Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində ölkəmizin bütün bölgələrində məqsədyönlü tədbirlər həyata keçirilir.
Nazirlik Yeni il ərəfəsində yeni inşa olunmuş yaşayış binalarından alınaraq təmir etdirilmiş 114 mənzili Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim edib. Bunlardan 81-i Bakıda (4-ü Azərbaycanın Milli qəhrəmanlarının ailələrinə verilib), 33-ü isə Qaradağ rayonunun Lökbatan qəsəbəsində tikilmiş yaşayış binalarından alınan mənzillərdir. Eyni zamanda, Ağdam və Ağcabədi rayonlarında inşa etdirilmiş 9 ədəd fərdi yaşayış evi (Ağdam rayonunda 4, Ağcabədi rayonunda 5 ədəd) Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim olunub.
Mənzillərin istifadəyə verilməsi tədbirlərində Azərbaycanda qurulmuş etibarlı sosial müdafiə sisteminin əsas prinsiplərindən birinin sosial cəhətdən həssas qrupların sosial-iqtisadi mənafelərinin dolğun şəkildə təmin edilməsindən, onlara yönələn dövlət qayğısının ildən-ilə artırılmasından ibarət olduğu vurğulanıb. Bu istiqamətdə kompleks tədbirlərin reallaşdırıldığı, o cümlədən ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş şəxslərin, bu döyüşlərdə qəhrəmancasına şəhid olmuş Vətən övladlarının ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə mühüm addımların atıldığı diqqətə çatdırılıb.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov nazirlik tərəfindən Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin yeni mənzillərlə təminatı proqramına uyğun olaraq ölkəmizin şəhər və rayonlarında fərdi yaşayış evlərinin inşa etdirilərək və hazır yaşayış binalarından mənzillər alınaraq bu təbəqələrdən olanların istifadəsinə verildiyini bildirib. Qeyd edib ki, son illərdə bu sahədə işlər daha da sürətlənib və hər il orta hesabla 335 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsinin mənzillə təminatı həyata keçirilir. Bu vaxta qədər artıq 6100 mənzil həmin kateqoriyalara aid insanların istifadəsinə verilib. Növbəti ildə də bu sahədə məqsədyönlü işlər davam etdiriləcək.
Ümumilikdə, bu ailələrə nazirlik tərəfindən 2014–2017-ci illərdə 1350 mənzil təqdim olunub. İndiyədək mənzillə təmin edilən əlil və şəhid ailələrinin sayı isə 6,1 mini ötüb.
Ağdam və Ağcabədi rayonlarında yeni fərdi yaşayış evlərinin istifadəyə verilməsi tədbirlərində qeyd olunub ki, cari ildə nazirlik tərəfindən 55-ə yaxın rayon və şəhərdə yeni fərdi yaşayış evləri, habelə hazır yaşayış binalarından alınaraq təmir etdirilmiş mənzillər bu təbəqələrdən olan insanlara təqdim edilib. Ağdam və Ağcabədi rayonlarında bu sahədə məqsədyönlü işlər aparılır. 2014-2017-ci illərdə ƏƏSMN hər iki rayonda əlavə olaraq 40-a yaxın fərdi yaşayış evini, habelə Ağdam rayonunda 6 mərtəbəli 54 mənzilli yaşayış evini Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və Konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşların və şəhid ailələrinin istifadəsinə verib.
Tədbirlərdə ayrı-ayrı ictimai birliklərin rəhbərləri ölkəmizdə bütün sosial proqramların uğurla davam etdirilməsindən, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin sosial təminatlarının gücləndirilməsi, onların rifah halının yaxşılaşdırılması, yeni mənzillərlə təminatı istiqamətində aparılan işlərdən razılıqla bəhs ediblər. Bildirilib ki, ƏƏSMN tərəfindən Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin Azərbaycan Prezidentinin aylıq təqaüdləri, əmək pensiyası və ya sosial müavinətlə də təminatı həyata keçirilir. Dövlət başçısının müvafiq sərəncamına əsasən, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin respublikamızın ali təhsil müəssisələrində bakalavriat və magistratura (tibb təhsilində əsas və rezidentura) təhsil səviyyələrində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan uşaqlarının təhsil müddəti ərzində təhsil haqqı da dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.
Yeni mənzillə təmin olunan Qarabağ müharibəsi əlilləri və şəhid ailələri maddi təminatlarının artırılmasına, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində onlara böyük sevinc hissi bəxş edən yeni mənzillərin təqdim olunmasına görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.
Zərifə HÜSEYNOVA
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.