Respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdləri üçün “Ökəmizi tanıyaq!” devizi ilə maarifləndirci tur-aksiyalar davam etdirilir. Bu məqsədlə Nizami Rayon İcra Hakimiyyətində aksiyada iştirak edəcək məktəblilərlə görüş keçirilmişdir. Şura üzvlərinin, idarə, müəssisə və təşkilat rəhbərlərinin, məktəb direktorlarının, valideynlərin, tanınmış idmançıların, veteranların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbiri rayon icra hakimiyyətinin başçısı Arif Qasımov açdı.
İcra başçısı bildirdi ki, bu tədbir Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Prezident Administrasiyasının təşkilatçılığı ilə keçirilir. Məktəblilər səfər etdikləri regionlarda abadlıq-quruculuq, yenidənqurma, yol infrastrukturu və digər yeniliklərlə yerində tanış olacaq, son illər ölkəmizin necə sürətlə inkişaf etdiyini şəxsən görəcəklər.
Bu günlərdə keçirilmiş Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyinə həsr olunmuş təntənəli yubiley mərasimində Prezident İlham Əliyevin nitqindən bir faktı tədbir iştirakçılarının diqqətinə çatdıran A.Qasımov dedi: “Dövlətimizin başçısı qeyd etmişdir ki, Azərbaycanın inkişafı beynəlxalq aləmdə də etiraf olunur. Bunu son illər respublikamızda keçirilən tədbirlər və idman yarışları da təsdiqləyir. Lakin öz içərimizdə olan bəzi antimilli ünsürlər bu uğurları görmək istəmir və müxtəlif vasitələrlə buna kölgə salmağa cəhd edirlər. Onların bütün cəhdləri iflasa uğrayıb. Çünki Azərbaycanın sürətli inkişafı beynəlxalq aləmdə də qiymətləndirilir. Siz özünüz də bunun canlı şahidi olacaqsınız”.
Rayon icra hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Gülnaz İsrafilova tur- aksiyalar barədə geniş məlumat verərək, bu tədbirin ənənəyə çevrildiyini və 4 ildir keçirildiyini xatırlatdı və bildirdi ki, ötən müddət ərzində ölkəmizin bütün bölgələrinin əhatə olunduğu tur- aksiyalarda, ümumilikdə 13 min 648 məktəbli iştirak etmişdir: “Bu müddət ərzində 7 istiqamət üzrə (Bakı şəhəri, Naxçıvan MR, Gəncə-Şəmkir-Göygöl, Şamaxı-İsmayıllı-Qəbələ-Şəki-Zaqatala, Quba-Qusar-Xaçmaz, Lənkəran-Masallı-Lerik-Astara, Naftalan-Ağcabədi-Ağdam-Bərdə-Füzuli-Tərtər) 7 tur-aksiya təşkil edilmişdir. Bu ilin noyabr ayının 11-14 və 16-19 tarixlərini əhatə edəcək növbəti 8-ci tur-aksiyaya isə 4 istiqamət üzrə 76 şəhər və rayondan 3213 nəfər məktəblinin qatılması iştirakçıların sayını 17 minə çatdıracaq. Rayonun məktəblərindən seçilmiş 40 ən yaxşı şagird Lənkəran-Masallı-Lerik-Astara rayonlarına səfər edəcək. Onlar rayonların adət-ənələri, tarixi abidələri, görməli yerləri və yeni açılmış müəssisələrlə tanış olacaqlar. Artıq tur-aksiyaların I mərhələsi başa çatmış və tədbirin iştirakçıları olan şagirdlər səfərlərdən çox razı qaldıqlarını bildiriblər. Onlar getdikləri regionlarda yarışlarda, viktorinalarda və digər maarifləndirici müsabiqələrdə iştirak etmişlər. Qaliblərə kubok və hədiyyələr verilmişdir. Əminik ki, siz də bu yarışlarda fəal iştirak edəcək və mükafatla qayıdacaqsınız”.
G.İsrafilova ölkəmizin dünyada söz sahibinə çevrildiyi barədə də məlumat verərək dedi ki, ümummilli lider Heydər Əliyevin memarı olduğu müstəqil Azərbaycan Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə daha da inkişaf etmiş, beynəlxalq aləmdə reytinqi getdikcə yüksəlmiş və ölkəmiz dünya birliyinin layiqli üzvlərindən birinə çevrilmişdir. Qeyd olundu ki, son illər dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarının öz tədbirlərini, həmçinin dünya və Avropa miqyaslı idman yarışlarının, musiqi festivallarının və digər tədbirlərin Azərbaycanda keçirilməsi də bunun bariz nümunəsidir.
Əhalinin rifah halının yaxşılaşdırılmasının dövlət siyasətinin tərkib hissəsi olduğunu bildirən G.İsrafilova Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse- prezident xanım Mehriban Əliyevanın təhsilin, səhiyyənin, mədəniyyətin, idmanın inkişafına, ekologiyanın qorunmasına diqqət və qayğısını xatırlatdı. Qeyd etdi ki, hər il ölkə vətəndaşlarının pulsuz müayinəyə cəlb olunması, şəhid və əlil ailələrinə, qaçın və məcburi köçkünlərə, aztəminatlı ailələrə, internat və qocalar evlərində yaşayanlara dövlət qayğısı yüksək dəyərlərə malikdir: “Siz gənclər ölkəmizin gələcəyisiniz. Dövlət başçımızın ətrafında sıx birləşərək Vətənimizin qorunmasında bütün inkanlardan səmərəli istifadə etməlisiniz”.
Milli Məclsin deputatı, YAP Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva tur-aksiya iştirakçılarına uğurlar arzuladı və onlara Azərbaycanın tarixini dərindən öyrənməyi tövsiyə etdi. Dedi ki, sizə yaradılan belə gözəl şəraitə görə Prezidentimizə minnətdar olmalısınız.
“Zəngi” liseyinin XI sinif şagirdi, “Ölkəmizi tanıyaq!” tur-aksiyasının iştirakçısı Vüsal Aslanlı və valideyn Faizə Əzimova məktəblilər üçün yaradılmış bu şəraitə görə dövlətimizin başçısına və rayon rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.
Tur-aksiya iştirakçıları təntənəli şəkildə yola salındı.
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.