Füzulililər ili bütün sahələrdə uğurla başa vururlar

Qışın sazağı Arazqırağında həmişəyaşıl ağaclardan başqa, bütün yaşıllığı soldurub. İnsanlar isə onlar üçün gərəkli olan heç nəyi çöldə qoymayıblar. Anbarlar, saxlanclar tarla və zəmilərdə yetyişdirilib son qətrəsinədək toplanmış məhsullarla doludur. Çöl-bayır işlərinin yekunlaşması ilə bir vaxtda sona yetişən 2017-ci il Füzuli rayonu üçün ümumi uğurlardan əlavə, bir sıra sahələrdə respublika səviyyəsində diqqətçəkən göstəricilərlə də əlamətdar olmuşdur. Bunu rayonda görüşdüyümüz məsul və sıravi adamların söylədikləri, bu mövsümdəki uğurların statistik göstəriciləri də təsdiq edir.

Füzuli Rayon İcra Hakimiy-yətinin başçısı Alı Alıyev ilin əvvəlindən rayonda əldə edilmiş sosial-iqtisadi irəliləyişdən məmnunluqla söz açaraq bildirdi ki, respublikamızda olduğu kimi, bu il əksər sahələrdə rayonumuzun da göstəriciləri ürəkaçandır. Cari ilin yekunları tamamlanmasa da, ötən ayların nailiyyətləri deməyə imkan verir ki, deyək: bu il də bütün sahələrdə inkişaf, irəliləyiş əldə olunmuş, əhalinin həyat səviyyəsi yüksəlmişdir. 

Başçı qeyd etdi ki, il boyu görülmüş işlər, əldə olunmuş nəticələr füzulililərin ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursa sadiq olduqlarını bir daha sübut edir. Rayonun zəhmət adamları Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən yeniləşmə və tərəqqi islahatlarını, önəmli sosial-iqtisadi layihələri ardıcıl gerçəkləşdirir, dövlət başçısının qarşıya qoyduğu tarixi vəzifələrə və ciddi tələblərə uyğun çalışırlar.

Ötən dövrdə əldə edilmiş nailiyyətlərdən danışmazdan əvvəl bu il rayonun həyatında baş vermiş ən yaddaqalan hadisəni – may ayında Bakıda keçirilən IV İslam Həmrəyli Oyunlarının qarşılanmasına həsr olunmuş Su festivalının Füzulidə möhtəşəm təntənə ilə qeyd olunmasının əhalidə necə böyük ruh yüksəkliyi yaratdığını, adamların qurub-yaratmaq əzmini neçə artırdığını qeyd etmək istəyirəm. Horadiz şəhərində keçirilən bu şənlikdə rayonumuzun 10 minə yaxın sakini ölkəmizin son illərdə qazandığı davamlı qələbələrdən doğan sevinc və coşğusunu, daha böyük uğurlara olan hədsiz inamını ifadə etdi. Oyunların ən yüksək səviyyədə təşkili və Azərbaycanın yarışlarda qazandığı medallar da insanlara hədsiz öyünc və fərəh gətirməklə onları yeni qələbələrə həvəsləndirdi.

Alı Alıyev daha sonra dedi ki, yola salmağa hazırlaşdığımız ildə rayonun makroiqtisadi göstəriciləri əvvəlki illərdə olduğu kimi yenə də inkişaf etmişdir. Ayrı-ayrı sahələr üzrə istehsalın və xidmətlərin həcmi artmış, əhalinin həyat səviyyəsi yüksəlmişdir. Ötən 3 rübdə ümumi məhsul buraxılışının həcmi 134,8 milyon manat olmuşdur. Ümumi məhsul buraxılışının əsasını sənaye, kənd təsərrüfatı və xidmət sahələri təşkil etmişdir. Sənaye fəaliyyəti ilə məşğul olan müəssisələr tərəfindən istehsal olunmuş məhsulun həcmi 8, 8 milyon manatı ötmüşdür ki, bu da əvvəlki illə müqayisədə 3,7 faiz çoxdur. Bütün maliyyə mənbələri hesabına əsas kapitala 24, 8 milyon manat investisiya qoyulmuşdur ki, onun da 19,8 milyon manatı tikinti- quraşdırma işlərinə sərf olunmuşdur.Rabitə müəssisəsi əhaliyə, müəssisə və təşkilatlara faktiki qiymətlərlə 176,9 min manatlıq xidmət göstərmişdir. Pərakəndə əmtəə dövriyyəsi və əhaliyə göstərilən pullu xidmətlərin həcmi 38 milyon manat olmuşdur.

Hazırda əhalinin ümumi sayı 130 min nəfər, işləyənlərin sayı isə 57 min nəfərdir ki, bu da rayon əhalisinin 45,1 faizini təşkil edir. Bu il kənd təsərrüfatı sahəsində daimi və mövsümü olmaqla ümumilikdə 4220 iş yeri yaradılmışdır. Bunun da 1020-i pambıqçılıq, 800-ü çuğundur, 357-si yazlıq əkinlərin, 1580-i baramaçılığın, 30-u istixana kompleksinin, 50-i Üçüncü Zobucuq qəsəbəsi ərazisindəki kənd təsərrüfatı məhsullarının satışı yarmarkasının, 383-ü isə digər kənd təsərrüfatı və istehsal sahələrinin hesabına yaradılmışdır.

Regionların sosial-iqtisadi inkişafı dövlət proqramı bu il də uğurla icra edilmişdir. Proqramın qəbul olunduğu vaxtdan keçən dövrdə rayonda nəzərdə tutulmuş tədbirlərin əksəriyyəti icra olunmuş, digər tədbirlər isə nəzərdə tutulmuş müddətlərdə ardıcılıqla yerinə
yetirilir. Tərtib olunmuş cədvələ uyğun olaraq, rayon ərazisində davamlı abadlıq və quruculuq işləri aparılır. Küçə və məhəllədaxili yollar çəkilir, kommunikasiya xətləri yenilənir. Kommunal məsələlər, o cümlədən enerji, qaz, su və kanalizasiya ilə bağlı problemlər həll olunur.

Rayonda kənd təsərrüfatı məhsulları istehsalına xidmət göstərən bütün sahələr aqrar sektorun inkişafına, məhsul bolluğu yaradılmasına təsir göstərən amillərdən maksimum səmərəli istifadə etməklə, iqtisadiyyatın əsas sahələrinin sabit artımına istiqamətləndirilmişdir. Bu mövsümdə kənd təsərrüfatı məhsulları istehsalında yüksək nəticələr əldə edilmişdir. Strateji məhsul olan taxılçılığın intensiv inkişafına xüsusi diqqət yetirilir. Artıq yeddinci ildir ki, Füzuli respublikanın 100 min tondan artıq taxıl istehsal edən rayonları sırasında öz yerini qoruyub saxlayır.

Alı Alıyev sonda bildirdi ki, Prezident İlham Əliyev respublikada ərzaq bolluğunun yaradılması, əhalinin mühüm strateji məhsul olan taxıla olan tələbatının daxili imkanlar hesabına ödənilməsini təmin etmək üçün ölkədə iri taxılçılıq təsərrüfatlarının yaradılmasını qarşıya məqsəd qoymuşdur. Ölkə başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı təsdiq etdiyi Strateji Yol Xəritəsinə uyğun olaraq, rayonda hər biri 1000 hektar olan 4 iri taxılçılıq təsərrüfatı yaradılmış, 2700 hektar torpaq sahəsi müxtəlif növ kənd təsərrüfatı məhsulları istehsal edəcək Aqroparkın istifadəsinə verilmişdir.

Aqroparkın ərazisində birinci mərhələdə 1000 hektar sahədə ölkənin strateji maraqlarına uyğun olaraq soya, qarğıdalı, taxıl, pambıq və digər bitkilər becəriləcək, həmçinin 1000 baş südlük istiqamətli heyvandarlıq kompleksi yaradılacaq. Aqroparkın istifadəyə verilməsi ilə rayon ərazisində, xüsusilə Qayıdış qəsəbələrində yaşayan yüzlərlə məcburi köçkün işlə təmin olunacaqdır. Layihənin birinci hissəsi bu il yerinə yetirilmiş, 2018-ci ildə tam başa çatdırılması nəzərdə tutulmuşdur. 500 hektar sahə isə rayonun taxıl istehsalçılarını yüksək reproduksiyalı toxumla təmin etmək üçün “Azəraqro” MMC-yə verilmişdir.

Taxıl istehsalçıları 2016--2017-ci təsərrüfat ilində rayonda 36,8 min hektarda əkin aparmışlar ki, bunun da 24,8 min hektarı buğda, 11,2 min hektarı isə arpadır. Zəmilər qısa müddətdə, itkisiz və mütəşəkkil qaydada biçilmiş, sahələrdən 103 min 76 ton taxıl əldə edilmişdir. Bunun da 73 min 53 tonu buğda, 30 min 23 tonu isə arpadır. Hər hektarın məhsuldarlığı 29 sentnerə yaxın olmuşdur. Buğda istehsalında isə hektardan 30 sentner məhsul götürülmüşdür. Dövlətimizin iqtisadi qüdrətinin artırılmasında mühüm ərzaq məhsulu sayılan taxılçılıq gələcəkdə daha da inkişaf etdiriləcək. Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən rayonda yaradılmış 4 iri taxılçılıq təsərrüfatlarında xüsusilə yüksək məhsuldarlıq əldə edilmişdir. Gələn təsərrüfat ili üçün 21 min hektar sahədə səpin aparılmışdır. Havaların yağmurlu keçməsi növbəti il rayonda bol məhsul olacağının göstəricisidir.

Füzulidə taxılçılıqla yanaşı, digər sahələrin də inkişafına xüsusi diqqət yetirilir. Ölkə başçısının respublikada ənənəvi təsərrüfat sahələri olan pambıqçılığın və baramaçılığın inkişaf etdirilməsi, əhalinin bu sahənin hesabına məşğulluğunun təmin olunması barədə tapşırıqlarına uyğun olaraq, bu il rayonda 2050 hektarda pambıq əkilmişdir. Sahələrə lazımı aqrotexniki qulluq göstərilmiş, mineral gübrələr verilmiş, vaxtlı-vaxtında suvarma suyu ilə təmin edilmişdir. Pambıq sahələrinin becərilməsinə minlərlə insan cəlb edilmişdir. Bu günə kimi sahələrdən 2,2 min ton pambıq yığılaraq qəbul məntəqələrinə təhvil verilmişdir.

Rayonda ənənəvi təsərrüfat sahələrindən olan baramaçılığın uzun fasilədən sonra bərpa edilməsini əhali razılıqla qarşılayıb. Bu il kümçülər 25 ton barama istehsal etmişlər. Füzuli rayonu barama istehsalında əldə etdiyi nəticəyə görə respublikada ilk üçlükdə qərarlaşmışdır. Qısa müddət ərzində yüksək gəlir əldə edən kümçülər növbəti ildə 40 ton barama istehsal etməyi qarşılarına məqsəd qoymuşlar.

Öyrəndik ki, bu mövsümdə rayonda kənd təsərrüfatının digər sahələrində əldə olunan göstəricilər də ürəkaçan olmuşdur. 3725 ton tərəvəz, 2827 ton bostan, 1551 ton üzüm, 15 ton çəltik, 1769 ton kartof, 2691 ton meyvə toplanmışdır. 2 min tondan çox ət, 87 min ton süd, 6,2 milyon ədəd yumurta istehsal olunmuşdur. Əvvəlki illərlə müqayisədə hər sahədə müsbət nəticələr əldə olunmuşdur. Hesabat dövründə rayonda 34 min 670 baş iri mal, 135 min 80 baş qoyun və keçi, 525 min baş quş mövcud olmuşdur. Heyvandarlığın inkişafı üçün yem bazasının olması əsas məsələlərdən biridir. Bunun üçün cari ildə 172 hektar yonca əkilmişdir. Ümumilikdə isə rayonda 6,2 min hektar yonca sahəsi var.

Sevindirici haldır ki, əhalinin heyvandarlıq və bostan-tərəvəz məhsullarına olan tələbatı yerli istehsal hesabına ödənilir və respublika bazarına bir sıra məhsullar da çıxarılır. Pambıqçılıq, baramaçılıq, taxıl əkini və digər kənd təsərrüfatı məhsullarının hesabına əhalinin tam məşğulluğunun təmin edilməsi ciddi vəzifə kimi qarşıya qoyulmuşdur. Rayonda sahibkarlığın inkişafına da ciddi fikir verilir. Özəl sahənin inkişafına yaradılan şəraitin nəticəsidir ki, yüzlərlə şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olur, rayon iqtisadiyyatının möhkəmlənməsində yaxından iştirak edir. Onlarla insan kənd təsərrüfatı, kiçik emal müəssisələri yaradaraq məhsul bolluğu yaradır, yeni iş yerləri açır, sahibkarlıq fəaliyyətini genişləndirir.

Əhalinin mühüm məişət qayğıları olan elektrik enerjisi, qaz, içməli və suvarma suyu ilə təminatı da bu il xeyli yaxşılaşmışdır. Bu sahədə müəyyən işlər görülmüş, köhnəlmiş və sıradan çıxmış elektrik naqilləri, qaz və su boruları yeniləri ilə əvəz olunmuş, şor və dren kanalları təmizlənmişdir. İçməli su təchizatının yaxşılaşdırılması istiqamətində əsaslı işlər görülmüşdür. Ötən müddət ərzində Horadiz şəhərində, Bala Bəhmənli, Böyük Bəhmənli, Kürdmahmudlu, Aşağı Yağlıvənd, Kərimbəyli, Arayatılı, Qayıdış və Zobucuq qəsəbələrində sıradan çıxmış xətlər, elektrik mühərrikləri təmir edilmiş, su verilişində nöqsanlar aradan qaldırılmışdır. Prezident İlham Əliyevin tapşırıqlarına və Dövlət Proqramına uyğun olaraq Füzuli rayonu 100 faiz qazlaşdırılmışdır. Rayonun 39 yaşayış məntəqəsinin hər birində əhali təbii qazdan istifadə edir.

Rayonda ən vacib sahələr olan təhsil, mədəniyyət, səhiyyə, gənclər və idman işinin təkmilləşdirilməsi uğurla davam etdirilmişdir. Ərazidəki 46 ümumtəhsil müəssisəsinin hamısı, tibb müəssisələrinin əksəriyyəti yenidən tikilmiş və ya əsaslı bərpa olunmuş binalarda yerləşir. Bu il təhsillə bağlı göstəricilər də uğurlu olmuşdur. Ali məktəblərə keçirilən qəbul imtahanlarında yüksək nəticələr qazanılmışdır. Məzunlardan 375-i ali məktəblərə, 11-i xüsusi təyinatlı məktəblərə, 120 şagird isə orta ixtisas məktəblərinə qəbul olunmuşdur. Gənclərdən 25 nəfəri 500--600 , 14 nəfəri isə 600-dan çox bal toplamışdır.

Səhiyyə xidmətinin yaxşılaşdırılması istiqamətində də ardıcıl tədbirlər görülür. Prezidentin göstərişinə əsasən, Füzuli rayonu sakinlərinin də kütləvi tibbi müayinəsi və dispanserizasiyası təşkil edilmişdir. Hazırda rayon üzrə 250 nəfər həkim və orta ixtisas təhsilli tibb işçisinə ehtiyacın olması səhiyyədə kadr probleminin
yarandığını göstərir.

Respublikanın bütün bölgələrində olduğu kimi, Füzuli rayonunda Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun qayğı və diqqətini əhali daim hiss edir, yüksək qiymətləndirir. Fond son illərdə rayonda 5 böyük layihə həyata keçirmişdir.

2017-ci ildə rayonda tikinti-quruculuq işləri də artan sürətlə davam etdirilmişdir. Horadiz şəhərində “Aprel şəhidlərinə xatirə” kompleksi, Üçüncü Zobucuq qəsəbəsində kənd təsərrüfatı məhsullarının satışı üçün bazar və pambıq qəbulu məntəqəsi tikilərək istifadəyə verilmişdir. Hazırda Horadiz şəhərində Dövlət Bayrağı Meydanının ərazisində Bayraq Muzeyinin tikintisinə başlanılmış, barama qəbulu və emalı məntəqəsinin tikntisinə isə yaxın günlərdə başlanacaqdır. Bala Bəhmənli kəndi ərazisində Mərkəzi Rayon Xəstəxanasının tikintisi üçün yer ayrılmış, binanın tikintisinə bu günlərdə başlanacaqdır.

Rayonda mədəniyyət müəssisələrinin bərpası və yenilərinin tikintisi də nəzərdə tutulmuşdur. Babı kəndində yerləşən Şeyx Babı türbəsində restavrasiya işlərinin tam başa çatdırılması, Əhmədalılar kəndindəki Arğalı türbəsinin isə əsaslı bərpa olunması üçün Mədəniyyət və Turizm Nazirliyinin qarşısında məsələ qaldırılmışdır.

Rayonda kəndarası və magistral avtomobil yollarının əsaslı təmir-bərpa işləri də sürətlə davam etdirilir. Ölkə başçısının tapşırığına əsasən 25 min nəfər əhalinin yaşadığı 8 məntəqəni birləşdirən 31,7 kilometrlik Əhmədbəyli-Alxanlı-Zobucuq, həmçinin Bala Bəhmənli-Araz Dilağarda-Araz Zərgər, o cümlədən 1-ci və 11-ci Qayıdış qəsəbələrini birləşdirən avtomobil yolları yenidən qurulmuşdur. Rayon ərazisində ümumilikdə 80 kilometrə yaxın kənd və qəsəbə arası yolların bərpası işləri başa çatdırılmışdır. Hacıqabul-Bəhramtəpə-Mincivan magistral avtomobil yolunun Füzuli rayonu ərazisindən keçən 40 kilometrlik hissəsində aparılan əsaslı təmir-tikinti işləri başa çatmışdır.

Rayon İcra Hakimiyyəti bir qayda olaraq şəhid ailələrinə, Qarabağ əlillərinə, ərazidə fəaliyyət göstərən hərbi hissələrin əsgər və zabitlərinə diqqət və qayğı ilə yanaşır, onlara imkan daxilində köməklik göstərir. Rayonun 55 min nəfərə yaxın əhalisi respublikanın 55 şəhər və rayonunda məskunlaşmışdır. Rayon icra hakimiyyəti məcburi köçkünlərin daha çox məskunlaşdıqları Bakı, Sumqayıt şəhərlərində, Saatlı, Sabir-abad, İmişli və Beyləqan rayonlarında xidmət təşkilatlarının, hüquq-mühafizə orqanlarının rəhbərləri, ərazi icra nümayəndələri ilə birlikdə görüşlər keçirir, söhbətlər aparır, vətəndaşları narahat edən məsələləri yerindəcə həll etməyə çalışır.

Səyyar qəbulların forma və məzmunu daha da təkmilləşdirilmişdir. Ərazidəki yaşayış məntəqələrində keçirilən səyyar qəbulların böyük səmərəsi vardır, əsas müraciətləri yerlərdə həll olunan əhali başqa təşkilatlara müraciət etmir, əziyyət çəkmir. Vətəndaşların yeməkxərci müavinətləri, pensiya və təqaüdləri bankomatlar vasitəsi ilə sahiblərinə çatdırılır. Hazırda rayonun 9 yaşayış məntəqəsində bankomat fəaliyyət göstərir. Digər iri yaşayış məntəqələrində də belə qurğular qoyulacaq.

Rayona səfərimizin sonunda yenidən RİH-in başçısı Alı Alıyevlə görüşdük. Ümumi təəssüratımızı da rayon rəhbərinin yekun sözü ilə tamamlayırıq:

– Göründüyü kimi, bu ili üzağardan uğurlarla başa vururuq. Qarşıdakı ildə də bizi məsul işlər,  həlli vacib məsələlər gözləyir. Əhalinin həyat şəraitini daha da yaxşılaşdırmaq, respublikanın müxtəlif şəhər və rayonlarında yaşayan məcburi köçkünlərlə əlaqə saxlamaq, onların qayğı və müraciətlərini həll etmək, Prezidentin fərman, sərəncam və tapşırıqlarının yerinə yetirilməsini təmin etmək üçün bu il əldə olunmuş təcrübə və uğurlar mötəbər baza yaratmışdır. Füzulililər Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələri ardıcıl yerinə yetirməklə gələn il daha böyük nəticələr əldə edəcək, güzaranlarını durmadan yaxşılaşdıracaqlar.

Ziyəddin SULTANOV,
“Xalq qəzeti”nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında