Şəmkir: təşəbbüskarlıq və yeniləşmə ruhu tərəqqiyə geniş yol açır...

 

 

 

 

 

 

 

 

 

 


Şəmkirin inkişafına çox böyük diqqət göstərilir. Bu gün şəhər gözəlləşir, abadlaşır. Deyə bilərəm ki, Şəmkir ölkəmizin ən gözəl şəhərlərindən birinə çevrilib. Şəmkirdə həm abadlıq-quruculuq işləri, eyni zamanda, infrastruktur məsələləri həll olunur.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


“Bir tikə çörək dağ aşırar”. Necə gözəl deyilib! Çörəyin qüdrətinə, gücünə, sehrinə bax! Bu sözlər dünən deyilməyib. Əsrlər, qərinələr aşıb, sınaqlardan çıxa-çıxa gəlib və bu gün də beləcə yoluna davam etməkdədir. Bilmirəm, nəyə görəsə, hər dəfə yolum Şəmkirə düşəndə bu atalar sözü düşür yadıma. Yolboyu göz işlədikcə uzanıb gedən taxıl zəmiləri, sanki bir-biri ilə yarışan saysız-hesabsız, irili-xırdalı istixanalar, üzüm və meyvə bağları çıxır qarşıma, bəlkə ona görə belə düşünürəm. Bilmirəm. Amma onu bilirəm ki, Şəmkirin heç nəyi olmasa belə, çörəyi həmişə olacaq. Çünki onun adamları torpağa, zəhmətə bağlı adamlardır, tənbəllik, biganəlik hissləri onlara yaddır. Burada iş görmək istəyənə mane olmurlar, əksinə qolundan tuturlar, həvəsləndirirlər, hətta mükafatlandırırlar da...

Bir fikir verin. Ələsgər Hüseynov adlı sahibkar 600 min manat xərc çəkib 35 min kvadratmetr sahədə istixana quraşdırıb, 25 nəfər həmyerlisinə də iş yeri yaradıb.Sizcə, nə qədər pomidor məhsulu götürsə yaxşıdır? Düz 610 ton! Zəyəm-Cırdaxan kəndində Müşfiq Məmmədov, Zəyəm qəsəbəsində Arif Məhərov, Dəllər Cəyir kəndində Kəmalə Bayramova və onlarca başqasının da çörəyi məcazi mənada desək, məhz pomidordan çıxır və bundan sonra da çıxacaq.

Bu sahədə işlər təkcə istixanalarla, pomidor, xiyar məhsulları yetişdirməklə məhdudlaşmır. Elə bir sahə yoxdur ki, ona maraq göstərilməsin. Məzahir Ələsgərov Şəmkir şəhərində 2 hektar sahədə fındıq bağı salıb. Azər Əmiraslanov Keçili kəndində 5 hektar xurma bağı yetişdirir. Adil Əlizadə 3,64 hektar sahədə balıqçılıq təsərrüfatı yaradıb və ildə 1500 ton balıq yetişdirəcək. Çinarlı qəsəbəsi ərazisində yaradılan 50 min kvadratmetrlik “Şəmkir səbəti” ticarət mərkəzinin tayı-bərabəri yoxdur (Bu barədə daha ətraflı bir qədər aşağıda məlumat verəcəyik). Təbii ki, ən böyük layihə Könüllü kəndi ərazisində salınan, tutumu 24 min ton olan Logistik Mərkəzdir. Burada “Bir Pəncərə” Mərkəzi Kompleksi, laboratoriya, avtodayanacaq, hətta helikopter meydançası fəaliyyət göstərir. Bütövlükdə aqroparkın ümumi sahəsi 604 hektardır. Bu ərazinin 100 hektarı sənaye sahəsi, 200 hektarı istixanalar, 200 hektarı intensiv bağçılıq, 25 hektarı tingçilik, 5 hektarı şitilçilik üçün nəzərdə tutulub.

Müxtəlif təyinatlı ticarət, ictimai iaşə şəbəkələri, otellər, istirahət və əyləncə mərkəzləri, poliklinika və sair bu kimi sosialyönümlü obyektlərin də bu gün Şəmkirdə tikintisinin aparılmasını nəzərə alsaq, o zaman iş adamlarına yaradılan şərait nəticəsində sərmayələrin miqdarının Şəmkirdə ilbəil artdığının şahidi olarıq.

Rayon icra hakimiyyəti 2017-ci ildə Şəmkirdə özəl sərməyə qoyuluşunu təhlil edib və çox ürəkaçan bir göstərici ilə qarşılaşıb.Şəmkirə təkcə bu il 138 milyon 195 min manatlıq özəl sərmayə cəlb olunub. Bütövlükdə isə layihələrin ümumu dəyəri 224 milyon manata yaxınlaşır. Lakin rayonun yerli icra orqanları bununla kifayətlənmirlər və hesab edirlər ki, Şəmkirin potensial imkanları daha genişdir. Məsələn, kənd təsərrüfatının yüksək gəlir gətirən sahələrindən biri olan baramaçılığın əvvəlki şöhrətini qaytarmaq üçün geniş miqyaslı tədbirlər həyata keçirilir, yeni tut bağları salınır. Çindən gətirilmiş 40 min ting əkilib və bu iş davam etdirilir.

Bir məsələni cəsarətlə demək lazımdır ki, Şəmkir son illər respublikada bir sıra təşəbbüslərin mərkəzi kimi tanınmağa başlanıb. Maraqlı, həm də diqqətçəkən məqam ondan ibarətdir ki, bu təşəbbüslərin heç biri kağız üzərində qalmır, onlar mütləq həyata keçirilir və səmərə əldə olunur. Məlumdur ki, bu gün bələdiyyələrin fəaliyyəti istənilən səviyyədə deyil, büdcələrində kifayət qədər vəsait olmadığından kənd və qəsəbələrdə lazımi işləri görə bilmir, əhalinin tələbləri qarşısında bir növ aciz qalırlar. Amma görün Şəmkir bələdiyyələri nə etdilər. Rayonda fəaliyyət göstərən 42 bələdiyyənin nəzdində 45 məhdud məsuliyyətli cəmiyyət təsis olundu və bir sıra layihələrin, o cümlədən kənd təsərrüfatı üzrə pilot layihələrin icrasına başlanıldı. Bu gün Şəmkirdə təsis edilmiş “Сeyrançöl”, “Maral 15”, “Abad Şəmkir”, “Morul”, “Çinarlı qəsəbə” və sair bu kimi müəssisələr kənd təsərrüfatı, tikinti, sosial sahələr üzrə gözəl nəticələr əldə edirlər. Təsadüfi deyil ki, Milli Məclisin regional məsələlər daimi komissiyası Arif Rəhimzadə başda olmaqla keçən ilin dekabrında şəhər və rayon bələdiyyə sədrlərinin iştirakı ilə rayonda geniş təcrübə mübadiləsi keçirdi, bu qabacıl təcrübənin respublikada geniş yayılması üçün öz tövsiyələrini verdi. Elə yuxarıda söhbət açdığımız “Şəmkir səbəti” də belə təşəbbüslərin bariz nümunəsidir.

“Şəmkir səbəti” üçün çox maraqlı və əlverişli bir yer seçilib. Qazax-Bakı avtomobil yolunun 391-ci kilometrliyində, Şəmkir şəhərindən 10 kilometr aralıda. Cəmi 3 il qabaq bura boş düzəngah idi. Amma indi bu yerləri tanımaq olmur. “Çinarlı qəsəbə” MMC-yə məxsus 5 hektar sahədə əhalinin öz torpaq sahəsində yetişdirdiyi məhsulu bazara çıxarmaq, hətta Bakı şəhərinə aparmaq üçün əvəzsiz bir şərait yaradılıb. Uzun illər yol kənarlarında, tozun-torpağın içində öz məhsulunu dəyər-dəyməzə satan kəndli indi üstüörtülü butik altında, piştaxtası, yeməkxanası, super marketi, oteli, digər xidmət otaqları olan müasir bir ticarət mərkəzində çox rahat şəkildə alış-verişlə məşğul ola bilir. Alıcılar üçün də rahatdır. Onlar təkcə Şəmkirdən deyil, həmçinin Gəncədən, ətraf rayonlardan da gəlirlər. Çünki qiymətlər də münasibdir. Rayon icra hakimiyyətində yaradılmış komissiyanın bura çox ciddi nəzarəti var. Qeyd edək ki, layihədə nəzərdə tutulmuş işlərin həyata keçirilməsi üçün yatırılmış sərmayənin məbləği 8 milyon manatdır. Açılmış iş yerlərinin sayı mövsümdən asılı olaraq 350-500 nəfər arasındadır. Lakin bu da son hədd deyil. “Şəmkir səbəti”nə maraq çox yüksəkdir və burada daimi iş almaq istəyənlərin sayı durmadan artır.

Respublikanın regionları arasında ilk dəfə olaraq ən müasir avadanlıqlarla təchiz olunmuş və böyük istehsal gücünə malik olan çörək zavodu Şəmkirdədir. Üç il əvvəl, noyabrın 15-də ölkə Prezidentinin iştirakı ilə açılışı olan zavod 2,8 hektar ərazidə inşa edilmişdir.

Dəyəri 20,5 milyon manat olan zavodun yaradılmasına İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 7.5 milyon manat güzəştli kredit verilib.

Müasir texnologiyaların tətbiqinə əsaslanan “Nəfis çörək” zavodunun yaradılması, istehlakçıları yüksək keyfiyyətli, müxtəlif çeşiddə çörək və çörək məmulatları ilə təmin etməyə imkan verir.

Çörək və kruasan bölmələrindən ibarət zavodda ölkəmizdə ilk dəfə olaraq Niderlandın “Daub” şirkətinin termoyağlı boru xətləri quraşdırılıb ki, bu da çörəyin daha yüksək keyfiyyətlə bişirilməsini təmin edir.

Zavod gələcəkdə məhsulların növlərini artırmağı planlaşdırır. Gündəlik layihə gücü 60 ton olan zavodda proses tam avtomatlaşdırılıb. Zavodda 4 çörək istehsalı, qablaşdırma xətləri, soyutma kameraları quraşdırılıb. Burada sahəsi 907 kvadratmetr olan xammal anbarı, hər birinin tutumu 30 ton olan dörd ədəd silo çənləri var. Eyni zamanda hazır məhsulun saxlanması üçün sahəsi 560 kvadratmetr olan anbar mövcuddur. Zavodda 11 çeşiddə çörək istehsal olunur. Çörəklər əla növ buğda unundan hazırlanır və hərbi hissələrə, dövlət müəssisələrinə, xəstəxanalara, uşaq bağçalarına, məktəblərə, restoranlara, istirahət mərkəzlərinə və digər yerlərə çatdırılır. Çörəklərin daşınmasına 24 ədəd xüsusi təyinatlı avtomobil ayrılıb. Zavodda 200-ə yaxın işçi çalışır və bu müəssisə Almaniyanın ən son texnologiyası əsasında qurulub.

Şəmkir son illərdə öz görkəmini tamamilə dəyişib. Yeni yollar, müxtəlif təyinatlı sosial obyektlər, əsalı şəkildə yenidən qurulan təhsil və məktəbəqədər və səhiyyə müəssisələri, park və xiyabanlar əhalisinin sayı 215 min nəfəri keçən Şəmkiri daha da qonaq-qaralı edib. Burada yüksək səviyyəli, o cümlədən beynəlxalq tədbirlər keçirmək üçün hər cür şərait var.

Heydər Əliyev Mərkəzi təkcə öz orijinal quruluşuna, xarici gözəlliyinə görə seçilmir, bura həm də çox profilli ideoloji bir məkandır. Ümumiyyətlə, ideoloji işdən söhbət düşmüşkən qeyd edək ki, rayon icra hakimiyyəti bu sahəyə çox böyük önəm verir. Həyatın elə bir sahəsi yoxdur ki, rayon icra hakimiyyəti ideoloji işin köməyi ilə ora, sözün yaxşı mənasında, müdaxilə etməsin. Üç il qabaq “Gənc Həkimlər Birliyi” yaradılanda bəziləri onun tezliklə fəaliyyətini dayandıracağını düşünürdü. Lakin bu gün həmin ictimai birlik Şəmkirdə hörmət-izzət qazanmış bir təşkilata çevrilib. Kənd və qəsəbələrdə birliyə daxil olan həkimlərin yolunu hamı səbirsizliklə gözləyir. Pulsuz müayinələr, profilaktik tədbirlər, fərdi söhbətlər, təbliğat xarakterli çıxışlar, yerlərdəki səhiyyə xidmətinin səviyyəsinin təhlili, yardımlar, məsləhətlər və digər işlər bu birliyin nüfuzunu və ona olan inamı artırıb. Birlik tərəfindən il boyu ən müxtəlif sahələrdə işləyən, təhsil alan adamlar müayinə olunur,onlara konkret kömək göstərilir. Bu yaxınlarda “Nəfis çörək” zavodunun işçiləri hərtərəfli müayinədən keçirilib, müdiriyyətə tövsiyə verilib.

Gənc müəllimlər, tərbiyəçilər birlikləri də oxşar funksiyaları yerinə yetirirlər. Məktəb direktorları, uşaq bağçalarının rəhbərləri etiraf edirlər ki, bu birlikər onlara kömək göstərməklə yanaşı, məsuliyyətlərini də artırıb. Yerlərdə nizam-intizam xeyli yüksəlib, dərsə davamiyyət yaxşılaşıb, uşaq bağçalarında bişirilən yeməklərin keyfiyyəti artıb və sair.

Rayon icra hakimiyyətində hər bazar ertəsi işə başlamazdan əvvəl “Məlumat saatı” keçirilir. Həftə ərzində ölkədə və dünyada baş verən hadisələr barədə hər dəfə aparatın bir məsul işçisi məlumat verir. Yeri gəlmişkən qeyd edək ki, Şəmkir Rayon İcra Hakimiyyəti başçısı aparatının işlək bir mexanizmə çevrilməsinə nail olunub. Burada kor-koranə heç bir iş görülmür. Operativ, necə deyərlər, planlaşdırılmamış işlər nəzərə alınmasa, hər bir tədbirin yeri və vaxtı əvvəlcədən müəyyənləşdirilir, məsul şəxslər təlimatlandırılır.

Şəmkirdə kiminsə təsadüfən vəzifəyə çəkilməsi qeyri-mümkündür. Rayon icra hakimiyyəti başçısı ən gənc, istedadlı, qabiliyyətli, həm də ictimaiyyət arasında hörmət qazanmış kadrlara üstünlük verir. Hətta rayon rəhbəri kənd və qəsəbə icra nümayəndələrini vəzifəyə təsdiq edərkən bilavasitə özü qəbul edir, tövsiyələrini bildirir. Bu isə onların məsuliyyətini qat-qat artırır. Yeni təyin olunan kadr barədə icra hakimiyyətinin saytında, rayon qəzetində, feysbuk səhifəsində ətraflı məlumat verilir. Feysbuk səhifəsi barədə ayrıca danışmağa dəyər. Bu səhifəyə az qala bütün rayon qoşulub desək, yanılmarıq. İcra hakimiyyəti də bu səhifənin gücündən çox məharətlə istifadə edə bilir. Operativlik, aşkarlıq, ölkədə və dünyada baş verən proseslərə geniş yer vermək, Azərbaycan Prezidentinin apardığı daxili və xarici siyasət çox böyük peşəkarlıqla istifadəçilərin nəzərinə çatdırılır. Hər səhər “Sabahınız xeyir, əziz şəmkirlilər və şəhərimizin qonaqları!” sözləri ilə istifadəçiləri salamlayan səhifə inzibatçıları gün ərzində rayonda baş verən yenilikləri operativ dərc edə bilir. Ötən ilin fevralında yaradılmış “Qərbinfo” xəbər agentliyi də rayonda aparılan ideoloji işin ön sıralarında gedir. Xəbər agentliyinin rəhbəri Elgün Seyidli rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun tapşırığı ilə Moskva şəhərində olub, əslən Şəmkirdən olan iş adamları ilə görüşüb, onların həyatı, fəaliyyəti ilə maraqlanıb. Hazırda adıçəkilən saytda bir-birinin ardınca çox maraqlı silsilə yazılar verir, həmyerlilərini tanıdır. Qeyd edək ki, belə səfərlərin məqsədi Vətəndən uzaqda olanlar haqqında təkcə yazılar vermək deyil, həm də oradakı iş adamlarını doğulub boya-başa çatdıqları Şəmkirə cəlb etmək, sərmayə qoymağa maraqlandırmaq, əlavə iş yerləri açmaqdır.

Bu rayonda keçirilən tədbirlərdə ara-sıra iştirak edirəm. Yüksək təşkilatçılıq, məzmun, müzakirə olunan məsələnin aktuallığı, çıxışlar, iştirakçıların fəallığı, demokratik ab-hava bu tədbirləri o qədər maraqlı edir ki, onlar uzun müddət yaddan çıxmır. Artıq üçüncü dəfədir ki, hər ilin sonunda ən müxtəlif nominasiyalar üzrə ilin qalibləri müəyyənləşdirilir. Maraqlı orasıdır ki, “İlin adamı”, “İlin həkimi”, “İlin mədəniyyət işçisi” və sair bu kimi mükafat sahiblərini icra hakimiyyəti deyil, ictimaiyyət seçir. Hazırda 15 sahə üzrə rayonda elə bir mübarizə gedir ki, sadəcə kənardan izləmək adamda fərəh hissi oyadır.

Təşəbbüslərin, yeniliklərin bir çoxu icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov tərəfindən irəli sürülür və qeyd etmək lazımdır ki, səmərəsi də çox olur. Ona görə səmərəli olur ki, təşəbbüs yalnız təşəbbüs xatirinə irəli sürülmür, onun hansı nəticə verəcəyi əvvəlcədən bilinir.

Bu ilin avqustunda ölkə Prezidenti İlham Əliyevin Şəmkirə səfəri, bir sıra mühüm obyektlərin açılışında iştirak etməsi, çıxışları və tövsiyələri bu rayonun icra stukturları qarşısında yeni və məsul vəzifələr qoyub. Bu gün Şəmkirdə bütün sahələrdə inkişaf, tərəqqi var. Lakin qətiyyən arxayınlaşmaq olmaz. Xüsusilə gənclər böyük işlərin önündə getməyi bacarmalıdırlar. Bu günlərdə rayon icra hakimiyyətinin başçısı dövlət qulluğunda olan gənclərlə keçirdiyi görüş zamanı maraqlı bir məqama toxundu. Dedi ki, əgər əvvəllər istedadlı Azərbaycan gənci öz potensialını üzə çıxarmaq üçün şəraitin olmamasından haqlı olaraq gileylənirdisə, indi vəziyyət tam başqadır. Hər bir perspektivli Azərbaycan gəncinin yetişməsi üçün ölkəmizdə dövlət tərəfindən lazımi şərait yaradılmışdır. Burada elə təkcə son illər Prezident İlham Əliyevin birbaşa qərarları ilə yaradılan çoxsaylı gənclər mərkəzlərinin və evlərinin açılışını qeyd etmək kifayətdir.

...Şəmkiri heç gecələr seyr etmisinizmi? Tam səmimi deyirəm, küçə və xiyabanlarını, əyləncə mərkəzlərini gəzdikcə özünü sanki çox inkişaf etmiş bir Avropa ölkəsində hiss edirsən. Şəmkir heç vaxt bu qədər gözəl olmayıb. Rayonda uşaqdan-böyüyə hamı bir nəfər kimi deyir ki, bu gözəlliyi bizə ölkə başçımız bəxş edib. Onu qoruyub və inkişaf etdirmək üçün əlimizi-əlimizin üstünə qoyub gözləyə bilmərik. Gərək etimadı doğruldaq.

Hamlet Qasımov,
“Xalq qəzeti”nin
bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında