzi fəaliyyətini bu proqram əsasında qurmuşdur. 225 nəfər işaxtaran vətəndaş fərdi qaydada peşəyönümünə cəlb edilmiş, 15 orta məktəbdə 1726 şagirdə əmək bazarındakı vəziyyət, perspektivli peşələr haqqında ətraflı məlumat verilmişdir. Qaçqın və məcburi köçkünlərin münasib işlə təmin olunması, peşə təlimi kurslarına cəlb edilməsi də diqqət mərkəzində saxlanılmışdır. Mənzil Kommunal Təsərrüfatı Birliyində 272 nəfər işə götürülmüşdür. 9 çoxmənzilli yaşayış binasının təmiri ilə bağlı 259 nəfər isə işlə təmin olunmuşdur. Ötən il 5 min 59, 2003-cü ildən isə 43 min 510 daimi iş yeri açılmışdır.

Ölkə rəhbərliyinin Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına göstərdiyi davamlı diqqət və qayğısı paytaxtın mərkəzi hissəsini əhatə edən Nəsimi rayonunun simasını da əsaslı surətdə gözəlləşdirmiş, yaşayış massivlərinin problemlərinin həllini sürətləndirmişdir.

Rayonda sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, mövcud şəhərsalma normalarına cavab verməyən, ümumi görünüşə xələl gətirən yaşayış binalarının, digər obyektlərin sökülərək yenidən qurulması, müasir yaşayış binalarının inşa edilməsi, əlavə iş yerlərinin açılması məqsədilə Nazirlər Kabinetinin müvafiq qərarının icrası ilə əlaqədar Nəsimi RİH ötən il də bir sıra işlər həyata keçirmişdir. XIX əsrin sonları və ötən əsrin əvvəllərində tikilmiş, 16 min 206 nəfərin yaşadığı 5 min 771 mənzildən ibarət 226 yaşayış binasının və digər obyektlərin sökülərək yenidən qurulması ilə bağlı ərazilərə baxış keçirilmiş, sahibkarların cəlb olunması və layihələndirmə işləri aparılmışdır.

İl ərzində 60-dan çox təklifə baxılmış, 31 ünvanla bağlı işlərin həyata keçirilməsi təcrübəli tikinti qurumlarına həvalə edilmişdir. Hazırda “Maşınqayıran” MTK 340, “Pilot Həyat” və “Draft Construction” MMC-lərin hər biri 224, “Gold Construction” MMC 192 mənzilli binaların müxtəlif mərtəbələrində işləri davam etdirir. ArCHİKO” 506, “Fədək” 252 mənzilli binalarda təməlqoyma işləri görür. “Regal” MTK 208, “Rifah Plaza” MMC 150, “Gözəl Bakı” MTK 453, “Bisütun” MTK 18, “Pilot İnşaat-A” 349, “Gloria Palace” MTK 280, “Pearl Construction” MMC 150, “TEYMUROĞLU” MTK 336, “Malibo” MMC 556, “Yeni Ailə” MMC 260 mənzilli binaların tikintisi ilə bağlı ərazidəki mülkiyyətçilərlə razılaşma və köçürmə işləri aparır.

İl ərzində əhalinin, ərazidəki idarə və müəssisələrin qaz, elektirik enerjisi, istilik və su təchizatı, kanalizasiya, təmizlik, abadlıq və yaşıllaşdırma ilə bağlı zəruri məsələlər yoluna qoyulmuşdur. Kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsi, gənclər və idman üzrə nəzərdə tutulan tədbirlər tam icra olunmuşdur. Təhsil, səhiyyə, mədəniyyət və digər humanitar sahələrin ahəngdar fəaliyyəti təmin edilmişdir.

Bir sıra küçə və meydanlarda, xüsusən mikrorayonlarda son illərdə aparılan genişmiqyaslı abadlıq-quruculuq, əsaslı təmir-yenidənqurma, asfaltlaşdırma və yaşıllaşdırma işləri ötən il də uğurla davam etdirilmişdir. Rayon mənzil-kommunal təsərrüfatı, su-kanal, enerji təchizatı və satışı, qaz və istilik xidməti müəssisələrinin işi daim RİH-in nəzarətində olmuş, yaranmış çətinlik və problemlərin aradan qaldırılmasına operativ kömək göstərilmişdir. Yaşayış sahələrində əhalinin rahatlığı, kütləvi dincəlməsi, idmanla məşğul olması və uşaqların əyləncəsi üçün kompleks işlər görülmüşdür.

Nəsimi rayonu paytaxtda ən sıx inzibati ərazidir, burada çoxlu ticarət, iaşə, məişət və xidmət obyektləri fəaliyyət göstərir. Çoxsaylı iş yerləri və gündəlik böyük insan axını, şəhərə gələn qonaqların və turistlərin sayının durmadan artması ümumi görünüşə xələl gətirən halların aradan qaldırılmasını, sanitar və ekoloji vəziyyətə gündəlik nəzarət edilməsini tələb edir. Ötən il mərkəzdəki bir sıra darısqal küçələrdə zibil qutuları və meydançalarının yeri dəyişdirilmişdir. Məişət tullantılarının yığılması üçün 356 yerdə 849 konteyner və 268 xüsusi yeşik qoyulmuş, zibil hər axşam daşınmışdır. Yollar, meydanlar, parklar, məhəllələr hər gün erkən süpürülmüş, zibilliklər dərhal ləğv edilmişdir. Binaların zirzəmisi çirkab sularından təmizlənmişdir.

149 binanın fasiləsiz istiliklə təmin olunması üçün cari təmir işləri yerinə yetirilmişdir. Binaların tüstü bacalarında və havalandırma sistemlərində təmizləmə işləri aparılmışdır. 26 məhəllədaxili qazanxana və 19 istilik məntəqəsi binaları və obyektləri daimi istilik enerjisi ilə təmin edir. Yaşayış məntəqələri fasiləsiz və keyfiyyətli su ilə təmin olunur.

Rayonda yerli idarəetməni yaxşılaşdırmaq, təşəbbüskarlığı yüksəltmək üçün son illərdə yaradılmış 3 sahə inzibati ərazi dairəsi də abadlıq-quruculuq tədbirlərində fəal iştirak edir. Onlar keçən il də fəaliyyətlərini “Yerli icra hakimiyyətləri haqqında əsasnamə”yə və RİH başçısının sərəncam və tapşırıqlarına əsasən qurmuş, məsul olduqları ərazilərin sosial-iqtisadi inkişafında irəliləyişi təmin etməyə, sakinlərin zəruri ehtiyaclarının vaxtında və tam həcmdə ödənilməsinə çalışmışlar. Aşkar edilmiş nöqsanlar operativ şəkildə aradan qaldırılmış, qanunsuz tikintilərin qarşısı alınmışdır. İnzibati ərazilərdəki kollektivlər, ayrı-ayrı əhali qrupları ümumrayon tədbirlərində, kütləvi aksiyalarda yetərincə iştirak etmişlər.

Göründüyü kimi, rayon dövlət başçısının birbaşa diqqət və qayğısı, Heydər Əliyev Fondunun geniş himayədarlığı, Nəsimi Rayon İcra Hakimiyyətinin təşəbbüskar fəaliyyəti ilə paytaxtın ən gözəl, hər cür rahatlıq yaradılmış mərkəzi ərazisi kimi göz oxşayır, könül sevindirir. Rayonda həyata keçirilən genişmiqyaslı quruculuq və abadlıq işlərini sakinlər dərin rəğbət və ölkə rəhbərliyinə minnətdarlıq hissləri ilə qarşılayırlar. Günün vacib məsələlərindən biri də bu yeniliklərin çoxalmasına hər kəsin töhfəsini artırmaq, yaradılanları qayğı ilə qorumaq, ümumi istifadə obyektlərindən daha çox yararlanmaqdır.

Təhsil, səhiyyə, mədəniyyət obyektlərinin səmərəli fəaliyyəti də daim diqqət mərkəzində olmuş, bu sahələrin işini yaxşılaşdırmaq üçün zəruri tədbirlər həyata keçirilmişdir. Mədəniyyət kollektivləri yerli şənliklərdə fəal iştirak etmiş, ölkədə və xaricdə keçirilən müsabiqə və festivallarda rayonu layiqincə təmsil etmişlər.

Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə il boyu milli bayramlar, əlamətdar ildönümləri, təqvimdəki tarixi günlər, eləcə də beynəlxalq aləmdə qeyd olunan bəşəri hadisələrlə bağlı silsilə tədbirlər keçirilmişdir. Ümummilli lider Heydər Əliyevin doğum və xatirə günləri, 20 Yanvar faciəsinin, Xocalı və 31 Mart soyqırımlarının ildönümləri ilə bağlı ümummilli anım mərasimlərində, Yeni il, Novruz, Ramazan və Qurban bayramlarında, Respublika və Milli Qurtuluş günləri şənliklərində rayon əhalisinin hamılıqla iştirakı təmin edilmişdir. Peşə bayramı günlərində ayrı-ayrı sahələrdə fərqlənən rayon sakinləri təbrik olunmuş, onlara RİH-in hədiyyələri verilmişdir. Əhali qrupları ilə görüşlərdə onların arzu və təklifləri öyrənilmiş, ehtiyacı olanlara yardım göstərilmişdir.

Ümumxalq bayramlarında Tərtər rayonundakı cəbhə xəttində xidmət edən hərbi hissənin döyüşçüləri üçün şənliklər təşkil olunması və onlara sovqatlar aparılması ənənəsi ötən il də davam etdirilmişdir. Yeni nəslin sağlam, yüksək mənəviyyatlı və vətənpərvər ruhda tərbiyələndirilməsi, uşaqların kütləvi istirahəti ilə bağlı müxtəlif tədbirlər gerçəkləşdirilmişdir. “Ölkəmizi tanıyaq” məktəbli tur-aksiyaları Nəsimi rayonunda da yüksək səviyyədə təşkil olunmuşdur. Ümumilikdə, il ərzində yeni nəslin mənəvi tərbiyəsi, istirahəti və əyləncəsi ilə bağlı 64 tədbirdə 9 min 597 yeniyetmə və gənc iştirak etmişdir.

Nəsimi rayonu təmsilçilərinin paytaxtda keçirilən beynəlxalq tədbirlərdə, ümumrespublika aksiyalarında fəal iştirakı da il boyu təmin olunmuşdur. Qeyri-hökumət təşkilatlarının normal fəaliyyətinə hərtərəfli yardım göstərilmiş, aktual mövzularda müxtəlif birgə tədbirlər keçirilmişdir.

Ötən il rayona gələn xarici qonaqlara da hərtərəfli qayğı göstərilmiş, dostluq əlaqələrinin dairəsi genişləndirilmişdir. Nəsimililər Türkiyənin İzmit şəhərində Xocalı faciəsinə həsr edilmiş silsilə tədbirlərdə iştirak etmişlər. Nəsimi rayonu ilə ABŞ-ın San-Dieqo şəhəri arasında yaranmış münasibətlər davam etdirilmiş, böyük erməni icmasının olduğu Kaliforniya ştatında Azərbaycanın təbliği məqsədilə aksiyalar keçirilmişdir. Nəsimi Rayon İcra Hakimiyyəti başçısının rəhbərliyi ilə nümayəndə heyəti keçən il də ştatda səfərdə olmuş, ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə birgə tədbirlər keçirmişdir.

Dövlət qayğısı çərçivəsində 2017-ci ildə 6 ailəyə, о cümlədən şəhid olmuş 1 Milli Qəhrəman, 2 Qarabağ müharibəsi və 3 Qanlı yanvar əlili ailələrinə mənzillər verilmişdir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sədrliyi ilə 9 mart 2017-ci il tarixdə keçirilən müşavirədə verilmiş tapşırıqların icrası ilə bağlı Nəsimi rayonunda da silsilə tədbirlər keçirilmişdir. Rayon ərazisində qeydiyyatdan keçən 14 min 476 nəfər qaçqın (3 min 175 ailə) və 8,7 min nəfər (2 min 368 ailə) məcburi köçkünün üzləşdiyi problemlərin həlli daim RİH-nin diqqət mərkəzində olmuşdur. Ötən il Heydər Əliyev Fondunun aztəminatlı təbəqəyə, kimsəsizlərə, valideyn himayəsindən məhrum olmuş uşaqlara diqqət və qayğısı da davam etmişdir.

Ölkə başçısının tapşırığına uyğun olaraq, Nəsimi rayonunda 110 minə qədər sakinin pulsuz tibbi müayinədən keçməsi təşkil olunmuş, 1, 3, 5 və 20 saylı şəhər poliklinikalarında kampaniyanın mütəşəkkil aparılması üçün lazımi şərait yaradılmışdır. Rayonda yerləşən özəl səhiyyə müəssisələrində o, cümlədən Bioloji Təbabət Klinikasında da əhalinin tibbi müayinəsi təşkil edilmişdir. Aşkar edilmiş xəstəliklərlə bağlı 30 aztəminatlı rayon sakinində Nəsimi Rayon İcra Hakimiyyətinin müraciətinə əsasən, Kliniki Tibbi Mərkəzdə cərrahiyyə əməliyyatları aparılmışdır.

Nəsimi RİH başçısının yerlərdə səyyar qəbullarında, sakinlərlə görüşlərində, müşavirələrdə və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən geniş yığıncaqlarda ümumi maraq kəsb edən məsələlər geniş müzakirə olunmuş, sakinlərin rəy və təklifləri öyrənilmiş, müvafiq tədbirlər görülmüşdür. İl ərzində RİH-ə vətəndaşların 2min 824 ərizə və müraciəti daxil olmuşdur. Aparılmış təhlillər göstərir ki, şəhərsalma, mənzil, tikinti-təmir məsələləri ilə bağlı ərizələr ümumi müraciətlərin 60 faizini təşkil edir. Buna baxmayaraq, ərizə və müraciətlərin bir çoxu müsbət həll olunmuş, əsaslıları nəzarətə götürülmüşdür. Yuxarı qurumlara rayondan müraciətlərin sayı azalmışdır.

Bütün bunlardan göründüyü kimi, son bir ildə Nəsimi RİH-in işgüzar və səmərəli fəaliyyəti nəticəsində paytaxtın bu mərkəzi rayonunun sosial-iqtisadi, siyasi-mədəni həyatında ciddi nailiyyətlər əldə olunmuş, ərazi daha da gözəlləşmiş, sakinlərin rifahı yüksəlmişdir. Bütün bunlar yeni nailiyyətlər üçün möhkəm zəmin olmuş, 2018-ci ilin uğurlarına əlverişli meydan açmışdır.

Hazırladı:
Tahir AYDINOĞLU,
“Xalq qəzeti”

(Səhifə Nəsimi Rayon İcra Hakimiyyətinin 2017-ci ilin ­sosial-iqtisadi yekunları barədə hesabatı əsasında hazırlanmışdır.)


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında