Ağdabandan doğacaq Günəş...

 

 

 

 

 

 

 

 

 

 


Kəlbəcər həm təbii sərvətlərlə zənginliyinə görə, həm iqliminin gözəlliyinə görə, həm də orada yaşayan insanların fədakarlığına görə respublikada həmişə çox hörmətə, ehtirama layiq olubdur. Kəlbəcər Azərbaycanın ayrılmaz bir parçasıdır, hissəsidir. Heç şübhəsiz, o gün gələcək ki, Kəlbəcər rayonu Ermənistanın silahlı qüvvələrinin işğalından azad olacaq və Kəlbəcərin sakinləri, bizim soydaşlarımız öz yerlərinə, yurdlarına qayıdacaqlar.

Heydər Əliyev
Ümummilli lider


Apreldə 25 il tamam olur. Amma elə bil ki, bütün bunlar dünən baş verib. Adam inana bilmir ki, əsrin dörddə biri arxada qalıb. Onda Aqil müəllimin cəmi 33 yaşı vardı. İndi 60-ı haqlayır. Gözlərinin dərinliyində olan nisgil, kədər açıq-aşkar oxunur. Bu da təsadüfi deyil. Çünki Aqil müəllim Kəlbəcər faciəsini iki dəfə yaşayıb. Kəlbəcər köçməmişdən düz bir il qabaq, aprelin 8-də onun qohum-əqrəbasını öldürüblər, diri-diri yandırıblar, olmazın işgəncə veriblər. Söhbət boya-başa çatdığı Ağdaban kəndindən gedir. O Ağdaban ki, ustad aşıq Qurbanın, onun oğlu Dədə Şəmşirin doğma yurd-yuvasıdır. O Ağdabanın o vaxt 130 evi, 779 sakini vardı və günlərin bir günü, daha dəqiq desək, 1992-ci il aprel ayının 8-də səhərə yaxın erməni quldurları kəndin yalındakı gözətçi məntəqəsinə hücum edib, burada keşik çəkən 3 nəfəri qətlə yetirdilər. Ağdərə rayonunun Capar kəndi istiqamətindən Kəlbəcərin Çayqovuşan və Ağdaban kəndlərinə silahlı hücum nəticəsində kənd tamamilə yandırıldı, dinc sakinlərə amansız işgəncə verildi. Bu qətliam nəticəsində 39 nəfər xüsusi qəddarlıqla məhv edildi. Dəhşətli orası idi ki, onların arasında 8 nəfərin yaşı 90-100 arasındaydı. Yanlarında 2 azyaşlı uşaq olan 7 qadın diri-diri yandırıldı, 2 nəfər itkin düşdü, 12 nəfərə ağır bədən xəsarəti yetirildi. Ermənilər tərəfindən tarixi, memarlıq və mədəniyyət abidələri dağıdıldı, talandı və məhv edildi.Yuxarıda adlarını çəkdiyimiz klassiklərimizin də əlyazmaları yandırıldı.

Törədilmiş bu faciə Azərbaycan tarixində böyük cinayətlərdən biri, Qarabağın strateji əhəmiyyətli Kəlbəcər rayonunu ələ keçirmək üçün erməni millətçilərinin “Böyük Ermənistan” yaratmaq xülyası ilə xalqımıza qarşı törətdiyi dəhşətli qətliam idi. Ağdaban faciəsi – bütöv bir kəndin tamamilə yandırılması, yüzlərlə dinc sakinə qeyri-insanı işgəncələr verilməsi, yurdundan didərgin salınması yaddaşlardan silinəsi bir hadisə deyil.

...Bayaqdan o günləri xatırlayır, özündən qeyri-ixtiyari yumruqları düyünlənir, nəzərləri isə bir nöqtəyə zillənir və sifəti qəfil işıqlanır , “indi Ağdabanda bir Günəş çıxıb ki, ha, gəl görəsən” – deyib gülümsəyir. Sonra da izah edir ki, o yerlərdə Günəş, elə bil fərqli olur. Adama elə gəlir ki, əlini uzatsan çata bilərsən...

Hiss edirəm ki, kövrəlir. Söhbətin mövzusunu dəyişməyə çalışıram. O isə “onları o Günəş işığına həsrət qoyacağıq”–deyib rayon icra hakimiyyətinin yaxınlığında salınacaq böyük xatirə abidəsi kompleksinin layihəsi ilə məni tanış edir. Şəhidlərin adları harada həkk olunacaq, kompleksin kənarları hansı şəkildədir və sair işlər haqqında məlumat verir: “Düzü, tarixi günlərdə, müxtəlif tədbirlərdə şəhidlərimizi, tarixi şəxsiyyətlərimizi ürəyimiz istəyən kimi yad edə bilmirik. Bu kompleks özünəməxsusluğu, orijinallığı ilə seçiləcək”.

Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədov daxilən narahat insandır. İcra hakimiyyətinə ya yazılı, ya da şifahi müraciət edən bir kimsəni belə diqqətdən kənarda saxlaması qeyri-mümkündür. Tabeliyində olan işçilərdən müracətin (təbii ki, söhbət haqlı müraciətdən gedir) nəticəsi barədə məlumat almayınca rahatlıq tapa bilmir. İcra hakimiyyəti aparatında az olur. Çünki kəlbəcərlilər qədər respublikanın müxtəlif yerlərinə, necə deyərlər, səpələnən, ikinci bir köçkün rayon yoxdur. Zarafat deyil, hazırda əhalisinin sayı 70 min nəfəri keçən kəlbəcərlilər Azərbaycanın 59 şəhər və rayonunda, 600-dən çox yaşayış məntəqəsində məskunlaşıblar. Yəni bu kənd və qəsəbələrin hər gün birinə getsən belə, eyni yerə ikinci dəfə getmək üçün ən azı iki il vaxt lazımdır. Təbii ki, çətindir. Amma rayon rəhbəri işini elə qurub ki, problemlərin və çətinliklərin öhdəsindən gələ bilir. Deyir ki, sağ olsunlar əlaqədar nazirliklər və komitələr, yerli icra orqanları, kəlbəcərliləri tək buraxmırlar, onlara lazım olan köməyi əsirgəmirlər.

Kəlbəcərlilər özləri qoçaq adamlardır. Torpaqdan ikiəlli yapışan, çətinlikdən qorxmayan, “çətin günün ömrü az olar”– deyib bütün günü əkinlə-biçinlə məşğul olan bu insanlara həmişə böyük rəğbətim olub.Nə desən əllərindən gəlir. Kim inanardı ki, ömrünün çox hissəsini uca dağlar qoynunda keçirən kəlbəcərli arana enib pambıq yetişdirəcək?! Halbuki onun üzünü belə görməyib. Amma Bərdənin Lənbərən kəndində məskunlaşan kəlbəcərlilər oradakı taxıl istehsalı və heyvandarlıq təsərrüfatına məxsus torpaq sahəsinin 18,5 hektarında pambıq, 19,5 hektarında isə çuğundur əkmişlər. Məhsuldarlıq yerli camaatı heyrətləndirib. Şəkər çuğunduru əkilmiş sahələrdən 4040 sentner məhsul əldə olunub! Pambıq da onun kimi.

Ötən 24-25 il ərzində Azərbaycanın ən müxtəlif rayonlarında məskunlaşan kəlbəcərlilər nə iş görüblər, yaxud köçkün soydaşlarımız üçün nələr edilib, zənnimcə, sadalamağa ehtiyac yoxdur. Təkcə bu ilin ötən aylarına nəzər salmaq kifayətdir ki, kəlbəcərlilərin işgüzarlığının şahidi olasan. Aqil müəllim deyir ki, bu işgüzarlığı, özünəinamı yaradan ölkə Prezidenti cənab İlham Əliyevdir. Belə diqqətin, qayğının müqabilində biz əlimizi əlimizin üstünə qoyub gözləməliyikmi? Bərdənin Cəyirli kəndində bir məktəbimiz var. Sinif otaqları çatışmırdı. Bu il 6 sinif otağı tikib istifadəyə verdik. Başqa yerlərdə də bu sahədə problemlərimiz var idi. Məcburi Köçkünlərin Sosial İnkişaf Fonduna müraciət etdik.Heç bilirsiniz nə qədər modul tipli vaqonlar quraşdırıb bizə verdilər? Ən azı iki sinifdən tutmuş 8 sinfi olan 12 modul tipli məktəb.

Kəlbəcər Rayon İcra Hakimiyyəti problemlərin aydan aya, ildən ilə keçməsinə qətiyyən imkan vermir. Yuxarıda qeyd etdiyimiz kimi səyyar qəbullar, köçkünlərin məskunlaşdığı kənd və qəsəbələrdə olan görüşlər bir növ işgüzarlıq, tələb, təklif məclislərinə çevrilir. Rayonun müvafiq təsərrüfat rəhbərlərinin də iştirak etdiyi bu tədbirlərdə qaldırılan məsələlər elə yerindəcə həll olunur və ya ciddi nəzarətə alınır, nazirlik, komitə və digər əlaqədar təşkilatlar qarşısında qaldırılır.

Başqa bir misal. Goranboyun Beyisli kəndində məskunlaşan 596 məcburi köçkün ailəsi uzun müddət idi su sarıdan əziyyət çəkirdi. Nə düz-əməlli suvarma suları var idi, nə də içməli. Aqil Məmmədov kənddə görüş zamanı söz verdi ki, bu il suyunuz olacaq! Aradan elə çox da vaxt keçmədi. İndi bu kənddə 7 kilometrdən çəkilmiş içməli su da var, subartezian quyuları da. Qəsəbədaxili xətlər dəyişdirilib, hər evə sayğac quraşdırılıb, 8 yerə bulaq çəkilib, 2-nin də inşası nəzərdə tutulub. Adamlar razılıq edirlər. Göygöl rayonunun Xasabağı qəsəbəsində müvəqqəti məskunlaşan 37 ailə də bax beləcə su problemindən yaxa qurtardı. Buraya 3 kilometr məsafədən su xəttinin çəkilməsi, daxili xətlərin dəyişdirilərək yenisi ilə əvəz olunması da builki xeyirxah işlərin sırasındadır.

Rayonda məktəb, məktəbəqədər təhsil müəssisələrinin tikintisi, əsaslı şəkildə yenidən qurulması daim diqqət mərkəzindədir. Bu il Yevlaxdakı məcburi köçkün qəsəbəsində fəaliyyət göstərən 50 yerlik uşaq bağçasında cari təmir işləri aparılmış, Göygöl rayonundakı 40 yerlik uşaq bağçasının həyətində əlavə iki otaq tikilmiş, hasar çəkilmiş, uşaq attraksionu quraşdırılmışdır. Gəncənin Kəpəz rayonu ərazisində 600 nəfər ailənin məskunlaşdığı qəsəbədə isə bu ilin sentyabr ayından körpələr evi-uşaq bağçası fəaliyyətə başlamışdır.

Təhsil sahəsində də bir sıra nailiyyətlər əldə olunub. Ali məktəblərə daxil olan gənclərin sayı hər il artır. Bu il ali məktəblərə qəbul olunan kəlbəcərli məzunların 30 nəfəri 600-dən çox bal toplayıb. Ali məktəblərə sənəd vermiş məzunlardan 419 nəfərinin qəbul olunması da yaxşı göstəricidir.

Kəlbəcərlilərə göstərilən tibbi xidmətin səviyyəsi ilbəil yüksəlir. Burada maddi-texniki bazanın vaxtaşırı yenilənməsi, ən müasir tibb avadanlıqların alınıb gətirilməsi də mühüm rol oynayır. Keçən ayın əvvəllərində Aşıq Şəmşir Mədəniyyət Ocağı İctimai Birliyinin dəstəyi ilə rayon mərkəzi xəstəxanasında 13 otaqdan ibarət müasir, yeni bir binanın tikilib istifadəyə verilməsi və həmin gün qanvermə aksiyasının təşkil edilməsi rayon ictimaiyyətinin böyük marağına və razılığına səbəb olmuşdur.

...Hər dəfə Kəlbəcərdən söhbət düşəndə, yaxud bir kəlbəcərli ilə görüşəndə, nədənsə 1993-cü ilin aprelin ilk günlərində Gəncənin girəcəyində quraşdırılmış qara çadır-qərargah gəlir gözlərim önünə. Aradan 25 ilə yaxın vaxt keçməsinə baxmayaraq ora müraciət edən yüzlərlə, minlərlə kəlbəcərlinin hər birinin sifəti yadımdadır desəm, inanın. Həyəcan, təlaş, gərginlik, düşmənə nifrət, pənah ...daha nələr, hansı hisslər. O günlər, az qala, bütün Gəncə bura axışırdı. Ərzaq gətirən kim, evinə dəvət edən kim,qorxunc baxışlarla ətrafda baş verənləri seyr edən körpələrin başlarını sığallayan kim... Bəlkə də ona görə həmin günləri unuda bilmirəm. Bəlkə də ona görə bu gün bir kəlbəcərlinin üzü güləndə sevinirəm. Bəlkə də Aqil müəllimin yumruqlarının düyünləməsini görüb mən də qeyri-ixtiyari eyni hissləri keçirirəm. Əminəm ki, sıxılan bu yumruqlar tezliklə düşmənin başına endiriləcək, torpağımız düşmən tapdağından azad ediləcək.

Ona görə ki, bizim dünyada tanınan müdrik Prezidentimiz var. Keçən ilin aprelində öz gücünün çox cüzi hissəsini göstərən, düşməni pərən-pərən salan Ordumuz var. Niyə də Murovun o tayında üçrəngli bayrağımız yenidən dalğalanmasın?! Bax o zaman Ağdabandan doğacaq Günəş bütün Azərbaycana yayılacaq. O Günəşin işığından hamımıza pay düşəcək...

Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında