Sərhəd rayonu Astara. Buraya ölkənin “cənub qapısı” da deyirlər. Əkiz tayı olan İran Astarası ilə üz-üzə dayanmış bu diyar cənub səmtindən ölkəmizə qədəm basan hər kəsdə məhz müstəqil Azərbaycan haqqında ilk təəssürat yaratması və dövlətimizin real gücünü göstərməsi baxımından mühüm önəm daşıyır.
...Astaranın mərkəzi küçələrindən birindəyəm. Baxıram ki, adı Əhəd Muxtar küçəsidir. Şəxsi tanışlığım olmasa da, görkəmli şair-publisist, tərcüməçi kimi imzasını yaxşı tanıyıram. Uzun illər “Ulduz” jurnalında çalışıb, əsərləri, özbək ədəbiyyatından tərcümələri ilə şöhrət qazanıb. Düşünürəm ki, nə yaxşı, qədirbilən astaralılar bu küçəyə şairin adını veriblər! Bakıda yaşasa da, sağlığında tez-tez ata yurduna gələn, təbiət vurğunu olan şair 20 ildir ki, doğma Kakalos kəndindəki qəbiristanda uyuyur. “Mənim qələm tutanşair əllərim torpaqdan göyərib ağac olacaq” deyən Əhəd Muxtarın xatirəsi indi bu küçənin adına sahiblik edir. Vaxtilə o, “günəş şəfəqidir şair baxışı” demişdi – indi küçəsi şəfəqlərə qərq olub.
Elə bu küçədəki idarələrin birində işləyən bacısı oğlu Zahir müəllimlə görüşümü sonraya saxlayıb Xəzərin sahilinə üz tuturam. Burada möhtəşəm bir bulvar yaradılıb. Dənizi çox sevən Əhəd Muxtar bəlkə də elə burada çox seyrə dalıb, özü demişkən, “buludla çarpışan, ayla görüşən çılğın dalğalar”a çox tamaşa edib. “Dəstəylə gedərdik görüşünə biz, yaşasın dəniz!” misralarını qələmə alıb...
Astara park-bulvar kompleksi sahil boyunca 8 hektar sahədə qərar tutub. Park-bulvarda fəvvarə kompleksi, süni şəlalələr, yay-qış uşaq əyləncə mərkəzi, açıq fitnes meydançası, kafe-çay evi var, ərazidə uşaq əyləncə attraksionları quraşdırılıb, həmçinin mini futbol və voleybol meydançaları da inşa olunub. Bulvar ərazisində yaradılmış infrastruktur yüksək zövqdən soraq verir, müasir dizaynı diqqət çəkir. Uşaqdan-böyüyə hər kəsin vaxtını mənalı keçirməsi üçün burada lazımi şərait yaradılıb.
Bununla yanaşı, Prezident İlham Əliyevin tapşırığı ilə park-bulvarın ərazisi daha da genişləndirilir. Dövlət başçısının 8 iyun 2017-ci il tarixli sərəncamına uyğun olaraq ayrılan vəsait hesabına yenidən tikinti işlərinə başlanılıb, hazırlanmış layihə üzrə nəzərdə tutulan işlər ardıcıl həyata keçirilir. Əsasən bataqlıqdan ibarət olan bu sahəyə 135 min kubmetr qum, çınqıl və torpaq daşınaraq ərazinin səviyyəsi xeyli qaldırılıb, planlaşdırma işi başa çatdırılıb. Park-bulvarda izafi və yağış sularının dənizə axıdılması üçün 1200 poqonmetr uzunluğunda drenaj sistemi qurulub, gəzinti meydançasının istinad divarları hörülüb, meydançaya qalxan iki pilləkən marşının beton işi sona çatdırılıb. 480 metr uzunluğunda və 15 metr enində olan gəzinti meydançasının 200 metrlik hissəsinə armaturdan ikiqat tor qurularaq 3 min kubmetr beton döşənib. Burada həmçinin həcmi 250 kubmetr olan su hovuzu və nasosxananın tikintisi başa çatmaq üzrədir. Uzunluğu 450 metr olan qala divarlarının hörgüsü, dəmir-betonla işlənməsi, sütun və kəmərlərin yarısının inşası sona yetib, gəzinti yollarının qum qatı ilə işlənməsi, armatur torların betonlanma işi davam etdirilir. Layihədə nəzərdə tutulan Bayraq meydanı, şəlalə, fontan, fitnes və uşaq əyləncə meydançasının tikintisi aparılır.
Astara parlaq siması, müasir şəhər elementləri ilə hər zaman diqqət çəkir. Əsrimizin əvvəllərindən sürətlənən quruculuq işləri sayəsində bu diyar daha da gözəlləşib. Müasir şəhər, abad kəndlər, zəruri təminatlar Astarada həyatın qaynarlığını təmin edib. Burada aparılan abadlıq-quruculuq tədbirlərinin icra müddəti ilboyudur.
Rayonun rəhbərliyini icra hakimiyyəti başçısı aparatının inzibati binasından daha çox, iş gedən ərazilərdə, tikinti meydanlarında görmək olur. İcra başçısı Qəzənfər Ağayevin fikrincə, bunun sadə izahı var: həm təchizat vaxtında təmin edilməli, həm görülən işlərin keyfiyyəti nəzarətdə saxlanmalıdır, həm də əmək adamlarını ruhlandırmaq lazımdır.
Ötən il şəhər, qəsəbə, kənd inzibati ərazi dairəsi nümayəndəliklərində təmir-tikinti, abadlıq-quruculuq və yaşıllaşdırma işləri fasiləsiz görülüb. İnşaat üçün il ərzində bütün maliyyə mənbələrindən əsas kapitala 34 milyon manat məbləğində vəsait yönəldilib.
Görülən işlər sırasında cənab İlham Əliyevin sərəncamları ilə ayrılmış vəsait hesabına tikintisi yenicə başa çatdırılmış 4,3 kilometrlik Taxtanəkəran-Miki və 23 kilometrlik Taxtanəkəran-Toradi kəndlərarası avtomobil yolları xüsusilə qeyd olunmalıdır. Rayonun mürəkkəb relyef quruluşu olan ucqar dağlıq ərazilərindən keçən həmin yolların tikintisi ilə 38 yaşayış məntəqəsinin 12 min nəfərlik əhalisinin ən böyük problemi həllini tapıb.
Rayon ərazisindəki magistral yollar da daim diqqətdədir. Ələt-Astara-İran sərhədi avtomobil yolu ölkəmizin əsas magistrallarından biri olmaqla yanaşı, “Şimal-Cənub“ nəqliyyat dəhlizinin tərkib hissəsi sayılır. Hazırda bu yolun Masallı-Astara hissəsinin tikintisində işlər yekunlaşır. Yerli əhəmiyyətli Lovayın-Pəlikəş, Kijəbə-Burzubənd, Astara-Qamışovka və Pensər-Şahağac yollarında isə suaxarları təmizlənib, asfalt-beton qarışığından çala təmiri işləri görülüb.
İl ərzində Astara şəhərinin mənzil fonduna daxil olan ictimai yaşayış binalarında təmir-tikinti işləri aparılıb, prospekt və küçələr xeyli abadlaşdırılıb, işıqlandırma sistemi yaxşılaşdırılıb. Heydər Əliyev prospektində 7, Azərbaycan küçəsində 11, Səməd Vurğun küçəsində 5, Ziya Bünyadov küçəsində 3 çoxmərtəbəli ictimai yaşayış binasının fasad və blokları əsaslı təmir olunub, 3 binanın dam örtüyü dəyişdirilib. Bəzi küçələrdə hasarlar təmirdən sonra fasad boyası ilə rənglənib, səkilər tikilib.
Ötən il kənd investisiya layihəsi çərçivəsində Pəlikəş kəndində müasir tipli xəstəxana binası tikilərək istifadəyə verilib. Rayonun ümumtəhsil məktəblərinin maddi-texniki bazası möhkəmləndirilib. Şəhər 6 saylı, Ərçivan qəsəbə 1 saylı, Asxanakəran, Maşxan, Lovayın kənd tam orta, Deqədi, Ovala kənd ümumi orta məktəbləri cari təmir edilib, Bala Şahağac kənd ümumi orta məktəbi üçün 100 yerlik, Siyatuk kənd ibtidai məktəb üçün 40 yerlik modul tipli məktəb binalarının tikintisinə başlanıb. Şəhər 1 saylı, Şahağac kənd 2, Şiyəkəran kənd 2, Pensər kənd 2 saylı, Siyaku və Şağlazüzə kənd tam orta məktəblərinin qazanxanaları da təmir olunub.
Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramına salınmış Astara şəhəri və ətraf qəsəbələrin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrası üzrə işlər davam etdirilir. Bu günədək Xanbulançay dəryaçasında 2 ədəd 5000 kubmetrlik su anbarının dəmir-beton işləri tamamlanıb, anbarın çöl izoliyasiya işləri görülüb, havalandırma boruları qaynaq edilib. Layihə üzrə ümumi uzunluğu 28678 metr olan magistral su boru xəttinin 22400 metrində tikinti-quraşdırma işləri başa çatıb və 10 ədəd hava klapanı, 15 ədəd vantuz quyusu, 8 ədəd təxliyə quyusu, 4 ədəd siyirtmə quyusu tikilib.
Su Kanal İdarəsi tərəfindən şəhər ərazisində ictimai yaşayış binalarının içməli su təminatının yaxşılaşdırılmasından ötrü mənbədə olan su quyuları lildən təmizlənib. Qapıçıməhəllə-Astara magistral su xəttində diametri 327 millimetr olan su borusunda təmir-bərpa işləri görülüb. 32 ictimai yaşayış binasının zirzəmisindən çirkab suları motopompa vasitəsilə kənarlaşdırılıb, kanalizasiya və içməli su xətlərində cari təmir işləri aparılıb. Şəhərin ayrı-ayrı küçələrində korroziyaya uğramış kanalizasiya boru xətləri və siyirtmələr yenilənib, quyular yuyularaq təmizlənib. Heydər Əliyev parkında yaşıl ot örtüyü təzələnib. Dənizkənarı bulvarda gül kolları, meyvə və dekorativ ağaclar əkilib, yaşıllıq zolaqları salınıb.
Rayon rəhbərliyi ənənə üzrə hər həftə bu və ya digər yaşayış məntəqəsində səyyar qəbul və görüşlər keçirir.Yeni il ərəfəsində Kijəbə qəsəbəsində və Siyaku inzibati ərazi dairəsinin Miki kəndində belə görüşlər təşkil olunub. Kijəbədə genişmiqyaslı abadlıq və quruculuq işləri aparıldığı qeyd edilib. Bildirilib ki, dairə ərazisində yeni məktəb binaları tikilib, qəsəbə sahə xəstəxanası əsaslı təmir olunub, yollar asfaltlaşdırılıb, avtomobil və piyada körpüləri salınıb, yaşayış məntəqələrinin böyük əksəriyyəti qazlaşdırılıb və digər sosial infrastruktur layihələrin icrası həyata keçirilib. İçməli və suvarma suyuna olan tələbatı ödəmək məqsədilə Ojakəran kəndində və qəsəbədə iki subartezian quyusu qazılıb, qəsəbəyə su xətti çəkilib. Əhaliyə fasiləsiz olaraq işıq verilməsi üçün yüksək gərginlikli elektrik stansiyasında bütün avadanlıqlar yenisi ilə əvəzlənib, yeni transformator quraşdırılıb, elektrik dirəkləri və xətləri dəyişdirilib.
Əkin sahələrinin artırılması, çayçılıq və sitrusçuluğun inkişafı da ürəkaçandır. Mikidəki görüşdə qeyd edilib ki, həyata keçirilən mühüm tədbirlərlə ölkənin iqtisadi inkişafı güclənir, təkcə yol infrastrukturu deyil, yeni məktəblərin, xəstəxana və idman obyektlərinin tikintisi, içməli su, qazlaşdırma, elektrik enerjisi ilə təminatla bağlı layihələr uğurla icra olunur. Son illər rayonda 40-dan çox, o cümlədən Siyaku inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə 6 yeni məktəb binasının tikintisi buna misaldır.
Dekabrda Qəzənfər Ağayevin rayon gəncləri ilə növbəti görüşü də maraqla keçib. Onların təhsili, istirahəti, idmanla məşğul olmaları və yüksək vətənpərvərlər kimi yetişmələri üçün görülən tədbirlər xatırlanıb, rayonun inkişafına töhfə vermələri zərurəti önə çəkilib. Gənclərin kitab mütaliəsinə marağının artması vurğulanıb.
Yeri gəlmişkən, Astarada görüşümüz zamanı şair dostum Mərasim Hacıyev demişdi ki, rayonun tanınmış ziyalısı Seyran Şiriyevin nəvəsi Leyla Məmmədova mərhum babasının çoxminli kitabxanasından "Kitab evi" yaradıb. Xeyirxah təşəbbüsün böyük önəmi var.
Fərəhli haldır ki, bu layihə üzrə ilk böyük tədbir də özünü çox gözlətməyib. Rayon icra hakimiyyəti, mərkəzi kitabxana,”Astara” qəzeti, “Astara Book House” kitab evi, gənclər və idman İdarəsi, həmçinin “Gənclərin Sosial İnkişafına Dəstək” ictimai birliyinin birgə təşkilatçılığı ilə yeni ilin ilk günündə dənizkənarı park-bulvarda “Oxuyan cəmiyyət yaradaq!” devizi altında təşkil olunan kitab və qəzet yarmarkasında minlərlə gənc iştirak edib. Müxtəlif məzmunlu nəşrlər, dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərləri, elmi, texniki, tibbi və müxtəlif sahələrə dair kitablarlar, həmçinin “Astara” qəzetinin maraqlı nömrələri təqdim olunub. Azərbaycan Yazıçılar Birliyinin üzvü, Mədəniyyət və Turizm Nazirliyinin “Qızıl Kəlmə” mükafatçısı, filologiya üzrə fəlsəfə doktoru Kamran Nəzirli yazdığı əsərləri və bədii tərcümələrini iştirakçılara hədiyyə edib. Tədbirdə rayonun fəal gəncələrindən ibarət könüllülər qrupu da yaxından iştirak edib.
...Astara özü də elə maraqlı bir kitabdır. Oxuduqca oxumaq istəyirsən.
Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”nin
bölgə müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.