Milli Məclisdə “Məişət zorakılığı ilə mübarizə sahəsində fəaliyyət planı”na dair “dəyirmi masa” təşkil olunub

Oktyabrın 26-da Milli Məclisdə hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə ailə, qadın və uşaq məsələləri komitəsinin birgə təşkilatçılığı ilə “dəyirmi masa” keçirilib.

Deputatlar tədbirə dəvət olunmuş hökumət nümayəndələrinin, BMT Qadın Fondunun və Əhali Fondunun, ölkəmizdəki bir sıra QHT-lərin, o cümlədən Gənc Hüquqşünaslar Birliyinin təmsilçilərinin iştirakı ilə “Məişət zorakılığı ilə mübarizə sahəsində fəaliyyət planı”nı müzakirə ediblər.

“Dəyirmi masa”nın moderatoru Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli parlamentdə məişət zorakılığı ilə bağlı keçirilmiş tədbirlər, ictimai müzakirələr barədə məlumat verib. O deyib ki, parlamentdə ailə, qadın və uşaq məsələləri komitəsinin yaradılması bu sahədə atılan mühüm addımlardan biridir.

Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı ölkəmizdə məişət zorakılığına qarşı aparılan mübarizədən, hazırlanan fəaliyyət planından bəhs edib. O, parlamentdə bu sahəyə dair vacib qanunların qəbul edildiyini, Azərbaycanda ailə institutuna mühüm dəyər verildiyini bildirib, məişət zorakılığı ilə mübarizənin səmərəliyini artırmaq məqsədilə bir sıra təkliflər irəli sürüb. A.Naxçıvanlı zorakılıq qurbanlarına kömək mərkəzlərinin və ailə problemləri üzrə ixtisaslaşmış məhkəmə strukturlarının yaradılmasının, ailə psixoloqlarının yetişdirilməsinin vacibliyini bildirib. Qeyd edib ki, xüsusilə bölgələrdə qadınlar arasında maarifləndirmə işləri genişləndirilməlidir. Mətbuat və sosial şəbəkələr vasitəsilə də qadın hüquqlarının təbliği yaxşı nəticə verər.

Sonra “dəyirmi masa”da BMT-nin Qadın Fondunun Avropa və Orta Asiya üzrə proqram rəhbəri Katerina Volf çıxış edib. O, Azərbaycanda bu sahədə dövlət səviyyəsində və QHT-lər tərəfindən görülən işləri yüksək dəyərləndirib. Bildirib ki, məişət zorakılığı nə sərhəd tanıyır, nə millət. Bu problem dünyanın hər yerində geniş yayılıb. 

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məişət zorakılığına məruz qalmış qadınları himayə edən sığınacağın fəaliyyəti barədə məruzəsində konkret faktları diqqətə çatdırıb. O, zorakılıq qurbanlarına hüquqi, psixoloji, tibbi yardım göstərməklə bərabər onlar üçün məşğulluğa dair kursların da təşkil olunduğunu bildirib, bir sıra dövlət qurumları ilə sıx əməkdaşlıq şəraitində işlədiklərini deyib.

“Məişət zorakılığı ilə mübarizə sahəsində fəaliyyət planı”nın müzakirəsində deputatlar Çingiz Qənizadə, Vüsal Hüseynov, Elşən Musayev, Sədaqət Vəliyeva fikirlərini bildiriblər.

“Dəyirmi masa”da iştirak edən qonaqlardan BMT-nin Əhali Fondunun Azərbaycandakı nümayəndəliyinin əməkdaşı Xalisə Şahverdiyeva, gender bərabərliyi və məişət zorakılığı mövzusu üzrə ixtisaslaşmış ekspert Cavid Şahmalıyev, Gənc Hüquqşünaslar Birliyinin nümayəndəsi Nvolisa İfeanyiçukvu Çinedu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı Nəzakət Balabəyova, “Qadın təşəbbüsü və sosial problemlərin həllinə yardım” İctimai Birliyinin sədri Zemfira Mustafayeva görülən işlər, praktikada qarşılaşdıqları narahatlıq doğuran məsələlər barədə danışıb, təkliflərini nəzərə çatdırıblar.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında