Qobustan bütün sahələrdə ciddi uğurlara imza atmaq əzmindədir

Qobustan rayonunun əkin sahələri əsasən dağətəyi, dəmyə torpaqlarda yerləşir. Yerli fermerlər bu torpaqlarda ənənəvi olaraq buğda, arpa, yem bitkiləri əkib becərir, mal-qara, davar saxlayıb artırırlar. Onlar ilbəil məhsul istehsalını artırmağa çalışırlar. Axı, məhsulun artımı əlavə gəlir, qazanc deməkdir.

Ölkəmizin hər yerində olduğu kimi, Qobustanda da fermerlərin torpağa bağlılığının güclənməsi üçün ardıcıl tədbirlər görülür. Aqrar sahədə çalışanlara güzəştli şərtlərlə kreditlər verilir, lazımi texnika, toxum, gübrə ilə təchiz olunurlar. Məqsəd kənd sakinləri üçün elə şərait yaratmaqdır ki, onlar torpaqda çəkdikləri gərgin zəhmətin bəhrəsini görsünlər.

Azərbaycan Prezidenti İlham Əliyev 2017-ci il oktyabrın 2-də Qobustan rayonunda görülmüş işlərlə yerində tanış olmuş, rayon mərkəzində inşa edilmiş 100 yerlik uşaq bağçasının, Təklə-Sündü-Xilmilli yolunun, 4 zolağa genişləndirilmiş Bakı-Şamaxı yolunun Cəngi-Bədəlli hissəsinin açılışını etmiş, Qobustan üçün həyati əhəmiyyət kəsb edən su layihəsinin başa çatdırılması ilə əlaqədar Sukanal İdarəsinin yeni inzibati binasında ictimaiyyət nümayəndələri ilə görüşmüşdür. Dövlət başçısının səfərdən sonra imzaladığı sərəncama əsasən Qobustan şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Qobustan Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılmışdır.

Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov bildirdi ki, rayon ictimaiyyəti, əmək adamları Azərbayan dövlətinin, Prezident İlham Əliyevin daimi diqqət və qayğısından daha da ruhlanaraq bütün sahələrdə yaxşı nəticələr əldə edirlər. Belə ki, Qobustanda bu ilin əvvəlindən bütün sahələr üzrə ötən ilə nisbətən artım əldə olunub. 2017-ci ildə ümumi məhsul buraxılışı ötən ilin müvafiq dövrünə nisbətən 27 faiz artaraq 123 milyon 962 min manat olmuşdur. Kənd təsərrüfatı məhsullarının ümumi həcmi 35,6 faiz, tikinti iş və xidmətlərin cəmi 2,1 dəfə, sənaye məhsulunun həcmi 8,7 faiz artmışdır.

 Qobustanda iqtisadiyyatın əsasını aqrar sahə təşkil edir. Bu il rayonda 53280 ton taxıl istehsal edilmişdir ki, bunun 33914 tonu buğda, 19366 tonunu isə arpa təşkil edir. Buğda sahəsi üzrə məhsuldarlıq 21,4 sentner, arpa üzrə 20,8 sentner olmuşdur. Qeyd etmək lazımdır ki, Qobustan rayonu öz əhalisini maksimum səviyyədə taxılla təmin edir. Belə ki, hər il adam başına müntəzəm olaraq 1 tondan artıq taxıl istehsal olunur.

 Hazırda Qobustan rayonunda payızlıq əkin işləri başa çatmaq üzrədir. Builki təsərrüfat ilində rayonda 30 min hektara yaxın sahədə sahibkarlar tərəfindən əkin işləri aparılıb. Dövlətin taxıl əkini aparan fermerlərə qayğısı nəticəsində rayonda əkin dövriyyəsinin artırılması təmin edilir.

Yeri gəlmişkən, Qobustan rayonu yüksək keyfiyyətli, elit taxıl sortları ilə də məşhurdur. Rayonda ötən il 2000 ton yüksək keyfiyyətli toxum istehsal olunub. Azərbaycanın hətta ucqar rayonlarından belə fermerlər Qobustanda yetişdirilən toxumluq taxıla həvəslə müştəri düşürlər. Bilirlər ki, Qobustan fermerlərinin yetişdirdikləri taxıl sortu ən yüksək standartlar səviyyəsindədir.

Fermerlərin texnika sarıdan da ciddi problemləri yoxdur. Rayonun Qaracüzlü kəndi ərazisində 1000 hektar sahədə aqroparkın yaradılması istiqamətində işlər davam etdirilir. Təyinat dəyişikliyi ilə əlaqədar  rayon rəhbərliyi tərəfindən ilkin sənədlər hazırlanaraq  Azərbaycan Respublikası Nazirlər Kabineti qarşısında vəsatət qaldırılmışdır. Aqroparka gedən 20 kilometr yolun 7 kilometrlik hissəsinə daş örtük çəkilmiş, 6 kilometrlik hissəsinə qara örtük vurulmuşdur.

Rayonda heyvandarlıq məhsullarının artımı sahəsində də uğurlar əldə olunur. Belə ki, bu il ötən ilin müvafiq dövrünə nisbətən mal-qaranın baş sayı xeyli artaraq 30622 başa, o cümlədən inək və camışların baş sayı 11510 başa çatmışdır. Qoyun və keçilərin baş sayı xeyli artaraq 190718 baş olmuşdur. Quşların baş sayı 1 faiz artaraq 87982 başa çatmışdır. Bu ilin əvvəlindən rayonda ət istehsalı 2,1 faiz, süd istehsalı 2,1 faiz, yumurta istehsalı 2,4 faiz, yun istehsalı isə 1,4 faiz artmışdır.

Rayonda son illərdə arıçılığa maraq artmışdır. Rayon üzrə hazırda 1214 arı ailəsi vardır ki, cari dövrdə 12 tondan çox bal istehsal edilmişdir. Rayon fermerləri builki mövsümdə Bakıda keçirilən yarmarkaya 4 tondan çox bal çıxarıblar.

Rayonda əhalinin elektrik enerjisi, təbii qaz və içməli su təminatının yaxşılaşdırılması istiqamətində də bir sıra mühüm işlər görülmüşdür. Qobustan şəhərində və Poladlı kəndində 300 ədəd SİP dayaq quraşdırılmış, 7355 metr kabel çəkilmiş, ümumilikdə 250-dən artıq abonentin elektrik enerjisi ilə təminatı yaxşılaşdırılmışdır. Xüsusilə qeyd etmək lazımdır ki, insanlar üçün təhlükəli olan 9 çoxmənzilli yaşayış binasında da elektrik xətləri evlərdən kənara çıxarılaraq SİP-ləşdirilmişdir. 2017-ci ilin doqquz ayında rayon üzrə ümumi yığım faizi 89,85 faiz olmuşdur ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 16,6 faiz çoxdur. Əhali istehlakçıları üzrə yığım ötən ilin müvafiq dövrünə nisbətən 21,69 faiz artmışdır.

 Hazırda rayon əhalisini 93 faizi təbii qazla təmin olunmuşdur. Əhali tərəfindən istehlak olunmuş təbii qazın dəyərinin ödənilməsində ciddi intizam yaranmışdır. Bu ilin doqquz ayında rayon üzrə istehlak olunmuş təbii qazın dəyəri əhali üzrə 98,6 faiz ödənilmiş, ümumi itki 1,7 faiz olmuşdur. Əhalinin 100 faiz təbii qazla təminatı üçün Şıxzahırlı, Təsi, Sədəfli, Cəngi, Qaracüzlü, Ceyrankeçməz, Nardaran və İlanlı kəndlərinin də qazlaşdırılması istiqamətində işlər görülməlidir.

Əhalinin içməli su təminatı istiqamətində işlər davam etdirilir. Azərbaycan Prezidenti cənab İlham Əliyev rayona səfəri zamanı Qobustan şəhərinə su xəttinin çəkilişinin başa çatdırılmasını rəsmən qeyd etmişdir. Artıq şəhərdə hər bir evdə 24 saat içməli su təminatı vardır ki, bu da çox böyük nəticədir. Vaxtilə rayonda demək olar ki, heç bir kənddə içməli su şəbəkəsi olmadığı halda hazırda rayon sakinlərinin 35 faizindən çoxu öz evlərində içməli sudan istifadə edirlər. Növbəti illərdə digər kəndlərdə də, ilk növbədə 2013-cü ildə içməli su xətti çəkilmiş Ərəbqədim, Cəmcəmli, Göydərə kəndlərində şəbəkənin qurulması planlaşdırılır.

Təqdirəlayiq haldır ki, yaşıllıqlarla bağlı rayonda müvafiq tədbirlər görülür. Bu ilin 9 ayında Qobustan şəhərində 1300-dən artıq müxtəlif növ ağac, 1600-dən artıq qızılgül kolu əkilmişdir. Heydər Əliyev prospektində ümumilikdə bütün sahələr abadlaşdırılmışdır. Eyni zamanda, Bakı-Şamaxı yolunun Qobustan şəhəri daxilindən keçən hissəsində yolun sağ tərəfindəki sahələrdə də abadlıq işləri aparılmış, ərazidə 200-dən artıq müxtəlif ağaclar əkilmişdir.

Qobustan şəhərində yeni inşa edilmiş uşaq bağçasının həyətində 30-dan artıq ağac və 400-dən artıq qızılgül kolu əkilmiş, yaşıllıq zolaqları salınmışdır. Eyni zamanda, Cəngi kəndində salınan parkda 3000-dək nar, zeytun və qızılgül kolları əkilmiş, suvarma sistemi qurulmuşdur. Rayonun Təklə Mirzəbaba və Cəyirli kəndlərində yol kənarlarında 100-dək müxtəlif növ ağaclar əkilmişdir. Bu ənənə başqa kəndlərdə də davam etdiriləcək.

Qobustan rayonunun 2 kəndində - Xilmilli və Təklə Mirzəbaba kəndlərində artezian quyuları qazılıb. Quyular Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən suvarma suyuna olan tələbatı ödəmək məqsədilə qazılıb. Quyuların hər biri azı 20 hektar sahəni su ilə normal təmin edəcək. Qeyd edək ki, rayonun daha iki yaşayış məntəqəsində - Ərəbşalbaş və Bədəlli kəndlərində də artezian quyularının qazılması nəzərdə tutulub.

Rayonda yol tikintisi və mövcud yolların təmiri də diqqət mərkəzindədir. Bu il şəhərin Yeni Massiv ərazisinə 1,2 kilometr uzunluqda yüksək keyfiyyətli asfalt yol çəkilmişdir. Kənddaxili yolların çəkilişi istiqamətində də ciddi işlər görülmüşdür. Doqquz ayda rayonun kəndlərində ümumilikdə 30 kilometrə yaxın daxili imkanlar hesabına çınqıl və ya qara örtüklü yol çəkilmişdir. Hazırda Ərəbqədim kəndinə gedən yolda bu işlər davam etdirilir.

Qobustan şəhər 3 saylı tam orta məktəbi üçün 624 yerlik məktəb binasının, Sədəfli və Təsi kəndlərinin hər birində isə 56 yerlik modul tipli məktəblərin tikinti-quraşdırma işləri başa çatdırılmış, son tamamlama işləri aparılır. Rayonun Cəngi kəndində parkın tikintisi davam edir.

  Onu da qeyd edək ki, bu ilin doqquz ayında rayona 3353 min manat dəyərində özəl investisiya qoyulmuşdur. Belə ki, rayon fermerləri tərəfindən rayona 10-dan artıq müxtəlif kənd təsərrüfatı texnikası gətirilmiş, 8 taxıl anbarı inşa edilmişdir. Yerli sahibkarlar bu il rayonda bağça tikintisi, park və yaşıllıqların salınması, yol və içməli su çəkilişi istiqamətində bir sıra layihələr həyata keçiriblər.

İDEA İctimai Birliyinin təşəbbüsü ilə tullantıların idarə edilməsi, təkrar emalı və təbiətə atılan tullantıların toplanaraq təhvil verilməsi məqsədilə icra hakimiyyətində qərargah yaradılmış, ərazilər üzrə məsul şəxslər müəyyənləşdirilmişdir. Artıq rayon üzrə 9,9 ton kağız və 2,75 ton plastik tullantı toplanmış, 5,2 ton kağız və 0,5 ton plastik isə təhvil verilmişdir.

Qobustanda əhalinin sosial müdafiəsi məsələlərinə də diqqət və qayğı ilə yanaşılır. Rayon icra hakimiyyəti tərəfindən bu ilin əvvəlindən əlamətdar bayram günlərində 500-dən artıq aztəminatlı ailəyə bayram sovqatı verilmişdir. Nabur kəndində ailəsində 4 yataq əlili olan Kərimovlar üçün 3 mənzilli yaşayış evinin tikintisi başa çatdırılmış, son tamamlama işləri aparılır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə 152 nəfərə əmək pensiyası, 173 nəfərə sosial müavinət, 404 ailənin 444 yeni doğulmuş uşağına birdəfəlik müavinət, 166 nəfərə dəfnlə əlaqədar birdəfəlik müavinət, əmək qabiliyyətini itirdiyinə görə 27 nəfərə sosial sığorta ödənişi, 127 nəfərə analıq məzuniyyəti, 14 nəfər Çernobl əlilinə birdəfəlik kompensasiya, 19 nəfər penitensiar xidmətdən azad olunmuş şəxsə birdəfəlik müavinət, 2 aztəminatlı ailənin 1 yaşadək uşağına müavinət verilmişdir. Hazırda rayon üzrə 4619 nəfər əmək pensiyası, 2437 nəfər sosial müavinət, 276 ailə isə ünvanlı sosial yardım alır. 72 nəfər tənha yaşayan şəxslərə 9 nəfər sosial işçi tərəfindən xidmət göstərilir. 9 ayda 17 nəfər əlil pulsuz putyovka almışdır. Poladlı kəndində şəhid Mahir Kərimovun məktəbin adını daşıyan abidəsi yenidən qurulmuş, barelyefi qoyulmuşdur.

Rayonda əhalinin məşğulluğu məsələlərinə diqqətlə yanaşılır. Bu ilin sentyabr ayında keçirilmiş Əmək yarmarkasında 45 nəfərə işə göndəriş verilmiş, 32 nəfər müvafiq işlə təmin olunmuşdur. Rayon Məşğulluq Mərkəzinin xəttilə hesabat dövründə 360 nəfər işlə təmin edilmişdir ki, onlardan 59 nəfərini qadınlar təşkil edir.

 Ümumilikdə, doqquz ayda rayonda 2404 yeni iş yeri açılmışdır ki, 497-si daimi, 1907-si isə mövsümi iş yerləridir. Daimi iş yerlərinin sayı ötən illə müqayisədə 2,4 dəfə, mövsümi iş yerlərinin sayı isə 27 faiz artmışdır.

Qeyd etmək lazımdır ki, qobustanlılar əldə olunmuş uğurlarla kifayətlənmək fikrində deyillər. Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov bildirdi ki, möhtərəm dövlət başçısının Qobustan rayonunun inkişafına göstərdiyi yüksək diqqət və qayğı hər kəsdən daha gərgin, daha məsuliyyətli işləməyi, verilmiş bütün tapşırıqların vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilməsini tələb edir. Qobustan rayonun rəhbərliyi, əmək kollektivləri üzərlərinə düşən vəzifələrin daha səmərəli yerinə yetirilməsi üçün bütün qüvvə və bacarıqlarını səfərbər etmək, bütün tapşırıqları vaxtında yerinə yetirmək əzmindədirlər.

Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin
bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında