Məlum olduğu kimi, sentyabrın əvvəllərində Azərbaycan Prezidenti cənab İlham Əliyev növbəti dəfə Cəlilabada səfər edib. Ölkə rəhbərinin xeyir-duası ilə Cəlilabad şəhərinin içməli su təchizatı sisteminin və kanalizasiya şəbəkəsinin, yenidənqurmadan sonra telekommunikasiya qovşağının, Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun, “Avanqard” MMC-nin dənli və paxlalı bitkilərin təmizlənməsi və qablaşdırılması müəssisəsinin, həmçinin “Günəşli-Aqro” MMC-nin aqroparkının açılışları olub. Səfərdən dərhal sonra İlham Əliyevin sərəncamları ilə Cəlilabad şəhərində abadlıq-quruculuq işləri və çoxmənzilli binaların əsaslı təmiri, eləcə də Cəlilabad-Yardımlı avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədilə 6 milyon manat vəsait ayrılıb. Göründüyü kimi, Cəlilabadda aparılan abadlıq-quruculuq işləri uzaq kəndləri də əhatə edir. Budəfəki söhbətimiz də həmin kəndlərdən biri haqqındadır.
…Elə yeni çəkilmiş yolun kənarında maşını saxlayıb şəkil çəkmək üçün aşağı düşmüşdüm ki, burnuma sanki yovşan ətri dəydi. Bu ətrafda yovşan olmadığını bilirdim. Buna baxmayaraq, qəribsəyən kimi oldum. Yadıma yovşan ətrinin adamı yurda-yuvaya çəkməsi ilə bağlı ədəbi nümunələr düşdü. Üz tutduğum Komanlı kəndinin koman-kuman qıpçaq boylarının adını yaşatdığı qənaəti düşüncəmdə daha da gücləndi.
Xatırladım ki, hətta məşhur italyan səyyahı Marko Polo Şimali Qafqazı və Xəzərin cənub-qərb sahillərini Komaniya adlandırmışdır. Görkəmli rus arxeoloqu Svetlana Pletnyova “Qıpçaqlar” əsərində yazırdı: XII əsrin əvvəllərində, monqol istilası ərəfəsində ulusun başında duran Şarukan (Sarıxan) öldükdən sonra onu əvəz edən oğlu Sırçan (Şirxan) qardaşı Atrakı köçüb getdiyi Gürcüstandan geri qaytarmaq üçün sevimli ozanı Orevə tapşırır ki, gedib ona kuman nəğmələri oxusun, əgər təsir etməsə, apardığı yovşanı ona iylətsin…
Komanlı kəndinin sakini aşıq Barat el toylarında saz və gitara ifaçılığı ilə tanınır. Onun ifasında “Puhani döndərməsi” xüsusilə gözəl səslənir. Barat müəllimin atası da musiqiçi olub, oğlu Tural da ailə ənənəsini davam etdirir. Kim bilir, bəlkə də ulu ozan Orevlə bağlı yaddaş kodları indi Baratın ruhunda təcəlla tapıb.
Qardaş Türkiyənin Tunceli mahalının Mazgirt ilçəsində də Koman adlı köy var. Bizim Komanlı isə Cəlilabad rayonunun iri kəndlərindəndir, eyniadlı inzibati ərazi dairəsi üzrə nümayəndəliyin mərkəzi sayılır. Komanlı, Bəcirəvan, Şıxlar, Həziabad və Alaşar kəndlərini əhatə edir. Ümumilikdə, 8787 nəfər əhalisi var, təsərrüfatlarının sayı 1670-dir. Camaat, əsasən, əkinçilik və maldarlıqla məşğul olur. Əkin yerləri məhsuldar qara torpaq ərazilərdən ibarətdir.
Kəndə yol Göytəpə şəhərindən başlanır. Bu yol hər zaman çala-çuxuru, toz-dumanı ilə “məşhur” olub. İndi isə yenicə təmir edilmiş, 6 kilometrə qədər uzunluğu olan Göytəpə-Komanlı yolunun rahat asfalt örtüyü hər kəsə rahatlıq bəxş edir. Yola birgə çıxdığımız icra nümayəndəsinin müavini Zakir Baxşəliyev son dövrlərin abadlıq-quruculuq işlərindən danışaraq bildirdi ki, ölkə rəhbərliyinin qayğısı sayəsində ucqar kəndlər belə firavan günlərini yaşayır. İnşası yenicə başa çatmış bu yol 8 mindən çox əhalinin yaşadığı 4 kəndi birləşdirir. Cəlilabad rayon rəhbərliyi, yol istismarı idarəsinin fədakar zəhmət adamları payız-qış mövsümü gələnə qədər burada işlərin tamamlanmasına nail olublar ki, əhali daha əvvəlki kimi əziyyət çəkməsin.
Kəndin ağsaqqalı Mirhəşim Şərifov da söhbətə qoşularaq razılığını dilə gətirdi:
– Sağ olsun rəhbərlərimiz! Sözümüzü qəribliyə salmadılar, xahişimizə əməl etdilər. Bu yol təmir ediləndə o qədər sevinirdik ki, hər gün fəhlələrin yanına gəlir, onlara çay-çörək gətirir, qol-qanad verirdik. Dünyanı iqtisadi böhran bürüdüyü bir vaxtda Azərbaycanda sosial infrastruktur layihələrin həyata keçirilməsi, kənd yollarının bərpası, uzunluğu kilometrlərlə ölçülən keyfiyyətli asfalt örtük çəkilməsi qürur hissimizi artırır. Əvvəllər bir saata keçdiyimiz yolu indi beş dəqiqəyə asanca qət eləyirik.
Komanlı kəndi Burovar dağ silsiləsinin yamaclarında qərar tutub. Artıq burada yeni məskunlaşmalar gerçəkləşir, əhalinin sayı artır. Abad yer, rahat yol olandan sonra nə var ki! Burada rast gəldiyimiz qoyun sürüsü, at arabası, palçıqdan düzəldilmə yerüstü təndirlər, göldə balıq ovu səhnələri kəndin etnoqrafik özəllikləri kimi yadımızda qaldı.
Təkcə son bir ildə Komanlıda 67 təzə ev tikilib. Həyat şəraiti durmadan yaxşılaşır. Yeni ünvanların çoxu üçün lazım olan ornamentli pilləkənləri, oymalı, butalı məhəccərləri, yaraşıqlı kətilləri sakinlər usta Qorxmazgilin xarrat sexində sifariş verirlər. Qorxmazın, Şahinin əlindən çıxan işlər bədii təfəkkür məhsulu kimi göz oxşayır. Bəzən bir əşyanı hasilə gətirmək üçün bir neçə ağac növündən istifadə edilir. Bu barədə sənədli film də çəkilib.
Komanlı ərazi vahidliyində 4 tam orta məktəb, 5 tibb məntəqəsi, klub, çal-çağırı əskik olmayan 2 şadlıq sarayı var. Poçt-rabitə sistemi normal fəaliyyət göstərir, genişzolaqlı internet şəbəkəsi camaatın xidmətindədir.
Kənd poçt şöbəsinin rəisi Teymur Quliyev də ürək sözlərini söylədi:
– Doğrusu, daim rayon rəhbərliyinin diqqətində olmağımız bizim nikbinliyimizi qat-qat artırır. Bu yeni çəkilmiş yol isə sakinlərimizə misilsiz töhfədir. O, qürurla dalğalanan üçrəngli, ay-ulduzlu bayrağımıza baxın! -deyə əlini irəli uzatdı. – Qazanılan uğurlar məhz bu bayrağın, bu dönməz, əbədi və sarsılmaz dövlət müstəqilliyimizin zəfəridir! Son vaxtlar Cəlilabadın 47 kəndinə qaz çəkilib. Ötən ilin martında, Novruz bayramı ərəfəsində bizim Komanlı kəndinin camaatı da “mavi yanacaq” sevincini yaşadı. Açılışa Rövnəq Abdullayev özü gəlmişdi. Bir gündə 442 abonentin evində həyat rəmzi olan təbii qaz şölələndi. Mənzillərə rahat biş-düş üsulu və istilik, ürəklərə hərarət gəldi.
Komanlı kənd tam orta məktəbinin müəllimi Gülüş Hüseynova da, Şıxlar kənd sakini Rəhim Rəhimov da, bir sözlə, kimi gördüksə, hamı bir nəfər kimi güzəranın, şəraitin get-gedə daha da yaxşılaşmasından söz açdı, fasiləsiz qaza, işığa, təzə yola, digər rahatlıqlara görə ölkə rəhbərliyinə, şəxsən möhtərəm Prezidentimiz İlham Əliyevə dərin minnətdarlıq duyğularını ifadə elədi. Buradakı yeniləşmə ruhunun özümüz də canlı şahidi olduq. Kənd sakini Pənah Baxşəliyev demişkən, görünən dağa daha nə bələdçi?! Daha Komanlıda koma qalmayıb. Gözəl evlər, imarətlər saya gəlmir.
Mən Komanlıdan bu qədim və müasir kəndlə bağlı xeyli zəngin təəssüratla ayrıldım.
Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”nin
bölgə müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.