Onun tədqiqatları elmi-nəzəri səviyyəsi və aktuallığı ilə seçilirdi

İnsan ömrü açılmamış bir kitabdır. Onun hər bir vərəqi yaşanan ömrün ayrı-ayrı anlarını özündə əks etdirir. Yüksək elmli, zəkalı insanlar isə tarixən cəmiyyətin inkişafında, millətin formalaşmasında və yeni nəslin tərbiyəsində mühüm rol oynayırlar və ona görə də hamı tərəfindən sevilir, yaddaşlara əbədi həkk olunurlar. Belə şəxsiyyətlər yüksək zirvəni qeyri-adi əməksevərlikləri, intəhasız ürək genişliyi, fitri istedadları, nadir bilik və qabiliyyətləri sayəsində fəth edirlər. Onlara insanlığın zirvəsi, bitib-tükənməyən örnək məktəbi desək, yanılmarıq.

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar elm xadimi, iqtisad elmləri doktoru, professor Aqil Əlirza oğlu Əliyev əsl elm fədaisi idi. Bu gün görkəmli alimin elmdə açdığı yolla gedənlərin, onun irsindən bəhrələnənlərin sayı durmadan artır.

Aqil Əliyev ömrünün bütün dönəmlərində öz nüfuzunu, böyüklüyünü qoruyub saxlayan şəxsiyyət idi. Azərbaycan xalqının keçdiyi qəhrəmanlıq və rəşadət yolu bu böyük alim üçün iftixar mənbəyi, faciələri isə ələm və kədərlə yoğrulmuş iztirablı düşüncələr idi. Onun bütün fəaliyyəti xeyirxah niyyətə köklənmişdi. Aqil Əliyevin xidmətləri yetirmələrinə təkcə savad öyrətməkdən ibarət deyildi, həm də onlara öz yaşayışlarını yeni tərzdə, elmi biliklər əsasında qurmağı, müasirləşdirməyi öyrədirdi.

Görkəmli alim sıravi müəllimlikdən AMEA-nın müxbir üzvlüyünə qədər yüksəlmiş, respublikanın fəxri adlarına layiq görülmüş, elmi fəaliyyətinə ölkə rəhbərliyi tərəfindən yüksək qiymət verilmişdir. Uzun müddət Azərbaycan Tibb İnstitutunun (hazırda Azərbaycan Tibb Universiteti) siyasi iqtisad kafedrasına rəhbərlik etmiş bu alim, tədris işinin təkmilləşdirilməsində böyük işlər görmüş və elmi-tədqiqatların gücləndirilməsində misilsiz xidmətlər göstərmişdir. O, ilk dəfə səhiyyənin iqtisadi problemlərini tədqiq etmişdir.

Aqil Əliyev 1996-cı ildən Beynəlxalq Ekoenerji Akademiyasının “Azərbaycan” bölməsinin akademiki idi. 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir, 2003-cü ildə Beynəlxalq Menecment Akademiyasının həqiqi üzvü seçilmişdir.

Görkəmli alim fədakar əməyinə, elmi və pedoqoji fəaliyyətinə görə 1976-cı ildə “Qırmızı Əmək Bayrağı” ordeni, 1982-ci ildə “Əməkdar elm xadimi” fəxri adına, 2000-ci ildə “Şöhrət” ordeninə və digər ali mükafatlara layiq görülmüşdür. 2006-cı ildə Beynəlxalq İqtisadçılar İttifaqının üzvü seçilmişdir.

Aqil Əliyev ömrünün ən məhsuldar illərini Azərbaycan Tibb Universiteti ilə bağlamış, burada respublikanın həkimlər ordusunun yetişdirilməsində yaxından iştirak etmiş, tibbi kadrların hazırlanmasında mühüm xidmətlər göstərmişdir. Nəcib və xeyirxah insan kimi, o, bu təhsil ocağının professor-müəllim və tələbə heyətinin rəğbətini qazanmışdır.

Görkəmli alimin 200-ə qədər elmi əsəri, o cümlədən 30-dan artıq monoqrafiya və dərslikləri işıq üzü görmüşdür. Onun kitabları və monoqrafiyaları, elmi-tədqiqat işlərinin nəticələri ölkə elminə bir sıra yeniliklər gətirmişdir. Professor hələ XX əsrin 70-ci illərində respublika əhalisinin sosial vəziyyətinin yaxşılaşdırılmasını, xalq istehlakının artırılmasının zəruriliyini, məhsul və xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasını öz tədqiqatlarında ön plana çəkmiş və dəyərli təkliflər irəli sürmüşdür.

Aqil Əliyevin respublika əhalisinin sosial vəziyyətinin yaxşılaşdırılmasına həsr olunmuş və müxtəlif dillərdə nəşr edilmiş monoqrafiyaları elmi ictimaiyyətdə böyük maraq doğurmuş, şəxsi istehlakın inkişafı problemləri öyrənilmiş, istehsalla istehlak arasında qarşılıqlı əlaqə dərindən tədqiq edilmişdir. Zəngin statistikaya, konkret materiallara əsaslanan müəllif, burada əhalinin həyat səviyyəsinin yüksəldilməsi imkanlarını aşkarlamış, maliyyə və təchizat tənzimlənməsi problemlərinə xüsusi diqqət yetirmişdir.

Alim iqtisadi inkişafla əhalinin gəlirləri arasındakı əlaqələri təhlil edərək, elmi və praktiki əhəmiyyətə malik digər nəticələr əldə etmişdir. Bütün bunlar isə elə indinin özündə də sosial sahələrin inkişafını, istehlakın yaxşılaşdırılmasını, onun strukturunun təkmilləşdirilməsini düzgün istiqamətləndirməyə kömək edir.

Aqil Əliyev tədqiqatlarının orijinallığına görə də fərqlənən alimlərdən olmuşdur. O, ilk dəfə olaraq respublikada səhiyyənin iqtisadi problemlərini tədqiq etmiş, bu sahənin inkişafının ictimai istehsalla uzlaşdırılması və səmərəliliyinin artırılması, onun qalıq prinsipi əsasında maliyyələşdirilməsindən imtina edilməsi və dövlət büdcəsinin sosialyönümlü olması fikrini irəli sürmüşdür.

Professor A.Əliyev Azərbaycanda bir sıra elmi proqramların işlənib hazırlanmasında iştirak etmiş, Əhalinin sağlamlığının qorunması komissiyasının sədri olmuşdur. Görkəmli alim respublikada məhsuldar qüvvələrin səmərəli yerləşdirilməsi sxeminin müəlliflərindən biri idi. Onun apardığı tədqiqatlar xaricdə, xüsusilə, MDB məkanında tanınır və yüksək qiymətləndirilirdi. Çexiya, Slovakiya, Moskva, Sankt-Peterburq alimləri öz məqalələrində məhz Aqil Əliyevin əsərlərinə istinad edirlər. O, respublikada və dünyanın bir çox ölkələrində keçirilən möhtəşəm elmi simpoziumlarda və konfranslarda maraqlı məruzələrlə çıxış etmişdir.

Alimin “Azərbaycanda bazar münasibətlərinə keçid şəraitində əhalinin müdafiəsi problemləri”, “Azərbaycan ərzaq təhlükəsizliyinin təmin edilməsi yollarında” əsərləri Almaniyada və İngiltərədə nəşr edilmişdir.

Aqil Əliyev Azərbaycanda həyata keçirilən demokratik dövlət quruculuğu prosesində ictimai xadim kimi də fəal iştirak etmiş, əsl ziyalı və vətəndaş məsuliyyəti ilə bu proseslərə öz münasibətini bildirmiş və elmi araşdırmaları ilə ölkəyə sanballı töhfələrini vermişdir. Onun elmi tədqiqatları bir sıra proqramların hazırlanmasında, sosial sahələrin islahatında və uğurlu nəticələrin əldə olunmasında mühüm rol oynamışdır.

Alimin orijinallığına və əhəmiyyətinə görə böyük maraq doğuran “Azərbaycanın sosial inkişafında islahatların rolu” əsəri Təhsil Nazirliyi tərəfindən dəyərli dərs vəsaiti kimi təsdiq edilmişdir. Eyni sözləri professorun “Azərbaycanda bazar münasibətləri şəraitində əhalinin sosial problemləri” əsəri barədə də demək olar. Bundan başqa, alimin “Azərbaycanın sosial-iqtisadi inkişafında islahatların rolu”, “İpək yolunun bərpası – bəşəriyyətin tərəqqi yoludur”, “Naxçıvan Muxtar Respublikası: nailiyyətlər və problemlər” adlı monoqrafiyalarında keçid dövründə reallaşdırılan islahatların verdiyi bəhrələr ümumiləşdirilmiş və elmi-praktik əhəmiyyətli nəticələr çıxarılmışdır. Bütün bunlar da Aqil Əliyevin dərin iqtisadi təfəkküründən və böyük novatorluğundan xəbər verirdi. Onun “Azərbaycanda əhalinin həyat səviyyəsinin yüksəldilməsinin aktual problemləri” adlı monoqrafiyası isə elmi sanbalı və zənginliyi baxımından xüsusi vurğulanmalıdır.

Təkcə bazar iqtisadiyyatına keçid şəraitində Aqil müəllimin 80 elmi əsəri çap olunmuşdur ki, onlardan “Menecment”, “İnvestisiya və innovasiya” adlı kitablarını xüsusi vurğulamaq lazımdır. Burada bazar iqtisadiyyatı şəraitində ölkədə aparılan iqtisadi islahatlar nəticəsində keyfiyyət dəyişikliklərinin əldə olunması, investisiya və innovasiyaların iqtisadiyyatın bütün sahələrində tətbiqinin ölkədə iqtisadi artımın sürətlənməsinə və əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına təsiri məsələləri araşdırılmışdır.

Görkəmli alimin əsas elmi nailiyyətləri sosial-iqtisadi problemlər, bilavasitə əhalinin həyat səviyyəsinin yüksəldilməsi, şəhər və kənd əhalisinin bir-birinə yaxınlaşması, bazar iqtisadiyyatı şəraitində iqtisadi nəzəriyyə, ərzaq, şəxsi istehlak, təchizat, səhiyyənin iqtisadi problemlərinin tədqiqi və s. ilə bağlı idi.

Respublikada fəaliyyət göstərən müdafiə şuralarının üzvü olan Aqil Əliyev yüksək ixtisaslı elmi kadrların hazırlanmasında da fəal iştirak edirdi. Onun rəhbərliyi altında 4 iqtisad elmləri doktoru və 6 elmlər namizədi hazırlanmış, yüzlərlə müdafiə işinin opponenti olmuşdur. İndi bu kadrların çoxu iqtisadiyyatın müxtəlif sahələrində rəhbər və pedaqoji işlərdə çalışırlar. Aqil müəllim öz yetirmələrinə qayğı və hörmətlə, həm də böyük tələbkarlıqla yanaşırdı. Ona görə də alimin rəhbərliyi ilə müdafiə olunmuş dissertasiyalar yüksək elmi-nəzəri səviyyəsi və praktiki əhəmiyyəti ilə seçilirdi.

Səsindəki hərarət, fikirlərinin düzülüşündəki məntiqi ardıcıllıq, konkretliyə güclü meyil, mürəkkəb mətləbləri sadə və anlaşıqlı bir tərzdə şərh edə bilmək bacarığı onun yüksək natiqlik məharətindən irəli gəlirdi. Aqil Əliyev görkəmli alim olmaqla yanaşı, həm də təcrübəli pedaqoq idi. Elmi diskussiyalarda prinsipial və kəskin mövqeyi ilə həmişə seçilirdi. Tələbələrini elmli və savadlı görmək onun yeganə idealı idi. Aqil müəllimin yetirmələri həmişə xeyirxah rəhbərlərinin qayğısını öz üzərlərində hiss etmişlər.

Aqil Əliyevin yetirmə-lərinin sırasına daxil olmaq bizə də nəsib olmuşdur. Görkəmli və müdrik alimin rəhbərliyi ilə doktorluq işinin yazılmasında və müdafiəsində onun dəyərli elmi məsləhətlərindən həmişə bəhrələnmişik.

Aqil Əliyev böyük iqtisadçı alim, mahir pedaqoq olmaqla yanaşı, həm də gözəl və qayğıkeş insan idi. Belə ki, o, imkansızlara həmişə yardım etmiş, gənclərin təhsil almasına, əməkdaşlıq etdiyi qələm dostlarına, istedadlı uşaqlara, xüsusilə idmançılara böyük mənəvi və maddi kömək göstərmiş, onların himayədarı olmuşdur. O, yaxşılıq etməyi özünə mənəvi borc bilirdi. İnsanlara əl uzatmaq, çətin məqamlarda onlara kömək etmək alimin əsas amalı idi. Aqil müəllim aydın və işıqlı bir şəxsiyyət idi. Onun adamlara bəxş etdiyi işıq bu insanın mənəvi paklığından, intellektinin möhkəmliyindən, əsl ziyalılığından irəli gəlirdi. Onun sağlam ziyalı mövqeyi hər yerdə bilinirdi. Yığıncaqlarda çıxışları xüsusi əhval-ruhiyyə yaradırdı. Bütün bunlar onun yetirmələri üçün həmişə örnək olaraq qalır.

Aqil Əliyevin həyat və tale kitabını vərəqlədikcə onun nəcib bir insan, görkəmli alim, mahir pedaqoq, həm də elini, yurdunu dərin məhəbbətlə sevən, özündə Vətən və xalq dərdi yaşadan bir şəxsiyyət olduğunu görürük.

Hazırda elmin müəyyən zirvələrinə çatmış alim kimi biz – onun yetirmələri, üzərimizdə bu fədakar insanın böyük əməyini hiss edirik. Görkəmli alimin bütün keyfiyyətləri hər zaman gənclərin elmi işlərə cəlb olunması və onların əsl tədqiqatçı, ən əsası isə şəxsiyyət kimi yetişməsi üçün mühüm amil olmuşdur.

Aqil Əliyev xatirələrdə əbədi yaşamaq qüdrətinə malik şəxsiyyətdir.  

Natiq QASIMOV,
iqtisad elmləri doktoru, professor         
Rəna SULTANOVA,
iqtisad elmləri doktoru, professor   


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında