Müasir dünyada miqrasiya prosesləri: Azərbaycan reallığı kontekstində

18 dekabr Beynəlxalq Miqrant Günüdür

Bu gün tarixinin ən möhtəşəm inkişaf və qüdrətli dövlətçilik dövrünü yaşayan Azərbaycanın əldə etdiyi nailiyyətlər ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyevin isə uğurla davam etdirdiyi milli intibah siyasətinə və ictimai sabitliyə söykənir.

Məlum olduğu kimi, bu ilin 9 ayında Azərbaycanın valyuta ehtiyatları artıb, hazırda bu rəqəm 42 milyard dollar səviyyəsindədir. İlin əvvəlindən valyuta ehtiyatlarımız 4,5 milyard dollar, qeyri-neft iqtisadiyyatımız 2,5 faiz artıb. Bütün bunlar Cənab Prezidentin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən siyasətin və görülən işlərin nəticələridir.

Davos Dünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabətqabiliyyətliliyinə görə dünyada 35-ci yerə (MDB ölkələri sırasında 1-ci yer) layiq görüb. Dünyada iqtisadi-maliyyə böhranının davam etdiyi bir şəraitdə ölkəmizin iqtisadiyyatı yüksək qiymət alıb.

Azərbaycanın inkişafının və dünyada etiraf edilən sabit ölkə imicinin nəticəsi olaraq, artıq uzun illərdir ki, respublikamız ən mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edir. Hər bir tədbirdə dövlətimizin, şəxsən Prezident İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın ali diqqəti və təşkilatçılığı sayəsində genişmiqyaslı, möhtəşəm fəaliyyət ortaya qoyulur.

Ümumiyyətlə, bu il keçirilmiş IV İslam Həmrəyliyi Oyunları, “Formula-1” Avropa Qran-pri yarışları, IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycanın yaratdığı növbəti mükəmməl təşkilatçılıq modeli idi. Bu tədbirlərin ölkəmizdə keçirilməsi Azərbaycan Respublikasının tolerantlıq və multikulturalizm prinsiplərinə bağlılığının bariz nümunəsidir. Əlbəttə, Prezident İlham Əliyevin sərəncamı ilə 2017-ci ilin “İslam Həmrəyliyi ili” elan edilməsi də təsadüfi deyildir, bunun çox böyük ictimai-siyasi, beynəlxalq və ideoloji əhəmiyyəti var. Çünki, bu il çərçivəsində görülən işlərdə təkcə din amili nəzərə alınmayıb, bu prosesə daha geniş spektrdən yanaşılıb.

Daha bir əlamətdar hadisə–  aparıcı beynəlxalq enerji şirkətlərinin konsorsiumu ilə yeni meqaneft müqaviləsinin imzalanmasıdır. Bu müqavilə Azərbaycana nəhəng neft yataqlarının 2050-ci ilə qədər işlənməsinə imkan verəcək. Sabit neft istehsalat profilini saxlamaq üçün on milyardlarla əlavə investisiya yatırılacaq.

Oktyabrın 30-da tarixi, strateji əhəmiyyətli layihə olan Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı isə xüsusilə əlamətdar oldu. Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan, Qazaxıstan Respublikasının Baş naziri Bakıtjan Saqintayev, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov, həmçinin Tacikistan və Türkmənistan respublikalarından nümayəndə heyətlərinin iştirakı ilə  Bakı Beynəlxalq Dəniz Ticarət Limanında təntənəli mərasim keçirildi. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə dair Saziş 2007-ci il fevralın 7-də Tbilisidə imzalanıb. Elə həmin ilin noyabrında Gürcüstanın Marabda məntəqəsində dəmir yolu xəttinin təməli qoyulub. 2008-ci ilin iyulunda isə Qars şəhərində Qars-Gürcüstan sərhədi hissəsinin tikintisinin təməlqoyma mərasimi keçirilib. Ümumi uzunluğu təxminən 850 kilometr olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin 504 kilometrlik hissəsi Azərbaycanın ərazisinə düşür. Dəmir yolu xəttinin 263 kilometri Gürcüstandan keçir. Yolun 79 kilometri isə Türkiyə ərazisindədir.

Proqnozlara görə, Bakı-Tbilisi-Qars dəmir yolu ilə üçüncü istismar ilində 3-5 milyon ton, beşinci istismar ilində 6-8 milyon ton yük, bundan sonra isə ildə 3 milyon sərnişin və 17 milyon ton yük daşınacaq. Bu dəmir yolu ilə bir günə Qarsa, iki gün yarıma isə İstanbula getmək mümkün olacaq. Bu isə regionda turizmin inkişafına güclü təsir göstərəcək. Bütün bunlar Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əhəmiyyətini, onun təhlükəsizliyini, etibarlılığını, sürət və vaxt tezliyini aydın göstərir. Belə ki, bu yol istifadəyə veriləndən sonra mövcud yükdaşımalarla müqayisədə zaman fərqi iki dəfəyədək azalacaq.

Müstəqillik tariximizin möhtəşəm layihələrindən birinin reallaşmasına rəhbərlik etməklə Azərbaycan növbəti dəfə təsdiqlədi ki, regional və qlobal əhəmiyyətli layihələri uğurla həyata keçirə bilər. Bunu Bakı-Tbilisi-Qars dəmir yolunun geosiyasi və geoiqtisadi səmərəsinə nəzər saldıqda da görürük. Belə ki, bu dəmir yolu xəttinin işə düşməsi regionda sabitliyə və iqtisadi inkişafa böyük töhfədir.

Bu gün hər birimiz dinc, təhlükəsiz, sabit ölkədə yaşadığımıza, özümüzün və yaxınlarımızın həyatı üçün hansısa narahatlıq duymadığımıza görə ulu öndərin əsasını qoyduğu milli inkişaf siyasətinə minnətdarıq və miqrasiya  orqanlarının hər bir əməkdaşı bu nailiyyətlərin daha geniş miqyasda davamlılığının təminatçısı olan Prezident İlham Əliyevin müdrik fəaliyyətini birmənalı dəstəkləyir.

Məlum olduğu kimi, yaşadığımız dövr çox çətin, kritik, təlatümlü hadisələrlə zəngindir. 2017-ci ildə dünyada təhlükəli meyillər daha da güclənmişdir. Həm bizim bölgəmizdə, həm də digər regionlarda narahatedici məqamlar kifayət qədər çoxdur. Müharibələr, münaqişələr, qanlı toqquşmalar, böhranlar - əfsuslar olsun ki, bugünkü beynəlxalq mənzərənin əlamətləri bunlardır. Belə ki, əgər 30 il əvvəl dünyada 30 milyon qaçqın və məcburi köçkün, 25 münaqişə zonası var idisə, bu gün dünyada qaçqın, məcburi köçkünlərin sayı 65 milyonu keçib və münaqişəli zonaların sayı isə 70-ə qədərdir. Artıq dünyanın bir çox qaynar nöqtələrində baş verən qarşıdurma və müharibələr geniş, davamlı xarakter alıb. Yerli hökumətlər isə büdcə gəlirlərini artırmaq, əhalinin sosial rifahını yüksəltmək əvəzinə daxili sabitliyi təmin etmək uğrunda mübarizə aparmalı olurlar. İndi məsələnin digər tərəfi ondan ibarətdir ki, Avropa ölkələrində qəbul edilən qanunlar insanların irqindən, dinindən asılı olmayaraq, hər kəsə bərabər hüquqlar, yüksək həyat şəraiti nəzərdə tutsa da, bir sıra ölkələr miqrantlara dini mənsubiyyətinə görə selektiv yanaşır.  Azərbaycan isə daim sülhsevər siyasət yeridir, ölkələri həmişə həmrəyliyə dəvət edir, bütün dünyaya nümunə göstərir.

 Bu gün ərazilərimizin 20 faizinin Ermənistan tərəfindən işğal edilməsi və bir milyondan artıq soydaşımızın etnik təmizləməyə məruz qalması təhlükəsizliyimiz üçün ən başlıca təhdiddir. Bununla belə, Ermənistanın Azərbaycan ərazilərinin hərbi işğalını siyasi müstəviyə daşımaq və hətta işğala öz müqəddəratını təyin etmək donu geyindirərək legitimləşdirmək cəhdləri iflasa uğrayıb. Beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycan ərazilərini hərbi yolla işğal etməsinin nəticələrini tanımayıb, əksinə, BMT TŞ-nin məlum qətnamələrində və digər beynəlxalq qurumların sənədlərində Azərbaycan ərazilərinin işğalı və gücdən istifadə edərək dövlətlərin tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdləri pislənilir. Beynəlxalq ictimai rəydə Ermənistanın işğalçılıq siyasəti və erməni yalanları barədə aydın fikir formalaşdırılıb. Alxanlı kəndində törətdiyi təxribatla Ermənistan növbəti dəfə özünü ifşa etdi. Balaca Zəhranın və onun nənəsinin öldürülməsi erməni faşizminin eybəcər sifətini bütün dünyaya göstərdi.

Prezident İlham Əliyev BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının açılışındakı çıxışında bəyan etmişdir ki, “Ötən ilin aprelində Ermənistan şəhər və kəndlərimizə hücum edərək, təmas xəttində növbəti hərbi cinayət törətdi. Bu hücum nəticəsində 6 dinc azərbaycanlı qətlə yetirildi, onların sırasında bir uşaq da var idi. Bundan əlavə, 26 mülki şəxs yaralandı. Yüzlərlə evlərimiz dağıdıldı. Azərbaycan öz vətəndaşlarını müdafiə etməli oldu. Uğurlu əks-hücum nəticəsində Azərbaycan 3 işğal olunmuş rayonda – Ağdərə, Füzuli və Cəbrayılda bir neçə əraziləri azad etdi və öz bayrağını azad edilmiş ərazilərdə qaldırdı. Ermənistan rəhbərliyi bu dərsi yaddan çıxarmamalıdır. Əks təqdirdə, Ermənistanın növbəti təxribatının nəticələri onlar üçün daha ağrılı olacaq.

Beynəlxalq ictimaiyyət erməni faşizminə və terroruna son qoymalıdır. Azərbaycan münaqişənin sülh yolu ilə həllinə sadiqdir, lakin, eyni zamanda, Ermənistanın hərbi təxribatı davam edərsə, ölkəmiz BMT-nin xartiyasına uyğun olaraq, öz vətəndaşlarını qoruyacaq və lazım gələrsə, təcavüzkarı 2016-cı ilin aprelində olduğu kimi yenidən cəzalandıracaq”. Ali Baş Komandanın bu qətiyyətli mövqeyi bir daha onu deməyə əsas verir ki, biz öz torpaqlarımıza qayıdacağıq.

2016-cı ilin aprel döyüşləri zamanı Prezident İlham Əliyevin rəhbərliyi ilə ordumuz tərəfindən Lələtəpə yüksəkliyinin azad edilməsindən sonra Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndində yaşayışın bərpa edilməsi üçün imkan yarandı. Azərbaycan Prezidenti tərəfindən kənddə evlərin, müvafiq infrastrukturun tikintisi, yolun çəkilişi ilə bağlı sərəncamlar imzalandı. Artıq Cocuq Mərcanlıda həyat öz qaydasına düşüb. Bu il bu kənddə “Bilik günü” qeyd olundu, ilk zəng çalındı. Bu, Böyük Qayıdışın başlanğıcıdır. Aprel zəfəri isə uzun illər erməni terrorundan əziyyət çəkən Azərbaycan Ordusunun hərb tarixində şanlı səhifədir.

Cənab İlham Əliyev prezidentlik müddətinin əvvəlində – 2004-cü ildə demişdir ki, “biz qara qızılı insan kapitalına çevirməliyik”. Azərbaycan hökuməti o vaxtdan təhsil və səhiyyə infrastrukturuna böyük sərmayə yatırıb. Qaçqınların və məcburi köçkünlərin yerləşdirilməsi sahəsində müvafiq işlər görülüb, 100-ə yaxın qəsəbə salınıb, onların 250 min nəfəri yeni ev və mənzillərlə təmin olunub və bu proses davam etməkdədir. 

Məlum olduğu kimi, 11 sеntyаbr 2001-ci ildə АBŞ-dа törədilmiş tеrrоr hadisəsi ХХI əsrdə bеynəlхаlq tеrrоrizmin sərhəd tаnımаyаcаğı fikrini dəqiqləşdirdi və bir çох еkspеrtlər tərəfindən irəli sürülən “tеrrоrizm ХХI əsrdə dаhа təhlükəli fоrmаdа özünü büruzə vеrəcək” tеzisinin rеаllаşdığını göstərdi. Bu tеrrоr аktındа 4000 insаn həlak oldu, Ümumdünyа Ticаrət Mərkəzinin pаrtlаdılmаsı nəticəsində Nyu-Yоrk şəhər iqtisаdiyyаtına 95 milyаrd dоllаr ziyаn dəydi, 83 min insan iş yеrini itirdi. Tаriхdə miqyаsınа görə ən böyük bu tеrrоr аktından sonra dünyada miqrasiya proseslərinin idarə olunmasının təkmilləşdirilməsinə diqqət daha da artırıldı.

İqtisadi inkişafı ilə əlaqədar olaraq respublikamıza miqrasiya edənlərin sayındakı artım, həm də ölkəmizin həssas bölgədə yerləşməsi miqrasiya proseslərinin idarə olunmasının təkmilləşdirilməsini 2000-ci illərin əvvəllərində Azərbaycan üçün də aktual etdi. Söz yox ki, Avropa ilə Asiyanın qovuşuğunda yerləşən qədim Azərbaycan torpağında müxtəlif dinlərə, ayrı-ayrı mədəniyyətlərə mənsub insanlar tarix boyu əmin-amanlıq şəraitində yaşamışdır. Azərbaycan xalqı özünün dərin tarixi köklərə malik zəngin tolerantlıq və multikulturalizm ənənələrini bu gün də qoruyur, sivilizasiyalararası dialoqa, islamdaxili və konfessiyalararası həmrəyliyə öz töhfələrini verir. Həmçinin milli və dini tolerantlıq dövlət səviyyəsində dəstəklənir. Çünki, burada siyasi iradə böyük önəm daşıyır. Dünyada faciəvi hadisələrin, dini və milli zəmində radikallaşmanın, ekstremizmin, mənəvi dəyərlər böhranının, miqrant probleminin yaşandığı bir dövrdə, Azərbaycandakı multikultural həyat tərzi nadir bir mədəniyyət nümunəsidir. Bu, bizim həyat tərzimizdir. Biz bunu örnək olaraq, dünyaya təqdim edirik və fəxr edirik ki, bu elitar ideyanın müəllifi Prezident İlham Əliyevdir. Bir sözlə dünyada irqi, milli, etnik və digər zəmində baş verən qarşıdurmalar fonunda, Azərbaycanın səyləri sülhə və onun qorunmasına xidmət edir. İndiyə qədər ölkəmizdə miqrantlara münasibətdə milli, etnik və dini zəmində hüquq pozuntusu qeydə alınmayıb.

2004-cü il iyulun 13-də təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Miqrasiya İdarəetmə Siyasəti Konsepsiyası"nda bəyan edildiyi kimi,  Azərbaycanda miqrasiya proseslərinin tənzimlənməsinin əsas məqsədini ölkəmizin milli təhlükəsizliyinin və sabit sosial-iqtisadi, demoqrafik inkişafının təmin edilməsi, əmək ehtiyatlarından səmərəli istifadə edilməsi, respublika ərazisində əhalinin rasional yerləşdirilməsi, Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsinin nizamlanması, qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına təhlükəsiz şəraitdə və ləyaqətlə qayıtmasının təmin edilməsi, beynəlxalq standartlara uyğun sığınacaq üçün milli müraciət sisteminin yaradılması, miqrantların intellektual və əmək potensialından istifadə, idarə olunmayan miqrasiya proseslərinin neqativ təsirinin aradan qaldırılması, insan ticarəti də daxil olmaqla qeyri-qanuni miqrasiyanın qarşısının alınması, gözlənilməz kütləvi miqrasiyaya səbəb ola biləcək amillərin öyrənilməsi və onların optimal həlli üçün vaxtında kompleks tədbirlərin hazırlanması məsələləri təşkil edir.

Dövlət Miqrasiya Xidməti (DMX) yaradıldığı vaxtdan miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi məqsədi ilə zəruri normativ hüquqi aktlar qəbul edildi, bir sıra təşkilati tədbirlər həyata keçirilməklə müəyyən edilmiş məqsədlərə nail olundu. Hazırda dünyada cərəyan edən qloballaşma fonunda Azərbaycan regionda gedən miqrasiya proseslərinə təsir etmək, ölkə ərazisinə olan miqrasiya axınlarını nəzarətdə saxlamaq və ölkə daxilində miqrasiya proseslərini yerli qanunvericiliyə uyğun idarə etmək və tənzimləmək üçün fəal miqrasiya siyasəti yeridir.

Xidmət əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı, ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin verilməsi və mövcud iş icazələrinin müddətlərinin uzadılması kimi funksiyaları yerinə yetirir.

Bu gün əminliklə deyə bilərik ki, qanuni əsaslarla ölkəyə gələn və respublikada olmasını və yaşamasını leqallaşdıran əcnəbilərin, iş icazəsi əsasında haqqı ödənilən əmək fəaliyəti ilə məşğul olan əməkçi miqrantların hüquqlarının yüksək səviyyədə qorunması, qanunsuz miqrasiya ilə bağlı lazımı tədbirlər DMX tərəfindən müvəffəqiyyətlə icra olunmaqdadır. Çünki Prezident İlham Əliyevin DMX-nin qarşısında qoyduğu vəzifələrdən biri də odur ki, “Biz miqrasiya siyasətimizi daha da gücləndirməliyik, çox ciddi sistem yaratmalıyıq. Hər bir gələn xarici vətəndaş qeydiyyatdan keçməlidir. Qanunsuz bir adam da burada işləməməlidir. Biz istənilən anda bilməliyik ki, hansı xarici vətəndaş hansı gündə haradadır və nə ilə, hansı işlə məşğuldur”.

 Miqrasiya proseslərinin vahid və çevik prosedurlar əsasında tənzimlənməsinə, sənədləşmənin sadələşdirilməsinə xidmət edən bir sıra  tədbirlər də öz bəhrəsini verir. Həmin tədbirlərdən biri də "Miqrasiya proseslərinin idarəolunmasında "bir pəncərə" prinsipinin tətbiqi haqqında"  Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2009-cu il martın 4-də imzalanmış Fərman oldu. Adıçəkilən Fərmanın tətbiqi ölkədə miqrasiya proseslərinin daha çevik və işlək mexanizmlər əsasında idarə edilməsinə, bu sahədə operativliyin təmin olunmasına və həllini gözləyən problemlərin aradan qaldırılmasına imkan verdi. Fərmana əsasən, 2009-cu il iyulun 1-dən miqrasiya proseslərinin idarəolunmasında “bir pəncərə” prinsipinin tətbiq edilməsinə başlanıldı və bu prinsip üzrə vahid dövlət orqanının səlahiyyətləri Dövlət Miqrasiya Xidmətinə həvalə edildi.

Qeyri-qanuni miqrasiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi, DMX-nin fəaliyyətinin təkmilləşdirilməsi məqsədi ilə Prezident İlham Əliyevin 2009-cu il  aprelin 8-də imzaladığı fərmanla Dövlət Miqrasiya Xidmətinə hüquq-mühafizə orqanı statusu verildi.

Azərbaycanda miqrasiya proseslərinin nəzarətdə saxlanılması, ilk növbədə, milli təhlükəsizliyin hərtərəfli təmini baxımından aktuallıq kəsb edir. Çünki tənzimlənməyən miqrasiya proseslərinin mənfi təsirinin qarşısının alınması ciddi amildir. Amma şübhəsiz ki, istənilən halda belə, insan və vətəndaş hüquq və azadlıqlarına hörmət, qanunçuluq və humanizm prinsipləri əsas götürülməlidir. 2009-cu ildən miqrasiya idarəetmə sisteminin inkişafı məqsədilə qanunvericiliyə edilmiş dəyişikliklərə uyğun olaraq, həvalə edilmiş səlahiyyətlər çərçivəsində Dövlət Miqrasiya Xidməti qanunsuz miqrasiyaya qarşı mübarizədə iştirak edir, miqrasiya qanunvericiliyinin pozulması  ilə bağlı  inzibati xətalar haqqında işlərə baxır, zəruri hallarda qanunvericiliyi pozmuş əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri inzibati qaydada tutur.

Bu gün Azərbaycan sabitlik adasıdır. Elə bunun nəticəsidir ki, dünyada Azərbaycana maraq bu qədər artıb. Keçən il turistlərin, xarici vətəndaşların ölkəmizə səfərləri xeyli artmışdır və bu tendensiya bu gün də davam edir. Belə ki, 2017-ci ilin 9 ayı ərzində 2 072 076 halda 1 243 346 nəfər əcnəbinin Azərbaycan Respublikasının ərazisinə girişi, 2 077 544 halda isə 1 241 005 nəfər əcnəbinin ölkədən çıxışı qeydə alınıb.

Dövlət Miqrasiya Xidmətinə Azərbaycan Respublikası ərazisində olma və yaşa-ma icazələrinin alınması, haqqı ödənilən əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin alınması, qaçqın statusunun müəyyənləşdirilməsi, Azərbaycan Respublika-sının vətəndaşlığına qəbul, bərpa, xitam və vətəndaşlıq mənsubiyyətinin müəyyənləş-dirilməsi ilə bağlı 66 min 828 müraciət daxil olub.

2017-ci ilin 9 ayı ərzində Çağrı mərkəzi şöbəsinə, ümumilikdə, 79 min 614 zəng daxil olub.

2013-cü il avqust ayının 1-dən qüvvəyə minmiş Miqrasiya Məcəlləsinin 21-ci maddəsinə əsasən əcnəbi və ya vətəndaşlığı olmayan şəxs ölkədə 10 gündən artıq qalmaq istədiyi halda 10 gün ərzində olduğu yer üzrə qeydiyyata düşməlidir. Bunun üçün əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qaldığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və ya digər belə ictimai yerlərin müdiriyyəti və ya mənzilin, digər yaşayış sahəsinin sahibi, bir sözlə qəbul edən tərəf əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin ölkəyə gəldiyi vaxtdan 10 gün ərzində olduğu yer üzrə qeydiyyata alınması haqqında ərizə-anketi və onun pasportunun və yaxud digər sərhədkeçmə sənədinin surətini Dövlət Miqrasiya Xidmətinin rəsmi internet səhifəsində (www.migration.gov.az) elektron xidmətlər vasitəsi ilə və ya şəxsən regional miqrasiya idarələrinə təqdim etməlidir. Əcnəbilər olduğu yerdən getdikdə, qəbul edən tərəf və ya şəxs özü bu barədə miqrasiya  orqanlarına məlumat verməli və bu məlumat əsasında onlar olduğu yer üzrə qeydiyyatdan çıxarılmalıdırlar. Eyni zamanda, əcnəbi olduğu yeri dəyişdikdə, onun nəzərdə tutulmuş qaydada yeni olduğu yer üzrə qeydiyyata alınması üçün müraciət edilməlidir. Qeydiyyat müddəti başa çatdıqda, əcnəbilər qeydiyyatdan çıxarılmış hesab edilirlər.

Xatırladım ki, təkcə bu ilin 9 ayında 633 min 827 əcnəbi və vətəndaşlığı olmayan şəxs olduğu yer üzrə qeydiyyata alınmaqla bağlı müraciət edib.

Bəzi şəxslər isə bu qeydiyyata formal yanaşaraq tanımadığı, haqqında heç bir məlumatı olmayan  şəxsləri ünvanına qeydiyyata aldırır, araşdırma zamanı məlum olur ki, həmin əcnəbi ümumiyyətlə qeydiyyatda olduğu ünvanda yaşamır. Bəzi hallarda da insanlar qanunvericiliyin bu tələbinə laqeyid yanaşır, əcnəbinin ümumiyyətlə qeydiyyata düşməsini təmin etmirlər. Şübhəsiz ki, məcəllənin tələbi pozulduğuna görə inzibati məsuliyyət yaranır və hər iki tərəfə – həm qonağa, həm də onu qəbul edən fiziki və yaxud hüquqi şəxsə cərimə tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin (İXM) 575.3-cü maddəsində isə Azərbaycan Respublikasında əcnəbiləri və ya vətəndaşlığı olmayan şəxsləri qəbul edən, onlara xidmət göstərilməsini və ya onların işə qəbul olunmasını təmin edən və onların ölkəmizdə olması, yaşaması və ya respublikanın ərazisindən tranzitlə keçməsi şərtlərinə əməl edilməsi ilə əlaqədar vəzifələri yerinə yetirən müəssisə, idarə və ya təşkilatların vəzifəli şəxsləri tərəfindən əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin qeydiyyata alınmasının və qeydiyyatdan çıxarılmasının, onlara Azərbaycanda olma və ya yaşama hüququ verən sənədlərin rəsmiləşdirilməsinin Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş qaydalarının pozulmasına görə - vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir.

İXM-nin 577-ci maddəsinə əsasən isə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə yaşayış sahəsi vermiş Azərbaycan vətəndaşları və ya ölkəmizdə yaşayan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş qaydada onların vaxtında olduğu yer üzrə qeydiyyata alınması və qeydiyyatdan çıxarılması üçün tədbirlər görülməməsinə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə nəzərdə tutulur.

Bu gün DMX Vahid Miqrasiya Məlumat Sistemi vasitəsilə hər bir əcnəbinin və vətəndaşlığı olmayan şəxsin hansı tarixdə ölkəyə daxil olduğuna, harada yaşadığına, işlədiyinə və nə vaxt ölkəni tərk etdiyinə tam nəzarət edir. Amma qanunun tələbinə əməl etməyərək, qeydiyyatsız yaşayıb qanunsuz miqranta çevrilən əcnəbiyə təkcə inzibati xəta törətmiş şəxs kimi baxılması dünyada baş verən hadisələr fonunda mükəmməl yanaşma hesab olunmaya bilər. Çünki burada dövlətin, vətəndaşların, insanların təhlükəsizliyi məsələsi də aktulllaşır.

Qeyd edim ki, DMX səlahiyyətləri çərçivəsində 9 ay ərzində qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində müvafiq tədbirlər həyata keçirib və ümumilikdə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının miqrasiya sahəsində, o cümlədən inzibati qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı 17076 qərar qəbul edilib.

Söz yox bu gün Azərbaycanda təhlükəsizlik tam təmin edilib və sabitlik mövcuddur. Dövlətin müvafiq strukturları öz fəaliyyətlərini çox peşəkarlıqla yerinə yetirirlər. Lakin təkcə xüsusi xidmət, təhlükəsizlik və hüquq mühafizə orqanları yox, həm də hər bir vətəndaş ölkənin təhlükəsizliyi üçün ayıq-sayıq olmalı, ən azı qanunla müəyyən olunmuş, məsələn əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin olduğu yer üzrə qeydiyyata düşməsini təmin etmək və qeydiyyat müddəti başa çatdıqda, yaxud yaşayış yerini dəyişdikdə Dövlət Miqrasiya Xidmətinə məlumat vermək kimi adi bir vəzifəsini layiqincə yerinə yetirməlidir. Bu təqdirdə həm qonağınız, həm də ölkəmiz təhlükəsiz olacaq.

Bilirsiniz ki, cənab Prezidentin ölkəmizdə prioritet sahə kimi müəyyənləşdirdiyi turizmin inkişafı üçün əsaslı işlər görülür. Məsələn, “ASAN viza”nın tətbiqi.

Əlbəttə, DMX bütün bunlarla bağlı öz məsuliyyətini dərk edir. Şübhə yoxdur ki, miqrasiya orqanları əməkdaşları da çalışırlar ki, DMX-nin üzərinə düşən vəzifələri layiqincə yerinə yetirsinlər. Ölkəmizə təşrif buyuran əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin respublikamıza sərbəst şəkildə gəlməsinin və getməsinin təşkili, miqrasiya ilə bağlı məsələlərin operativ həllini təmin etsinlər. 

Firudin Nəbiyev,
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi,
II dərəcəli dövlət miqrasiya xidməti müşaviri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında