İmişli ölkəmizin böyük kənd təsərrüfatı və sənaye potensialına malik olan rayonlarından biridir. Azərbaycan dövlətinin regionların sosial-iqtisadi inkişafını sürətləndirmək istiqamətində həyata keçirdiyi dövlət proqramları, digər uğurlu tədbirlər başqa rayonlar kimi, İmişlinin də sürətli inkişafı üçün geniş imkanlar açıb.
Son illər İmişli rayonunun sosial-iqtisadi həyatında davamlı uğurlar əldə olunur. İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev hesab edir ki, bu uğurlar, ilk növbədə, Azərbaycan dövlətinin, şəxsən ölkə Prezidenti möhtərəm İlham Əliyevin regionların inkişafına göstərdiyi böyük diqqət və qayğı nəticəsində mümkün olub.
Qeyd etmək lazımdır ki, 2017-ci il ərzində İmişli rayonunun sosial-iqtisadi inkişafında yaxşı nəticələr əldə olunmuşdur. Rayonda iqtisаdiyyаtın əsаs sаhələri üzrə 402 milyon mаnаtlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir. Məhsul istehsalının 204 milyon manatı sənaye, 86 milyon manatı kənd təsərrüfаtı, 51 milyon mаnаtı tikinti, 55 milyon mаnаtı ticаrət və iаşə, qalanı nəqliyyat, rаbitə müəssisələrinin payına düşür.
Göründüyü kimi, rayon iqtisadiyyatında əsas yeri sənaye və kənd təsərrüfatı məhsullarının istehsalı tutur. Bu sahələrin daha sürətli inkişafı üçün yeni investisiyaların cəlb olunması vacibdir. Yalnız bu yolla istehsal prosesini modernləşdirmək, əmək məhsuldarlığını daha da yüksəltmək mümkündür. Bu istiqamətdə rayonda aparılan işlər artıq öz bəhrəsini verməkdədir.
Reallıq budur ki, İmişli rayonunun iqtisadiyyatına investisiya qoyuluşu dinamik surətdə artır. 2017-ci ilin doqquz ayında iqtisadiyyatın əsas sahələrinin inkişafına 57 milyon manatdan çox investisiya qoyulmuşdur. Bu vəsaitin 17 milyon manatı sənaye sahəsinə, 26 milyon manatı kənd təsərrüfatının inkişafına, 17 milyon manatı enerji və su təchizatının yaxşılaşdırılmasına, qalanı ticarət və xidmətə, yeni yaşayış evlərinin tikintisinə və digər sahələrə sərf edilmişdir.
İmişli rayonunda iqtisadiyyatın əsas sahələrinə investisiyaların qoyulması ilə bağlı xarici və daxili investorların cəlb edilməsi istiqamətində mühüm işlər görülmüşdür. Belə ki, Rusiya Federasiyasının Arxangelsk vilayətinin qubernatorunun dəvətilə bu ilin may ayında İmişli Rayon İcra Hakimiyyətinin başçısı və nümayəndə heyəti kiçik və orta sahibkarlığın inkişafına dair Arxangelsk şəhərində keçirilən forumda iştirak etmişdir. Nümayəndə heyətinin tədbirdə iştirakının əsas məqsədi Rusiya Federasiyasının və Azərbaycan Respublikasının regionları arasında sosial-iqtisadi, humanitar, ticarət əlaqələrinin genişləndirilməsi, həmçinin hər iki tərəfin kiçik və orta sahibkarlıq subyektlərinin regionlara investisiya qoyulmasına cəlb edilməsi olmuşdur.
Görülən tədbirlərin nəticəsi budur ki, İmişlinin investisiya reytinqi yüksəlmişdir. Konkret misal çəkmək olar. İqtisadi İslahatlar və Kommunikasiya Mərkəzi tərəfindən hazırlanmış “2016-2017-ci illər üzrə Regionların İnvestisiya Reytinqi” cədvəlində Bakı və Naxçıvan şəhəri daxil olmaqla, 63 rayon və şəhər arasında İmişli rayonu 2016-cı ildə 13-cü, 2017-ci ildə isə 9-cu yerdə olmuşdur.
İmişlinin, əsasən, aqrar rayonu olmasına baxmayaraq, bu gün sənaye məhsullarının xüsusi çəkisi ümumi məhsul buraxılışında üstünlük təşkil edir. Son illər rayonda emal sənayesinin inkişafı üçün bir sıra işlər görülmüşdür. Belə ki “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC-nin kəllə qənd, qarışıq yem, bitki yağları, spirt emalı, çuğundur yem qurutma zavodları, Bəhrəmtəpə qəsəbəsində 50 min tonluq taxıl anbarı, Qaragüvəndikli kəndində damazlıq yumurta istehsal edən “Araz Damazlıq quşçuluq” MMC, İmişli Brolyer və “Araz” konservləşdirilmiş şirələr və konyak zavodları fəaliyyət göstərir. 2017-ci ilin 9 ayında ilkin məlumatlara əsasən, 203 milyon manatlıq sənaye məhsulu istehsal edilmişdir. İstehsal olunan sənaye məhsullarının 94 faizi qeyri-dövlət sektorunun payına düşür.
Kənd təsərrüfаtı məhsullаrının istеhsаlı da yüksələn xətlə artır. Ölkəmizdə aqrar islahatların uğurla həyata keçirilməsi nəticəsində rayonda kənd təsərrüfatı davamlı olaraq inkişaf etmişdir. Son illərdə olduğu kimi, pambıq, taxıl, çuğundur əsas bitkiçilik sahəsi kimi qalmaqdadır. Aqrar sektorun bütün sahələrində məhsul artımı baş vermişdir.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev ölkəmizdə pambıqçılığın inkişafı ilə bağlı müvafiq tapşırıqlar vermişdir. Məlumat üçün bildirək ki, bu il İmişli rayonunda 15641 hektar torpaq sahəsində pambıq əkini işləri aparılmış və 3 dekabr tarixinə 13 min ton xam pambıq tədarük edilmişdir. Rayonda pambıq yığımı uğurla davam edir. Məqsəd məhsulu son qozasınadək toplayıb emal müəssisələrinə təhvil verməkdir.
2017-ci ilin 9 ayında heyvandarlıq və quşçuluq sahələrinin inkişafı təmin edilmiş, rayon üzrə mal-qaranın sayı 93,662 baş, qoyunların sayı 249642 baş, quşların sayı isə 1036039 baş olmuşdur. Ət istehsalı (diri çəkidə) 5233 ton, süd istehsalı 37166,8 ton, yumurta istehsalı isə 27329 min ədəd olmuşdur. 2017-ci ilin 9 ayı ərzində 11482 hektar sahədə buğda, 4838 hektar sahədə arpa, 237 hektar sahədə kartof, 340 hektar sahədə bostan, 199 hektar sahədə tərəvəz, 175 hektar sahədə dən qarğıdalı, 485 hektar sahədə isə şəkər çuğunduru əkilmişdir. İlin bütün fəsillərində əhalini təzə tərəvəz məhsulları ilə təmin etmək üçün müasir istixana təsərrüfatlarının yaradılması istiqamətində də müvafiq işlər həyata keçirilmişdir.
Burada bir məqamı vurğulamaq yerinə düşər. Azərbaycan Respublikasında “Kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq İmişli rayonunun inzibati ərazisində yerləşən qış otlaq sahələrindən 10211 hektar torpaq sahəsi Nazirlər Kabinetinin qərarı ilə təyinatı dəyişdirilərək əkin dövriyyəsinə cəlb edilmişdir. 6000 hektar qış otlaq sahəsinin isə təyinatının dəyişdirilməsi üzrə sənədləşmə işləri aparılır.
Əkinçilik üçün müəyyən edilmiş torpaq sahələrinin suvarma suyu ilə təmin edilməsinə xidmət edən kanalların lildən təmizlənməsi və genişləndirilməsi işləri mütəmadi olaraq davam etdirilir. Rayon ərazisində suvarma sahəsində daha çox əhəmiyyət daşıyan “Boztəpə”, Osmankanal”, “Qızılarx” və “Xəkiarx” adlanan kanallarda təmizləmə işləri əsasən başa çatmışdır.
Rayonda aparılan abadlıq və quruculuq işləri geniş vüsət alır. Xidməti vəzifəmlə əlaqədar olaraq İmişlidə tez-tez olur, burada baş verən yeniliklər barədə qəzetimizin oxucularını mütəmadi məlumatlandırmağa çalışıram. Hər dəfə İmişliyə gələndə rayon mərkəzində və kəndlərdə aparılan abadlıq-quruculuq işlərinin miqyası və keyfiyyəti məni çox sevindirir. Təbii ki, görüb müşahidə etdiklərimi yazılarımda təsvir etməyə çalışıram.
Son illər İmişlidə məni ən çox sevindirən işlərdən biri burada yol tikintisinə xüsusi qayğı ilə yanaşılmasıdır. Hazırda 23 kilometrlik İmişli-Otuziki-Qaraqaşlı avtomobil yolunda əsaslı təmir işləri aparılır. Bundan əlavə şəhərin M.Müşfiq, M.Quliyev, C.Quliyev, Xiyabani, E.İbrahimov, X.Bəylərov, Q.Nəbi və T.İsmayılov küçələrində ümumi uzunluğu 5646 metr məsafədə asfalt qoyulmuşdur. Şəhərin Heydər Əliyev prospektində və parkında, Bayraq Meydanı ətrafında, Z.Əliyeva küçəsində isə 598 min manatlıq müvafiq abadlıq işləri aparılmışdır.
Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İmişli şəhərində 6 mərtəbəli 54 mənzilli ictimai yaşayış binasında tikinti işləri tamamlanmaq üzrədir.
“Azərişıq” ASC-nin İmişli rayonu Elektrik Şəbəkəsinin və İmişli rayon Məhkəməsinin inzibati binalarının tikintisi başa çatmış, “ASAN” Xidmət Mərkəzinin inzibati binasının tikintisi davam etdirilir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsi üçün binanın tikintisi nəzərdə tutulmuşdur.
Regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarının icrasına başlanan dövrdən bu günə qədər olan müddətdə İmişli rayonunda 25609 yeni iş yeri yaradılmışdır. 2017-ci ilin 9 ayında 2381 yeni iş yeri açılmışdır ki, bunun da 1083-ü daimi, 1298-i isə müvəqqəti iş yerləridir. 827 ailənin 3124 nəfər üzvünə ünvanlı sosial yardım verilmişdir.
Əhаlinin еlеktrik еnеrjisi, qаz və içməli su ilə təminаtı yaxşılaşmışdır. 2017-cı ilin 9 ayı ərzində istehlakçıların fasiləsiz və etibarlı elektrik enerjisi təchizatının yaxşılaşdırılması məqsədi ilə 10 və 0,4 kilovotluq xətlərdə yenidənqurma işləri aparılmış, mövcud istismar müddətini başa vurmuş dayaq və naqillər yenisi ilə əvəz edilmiş, yeni güc mərkəzləri yaradılmışdır. Bu müddətdə 240 ədəd müxtəlif güclü 10/0,4 kilovoltluq transformator cari, 85 ədəd trasformator yarımstansiyası əsaslı təmir edilərək əhalinin istifadəsinə verilmişdir. Rayon ərazisində yararsız hava elektrik naqillərinin və dayaqlarının dəyişdirilməsində müvafiq işlər aparılmışdır. Belə ki, rayonun Mirili, Qaravəlli, Qızılkənd, Qulubəyli, Xəlfəli, Xubyarlı, Çaxırlı və Oruclu kəndlərində həyətyanı sahələrdən açıq naqillərlə keçən hava xətləri ilə həyətyanı sahələrdən çıxarılaraq yol kənarı ilə kabel xətləri yenidən çəkilmişdir. Hazırda Rəsullu, Şahverdili, Yalavac, Məhəmmədli, Otuziki və Göbəktala kəndlərində 10 və 0,4 kilovotluq şəbəkələrdə yenidənqurma işləri aparılır. İmişli Elektrik şəbəkəsində enerji təchizatında problemlərin olduğu ərazilərdə 4 ədəd yeni transformator quraşdırılmışdır.
Regional Qaz İstismarı İdarəsinin İmişli Xidmət sahəsi tərəfindən rayonda 2017-ci ilin 9 ayında 6072 yeni fərdi ev, 12 qeyri-əhali sektorunu təmsil edən obyekt qazlaşdırılaraq istismara təhvil verilmişdir. Beləliklə, 2017-ci il oktyabrın 1-nə təbii qaz istehlakçılarının əhali sektoru üzrə ümumi sayı 24467 nəfər təşkil etmişdir. Rayonun 36 yaşayış məntəqəsinin tam qazlaşdırılması təmin edilmiş, Çahar, Gövhərli, Xubyarlı, Məzrəli, Çaxırlı, Mirili, Qaravəlili kəndlərində isə qaz çəkilişi işləri başa çatdırılaraq əhalinin istifadəsinə verilmişdir. Bundan əlavə, şəhərin bir neçə küçəsində fərdi qaztəmizləyici, siyirtmə və ŞQTM quraşdırılmış, qaz xətlərində təmir işləri aparılmışdır.
Kəndlərin su təchizatını yaxşılaşdırmaq, əhalini ekoloji cəhətdən təmiz içməli su ilə təmin etmək məqsədilə hazırda rayonun 38 kəndində modul tipli sutəmizləyici qurğular quraşdırılmışdır. Rayonun Murğuzalılı, Mürsəlli, Ağcüyür və Gövhərli kəndlərində isə modul tipli su təmizləyici qurğularının quraşdırılması məqsədilə torpaq sahələri ayrılmışdır. Yaxın zamanlarda tikintisinə başlanılacaqdır. Bununla yanaşı, əhalinin içməli su təminatının yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 17 mart 2017-ci il tarixli 2754 saylı sərəncamı ilə rayonun Rəsullu, Məhəmmədli, Göbəktala və Şahverdili kəndləri ərazisində bulaq tipli su dirəkləri quraşdırılaraq, su xətləri çəkilmişdir. İmişli şəhərinin bütün küçə və məhəllələri içməli su ilə təmin olunmuşdur. Bundan əlavə, Yeni Bəhrəmtəpə qəsəbəsində məskunlaşan məcburi köçkün və qaçqın ailələri üçün inşa edilmiş 550 fərdi yaşayış evində mexaniki su sayğacı quraşdırılmış və abonentlərin istifadəsinə verilmişdir.
İmişlidə təhsilin inkişafına xüsusi qayğı ilə yanaşılır. Hazırda rayonda 57 tam orta, 3 ümumi orta, 2 ibtidai, 1 peşə təhsil müəssisəsi, 4 məktəbdənkənar, 15 dövlət və 1 özəl olmaqla 16 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Son 10 ildə rayonun ümumtəhsil məktəblərinin maddi-texniki bazası yüksək səviyyədə yaxşılaşmış, 40-a yaxın məktəbin binası yenidən inşa edilmiş, yaxud əsaslı təmir olunmuşdur. İmişli şəhər 7 saylı, Yalavac, Məmmədli, Qulubəyli kənd tam orta məktəblərinin və Qaradonlu kənd uşaq bağçası-körpələr evinin əsaslı təmir edilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə müraciət edilmişdir.
İmişlidə səhiyyə sahəsinin inkişafı da daimi diqqət və qayğı ilə əhatə olunub. Rayonda 9 xəstəxana, 12 həkim məntəqəsi, 29 tibb məntəqəsi və 1 poliklinika, 2 gigiyena və epidemiologiya mərkəzi, 1 taun əleyhinə şöbə fəaliyyət göstərir ki, həmin müəssisələrdə də 80 nəfər həkim və 342 nəfər orta ixtisaslı tibb işçisi çalışır. Hazırda rayonun səhiyyə müəssisələrində ayrı-ayrı ixtisaslar üzrə 76 nəfər həkimə ciddi tələbat vardır. 2017-ci ilin 9 ayı ərzində əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması və səhiyyə obyektlərinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində rayonda müəyyən işlər görülmüşdür. Əhalinin müayinəsi üçün 9 həkim briqadası yaradılmış, həmin briqadalar vaxtaşırı ucqar kəndlərə göndərilərək tibbi müayinələr aparmış, ehtiyacı olanları müalicəyə cəlb etmişlər. Yoluxucu xəstəliklərlə mübarizə daim nəzarətdə saxlanılmış, bu sahədə müvafiq tədbirlər həyata keçirilmişdir.
Rayonda şəkərli diabet xəstələri vaxtaşırı dərmanla təmin edilmişlər. Həmçinin imtiyazlı təbəqədən olan xəstələrin dərman preparatları ilə təminatı daim diqqət mərkəzində saxlanılmış və onlar Səhiyyə Nazirliyi tərəfindən verilmiş dərman və sarğı materialları ilə təmin edilmişlər.
Səhiyyə Nazirliyinin təqvim planına uyğun olaraq, mərkəzi rayon xəstəxanasının dializ şöbəsində hazırda 47 xəstə müalicə alır. Mərkəzi rayon xəstəxanasının ağciyər xəstəlikləri şöbəsi tam təmir olunmuş, Gövhərli tibb məntəqəsi isə tikilib əhalinin istifadəsinə verilmişdir.
Bəli, 2017-ci ilin əvvəlindən bu günə qədər rayonda iqtisаdiyyаtın bir çox sаhələrinin inkişafı təmin edilmiş, İmişli şəhərində abadlıq-qurucluq işləri həyata keçirilmiş, qarşıya qoyulan vəzifələrin icrаsı istiqаmətində yaxşı nəticələr əldə olunmuşdur. Lakin imişlililər əldə olunan uğurlarla kifayətlənmək fikrində deyillər. Onlar yeni uğurlar, yeni yüksək nəticələr qazanmaq əzmindədirlər.
İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev dərin inam hissi ilə bildirdi ki, rayon rəhbərliyi bundan sonra da ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, möhtərəm Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin öhdəsindən ləyaqətlə gəlməyə çalışacaq, dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadiyyatın gücləndirilməsi istiqamətində bütün qüvvələri səfərbər edəcək.
Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin
bölgə müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.