20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar respublikamızın hər yerində anım mərasimləri və digər tədbirlər keçirildi, istiqlaliyyət uğrunda canlarını qurban verən şəhidlərimizin ruhuna dualar oxundu, ehsan süfrələri açıldı. Xalq böyük izdihamla Şəhidlər xiyabanına, faciə qurbanlarının xatirəsinə həsr olunmuş abidə komplekslərinin qarşısına gedərək, canlarını Vətənin azadlığı uğrunda qurban verənləri bir daha yad etdi. Bir faktı da qeyd edək ki, şəhidlərimizin xatrəsi hər gün anılır, onlar həyat durduqca yaşayacaqlar.
20 Yanvar meydanında – şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksinin qarşısında da tez-tez belə anım mərasimlərinin şahidi oluruq. Yanvarın 20-də olduğu kimi, Həmin gün Yasamal Rayon İcra Hakimiyyətinin rəhbərliyi, həmçinin idarə və təşkilatların, səhiyyə, təhsil müəssisələrinin kollektivləri, paytaxt ictimaiyyətinin nümayəndələri, tələbələr şəhidlərin doğmaları, yaxınları faciənin 28-ci ildönümü ilə əlaqədar abidə kompleksin önünə əklillər, gül-çiçək dəstələri qoyaraq, şəhidlərin xatirəsini ehtiramla yad etdilər.
Abidə kompleksini ziyarətə gələnlər arasında faciənin baş verdiyi anı gözləri ilə görən insanlar da az deyildi. Memorial abidə kompleksinin 20 Yanvar dairəsində ucaldılması təsadüfi deyildi. Çünki bu ərazi həmin gecə qətliamın ən qaynar nöqtəsi olub və daha çox dinc əhali məhz bu ərazidə gülləbaran edilib.
Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Səməd İslamov abidə kompleksi barəsində məlumat verərkən demişdir ki, 20 Yanvar faciəsi ilə əlaqədar əvvəllər burada diqqəti cəlb edən xatirə lövhəsi yox idi. Ölkə Prezidentinin tapşırığı və şəxsi nəzarəti ilə bu ərazidə Qanlı Yanvar şəhidlərinin xatirəsinə memorial abidə ucaldılmış və kompleksin açılışında Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak etmişlər.
Memorial kompleksin ümumi sahəsi 1500 kvadratmetrdir, kompleksin mərkəzində hündürlüyü postamentlə birlikdə 8 metr olan əzəmətli abidə ucaldılmışdır. Üzərində 20 Yanvar faciəsi zamanı həlak olmuş 147 nəfərin adı və soyadı, habelə ümummilli lider Heydər Əliyevin Qanlı Yanvar hadisələri ilə bağlı “1990-cı il yanvarın 20-si Azərbaycanın tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur”– kəlamı qızılı hərflərlə həkk olunmuşdur.
Səkkiz il əvvəl–2010-cu ildə kompleks abidənin açılışı zamanı Prezident İlham Əliyevin çıxışında Vətən uğrunda canlarını qurban verən mərd oğul və qızlarımız haqqında səsləndirdiyi fikirlər şəhid ailələrinə, əlillərə böyük təsəlli olmuşdur. Dövlətimizin başçısı demişdir: “Bu qanlı faciə, deyə bilərəm ki, Sovet İttifaqı zamanında dinc əhaliyə qarşı törədilən ən amansız qanlı cinayət idi. Yüzlərlə insan həlak oldu, itkin düşdü, yaralandı. Bu cinayəti törədənlər Sovet İttifaqının rəhbərliyi və Azərbaycanın o vaxtkı yerli rəhbərləri idi. Ancaq dərd orasındadır ki, faciə günündən keçən 3-4 il ərzində Azərbaycanda heç kim, heç bir vəzifəli şəxs, heç bir dövlət qurumu bu faciəyə siyasi qiymət verməmişdi. Lakin Heydər Əliyev Azərbaycanda hakimiyyətə qayıdandan sonra onun təşəbbüsü ilə Milli Məclis siyasi qərar qəbul etdi, cinayətkarları öz adları ilə adlandırdı və ədaləti bərpa etdi”.
Dövlətimizin başçısı bildirmişdir ki, bu faciəni heç kim unutmur, Azərbaycan xalqı unutmur. Baxmayaraq ki, bu illər ərzində yeni nəsil yetişir, bugünkü yeniyetmələr o günləri görməyiblər. Amma onlar da bu ağır günlərdə bizim kimi, sizin kimi, öz doğmalarını itirən adamlar kimi eyni hissləri keçirirlər. Onlar da daim tariximizin həm faciəvi, həm qəhrəmanlıq səhifəsini qəlblərində yaşatmalıdırlar.
Bu gün həm Şəhidlər xiyabanı, həm də şəhidlərimizin xatirəsinə uçaldılmış kompleks abidələr hər birimizin ziyarətgahına çevrilib. Bunu anım mərasimlərində yaranan izdiham da təsdiqləyir.
Memorial abidə kompleksin qarşısına toplaşanlar arasında faciə qurbanlarının əzizləri ilə bərabər, Qarabağ müharibəsi veteranları, əlilləri də var idi. Kompleks abidənin qarşısında dayanıb göz yaşlarını axıdan yaşlı bir qadın diqqətimi cəlb etdi. Yaxınlaşıb kimliyi ilə maraqlanıram. Xanım Həsənova təqaüdçüdür. Öyrənirəm ki, oğlu Fuad Həsənov 20 Yanvar şəhididir.
– Həmin hadisələr başlayanda oğlumun 18 yaşı var idi. Hərbi xidmətə getməyə hazırlaşırdı. O, vətənpərvər bir oğul idi. Eşidəndə ki, xalq azadlıq uğrunda haqq səsini qaldırıb, dedi ki, son nəfəsimə qədər bu yolda mübarizə aparacağam. Hər gün evə gec gəlirdi. Səbəbini soruşanda deyirdi ki, ana, biz müstəqillik uğrunda mübarizəyə hazırlaşırıq. Həmin o dəhşətli gün də oğlum evdən səhər çıxmışdı. Gecə səhərə qədər yatmadıq. Gəlib çıxmadı. Ertəsi gün isə eşitdik ki, şəhid olub. Bu abidə mənim inanc
yerim, and yerimdir. Bura mənim səcdəgahımdır.
Oğlumun adı burada şəhid
olanlar sırasındadır.
Şəhid anası dedi ki, Heydər Əliyev “20 Yanvar şəhidi” fəxri adını təsis etdi. Ulu öndər bu faciənin qurbanlarının sosial müdafiəsini daim xüsusi diqqət mərkəzində saxlayırdı. Şəhid ailələrinin və əlillərin sosial müdafiəsi ilə bağlı dövlət siyasəti hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Allah Prezidentimizin köməyi olsun. Belə bir abidə ucaltdırmaqla bizə böyük təsəlli verib. Başqa problemlərimizin həllində də şəhid ailələrinə arxa-dayaqdır.
Ziyarətçilər arasında sinəsini orden və medallar bəzəyən bir nəfər də diqqətimi cəlb edir. O, Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Yasamal rayon təşkilatının sədri Bəhram Şeydayevdir:
– 20 Yanvar dairəsində baş verənləri yaxşı xatırlayıram. O müdhiş gecədə qətlə yetirilənlərin çoxu məhz burada düşmən gülləsinə tuş gəlib. Yanvarın 19-da gecə bu əraziyə çoxlu insan yığışmışdı. Gördük ki, yuxarı tərəfdən tanklar insanlara doğru hərəkət edir. Respublika Xəstəxanasının yanından insanlara atəş açmağa başladılar. Uşaq, cavan, ahıl demədən, hamıya atəş açırdılar. Ölən və yaralananların sayı çox idi. Biz onları sürüyə-sürüyə kənara çəkirdik. Sovet ordusunun əsgərləri heç kəsə rəhm etmirdi. Olduqca dəhşətli bir mənzərə idi. Bunu təsəvvür etmək çox çətindir. Onlar 20 Yanvar günü insanları qətlə yetirsələr də, azadlıq səsini boğa bilmədilər. Azərbaycan bizim Vətənimiz, qürur mənbəyimizdir. Çalışırıq ki, övladlarımız da vətənpərvər ruhda tərbiyə alsınlar. Torpaqlarımızı işğaldan azad etmək üçün bizdə vətənpərvərlik ruhu daim yüksək olmalıdır.
Abidəni ziyarət edən Qarabağ müharibəsi əlilləri və veteranlarından Qiyas və Mübariz Səfərovlar, Telman Abbasov, Vasif Hidayətov, Teymur Səbirov, İlqar Abbasov, Camal Hüseynov, Zülfüqar Hüseynov və digərləri özlərini 20 Yanvar şəhidlərinin davamçıları adlandıraraq, işğal altında olan ərazilərimizin azad olunması uğrunda mübarizəyə hər an hazır olduqlarını bildirdilər. Hazırda şəhid ailələrinə və əlillərə dövlət tərəfindən həm maddi, həm də mənəvi dəstək göstərildiyinə, birdəfəlik müavinət və təqaüd aldıqlarına, həmçinin dövlət büdcəsi hesabına mənzil və avtomobillərlə təmin edildiklərinə görə, ölkə Prezidentinə minnətdarlığını bildirən veteranlar Vətən uğrunda canlarını qurban verənlərin həyat durduqca yaşayacaqlarından və gələcək nəsillərə örnək olduqlarından məmnuqluq ifadə etdilər.
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.