Qubada keçirilən “Alma bayramı” və Xalça festivalında böyük coşqu yaşanıb

Qubada keçirilən ənənəvi “Alma bayramı”nda və bu il ilk dəfə təşkil olunan Xalça festivalında böyük coşqu yaşanıb.

Oktyabrın 7-si səhər saatlarından başlayan bayram tədbiri şəhərin Heydər Əliyev adına mədəniyyət və istirahət parkında təşkil olunub.

Bayram tədbirinə Milli Məclisin deputatları, bir sıra nazirliklərin vəzifəli şəxsləri, qonşu rayonların icra strukturlarının rəhbərləri, 40-a yaxın xarici ölkə nümayəndəsi, respublikamızdan kənarda yaşayan qubalı iş adamları, görkəmli elm və mədəniyyət xadimləri qatılıb.

2012-ci ildən etibarən ənənəvi olaraq təşkil edilən “Alma bayramı”nın iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla anıblar.

Bayram mərasimində adət-ənənələrimizi əks etdirən kompozisiyalar, milli rəqslər, rayonda becərilən alma sortları, bu meyvədən hazırlanan şirniyyatlar və içkilər nümayiş etdirilib. Tədbir çərçivəsində qonaqlara şimal regionunda yaşayan azsaylı xalqların mətbəxlərini və həyat tərzini əks etdirən stendlər təqdim olunub.

Mərasimdə çıxış edənlər festivalın keçirilməsini milli adət-ənənələrimizin, xalqımızın qonaqpərvərliyinin, ölkəmizin turizm imkanlarının tanıdılmasında, almanın və ondan hazırlanan məhsulların təbliğində böyük əhəmiyyətə malik olduğunu qeyd ediblər.

Quba Rayon İcra Hakimiyyətinin başçısı Yaşar Məmmədov artıq beşinci ildir ardıcıl təşkil olunan “Alma bayramı”nın əhəmiyyətindən danışıb. Bildirilib ki, Quba rayonu hələ keçmiş sovet dövründən meyvə bağları ilə tanınıb.  Bu gün də dövlət başçımız İlham Əliyevin diqqət və qayğısı nəticəsində respublikamızda kənd təsərrüfatının bütün istiqamətlərində, o cümlədən meyvəçilikdə dinamik inkişaf var. Sahibkarlar və təsərrüfatçılar üçün yaradılan  şərait Qubada yeni salınan meyvə bağlarının sahəsinin gündən-günə genişlənməsinə səbəb olub. Hazırda Quba-Xaçmaz zonası üzrə ümumilikdə 22 min  hektardan çox alma bağı mövcuddur. Bunun 14 min hektara yaxını Quba rayonunun payına düşür. Qarşıda duran əsas məsələlərdən biri becərilən məhsulun satışının təşkilidir. Dövlət tərəfindən sahibkarlara bu işdə hərtərəfli yardım göstərilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında” 2016-cı il 21 sentyabr tarixli sərəncamı əsasında azexport.az saytı yaradılıb. Bu, Azərbaycan mənşəli mallar haqqında məlumatların təqdim edilməsi və onların daxili və xarici bazarlarda satışı üçün əlverişli platformadır. Təsərrüfatçılar üçün öz məhsullarını yerli bazarlarda satmaqla yanaşı, xarici bazarlara da çıxarmaq üçün yol açılır.

Çıxış edənlər Qubada ilk dəfə Xalça festivalının keçirilməsini də əlamətdar hadisə kimi qiymətləndiriblər. Diqqətə çatdırılıb ki, Azərbaycanda xalçaçılığın inkişafına xüsusi qayğı ilə yanaşılır. Prezident İlham Əliyev 2004-cü il dekabrın 7-də “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununu təsdiq edib. Ölkə başçısının 2016-cı ilin 5 may tarixli Sərəncamı ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti yaradılıb. ASC-nin yaradılmasının əsas məqsədlərindən biri məhz xalça və xalça məmulatlarının istehsalı, onların ölkə daxilində və xaricdə satışının təşkili, istehsalatda yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsidir. “Azərxalça” ASC-nin ilkin mərhələdə yaradılan 10 filialından ikisi Quba və Xaçmaz rayonlarında yerləşir.

Bildirilib ki, Azərbaycanın ənənəvi xalçaçılıq sənəti 2010-cu ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsin reprezentativ siyahısına daxil edilməklə bəşəriyyətin irsi, sərvəti sayılır.

Çıxışlarda bu kimi bayram və festivalların ölkəmizin turizm imkanlarını aşkara çıxarmaq baxımından böyük əhəmiyyətə malik olduğu da xüsusi vurğulanıb.

“Alma bayramı”nda qubalı bağbanlar arasında müxtəlif nominasiyalar üzrə qaliblər müəyyənləşdirilib.

Eyni vaxtda ilk dəfə olaraq Xalça festivalı da keçirilib. Festival iştirakçılarına Azərbaycan xalçaları, onların toxunma prosesi nümayiş etdirilib. Tədbir çərçivəsində xalçaların satışı da təşkil olunub.

Tədbir tanınmış incəsənət ustalarının bayram konserti ilə başa çatıb.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında