Tovuza gələn, yenə gəlmək istəyir

Özəl sərmayənin cəlb edilməsi üçün təkcə mərkəzi icra orqan­ları məsuliyyət daşımırlar, yerli icra orqanları da, mən bunu demişəm, bir daha demək istəyirəm ki, daha fəal olmalıdırlar. Xüsusilə bölgələrdə investisiyaları cəlb etmək üçün icra başçıları gərək fəal olsunlar.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

 

 


 

Bu rayon bilrsiniz ilk baxışda nəyi ilə adamı özünə cəlb edir? Əsrarəngiz təbiəti və bir də yolları ilə. Görəsən elə insan varmı ki, təbiəti sevməsin, ömründə heç olmasa, bircə kərə meşənin sakit bir guşəsinə çəkilməsin, büllur bulağın gözündən süzülən buz kimi suyu “oxayy! deyib başına çəkməsin? Bu baxımdan Tovuz və tovuzluların bəxti gətirib. Təbiəti ilin bütün fəsillərində burada “gəl-gəl” deyir.

Yaxud yollar... Göz işlədikcə uzanıb gedir. Tovuzda hara gedirsən təzə salınmış asfalt yollar çıxır qarşına. Geniş, göz işlədikcə uzanıb gedən yamyaşıl ağacların əhatəsində olan yollar haralara gedib çıxmır. Məsələn, dörd il əvvəl dövlət başçısının iştirakı ilə açılan 51 kilometrlik Tovuz-Qovlar-Ağbaşlar avtomobil yolu qonşu Gədəbəyə kimi uzanır. Bu yoldan həmin rayonun sakinləri də istifadə edirlər. Bütövlükdə, 40 min nəfərin yaşadığı 35 məntəqəni birləşdirir. Strateji əhəmiyyətli bir yoldur.

Bilmirəm nə dərəcədə dəqiqdir, deyirlər yaz-yay ayları adıçəkilən yolla gəlib-gedənlərin sayı əvvəlki illərdən təxminən 10 dəfə çoxdur. Turistlərin ardı-arası kəsilmir. Digər yollar da onun kimi. Kəndarası yolların da hamısı yaxın vaxtlarda öz görkəmini dəyişəcək. Yollar düzəldikcə rayona turist axını da artır. Artıq Tovuzda elə turizm məkanları var ki, öz gözəlliyinə və xidmət səviyyəsinə görə bir sıra Avropa ölkələrində olan yerlərdən heç də geri qalmır. Eyni vaxtda 200-ə yaxın turist qəbul edəcək otel təsərrüfatları və elə turizm məkanlarının özündə turistləri qəbul edəcək 100-dək fərdi ev var. Daha bir otel Xınna dərəsi adlanan yerdə, Zəyəm çayının hövzəsində tikilir.

İnfrastrukturu yaxşı olan yerlərə təkcə turistlər deyil, həm də iş adamları həvəslə gəlir, sərmayə qoymağa həvəs göstərirlər. Nəticədə rayon tədricən inkişaf edir, əhalinin məşğulluğu artır, istehsal olunan məhsullar xarici bazarlara çıxarılır. Tovuzda təkcə bu ilin ötən aylarında xarici bazarlara 20 milyon manata yaxın məhsul çıxarılıb. Amma bu, son hədd deyil. Hazırda 44 hektar sahədə istixana olsa da onun sahəsini yaxın vaxtlarda 100 hektara çatdırmaq nəzərdə tutulur. Buna görə investorlarla gündəlik iş aparılır, qarşıya çıxa biləcək problemlərin aradan qaldırılması üçün icra hakimiyyəti digər müvafiq qurumların köməyi ilə vəziyyəti nizama salır, bir sıra infrastruktur məsələlərini həll edir.

Bəs, Tovuzda özəl sərmayənin qoyuluşu necədir? Rayona investor axınını yaxşılaşdırmaq üçün hansı imkanlardan istifadə olunur? Bu suala cavab almaq üçün Tovuz Rayon İcra Hakimiyyətində həmin sahəyə bilavasitə nəzarət edən şəxslərlə, mütəxəssislərlə görüşdük. Ümumi mənzərə belədir ki, əvvəlki üç ildə vəziyyət istənilən kimi olmasa da 2017-ci ilin əvvəlindən başlayaraq bu sahədə çox ciddi dönüş var. Builki layihənin müxtəlif sahələr üzrə ümumi dəyəri 27 milyon 534 min manatı keçir.Maraqlı və diqqətçəkən məqam odur ki, artıq bu rəqəmin 13 milyon 846 min manatı sərmayə şəklində ortaya qoyulub. Yəni konkret iş də var, iş yerləri də, əldə olunan qazanc da. Daha çox turizm sahəsinə sərmayə yatırılıb ki, bu da yuxarıda qeyd etdiyimiz sahələrə diqqətin artırılması, infrastruktur layihələrin uğurlu icrası il bağlıdır. Turizm üzrə cari ildə nəzərdə tutulan 4 milyon 255 min manatlıq işin artıq 4 milyon manatlığı həyata keçirilib. İş adamı Aqşin Şamıyevin rayonun Yanıqlı kəndində, 3 hektar ərazidə tikdirdiyi üçmərtəbəli “Su səsi” istirahət mərkəzində tamamlama işləri görülür. Xatınlı kəndində başqa bir iş adamı ümumi dəyəri 1 milyon 500 min manatlıq olan şadlıq sarayı tikdirir. Əyyublu kəndində 3 milyon manatlıq, yəni daha böyük bir şadlıq evinin inşası da kəndin həyatında mühüm hadisədir. Burada artıq 2 milyon 500 min manatlıqdan çox iş görülüb.

Rayonda kənd təsərrüfatına yatırılan özəl sərmayənin həcmi hər il artır. Bu il də istisna deyil. İlin əvvəlindən indiyədək 2 milyon manatlıqdan çox sərməyə qoyulub. Bütövlükdə, bu layihənin ümumi dəyəri 7,5 milyon manatı keçir. Sevindirici bir rəqəmdir. İstixanalar,üzüm, meyvə bağları üstünlük təşkil edir. İş adamı var ki, 350-400 min manat vəsait sərf edib istixana yaradıb. Məsələn, Vilayət Qasımovun rayonun Abulbəyli kəndində 13 min 500 kvadratmetrlik istixanası var. Buradan 150 ton məhsul götürməyə hazırlaşır. Elşən Kəmərov 14 min kvadratmetr sahədə yetişdirdiyi istixanadan 160 ton pomidor götürməyi nəzərdə tutub. Aşağı Quşçu kəndində Ələsgər Vəliyev, Vurğun Hüseynov və başqaları üzüm bağları salıblar. Yusif Muradov 15 hektar sahədə əkdiyi 18 mindən çox ağac şitili əkib. Azər Əliyev Alakol kəndində, 2,5 hektar sahədə 3125 ədəd xurma şitili basdırıb. Elə həmin kənddən Seyfəli Məmmədov 1 hektar sahədə fındıq şitili əkib. Mətanət Məmmədova Alakol kəndində 25 hektar sahəyə 31 min 250 ədəd qarışıq şitil basdırıb və bütövlükdə bu işlərə 219 min xərc çəkib.

Rayonda kənd təsərrüfatına ən çox sərməyə yatıranlardan biri də “Tovuz-Aqro” MMC-dir. Ceyrançöl qış otlaq sahəsində 550 hektar 1000 başlıq heyvandarlıq kompleksinin – Aqroparkın inşasına başlanılması Tovuzda böyük maraqla qarşılanıb. Artıq bu günədək 800 min manatlıqdan çox sərmayə yatırılib. Layihənin dəyəri isə 6 milyon manatı keçəcək. Kompleksdə 70 nəfər üçün daimi iş yeri açılacaq.

Yeri gəlmişkən, bir vacib problemə toxunmaq istərdik. Rayonun inzibati ərazisinə aid olan Ceyrançöl qış otlaqlarının ümumi ərazisi 73 min hektara yaxındır. Burada qoyunçuluqla məşğul olan 300-ə qədər fermer var. Sovetlər dönəmində Girzan (indiki Humanlar) – Ceyrançöl qışlaqları – Gürcüstan dövlət sərhədi avtomobil yolu olub. Sonra bu yol balansdan çıxarılmış və ona heç bir texniki xidmət göstərilməmişdir. Nəticədə 28 kilometr uzunluğu olan bir yol istismara tam yararsız bir vəziyyətə düşmüşdür.Yolun “Ençi” adlanan hissəsi, yəni təxminən 1,7 kilometr məsafəsi tez-tez torpaq sürüşməsinə məruz qaldığı üçün qış aylarında nəqliyyatın hərəkəti, demək olar ki, tamamilə dayanır.Bu isə bölgədə heyvandarlığın inkişafına istər-istəməz öz mənfi təsirini göstərir. Nəzərə alınsa ki, yolun Tovuz şəhərindən Humanlar kəndinə qədər olan 18 kilometr hissəsi əsaslı təmir edilib, o zaman həmin layihənin davamı olaraq yuxarıda adı çəkilən yolun təmir olunması tamamilə məqsədəuyğundur və yəqin ki, əlaqədar təşkilatlar bu barədə təcili tədbirlər görəcək.

Başqa bir vacib məsələ rayonun dağətəyi zonasında yerləşən və 4 mindən çox əhalinin yaşadığı Azaflı və Bayramlı kəndlərində suvarma suyunun çatışmaması ilə bağlıdır. Burada yararlı torpaqların ümumi sahəsi 3096 hektar olduğu halda suvarılan sahələr cəmi 1100 hektardır. Ötən əsrin 80-ci illərində bu kəndlərdə yüz hektarlarla üzüm bağı, dənli bitkilər, yonca, katof, çuğundur əkilib, həmişə də bol məhsul götürülüb. Çünki su bol olub.Əsrik çayından götürülən su getdikcə tükəndiyindən adıçəkilən kəndlərin torpaq sahələrindən yalnız təbii biçənək kimi istifadə olunur. Lakin çıxış yolu var. Keçən il istifadəyə verilmiş Tovuzçay Su Anbarından hər iki kəndi əhatə edən suvarma arxlarına məsafə 8,5 kilometr, gölün səviyyəsindən hündürlük isə 280 metrdir.Yəni kəndlərin su ilə təmin olunması mümkündür və bu istiqamətdə işlər də aparılıb, məsələyə mərkəzi icra orqanlarında baxılıb və növbəti illərdə investisiya proqramına daxil edilməsi məqsədəuyğun hesab edilib. Qalır bircə məsələnin maliyyə tərəfi. Ümid etmək olar ki, yaxın vaxtlarda bu kəndlərin sakinləri də torpaqlara sərmayə yatıra biləcəklər.

Tovuzda hər il yeni üzüm bağları salınır. Bu gəlirli sahəyə maraq xeyli artıb. Lakin soyuducu saxlama kameralarının tutumu olduqca azdır. Hətta inişil üzüm sahələrdə tökülüb qaldı, onu başqa yerlərdən gəlib, necə deyərlər, “su qiyməti”nə alıb aparırdılar. Rayonda bir dənə də olsun emal müəssisəsi yoxdur. Halbuki indinin özündə şərab məhsulları istehsal edən və gücü 100 tona qədər azı 10 ədəd mini-şərab zavoduna ehtiyac var.

İstehsaldan söz düşmüşkən, bu sahədə əhalisinin sayı 170 min nəfəri keçən böyük bir rayonda istehsalyönümlü bir dənə də müəssisə yaradılmayıb.Tikintisinə 700 min manatlıq sərmayə qoyulmuş, rayonun Düz Cırdaxan kəndində inşa olunmuş «Azərxalça» ASC-nin filialını nəzərə almasaq, Tovuzda məhsul buraxan müəssisə yoxdur. Bəs vəziyyət niyə belədir?

Suala birbaşa cavab vermək çətindir. İnsafla demək lazımdır ki, rayon rəhbərliyi bu vəziyyəti nizama salmaq üçün qətiyyən gözləmə mövqeyi tutmur. İnvestorları, o cümlədən xarici ölkələrdən olan iş adamlarını rayona cəlb etmək üçün ən müxtəlif üsullardan istifadə olunur. Rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov deyir ki, istər yerli, istərsə də xarici investor olsun, onların istənilən işə cəlb olunmasının ən böyük qarantı cənab Prezidentimizdir. Ölkədəki stabillik, iş adamlarına göstərilən diqqət və qayğı, yaradılan şərait, cənab Prezidentimizin dünyadakı nüfuzu, Azərbaycanın bugünkü mövqeyi imkan verir ki, ölkəmizə, eləcə də bizim rayona sərmayə qoyanların sayı durmadan artsın. Son vaxtlar Tovuzla, onun infrastrukturu, təbii sərvətləri ilə maraqlananların sayı da durmadan artır.

Qeyd edək ki, Tofiq Zeynalovun özünün də uzun illər rayonda rəhbər vəzifələrdə işləməsi, təsərrüfatı dərindən bilməsi, əkinə-torpağa bağlılığı və digər keyfiyyətləri rayona sərməyə qoymaq istəyənlərin sayının tədricən artmasına bilavasitə təsir göstərir.

...Tovuzda emal müəssisələrinin tikilib işə salınması bu gün qarşıda duran ən vacib məsələlərdəndir. Buna rayonda hərtərəfli şərait var. Vaxtilə burada keçmiş İttifaqın da bir çox şəhərlərinə, hətta xarici ölkələrə rəngli sement göndərən zavod olub. 1913-cü ildə tikilmiş və illik istehsal gücü 36 min tona çatan sement zavodu 1982-ci ilə kimi fəaliyyət göstərib. Zavodda 350 nəfər adam işləyib, yüksək ixtisaslı kadrlar olub. İndi niyə olmasın? Sement istehsalı üçün tələb olunan bütün xammal ehtiyatları və infrastruktur Tovuzda var. Zavodun tikilib istifadəyə verilməsi 1000-1200 nəfərin işlə təmin olunmasına imkan yarada bilər və həm də rayona xeyli gəlir gətirər. Bu, respublikada sementə olan tələbatın tam ödənilməsinə, qeyri-neft sektorunun inkişafına istər-istəməz təsir göstərəcəkdir. İnşaat sementi ilə yanaşı, əvvəllər olduğu kimi, rəngli, dekorativ sement də istehsal etmək mümkündür ki, bu da Tovuzda ixrac potensialının artırılmasına böyük təkan ola bilər. Mütəxəssislər rayon icra hakimiyyətinin bir neçə dəfə qaldırdığı bu vacib məsələni yerində öyrənib öz təkliflərini bildirməlidirlər.

Tovuzun daha bir qiymətli təbii sərvəti seolit yataqlarıdır. Aydağ adlanan ərazidə tapılan seolit yatağı Avropada ən böyük yataq hesab olunur. İlk dəfə XIX əsrin ikinci yarısında, dəqiq desək, 1870-ci ildə kəşf olunan yatağın konturları müəyyən olunub, kəşfiyyat işləri başa çatdırılıb, ehtiyatlar hesablanıb və hətta 1993-cü ildə burada Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə “Azərseolit” Elm Sənaye Birliyinin yerli müəssisəsi də yaradılıb. İndi nə bu müəssisədən bir xəbər var, nə də seolit istehsalından. Rayonda bu sahənin işə düşməsi və ilkin mərhələdə təbii seolitin hasilatını və emalını ildə 50 min tona çatdırmaq və 5 il ərzində 150 min tona çatdırmaq mümkündür. Xatırladaq ki, Aydağ yatağının təsdiq olunmuş ehtiyatları 10 milyon ton, proqnoz ehtiyatları isə 28 milyon tondur. Onu da xatırladaq ki, dünya bazarında təbii seolitin bir tonu 120 dollardır. İndi çox yox, ildə cəmi 100 min ton təbii seolit istehsal olunsa görün ölkəyə nə qədər xarici valyuta daxil ola bilər.

Məlumat üçün qeyd edək ki, faydalı qazıntı kimi seolitlər sənayedə və kənd təsərrüfatında geniş istifadə olunur. Onlar neft-kimyada, inşaatda, qazın mayeləşdirilməsində, içməli və texniki suyun təmizlənməsində, torpağın gübrələnməsində, heyvan yeminə əlavə, katalizator və sair kimi istifadə olunur. Azərbaycan alimlərinin əksəriyyəti bütün elmi fəaliyyətlərini seolitlərin öyrənilməsi və tətbiqinə həsr edib. Təəssüf ki, istehsalı qaydaya sala bilməmişik.Bu vacib sahəni dirçəltmək təkcə Tovuzun işi deyil. Burada bir çox qüvvələr səfərbər olunmalıdır. Ümid etmək olar ki, tezliklə ya yerli, ya da xarici investorlar ortaya çıxacaq və çox keçməyəcək ki, Tovuz seoliti “Made in Azerbaijan” brendi ilə dünyanın əksər olkələrinə göndəriləcəkdir.

Qeyd etdk ki, Tovuz daha on-on iki il əvvəlki Tovuz deyil. Uğurla həyata keçirilən infrastruktur layihələri bu rayonun simasını tamamilə dəyişdirmişdir. Bunları ona görə daha qabarıq diqqətə çatdırırıq ki, Tovuzda iş görmək, müəssisə açmaq, torpağı əkib- becərmək, turizm obyektləri yaratmaq üçün hərtərəfli şərait var. Rayon icra hakimiyyəti iş adamlarına daim dəstək olur, müxtəlif müşavirələrdə, fərdi görüşlərdə bu barədə dəfələrlə söhbət açır, konkret işi ilə bunu sübut edir.

Amma bu, o demək deyil ki, Tovuzda bütün problemlər həll olunub. Yox, belə deyil. Məsələn, əsasən dağlıq və dağətəyi ərazilərdə olan 48 yaşayış məntəqəsi hələ də qazlaşdırılmayıb. Bir çox yaşayış məntəqələrində, o cümlədən Qovlar şəhərində, Düzqırıqlı, Əyyublu, Alakol, Köhnəqala, İbrahimhacılı, Yuxarı və Aşağı Öysüzlü, Xatınlı və sair kəndlərdə, bütövlükdə 90 min nəfər əhalinin içməli su təminatının yaxşılaşdırılması üçün daşıyıcı və su kəmərlərinin üzərində iri tutumlu su anbarlarının tikintisi çox vacibdir. Zəyəmçaydan, Tovuzçaydan alınan su bu kəndlərə yeni həyat verəcəkdir.Müəyyən yerlərdə ilin bütün fəsillərində kifayət qədər suyu olan bulaqlar var. Lakin ərazidə yaşayan sakinlərin əksəriyyəti özbaşına, fərdi qaydada borularla özlərinə su xətti çəkib. Halbuki həmin bulaqların yaxınlığında kiçik həcmli su anbarları tikməklə həm ətraf mühiti mühafizə etmək olar, həm də yerli əhalini içməli su ilə təmin etmək mümkün olar.

Bəzi məktəb binaları və səhiyyə ocaqlarının əsaslı təmirə və ya yenidən tikilməsinə ehtiyac var.Vətəndaşların fərdi mənzil tikintisi aparmaq üçün torpaq sahələri çatışmır. Bəzi yerlərdə sakinlər pay torpaqlarında fərdi evlər tikməyə meyil edirlər ki, bu da yolverilməzdir.

Qeyd etdiyimiz məsələlər rayon rəhbərliyini daim düşündürür və bu sahədə konkret təkliflər var, əlaqədar nazirlik və baş idarələrlə birgə layihələr işlənilir. Yəqin ki, yaxın vaxtlarda bu problemlər də həll olunacaqdır.

Tovuz ilin bütün fəsillərində gözəldir. Ölkə Prezidentinin birbaşa diqqət və qayğısı nəticəsində rayon özünün inkişaf dövrünü yaşayır. Düşmənlə uzun bir məsafədə sərhədi olmasına və daim atəşə tutulmasına, başqa sözlə, müharibə şəraitində olmasına baxmayaraq inkişafdan geri qalmayıb və bölgənin gözəl rayonlarından birinə çevrilib. Ona görə də Tovuza gələn, bu yerlərin gözəlliyini görən, şəraitlə tanış olan geri dönmək istəmir. Bəli, Tovuza gəlin, peşman olmazsınız!

Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında