“Hər el doğma ocaqdır”

Xətai rayon məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyasına bu devizlə çıxdılar

Ölkənin keçmişini, tarixini, qəhrəmanlarını, görkəmli şəxsiyyətlərini tanımadan, eli-obanı gəzib hər daşını, qayasını görmədən, tarixi abidələrini, adət-ənənəsini bilmədən onu necə sevmək olar? Bəlkə elə ona görədir ki, bu dəyərlərdən xəbərsiz olan bir çox insanlar üçün Vətən sevgisi bəzən abstrakt bir məfhuma çevrilərək elə ciddi bir əhəmiyyət kəsb eləmir. Bəlkə elə ona görədir ki, öz doğma şəhərindən, qəsəbələrindən, kəndlərindən başqa bir yeri görməyən insanlar Vətənin nə qədər möhtəşəm bir varlıq olduğunu çətin dərk edirlər.

Dörd il əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin tövsiyəsinə əsasən respublikanın ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinin “Ölkəmizi tanıyaq” devizi altında müxtəlif bölgələrə maarifləndirici tur-aksiyasına start veriləndə də qarşıya qoyulan əsas məram gələcəyimiz olan uşaqlara Vətənimizi tanıdaraq sevdirmək idi. Prezident Adminstrasiyasının təşkilatçılığı ilə həyata keçirilən və orta məktəblərdə tətil mövsümlərinə düşən bu tur-aksiyalar artıq elə bir ənənəyə çevrilib ki, indi uşaqlar onu böyük maraqla gözləyirlər.

Xətai rayonunda da bu tur-aksiyalara xüsusi bir təmtəraqla hazırlaşırlar. Rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov gərgin iş qrafikinə baxmayaraq, tur-aksiyaların bütün təşkilatı işlərini şəxsən özü nəzarətdə saxlayır.

Bu tətil də istisna olmadı. İlk tədbir rayon icra hakimiyyətinin geniş iclas salonunda ölkəyə səfərə çıxan rayon məktəbliləri, onların valideynləri və müəllimləri ilə görüşdən başladı. Rayonun bütün idarə və müəssisələrinin, hüquq-mühafizə orqanlarının rəhbərləri də görüşə dəvət almışdılar. Bir sözlə, yeniyetmə gənclərin həyatının ən xoş xatirələrindən biri yazılırdı.

İcra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov tur-aksiyada iştirak edəcək qrupun rəhbəri kimi səfər hazırlıqları ilə bağlı məlumat verdi. Qeyd olundu ki, bu dərs ilinin ilk tətilini rayonun bütün məktəblərini təmsil edən, əla və yaxşı qiymətlərlə oxuyan 9-11-ci sinif şagirdlərindən 40 nəfəri Gəncə-Şəmkir və Göygöl rayonlarında keçirəcəklər. Proqram kifayət qədər zəngindir.

Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razım Məmmədov isə çıxışında uşaqlara, valideynlərə və müəllimlərə tövsiyələrini verərək qeyd etdi ki, Prezident İlham Əliyevin bu təşəbbüsü millətimizin, xalqımızın gələcəyi olan bu məktəblilərin Vətənə məhəbbətinin güclənməsinə son dərəcə böyük təsiri olmuşdur. Dünənə qədər, Gəncəni, Qubanı, Şəkini, Lənkəranı görməyi xəyalına belə gətirməyən bir çox şagirdlərimizin indi bu bölgələrin hər birində öz dostları var. Bu dostları da onlar məhz bu tur-aksiyalarda qazanıblar.

R.Məmmədov bildirdi ki, bu tur-aksiyalardan sonra orta məktəbdə təhsil alan uşaqlar arasında çox sağlam bir rəqabət mühiti yaranmışdır. Hamı yaxşı, əla qiymətlərlə oxuyub bu tur-aksiyanın iştirakçısı olmağa səy göstərir. Bununla da tur-aksiyaların təhsilimizin keyfiyyətinin yüksəlməsinə, uşaqların təhsilə maraqlarının artmasına böyük təsiri olmuşdur. Uşaqların hər biri yaxşı bilir ki, bu tur-aksiyalar zamanı regionlar arasında müxtəlif intellektual yarışlar keçirilir və onlar bu yarışlarda təmsil etdikləri rayonun adını doğrultmalıdırlar.

İcra başçısı çıxışında respublikada həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasından və bu strategianın ölkəyə gətirdiyi dividentlərdən danışaraq bildirdi ki, Azərbaycan Ermənistanla müharibə şəraitində olmasına, yüz minlərlə insanın 25 ildən artıq yurd-yuvasından qaçqın düşməsinə baxmayaraq, ölkəmiz sürətlə inkişaf etməkdədir. Prezident İlham Əliyevin tərəqqiyə, sosial rifaha hesablanmış layihələri həyata vəsiqə aldıqca ölkənin regiondakı lider mövqeyi, beynəlxalq aləmdə nüfuzu gündən-günə yüksəlir. Bu günlərdə Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə müqayisə ediləcək çox nəhəng bir layihənin – Bakı-Tbilisi-Qars dəmir yolunun açılışına start verildi. Bu layihə Avropanı Uzaq Asiya ilə birləşdirəcək Böyük İpək yolunun mühüm tranzit dəhlizi kimi rəsmən təsdiqini tapdı.Ölkəmizdə 2 milyard ton neftin çıxarılması təntənə ilə qeyd edildi.

Natiq vurğuladı ki, paytaxt Bakıda olduğu kimi ölkəmizin bütün regionlarında da tikinti, abadlıq və quruculuq işləri böyük vüsət almışdır. Simasını büsbütün dəyişən şəhərlərimizdən biri də sizin səfərə hazırlaşdığınız qədim Gəncə şəhəridir. Elə bu günlərdə dövlət başçısı burada yeni tikilib istifadəyə hazır olan bir çox yeni obyektlərin açılışında şəxsən iştirak etdi. Onların içində sizin ədəbiyyat dərsliklərindən yaxşı tanıdığınız şair Mirzə Şəfi Vazehin ev muzeyi də var və güman edirəm siz ora ilə də yaxından tanış olacaqsınız.

Tədbirdə çıxış edən YAP Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov da uşaqlara tövsiyələrini bildirərək qeyd etdi ki, dövlət başçısı İlham Əliyev və ölkənin Birinci vtse-prezidenti Mehriban xanım Əliyeva bu gün sizə yüksək təhsil almaq üçün gözəl şərait yaratmışdır. Bu sizi əla qiymətlərlə oxuyub Vətənə elminiz, biliyinizlə xidmət göstərməyə məsul etməlidir. Bu biliklərin içində isə ən qiymətlisi Vətəni tanımaq və onu bütün varlığınla sevməyi bacarmaqdır. Vətəni tanımasan, onu sevə bilməzsən. Vətəni, xalqı sevməsən canınla, qanınla onu qoruya bilməzsən. Bu yanaşmadan çıxış edərək Prezidentimizin gənclərimizin ölkəmizin tanıması, tarixi yerlərini, görkəmli şəxsiyyətlərinin yaşadığı yurd yerlərini görməsi üçün verdiyi bu tövsiyəni yalnız alqışlamaq lazımdır.

Toplantıda iştirak edən müəllimlər, səfərə hazırlaşan məktəblilərin valideynləri gənclərin istirahətinin səmərəli və faydalı təşkilinə görə ilk nöbədə dövlət başçısına, rayon icra hakimiyyətinə və digər təşkilatçılara təşəkkürlərini bildirdilər.

 Görüş başa çatdıqdan sonra rayon icra hakimiyyəti adından tur-aksiyaya yollanan şagirdlərə xatirə hədiyyələri təqdim edildi.

Oktyabrın16-da sübh tezdən hamı bir nəfər kimi ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan və təmtaraqlı bəzədilmiş parka toplaşmışdı. Biz də parkda idik. Əyinlərində Azərbaycan bayrağındakı rənglərə uyğun gödəkçələr geyinmiş 40 məktəbli gənc ulu öndərin abidəsi önündə möhtəşəm və canlı bir bayraq görkəmi almışdı. Özlərinə elə tur-aksiyanın məramından doğan bir deviz də seçmişdilər: “Hər el doğma ocaqdır”. Rayonun gənc incəsənət ustaları, rəqs qrupları, musiqiçilər də sanki baş məşqlərinə çıxmışdılar. Yolasalma mərasiminə gəlmiş Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, Milli Məclisin deputatı Hüseynbala Mirələmov, rayon Polis İdarəsinin rəisi polis polkovniki Muradəli Babayev, icra hakimiyyəti aparatının məsul şəxsləri və orta məktəblərin direktorları meydandakı bu qələbəliyi seyr edib nəyisə müzakirə edirdilər.

Araya sükut çökdü. Meydandakılar hamılıqla sakit addımlarla ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub xatirəsini ehtiramla yad etdilər. Sonra konsert proqramına start verildi. Nağaraçalanlar dəstəsinin ifasında səslənən cəngi sədaları sanki meydanı hərəkətə gətirdi. Çeviklikləri ilə hamının diqqətini çəkən kiçik rəqqaslar tur-aksiyaya yollanacaq uşaqları da meydana çəkdilər. Bir neçə dəqiqədən sonra birliyə və həmrəyliyə çağıran “Yallı” sədaları hamını qol-qola birləşdirib dövrə vurmağa sövq etdi.

Sonra icra başçısı Razim Məmmədov, Milli Məclisin deputatı Hüseynbala Mirələmov uşaqlara yaxşı yol arzulayıb tövsiyə və məsləhətlərini verdilər. Sonra hamı ulu öndərin abidəsi önündə xatirə şəkli çəkdiməyə toplaşdı.

Bir neçə dəqiqədən sonra səfərə çıxan gənclər üçrəngli bayrağın qarşısında ehtiramla baş əyərək onlar üçün ayrılmış avtobusda yerlərini tutdular. Dövlət yol polisinin müşayiəti ilə avtobus 40 gəncin şaqraq nəğmə sədaları altında qədim Gəncəyə, məktəb illərinə unudulmaz anlar yazacaq səyahətə yola düşdü.

İlqar RÜSTƏMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında