“Şəmkir Aqropark”da yerli MMC-lər və sahibkarların iştirakı ilə konfrans keçirilib.Konfransda Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov və rayonun idarə, müəssisə, təşkilat rəhbərləri iştirak ediblər.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov bildirib ki, qeyri-neft sektorunun mühüm sahəsi olan kənd təsərrüfatının inkişafı ilə bağlı strateji hədəflərin müəyyən edilməsi və institusional dəyişikliklərin həyata keçirilməsi, dövlət dəstəyinin gücləndirilməsi bu sahənin keyfiyyətcə yeni mərhələyə keçməsinin güclü təməlini qoyub. Belə ki, kənd təsərrüfatında məhsuldarlığın artırılmasına nail olmaq üçün fermerlərə dövlət tərəfindən dəstək verilir. Bu dəstəyin mühüm formalarından biri də respublikamızın ayrı-ayrı bölgələrində aqroparkların yaradılması prosesinin sürətləndirilməsidir.
“Şəmkir Aqropark”ın direktoru Xəqani Qaybalıyev çıxışında bildirib ki, rayonda yaradılan aqroparkda respublikada ilk dəfə müasir istixana kompleksi, şitillik, tinglik və intensiv bağçılıq təsərrüfatları, meyvə və tərəvəz emalı zavodları, tara istehsalı fabriki, logistika və aqroservis mərkəzi, soyuducu anbar, satış mərkəzləri, avtopark, elmi araşdırma və innovasiyalar mərkəzi, otel və müxtəlif infrastruktur müəssisələri inşa olunacaq. Aqroparkda müasir texnologiyaların tətbiqi ilə istehsal, emal, logistika – məhsulları saxlama, çeşidləmə, qablaşdırma, markalama, daşınma, daxili və xarici bazarlarda satış, yaşıl marketlər və fermer mağazaları üzrə fəaliyyətlərin vahid ərazidə cəmləşməsi nəticəsində rəqabətqabiliyyətli kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalına şərait yaradılacaq.
X.Qaybalıyev çıxışında “Şəmkir Aqropark”la bələdiyyələrin nəzdində yaradılan MMC-lərin qarşılıqlı fəaliyyəti və perspektivlərindən danışıb.
Sonda “Şəmkir Aqropark”la digər MMC-lər arasında niyyət protokolları imzalanıb.
Məlumat üçün qeyd edək ki, “Şəmkir Aqropark”ın Loqistika Mərkəzinin açılışı bu ilin avqustunda ölkə Prezidenti İlham Əliyevin iştirakı ilə olub. Mərkəzin ərazisi 12,3 hektar, istehsal sahəsi isə 3,9 hektardır. Burada Fransanın tanınmış şirkətlərindən birinin meyvələri ölçüsünə, rənginə, zədəliliyinə görə çeşidləyən və qablaşdıran avadanlıqları quraşdırılıb. İri ölçülü meyvələri çeşidləyən avadanlıqların gücü saatda 50 ton, kiçik ölçülü meyvələri çeşidləyən avadanlıqların gücü isə saatda 2 tondur. İstehsal sahəsində, eyni zamanda, 200 ton məhsul qəbul edə biləcək 2 terminal, 120 ton hazır məhsulu yola sala bilən 1 terminal mövcuddur.
Logistika mərkəzində müasir avadanlıqlarla təchiz edilmiş laboratoriya fəaliyyət göstərir. Burada meyvə və tərəvəzlərin keyfiyyəti, toksikliyi, bakterioloji və mikrobioloji göstəriciləri üzrə analizlər aparılır. Mərkəzdə meyvə və tərəvəzlərin çeşidlənməsi, qablaşdırılması və soyuducu kameralarda saxlanılması müasir standartlara uyğun olmaqla, mühüm texnoloji proseslərdən keçirilərək aparılır. Bu zaman laboratoriya təhlilləri nəzərə alınır, sonra məhsul xüsusi hidroşoklama qurğusundan keçirilir. Nəticədə məhsulun çeşidlənməsi və qablaşdırılması zamanı, həmçinin soyuducu kamerada temperatur fərqində zədə alması minimuma endirilir.
Mərkəzdə xurmanın alıcılıq qabiliyyətini aşağı salan xüsusi dadın aradan qaldırılmasını təmin edən və gücü sutkada 1 ton olan “determing room” qurğusu da var. Burada, həmçinin İtaliyanın aparıcı şirkətlərindən birinin tutumu 24 min ton olan 71 ULO tipli soyuducu saxlama kamerası quraşdırılıb. Soyuducu depolarda meyvə və tərəvəzin növlərinə görə 25 gündən 270 günə qədər minimum itki və keyfiyyətlə saxlanılması təmin olunur. Aqroparkda həyata keçirilən bütün bu işlər ölkəmizdə kənd təsərrüfatının ümumi daxili məhsulda pay nisbətini artırmağa, əhalini yerli keyfiyyətli məhsullarla təmin etməyə yönəlib.
Rayon icra hakimiyyətinin bələdiyyələrin nəzdində yaradılmış müəssisələrin aqroparkla əlaqələrini gücləndirmək üçün həyata keçirdiyi ən müxtəlif tədbirlər təqdirəlayiqdir və regionda maraqla qarşılanır.
Hamlet Qasımov,
“Xalq qəzeti”nin
bölgə müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.