Saatlı rayonunun 7 yaşayış məntəqəsi içməli su ilə təmin edilib

“Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 17 mart tarixli sərəncamına uyğun olaraq, Saatlı rayonunda həyata keçirilən layihə uğurla yekunlaşıb. Layihə çərçivəsində rayonun 7 kəndində yeni içməli su təchizatı infrastrukturu yaradılıb.

Bu barədə AZƏRTAC-a “Azərsu” Açıq  Səhmdar Cəmiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsindən açıqlama verilib.

Kəndlərə içməli suyun verilməsi ilə bağlı  Saatlı rayonunun Əlisoltanlı kəndində açılış mərasimi keçirilib. Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov rayonda həyata keçirilən kommunal  infrastruktur layihələrindən danışıb. Qeyd edib ki, içməli sudan əziyyət çəkən  kəndlərdə icra olunan layihə sakinlərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına xidmət edir.

“Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov Prezident İlham Əliyevin kənd əhalisinin içməli su təchizatının yaxşılaşdırılmasını xüsusi diqqətdə saxladığını xatırladaraq, son illər bu sahədə görülmüş işlər barədə  məlumat verib: “Aran bölgəsində yerləşən Saatlı rayonunda içməli su təchizatı həmişə aktual olub. Dünya Banklı ilə birgə maliyyələşdirilən layihə çərçivəsində Saatlı şəhərinin su təchizatı infrastrukturu yenidən qurulub və əhali fasiləsiz rejimdə içməli su ilə təmin edilib. Rayonun kəndlərində icra olunan su layihələri də qısa müddətdə yekunlaşıb və kənd sakinləri yüksək keyfiyyətli içməli su ilə təmin ediliblər”. 

Açılış mərasimində iştirak edən kənd sakinləri su təminatındakı problemlərin həllinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.  

Qeyd olunub ki, əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamına uyğun olaraq, Saatlı rayonunda icra olunan layihələr 7 yaşayış məntəqəsini - Mollavazlı, Bəylər, Əlisoltanlı, Potubəyli, Seyidlər, Qaracalar və Gomuşçu kəndlərini  əhatə edib. Kəndləri keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək məqsədilə su mənbəyi  Kür sutəmizləyici qurğuları-Sabirabad-Saatlı magistral su kəməri seçilib və kəmərdən kəndlərə çıxışlar verilib. Yaşayış məntəqələrində müxtəlif diametrli polietilen borularla ümumi uzunluğu 15,4 kilometr olan su xətləri çəkilərək ümumi istifadə üçün 48 ədəd bulaq quraşdırılıb. Ümumilikdə, yeni su təchizatı layihələrindən Saatlı rayonunun 7 kəndinin 10 min nəfərdən çox  sakini faydalanıb.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında