Salyanda təhsilin uğurları artır

Müasir texnologiyalar dönəmində dünyada heç bir millət mükəmməl biliklərə və innovasiyalara sahib olmadan irəli gedə, tərəqqi edə bilməz. Azərbaycan dövlətinin əsas prioritetlərindən biri məhz milli təhsilin hərtərəfli inkişafına nail olmaqdır. Buna isə təlim-tərbiyə, tədris prosesini çağdaş dövrün ən yüksək tələblərinə uyğun qurmaqla nail olmaq olar. 

Bəllidir ki, qloballaşma prosesi elmin, biliyin dəyərini daha da artırıb. Təsadüfi deyil ki, Birləşmiş Millətlər Təşkilatı da XXI əsri “Təhsil əsri” elan edib. Bu, bir həqiqətdir ki, hər bir ölkədə güclü iqtisadiyyatın qurulması prosesində təhsilin rolu heç vaxt indiki qədər aktual olmayıb.

Azərbaycan dövləti milli təhsilimizin keyfiyyət etibarı ilə daha yüksək səviyyəyə çatması üçün mühüm işlər görür. Bu sahədə Salyan rayonunda vəziyyət necədir? Salyan Rayon Təhsil Şöbəsinin müdiri Xudaverdi Piriyev bu barədə məlumat verərək demişdir:

-Milli təhsilin inkişafı strateji vəzifədir. “Təhsil millətin gələcəyidir” deyən ulu öndər Heydər Əliyev hesab edirdi ki, millətin tərəqqi və intibahı məhz elm və təhsildən keçir. Dahi siyasətçinin müdrik  rəhbərliyi nəticəsində Azərbaycanda milli təhsilin hərtərəfli inkişafı üçün etibarlı bünövrə qurulmuşdur.

Sevindirici haldır ki, ümummilli liderin bu sahədəki plan, arzu və tövsiyələri onun siyasi irsinin layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən yeni dövrün reallıqları nəzərə alınaraq uğurla həyata keçirilir. Möhtərəm dövlət başçımız haqlı olaraq demişdir: “Bütün işlər məhz məktəbdən başlayır, təhsilə diqqət, müəllimə qayğı həmişə olmalıdır. Bütün dövlət orqanları bu tövsiyələri eşitməli və praktik həyatda bunu təmin etməlidir”.

Qeyd etmək lazımdır ki, ölkə Prezidentinin 24 oktyabr 2013-cü il tarixli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” ölkəmizin təhsil işçiləri üçün konkret fəaliyyət proqramıdır. Bu mühüm sənədin uğurlu icrası hər bir pedaqoqdan yüksək peşəkarlıq, fəal vətəndaşlıq mövqeyi və ziyalı məsuliyyəti tələb edir.

Bir məqamı da dərin minnətdarlıq hissi ilə vurğulamaq istəyirəm. Dövlətimizin təhsillə bağlı strategiyasının həyata keçirilməsində Heydər Əliyev Fondunun fəaliyyəti  xüsusi diqqət çəkir. Fondun təhsil sahəsində ən böyük və irimiqyaslı işi olan “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi uğurla davam etdirilir. Onu da deyək ki, 2003-cü ildən indiyə qədər ölkədə 3000-dən çox məktəb tikilib. Bu, olduqca böyük və heyrətamiz göstəricidir.

Salyan zəngin təhsil ənənələri olan rayonlardandır. Rayonun çoxsaylı təhsil müəssisələrində öz peşəsinə qəlbən bağlı olan fədakar pedaqoqlar çoxdur. Sirr deyil ki, təhsilin uğurları da, bu işdə ən böyük məsuliyyət də, ilk növbədə pedaqoqların üzərinə düşür. Yaxşı haldır ki, Təhsil Nazirliyi tərəfindən həyata keçirilən islahatlar da məhz pedaqoqa, onun əməyinin stimullaşdırılmasına yönəldilib.  Ölkəmizdə müəllimlərin işə qəbulundan tutmuş, onların təcrübə və biliklərinin artırılması üçün diaqnostik qiymətləndirmə testləri keçirilib, konkret nəticələrə görə əmək haqları artırılıb. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq müəllimlərin fəaliyyətinin stimullaşmadırılması sahəsində aparılan işlər 2017-ci ildə də davam etdirilmiş və nəticədə bilik və bacarıqları diaqnostik qiymətləndirilən müəllimlərin əmək haqqı 30 faizdən çox artırılmışdır. Görülən bu işlər rayonumuzun təhsil ictimaiyyəti tərəfindən dərin razılıq hissilə qarşılanıb.

Son illər Salyan rayonunda təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi üçün nəzərəçarpan işlər həyata keçirilib. Ölkə Prezidentinin sərəncamı ilə inşa edilən 1200 şagird yerlik məktəb binası tikilərək istifadəyə verilib. Əlamətdar haldır ki, bu il sentyabrın 24-də Salyan rayonuna səfəri çərçivəsində Azərbaycan Prezidenti, möhtərəm İlham Əliyev Salyan şəhər 2 nömrəli orta məktəbin binasının açılışında iştirak etmişdir.

Rayon məktəblərinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də işlər uğurla davam etdirilir. Respublikada azkomplektli məktəblər üçün inşa edilən 73 modul tipli binadan ikisi Salyanda tikilib (Xocalı və Cəngən kəndlərində) və işlər tamamlanmışdır. Hazırda Təhsil Nazirliyinin tikinti təşkilatları tərəfindən rayonun Kürsəngi kənd tam orta məktəbində əsaslı təmir işləri aparılır. Əvvəlki illərdə tikilən və əsaslı təmir olunan 5 məktəb binasının qazanxanalarının qazlaşması işi tamamlanmış və binalar artıq istilik almışdır. Hazırda Kürsəngi kənd tam orta məktəbində də əsaslı təmir işləri görülür. Bəşirbəyli yaşayış məntəqəsində kənd investisiya proqramı çərçivəsində altı sinif otağından ibarət məktəb binasının tikintisi davam etdiirilir.

Salyan Rayon İcra Hakimiyyətinin rəhbərliyi qış aylarında məktəblərin istiliklə təmin olunmasına diqqətlə yanaşır. Uzun illər istiliklə təchiz olunmayan beş məktəbin qazanxanasında qaz xətlərinin çəkilişi və qoşulması təmin edilmişdir. Bunlarla yanaşı, Boranıkənd orta və Qaraçala qəsəbə kənd orta məktəbləri artıq istiliklə təmin olunmuşdur. 

Son illər təlim-tərbiyə prosesində uğurlarımız davamlı olaraq artır. Ötən tədris ilinin nəticələrinə görə 1334 şagird ümumi orta təhsil haqqında, 1074 şagird isə tam orta təhsil haqqında attestat almışdır. Rayon üzrə 349 nəfər tələbə adını qazanmışdır. Bunlardan 284 nəfəri bu ilin məzunudur. 115 nəfər orta ixtisas məktəblərinə, 19 məzun isə xüsusi təyinatlı məktəblərə qəbul olmuşdur. 61 nəfər 500-dən çox bal toplamışdır ki, bunların 18-nin balı 600-dən yuxarı olub.

Ümumtəhsil məktəblərinin ixtisaslı müəllim kadrları ilə təmin edilməsi istiqamətində Təhsil Nazirliyinin keçirdiyi işə qəbul imtahanlarının şəffaflığı da cəmiyyət tərəfindən müsbət qarşılanır. Bu il rayona 80-ə yaxın müəllim müxtəlif ixtisaslar üzrə təyinat almışdır. Onlardan kirayə mənzillərdə qalanların mənzil-məişət şəraitləri əvvəlki ildə olduğu kimi yenə də diqqətdə saxlanılır.

Rayon müəllimlərinin əməyinin qiymətləndirilməsi də diqqət mərkəzində saxlanılır. 5 Oktyabr Müəllim Günü ərəfəsində şəhər 3 saylı tam orta məktəbin tarix müəllimi Sehranə Rzayeva “Əməkdar müəllim” fəxri adına layiq görülüb. Ümumilikdə, rayonda 8 nəfər “Əməkdar müəllim”, 8 nəfər “Tərəqqi” medalı ilə təltif olunmuş müəllim vardır. Bir çox müəllimlər Təhsil Nazirliyi tərəfindən “Qabaqcıl təhsil işçisi” döş nişanı və “Fəxri fərman”larla təltif olunmuşlar.

2017-2018-ci tədris ili Təhsil Nazirliyi tərəfindən “Təhsildə Keyfiyyət ili” elan olunub. Hazırda Rayon təhsil şəbəsi tərəfindən təhsil müəssisələri üçün keyfiyyət meyarlarının işlənməsi, bu meyarlara uyğun olaraq ümumtəhsil məktəblərinin fəaliyyətinin qiymətləndirilməsi, innovativ müəllimlərin aşkara çıxarılması sahəsində tədbirlər həyata keçirilir.

Rayonun məktəblərində vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi daim diqqətdədir. Xatırladım ki, bu il bütün məktəblərdə ilk dərs Cəbrayıl rayonunun düşməndən azad edilmiş Cocuq Mərcanlı kəndində aparılan tikinti-quruculuq işlərinə həsr edilib. Bu kənddə qısa müddət ərzində yeni məktəb binasının inşa edilməsi hər birimizi sevindirir.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyalarda Salyan məktəbliləri böyük həvəslə iştirak edirlər. Bu il noyabrın 16-da rayonun ümumtəhsil məktəblərinin 40 nəfər şagirdi Gəncə-Göygöl-Şəmkir marşrutu üzrə 4 günlük ekskursiyada olmuşdur.

Tur-aksiyanın iştirakçıları öncə Salyan şəhərinin mərkəzində ucaldılmış ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzmüş, xatirəsini ehtramla yad etmişlər. Rayon rəhbərliyinin, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri yolasalma mərasimində Salyan Rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov çıxış edərək, ölkəmizdə yeniyetmə və gənclərin hərtərəfli inkişafı üçün yaradılmış şəraitdən, onlara göstərilən yüksək dövlət qayğısından bəhs etmiş, belə layihələrin yeniyetmə və gənclərin  dünya görüşlərinin zənginləşməsində mühüm rol oynadığını vurğulamış, onlara bu aksiyada uğurlu yol və xoş istirahətlər arzulamışdır. Tur-aksiyanın iştirakçıları ziyarət etdikləri bölgələrdən zəngin təəssüratlarla qayıtmışlar.

Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında