Azərbaycan – Yaponiya: dostluq əlaqələri genişlənir

Yaponiya ilə müstəqil Azərbaycan arasında diplomatik münasibətlərin qurulması 1992-ci ilə təsadüf etsə də, bu iki ölkə arasında dostluq və tərəfdaşlıq, iqtisadiyyat və ticarət sahəsində əməkdaşlıq əlaqələrinin qurulması ümummillil lider Heydər Əliyevin 1998-ci ilin fevralında gündoğar ölkəyə səfərindən sonraya təsadüf edir. Prezident İlham Əliyevin idarəçiliyi dövründə isə bu münasibətlər keyfiyyətcə yeni mərhələyə qalxmış, hətta iki ölkə arasında yüksək səviyyəli qarşılıqlı səfərlərlə yanaşı, müxtəlif səviyyələrdə iqtisadi və mədəni əlaqələr də sürətlə inkişaf etməyə başlamışdır.

Dövlətlərarası münasibətlərin inkişafı isə regional əməkdaşlıq əlaqələrinin qurulmasına geniş imkanlar açmışdır. Xüsusilə Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycanın bir çox rayonlarının icra başçılarının Yaponiyaya səfərindən sonra şəhərlər və rayonlar arasında dostluq və işgüzar əlaqələrin yaradılması sahəsində bir çox layihələr həyata keçirilməyə başlanmışdır.

Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədovun rəhbərliyi ilə rayonun nümayəndə heyətinin Yaponiyaya sayca ikinci səfərini bu tədbirlərdən biri kimi qeyd etmək olar. Əsas məqsəd iki dost ölkə arasındakı münasibətlər tarixində ilk dəfə paytaxt şəhərlərin rayonları arasında dostluq və əməkdaşlıq münasibətlərinin yaradılması olan səfər zamanı Xətai rayonu ilə Tokio prefekturasının Setaqaya və İşikava prefekturasının Komatsu şəhərləri arasında işgüzar və dostluq əlaqələrinin qurulması müzakirə olunmuşdur.

Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin sektor müdiri Səadət Rəhimli və rayon icra hakimiyyəti aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanovun daxil olduğu nümayəndə heyəti səfərdə olduğu müddətdə Yaponiya parlamentində, Xarici İşlər Nazirliyində olmuş, Azərbaycan sahibkarları ilə əməkdaşlıqda maraqlı olan bir sıra Yaponya şirkətlərinin rəhbərləri ilə görüşmüş, işgüzar müzakirələr aparmışlar.

Görüşlər zamanı Razim Məmmədov qeyd etmişdir ki, ölkəmizin müstəqilliyinin bərpasından sonra ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət, ölkədə apardığı hüquqi islahatlar Azərbaycanı qarşılaşdığı çox ciddi bəlalardan xilas edərək, yeni inkişaf yoluna çıxarmışdır. Ulu öndərin strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyev bu islahatları zamanın tələblərinə uyğunlaşdıraraq Azərbaycanı demokratik prinsiplərin və insan hüquqlarının yüksək səviyyədə təmin olunduğu, iqtisadiyyatı ən yüksək texnologiyalarla əsaslı şəkildə yenidən qurulmuş sosial-rifah ölkəsinə çevirmişdir. Bu gün Azərbaycan regionda lider mövqeyə yüksələrək bölgədə geosiyasi trendləri müəyyənləşdirən dövlətə çevrilmişdir.

Azərbaycan-Yaponiya diplomatik münasibətlərinin qurulmasının bu il 25 yaşının qeyd olunduğunu xatırladan icra başçısı, iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafında start nöqtəsi olan bu tarixi hadisənin Azərbaycanda, o cümlədən paytaxtın Xətai rayonunda da bir sıra mədəni– kütləvi tədbirlərlə qeyd edildiyini diqqətə çatdırmışdır.

Azərbaycanın dövlət başçısının xarici siyasət kursuna uyğun olaraq Xətai rayonunun beynəlxalq dostluq və işgüzar əlaqələr qurmağa xüsusi diqqət yetirdiyini bildirən Razim Məmmədov rayonun Türkiyənin Mersin vilayətinin Tarsus şəhəri və Belarusun Minsk şəhərinin Leninsk rayonu ilə qardaşlaşmış şəhərlər kimi dostluq münasibətlərinə malik olduğunu diqqətə çatdırmışdır. Qeyd edilmişdir ki, Tokio prefekturasının Setaqaya şəhəri və İşikava prefekturasının Komatsu şəhəri ilə qurulmaqda olan belə dostluq əlaqələri də hər iki tərəf üçün faydalı olacaq.

Müxtəlif səviyyələrdə keçirilən görüşlərdə nümayəndə heyətinin üzvləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, erməni işğalçılarının Xocalı şəhərində və Azərbaycanın işğal edilmiş bir sıra digər yaşayış məntəqələrində azərbaycanlılara qarşı törətdikləri soyqırımı barədə məlumat vermiş, xüsusi amansızlıqla həyata keçirilən Xocalı faciəsinə həsr edilmiş abidənin Xətai rayonu ərazisində yerləşdiyini qeyd etmişlər.

Görüşlər zamanı Xətai rayonunun sosial-iqtisadi inkişafı və Xocalı faciəsinin 25 illiyi ilə bağlı xüsusi bukletlər və nəşrlər Yaponiyanın bir çox ictimai- siyasi xadimlərinə, şəhərlərin rəhbər işçilərinə və iş adamlarına təqdim edilmişdir.

Azərbaycanlı qonaqlar qeyd etmişlər ki, 2015-ci ildə Xətai rayonunda ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda Yaponiyanın “Kosugi Zohen Co.LTD” şirkəti tərəfindən “Yapon bağı” salınmışdır. İndi bu bağ bütün ölkəmizdə Azərbaycan və yapon xalqları arasında dostluq əlaqələrinin rəmzi kimi ziyarət edilir.

YAP Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov və Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin sektor müdiri Səadət Rəhimli ölkələrimizin dostluq münasibətlərinin xalqlarımız arasında da yayılmasının əhəmiyyətindən danışaraq qeyd etmişlər ki, regionlararası əməkdaşlıq ölkələrarası münasibətlərdə yeni imkanlar, mədəni əlaqələrin inkişafında xalq diplomatiyasının intensivləşməsinə şərait yaradacaq. Bu həm də iki ölkə vətəndaşlarının qarşılıqlı səfərlərinə, turizm sektorunun inkişafına öz təsirini göstərəcək.

Yaponiya parlamentinin Müşavirlər Palatasının üzvü Akiko Santo Azərbaycandan gəlmiş qonaqları səmimiyyətlə qarşılamış, Azərbaycanın nümayəndə heyəti ilə ötənilki görüşünü məmnuniyyətlə xatırlayaraq bildirmişdir ki, bildiyim qədər Xətai rayonunda salınmış “Yapon bağı” Azərbaycana gələn yaponlar üçün müqəddəs bir məkana çevrilmişdir. “Biz çox sevinirik ki,Yaponiyanın bir parçasına çevrilmiş bu bağ sizin əbədi lideriniz, dünya siyasətində məxsusi yeri olan Heydər Əliyev kimi bir şəxsiyyətin adını daşıyan parkda qərarlaşıb. Bu Yaponiyaya, bizim ölkələrimiz arasındakı münasibətlərə verilən yüksək qiymətdir”.

 Akiko Santo iki dost ölkənin regionları arasında əməkdaşlıq münasibətlərinin qurulması istiqamətində Xətai rayonunun təşəbbüsünü alqışlayaraq, bu əlaqələrin inkişaf etdirilməsinə daim dəstək göstərəcəyini bildirmişdir.

Yaponiya Xarici İşlər Nazirliyinin Avropa məsələləri bürosu baş direktorunun müavini, Mərkəzi Asiya, Qafqaz və GUAM ölkələri üzrə xüsusi nümayəndə Toşihiro Aiki ilə görüşdə isə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinin mühüm uğurlarla qeyd edildiyi, ötən dövrdə qarşılıqlı rəsmi səfərlərin artdığı, iqtisadi əməkdaşlığın genişləndiyi xüsusi vurğulanmışdır. Yaponiya XİN-in iki ölkənin regionları arasında əməkdaşlıq əlaqələrinin inkişafına dəstək verməyə və bu istiqamətdə lazım olan köməyi göstərməyə hazır olduğunu vurğulayan T.Aiki bildirmişdir ki, bu əlaqələrin inkişafı iki dost ölkənin xalqlarını bir-birinə daha da yaxınlaşdıracaq və onlar arasında dostluğu möhkəmləndirəcək.

İşikava prefekturasının Komatsu şəhərinə səfər zamanı nümayəndə heyətinin üzvləri şəhərin meri Şinci Vada və şəhər şurasının sədri Toşikazu Umeda ilə görüşərək qarşılıqlı əməkdaşlığın gələcək inkişafı məsələlərini müzakirə etmiş, şəhərin sənaye, təhsil və mədəniyyət obyektləri ilə tanış olmuşlar. Bu yaxınlarda Azərbaycana və həmçinin Xətai rayonuna səfərin xoş təəssüratlarından hələ də ayrılmadığını vurğulayan Ş.Vada göstərilən qonaqpərvərliyə və diqqətə görə minnətdarlığını bildirmişdir. Mer bildirmişdir ki, Komatsu şəhəri Xətai rayonu ilə qarşılıqlı faydaya əsaslanan əməkdaşlığın inkişafında maraqlıdır və bu əlaqələrin dostluq münasibətlərinə çevrilməsini alqışlayır.

Əsasən tikinti sektoru üçün texnikanın istehsal edildiyi “Komatsu Ltd” şirkətində nümayəndə heyətinə şirkətin fəaliyyəti barədə ətraflı məlumat verilmiş, istehsal edilən məhsulların təqdimatı keçirilmişdir. Yalnız Yaponiyada deyil, bir çox ölkələrdə də zavodları olan şirkətin məhsullarına bütün dünyada böyük tələbat olduğu qeyd edilmişdir.

Azərbaycanlı qonaqlar Komatsu Universitetində, “Komatsu hills” Elm Mərkəzində, Mədəniyyət mərkəzində, “Hikiyama” qalereyasında və “Hiyo” mamır bağında da olmuşlar. Komatsu Universiteti ilə tanışlıq zamanı bu ali təhsil ocağının Bakı Dövlət Universiteti ilə əməkdaşlıq əlaqələri qurduğu, növbəti tədris ilindən müəllim və tələbə mübadiləsinin həyata keçiriləcəyi barədə məlumat
verilmişdir.

Komatsu şəhərində keçirilən görüşlər zamanı buradakı müəssisələrlə Xətai rayonundakı müəssisələr arasında əməkdaşlığın yaradılması və inkişaf perspektivləri müzakirə olunmuşdur.

Azərbaycan nümayəndə heyətinin Setaqaya şəhərinin meri Nobuto Hosaka ilə görüşü də çox maraqlı olmuşdur. Hər iki tərəf ötən ilin dekabrında qarşılıqlı əməkdaşlığın inkişafı ilə bağlı aparılan müzakirələri xatırlayaraq, gələcək fəaliyyət barədə fikir mübadiləsi aparmışlar. Qərara alınmışdır ki, Setaqaya şəhəri ilə Xətai rayonu arasında dostluq münasibətlərinin qurulması məqsədilə qarşılıqlı təbliğatın aparılması davam etdirilməlidir.

Azərbaycan nümayəndə heyətinin rəhbəri Yaponiya regionları ilə iqtisadi və humanitar sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədilə Komatsu şəhərinin meri Şinci Vadanı və Setaqaya şəhərinin meri Nobuto Hosakanı ölkəmizə səfərə dəvət etmişdir.

Azərbaycanın yaxın dostu “Kosugi Zohen Co.LTD” şirkətinin rəhbəri ilə keçirilən görüşdə isə Saki Kosuqi bundan sonra da iki ölkə arasında dostluq və əməkdaşlığın inkişafı istiqamətində səylərini artıracağını, Azərbaycanda növbəti birgə layihələrdə iştirak etməyə hazır olduğunu vurğulamışdır.

Azərbaycanlı qonaqlarla köhnə dostlar kimi görüşən “Cross Border Club” şirkətinin baş meneceri Kazuyasu İşida Bakıda təşkil edilən “Japan Expo-2017” sərgisi zamanı yapon iş adamlarının Xətai rayonunu da ziyarət etdiyini məmnunluqla dilə gətirmişdir. Bakıda onlara göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən K.İşida Yaponiyada Azərbaycanın təşviqi istiqamətində fəaliyyətini bundan sonra daha da genişləndirəcəyinə söz vermişdir.

Nümayəndə heyətinin son görüşü gündoğar ölkədə Azərbaycanın bir parçası olan Yaponiyadakı səfirlikdə keçirilmişdir. Səmimi söhbət zamanı səfir Gürsel İsmayılzadə Yaponiya ilə əlaqələrin son illər daha da intensiv xarakter aldığını, Azərbaycana marağın daha da artdığını diqqətə çatdırmışdır. Qeyd olunmuşdur ki, Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, dünyanın mədəni-siyasi mərkəzlərindən birinə çevrilməsi nəticəsində yaponların da ölkəmizə marağı artmış, respublikamıza səfərə çıxan turistlərin sayı çoxalmışdır. Gürsel İsmayılzadə səfirliyin fəaliyyəti barədə geniş məlumat vermişdir.

Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov da öz növbəsində nümayəndə heyətinin Yaponiyaya səfərinin səmərəli olduğunu, regionlararası əməkdaşlığı gücləndirmək vəzifəsinin uğurla icra edildiyini diqqətə çatdırmışdır.

Sonda nümayəndə heyətinin üzvləri gündoğar ölkəyə səfərin təşkilində göstərikləri köməyə görə diplomatik korpusun əməkdaşlarına təşəkkür və minnətdarlıqlarını ifadə etmişlər.

İlqar RÜSTƏMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında