Səbaildə Dövlət Bayrağı Gününə həsr olunmuş silsilə tədbirlər

9 Noyabr Dövlət Bayrağı Günü münasibətilə Səbail rayonunda silsilə tədbirlərə start verilmişdir. Keçirilən görüş və mərasimlərdə Səbail RİH-in məsul işçiləri, bələdiyyələrin və rayon ictimaiyyətinin nümayəndələri, veteranlar, gənclər, məktəblilər və ərazidəki hərbi hissələrin şəxsi heyəti fəal iştirak edirlər.

Əlamətdar günə həsr olunmuş “Bayrağımız qürur mənbəyimizdir” adlı ilk tədbir Dövlət Bayrağı Meydanına ən yaxın ərazidə yerləşən kollektivdə – 49 saylı “İntellekt” lisey-məktəbində təskil olunmuşdur. Ədəbi-bədii mərasimin iştirakçıları bayram münasibətilə şagirdlərin hazırladıqları divar qəzetlərinə, çəkdikləri bayraq rəsmlərinə baxmışlar.

Azərbaycan Respublikasının Dövlət himninin ifasından sonra lisey-məktəbin direktoru, Əməkdar müəllim Təhminə Əsədova təntənəli toplantını giriş sözü ilə açaraq qeyd etmişdir ki, dövlət bayrağımız milli kimliyimizdən, dini inancımızdan və müstəqillik uğrunda mücadilələrdə şəhidlərimizin qanından rəng almışdır. Üçrəngli bayrağımız tarixin kəşməkəşli yollarından keçmişdir, ona görə də hər bir azərbaycanlı üçün olduqca müqəddəsdir. Azərbaycan bayrağı zəmanəmizdə milli ləyaqət rəmzidir. Onu başımız üzərində uca tutmaq, vüqarla dalğalandırmaq hər birimizin şərəf borcudur. Rayonda bayraq günü münasibətilə ilk tədbirin məhz burada keçirilməsi bu təhsil ocağının əzəmətli Dövlət Bayrağı Meydanına ən yaxın ərazidə yerləşməsidir. Hər bir şagird belə bir məktəbdə oxumasından qürur duymalıdır.

Səbail Rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul işçisi İsrafil Kərimov isə bildirmişdir ki, Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra milli bayrağımız ilk dəfə rəsmi şəkildə ümummilli lider Heydər Əliyevin səyləri nəticəsində 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə muxtar respublikada dövlət bayrağı kimi qaldırılmışdır. 5 fevral 1991-ci ildə isə milli bayrağımız Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə ölkənin dövlət bayrağı kimi qəbul edilmişdir. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamı ilə 9 Noyabr Dövlət Bayrağı Günü təsis edilmişdir. 8 ildir ki, noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur.

“Ehtiyatda olan Zabitlər Konfederasiyası İctimai Birliyinin sədri general-mayor Məhəmmədhüseyn Sarıyev, birliyin rayon təşkilatının sədri polkovnik Xətai Baxışov və başqaları bildirmişlər ki, dövlət bayrağımız xalqımızın azadlıq və istiqlal ideyalarının, milli varlığının, bəşər sivilizasiyasında özünəməxsus tarixə və mədəniyyətə sahib olmasının təcəssümüdür. “İnnovativ təşəbbüslər: sosial və iqtisadi inkişafa yardım” İctimai Birliyinin sədri Əşrəf Əhmədov müəllifi olduğu “Azərbaycan bayrağı” kitabını məktəbə hədiyyə etmişdir.

Mərasimdə məktəblilərin ifasında bayrağımıza həsr olunmuş şeir və mahnılar səslənmiş, ədəbi kompozisiya sərgilənmişdir.

Tahir AYDINOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında