Bakıda “Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu” mövzusunda konfrans keçirilib

Oktyabrın 6-da Beynəlxalq Mətbuat Mərkəzində “Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu” mövzusunda konfrans keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə keçirilən konfransda dilçi alimlər, Milli Məclisin deputatları, KİV-lərin rəhbərləri və nümayəndələri iştirak ediblər.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli HƏSƏNOV konfransda çıxış edərək bildirib ki, milli dövlətçiliyin yaranması və inkişafında dil mühüm tarixi rol oynayır. Çünki dil xalqın özünüqoruma instinktini gücləndirən, onu səfərbər edən və birləşdirən, həmçinin bir toplumu digərlərindən fərqləndirən və müdafiə edən ən etibarlı vasitədir. Ona görə də dövlət dilinin saflığının qorunması, inkişafı və zənginləşməsinə xüsusi qayğı göstərilməsi böyük əhəmiyyət kəsb edir.

Azərbaycan dilinin dövlətimizin əsas atributlarından biri olduğunu vurğulayan Əli Həsənov deyib ki, dilimiz azərbaycançılıq ideologiyasının da mühüm elementi, onun dual funksiya daşıyan siyasi və sosial-mədəni dayağıdır. Əvvəla, ona görə ki, Azərbaycan dili həm müstəqil dövlət kimi getdikcə güclənən ölkəmizdə, həm də dünyada yaşayan çoxmilyonlu soydaşlarımızın ünsiyyət vasitəsi və onların mənəvi doğmalığının əsasıdır. Bu dil nə qədər saf və zəngin olarsa, mənəvi varlığımızı dolğun ifadə edərsə, milli birlik də bir o qədər möhkəm və sarsılmaz olar. İkincisi, dövlət dili rəngarəng etnik və konfessional tərkibə malik olan müstəqil Azərbaycanın bütün vətəndaşlarının ürəkdən qəbul etdiyi və birləşdirici rol oynayan nadir mədəni-sosial fenomendir. Başqa sözlə, dövlət dili respublikamızda bərqərar olmuş milli həmrəyliklə cəmiyyətimiz üçün xarakterik olan multikulturalizmin vəhdətini təmin etməyə, yəni, azərbaycançılıq məfkurəsinin əsas məqsədlərindən birinə çatmağa imkan verir. Məhz bu amillər bizdən dövlət dilinin istifadəsinə və inkişafına daim həssaslıqla yanaşmağı tələb edir. 

Prezidentin köməkçisi Əli Həsənov ümummilli lider Heydər Əliyevin Azərbaycan dilinin xalqımızın ictimai-siyasi və mənəvi həyatında rolunu yüksək qiymətləndirdiyini vurğulayaraq deyib: “Azərbaycan dili özünün hazırkı səviyyəsinə çatana qədər müxtəlif tarixi mərhələlərdən keçib. Lakin hesab edirəm ki, ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlər xüsusilə əlamətdar olub. Təkcə onu qeyd etmək kifayətdir ki, onun prinsipial mövqeyi sayəsində Moskvanın etirazlarına baxmayaraq, Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit edildi. Həmin dövrdə Azərbaycan dilində mətbuatın, mədəniyyətin, elm və təhsilin inkişafı üçün böyük işlər görülüb, dövlət dilinin ictimai-siyasi və mədəni mövqeyinin yüksəlməsinə nail olunub”.

Müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsinin də ulu öndərin adı ilə bağlı olduğunu bildirən Əli Həsənov qeyd edib ki, 1995-ci ildə qəbul edilən Konstitusiyada Azərbaycan dili milli dövlətçiliyimizin əsas institutlarından biri olaraq təsbit edilib. Azərbaycan dilinin milli mənəvi, siyasi-hüquqi statusunun möhkəmlənməsi istiqamətində atılmış vacib addımlardan biri də 2001-ci ilin iyununda "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" Fərmanın imzalanması olub. Fərmanda Azərbaycan dilinin tarixi inkişaf yolları, habelə müstəqil dövlətçilik atributu kimi rolu və funksiyası göstərilib, əvvəlki on il ərzində tətbiqi vəziyyəti hərtərəfli nəzərdən keçirilib. Eyni zamanda, problem və nöqsanlar müəyyənləşdirilərək onların aradan qaldırılması barədə müvafiq tapşırıqlar verilib və qəti olaraq 2001-ci il avqustun 1-dən latın qrafikalı Azərbaycan əlifbasına keçilməsi qərara alınıb. Ümummilli lider Heydər Əliyevin həmin il avqustun 9-da imzaladığı digər Fərmanla avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü elan edilib. Növbəti mühüm addım 2002-ci ilin sentyabrında “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qüvvəyə minməsi oldu. Bu qanun ölkə Konstitusiyasına uyğun olaraq, Azərbaycan Respublikasında Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamlayır. Ötən illər ərzində isə bu qanun xeyli dərəcədə təkmilləşdirilib”.

Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi dil siyasətini bu gün Azərbaycan Prezidenti İlham Əliyevin ardıcıl surətdə davam etdirdiyini vurğulayan Əli Həsənov diqqətə çatdırıb ki, dövlətimizin başçısı 2015-ci ilin noyabrında Milli Elmlər Akademiyasının 70 illiyi ilə bağlı keçirilən toplantıdakı nitqində dövlət dilinin kənar təsirlərdən qorunması və saflığının təmin olunmasının vacibliyini qeyd edib, lüzumsuz yerə dilimizdə yad kəlmələrin işlədilməsinin əleyhinə olduğunu bildirib. Azərbaycan Prezidenti dövlət dilinin tətbiq dairəsinin genişləndirilməsi üçün ardıcıl tədbirlər həyata keçirir. Prezidentin 2004-cü il yanvarın 12-də imzaladığı "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında", 2004-cü il yanvarın 14-də "Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında", eləcə də 2007-ci il dekabrın 30-da "Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında" sərəncamları bu istiqamətdə əhəmiyyətli rol oynayıb.

Əli Həsənov, həmçinin müasir dövrdə geniş vüsət alan qloballaşma prosesinin dövlət dilinin istifadə sahəsindən də yan keçmədiyini, fasiləsiz təkmilləşən informasiya-kommunikasiya sistemlərinin, texnoloji yeniliklərin insanlar tərəfindən sürətlə mənimsənilməsinin, maneəsiz informasiya mübadiləsi imkanlarının artmasının dövlət dilini zənginləşdirməklə yanaşı, mənfi təsirlərə də məruz qoyduğunu qeyd edərək deyib: “Bu hallar həm cəmiyyətdə, həm də onun güzgüsü olan mətbuatda özünü qabarıq büruzə verir. Təəssüf ki, biz tez-tez kütləvi informasiya vasitələrində, o cümlədən elektron KİV-də dövlət dilinin norma və prinsiplərinə uyğun olmayan söz və ifadələrin işlədilməsinin şahidi oluruq.

Bu amilləri nəzərə alaraq, Prezident İlham Əliyev 2012-ci ilin mayında “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” haqqında Sərəncam imzalayıb. Sərəncamda bu gün dilimizin müxtəlif səviyyələrdə, xüsusilə KİV-lərdə işlənməsində fonetik, sintaktik və semantik normalardan ciddi yayınmaların olduğu vurğulanır. Göstərilir ki, dövlət dilinin bütün imkanlarından hər zaman lazımınca istifadə edilmir, yerli-yersiz yad sözlər dilimizə gətirilir. Aidiyyəti qurumlar bu təsirlərə qarşı ciddi mübarizə aparmırlar. Mətbuat orqanlarında geniş yayılmış ədəbi dil normalarından yayınmalar əksər hallarda təhlil olunub konkret nəticələr ümumiləşdirilmir, filmlərin dublyajında və xarici dillərdən edilən bədii və elmi tərcümələrdə nöqsanlar müşahidə olunur, küçə və meydanlardakı reklamlarda adi qrammatik qaydalar gözlənilmir. Azərbaycan dilinin internet sahəsində tətbiqinə diqqətin artırılmasının vacibliyi və s. məsələlər Sərəncamda xüsusi qeyd olunur.

Təəssüf ki, hələ 2012-ci ildə imzalanmış Prezident Sərəncamında sadalanan həmin nöqsanlar bu gün də aradan tam qaldırılmayıb. Ona görə də cənab Prezident dövlət dilinin KİV-də istifadəsi sahəsində mövcud problemlərin bir daha müzakirə edilib vəziyyətdən çıxış yollarının axtarılması və müvafiq təkliflərin hazırlanması məqsədilə bugünkü konfransın keçirilməsi barədə tapşırıq verib”.

 Azərbaycan reallığında ictimai fikrə təsir imkanları baxımından televiziya və radionun digər kütləvi informasiya vasitələrindən yüksəkdə dayandığını qeyd edən Prezidentin köməkçisi deyib ki, televiziya və radio hər evə, ailəyə daxil olaraq insanların gündəlik həyatının adi normasına çevrilib. Teleradio dövlət dilinin qorunub saxlanması, inkişafı və zənginləşməsi üçün böyük imkanlara malikdir. Biz bu imkanlardan səmərəli istifadə edərək müstəqil dövlətçiliyimizin milli mənəvi dayaqlarından biri, cəmiyyətdə səfərbəredici vasitə kimi mühüm rol oynayan dövlət dilinin mövqeyinin daha da möhkəmləndirilməsi üçün zəruri tədbirlər görməliyik.

 Azərbaycan Prezidentinin köməkçisi çıxışını bu sözlərlə bitirib: “Biz bu gün media məkanında dövlət dilindən istifadənin vəziyyəti, Azərbaycan dilinin qorunması və inkişafı məsələləri barədə müzakirələr aparmalı, bu sahədə mövcud problemlərə dair açıq fikir bildirməliyik. Ümid edirəm ki, bu müzakirələr yol verilmiş nöqsanların səbəblərinin aydınlaşdırılmasına və aradan qaldırılmasına kömək edəcək”.

Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan MƏHƏRRƏMOV çıxışında bildirib ki, Şura yarandığı ilk gündən ana dilimizin qorunmasını xüsusilə diqqət mərkəzində saxlayıb. Şura 2003-cü ildə teleradio məkanında yayımlanan veriliş və proqramların monitorinqini apardı. Monitorinq nəticəsində həmin vaxt televiziya verilişlərinin yarısının Azərbaycan dilində aparıldığı müəyyən edildiyindən Şura bu sahədə daha ciddi tədbirlər görməyə başladı. Həmin il Azərbaycan Respublikası ərazisində teleradio yayımı sahəsində “Dövlət dilindən istifadənin təmin edilməsi ilə bağlı Xüsusi Qaydalar” qəbul edildi. 2008-ci ilin yanvarında MTRŞ tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq, Azərbaycan Respublikası ərazisində təsis edilən və fəaliyyət göstərən bütün teleradio yayımçılarının proqramlarının bəzi verilişləri istisna olmaqla, əcnəbi dillərin öyrənilməsinə xidmət edən tədris proqramlarının (30 dəqiqədən çox olmamaq şərti ilə), intellektual verilişlərin və bəzi xüsusi buraxılışların Azərbaycan dilində yayımlanmasının təmin olunması barədə qərar qəbul edildi.

Nuşirəvan Məhərrəmov qeyd edib ki, Azərbaycan dilinin ədəbi normalarının qorunmasını diqqət mərkəzində saxlayan MTRŞ 2011-ci ildən dilçi alimlərin iştirakı ilə teleradio kanallarında yayımlanan proqramların monitorinqinin aparılmasına başlayıb. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə “Elektron Mediaya Yardım Fondu”nun “Azərbaycan media məkanında ədəbi dilin qorunması” layihəsi çərçivəsində həyata keçirilən bu monitorinqlərin nəticələri olduqca narahatedici məqamları üzə çıxarıb. Bundan sonra bu monitorinqlərin hər il mütəmadi qaydada keçirilməsinə başlanılıb. Əsas narahatlıq doğuran məsələ adi məişət dilinin ədəbi dilin şifahi forması ilə eyniləşdirilməsi idi. Özəl televiziya məkanında ədəbi dil normalarının pozulması hallarına daha çox rast gəlinir.

Diqqətə çatdırılıb ki, narahatlıq doğuran digər məsələlərdən biri də Azərbaycan dilinə əcnəbi söz və ifadələrin yersiz daxil edilməsidir. Elmi-texniki tərəqqi nəticəsində yeni terminlərin ədəbi dilimizə daxil olması təbii proses olsa da, cəmiyyətimizdə məişət dilində yayılan əcnəbi sözlərin ədəbi dilə gətirilməsi halları müşahidə edilir.

Qloballaşma dövründə böyük güclərin ədəbiyyat, elm, dil, təhsil sistemi vasitəsilə “Yumşaq güc” amilindən istifadə etməyə çalışdıqlarını vurğulayan MTRŞ sədri bu məsələyə də xüsusi diqqət yetirilməsinin önəmini qeyd edib. Bildirib ki, digər narahatedici məqamlardan biri də televiziya və radio məkanında aparıcıların vurğu məsələsinə diqqətsiz yanaşmalarıdır. Monitorinqin nəticələrinə görə, daha çox fonetik normalar pozulur. Bu məsələdə xəbər və informasiya proqramlarının aparıcılarının və diktorlarının üzərinə daha böyük məsuliyyət düşür. Bəzi aparıcılar və ya müxbirlər yeni dəblə ayaqlaşmaq üçün sürətli danışığa üstünlük verirlər ki, bu da ədəbi dilin pozulması halları ilə nəticələnir.

Televiziya və radio məkanında dil normalarının pozulması hallarına reklam mətnlərində də rast gəlindiyini vurğulayan N.Məhərrəmov deyib ki, bu, tamaşaçı və dinləyicidə yanlış fikir formalaşdırır. Bəzən tamaşaçı və dinləyici efirdə gördüyünü və eşitdiyini bir norma, ədəbi fakt kimi qəbul edir. Efirdə dil norma və qaydalarının yanlışlığı tamaşaçı və ya dinləyici auditoriyasına da sirayət edir. Ona görə də dillə bağlı televiziya və radioların üzərinə düşən vacib məsələlərdən biri də ondan ibarətdir ki, reklamların dil özəlliklərinə, reklam dilindən irəli gələn qüsurlara xüsusi diqqət yetirilməli, bu cür reklamların efirə getməsinə yol verilməməlidir.

Nuşirəvan Məhərrəmov qeyd edib ki, Azərbaycan Respublikası ərazisində təsis edilən və fəaliyyət göstərən bütün televiziya və radio kanallarının aparıcıları dövlət dilini mükəmməl bilməli və səlis danışıq qabiliyyətinə malik olmalıdırlar. Televiziya və radio kanallarında dublyaj olunan filmlər və verilişlər dövlətin müəyyən etdiyi dil normalarına uyğun olmalıdır.

Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun AMAŞOV bildirib ki, gündəlik həyatımızda dil normalarının, yalnız linqvistik qaydaların yox, “Dövlət dili haqqında” Qanunun müxtəlif maddələrinin pozulması halları ilə tez-tez üzləşirik. Mətbuatda dillə bağlı yol verilən pozuntu halları diqqəti daha tez cəlb edir. Çünki media özü mahiyyətcə, eyni zamanda, dil hadisəsidir və burada dilin daha yüksək peşəkarlıqla işlədilməsi tələb olunur. Buna görə də Azərbaycan Mətbuat Şurası fəaliyyətə başladığı ilk gündən mediada ana dilimizin qorunması məsələsini diqqət mərkəzində saxlayıb.

Mətbuat Şurasının nəzdində daimi fəaliyyət göstərən monitorinq qrupunun qəzet və jurnallarda yol verilən dil pozuntularını qeydə almaq və təhlil etməklə məşğul olduğunu diqqətə çatdıran Ə.Amaşov deyib ki, bu hallar müzakirə olunaraq ümumiləşdirilir və ictimaiyyətin diqqətinə çatdırılır. Son illər elektron media da bu sıraya qoşulub. Layihə çərçivəsində aparılan monitorinqlərdə Şuranın “KİV-lərdə ədəbi dil qaydalarının pozulmasının müəyyənləşdirilməsinə dair Təlimat”ına uyğun olaraq dil pozuntularının qeydə alınması üçün materiallar beş istiqamət üzrə - leksik, morfoloji, sintaktik, üslubi və texnoloji (qəzetçilik texnologiyası) baxımından təhlil olunur.

Ənənəvi mediada dil pozuntularının elektron mediadan xeyli az olduğunu vurğulayan Mətbuat Şurasının sədri qeyd edib ki, hazırkı dövrdə ictimai rəyin formalaşmasında və zəruri informasiyaların cəmiyyətə çatdırılmasında elektron medianın rolunun üstün olduğu nəzərə alınaraq, dil normalarının qorunmasına daha çox diqqət yetirilməsi mühüm əhəmiyyət kəsb edir. İnformasiyanın çatdırılma texnologiyalarındakı prinsipial fərqlərə baxmayaraq, yazılı mətbuat kimi elektron media da mahiyyətcə dil hadisəsidir. Digər tərəfdən, qəzetlər və jurnallar öz materiallarını hazırlayarkən elektron informasiya vasitələrinin yayımladığı informasiyalardan geniş istifadə edirlər və təcrübə göstərir ki, istinad vasitələrində yol verilmiş dil pozuntuları islah olunmadan mətbuat səhifələrinə çıxarılır və beləcə, səhvlər təkrarlanır.

Diqqətə çatdırılıb ki, monitorinqin nəticələri mediamızda ədəbi dilin bütün sahələrinə aid çoxlu miqdarda pozuntu hallarının olduğunu göstərir. Son onilliklərdə cəmiyyətimizdə baş verən ciddi dəyişikliklərlə bağlı dilimizə külli miqdarda yeni alınma sözlərin daxil olması təbii və qanunauyğun haldır. Bununla belə, öz sözlərimiz ola-ola zəruri ehtiyac duyulmadan onların əcnəbi qarşılığının nitqimizə nüfuz etməsinin də şahidi oluruq.

Mətbuatımızdakı dil qüsurlarının əsas səbəblərindən birinin də jurnalistlərin müraciət elədikləri mövzunu, bəhs etdikləri predmeti yaxşı bilməmələri ilə bağlı olduğunu bildirən Mətbuat Şurasının sədri deyib: “Ümumən predmeti bilməmək çağdaş jurnalistikamızda daha çox yayılıb. Bu baxımdan, medianın ixtisaslaşmasına da ciddi ehtiyac duyulmaqdadır. Dil qüsurlarının aradan qaldırılması üçün media təmsilçilərinin peşə hazırlığının yüksəldilməsi, təhsildə təkmilləşdirmə, ictimai şüurda dilin qorunması, qanunçuluğun gücləndirilməsi vacib məsələlərdir”.

Azərbaycanda Atatürk Mərkəzinin direktoru, Milli Məclisin deputatı, akademik Nizami CƏFƏROV olduqca aktual mövzuya həsr edilən bu konfransın KİV-də dövlət dilinin tətbiqi işinin inkişafına mühüm töhfə verəcəyinə əminliyini bildirib. O deyib ki, Azərbaycan dilinin normaları, ilk növbədə, bədii üslub, yazıçı dili hesabına formalaşıb. Bu, təxminən min illik tarixin yekunudur. Amma bu gün tam aydınlığı ilə görürük ki, müasir Azərbaycan ədəbi dilinin normalarını, onun inkişaf səviyyəsini, üslubi imkanlarını publisistika müəyyənləşdirir. Bu gün Azərbaycan ədəbi dili nə yazıçı dilinin, nə də elmi dilin hesabına inkişaf edir. Bu gün, xüsusilə müstəqillik illərində, XX əsrin sonlarından başlayaraq, publisistika – kütləvi informasiya vasitələrinin dili Azərbaycan dilinin inkişaf sürətini və keyfiyyətini müəyyənləşdirir. Burada işin mürəkkəb tərəfi odur ki, yazıçı dili – bədii üslub və alimlərin dili – elmi üslub son dərəcə dar bir dairədə kifayət qədər güclü peşəkarların ixtiyarındadır. Yəni, nə bədii və nə də elmi üslubda ciddi səhvlər ola bilməz.  

Azərbaycanda əsasən publisistik üslub səhvlərinin müşahidə edildiyini diqqətə çatdıran akademik bunların arasında fonetik səhvlərin daha çox olduğunu vurğulayaraq deyib: “Bu, onunla bağlıdır ki, Azərbaycan ədəbi dilinin şifahi üslubunun tarixi qədim deyil. Yəni, bizdə teatrın meydana çıxması, şifahi dil yaradıcılığının meydanının o qədər geniş olmaması və dialekt variantlarının çox olmasıdır. Bütün bunlar ona gətirib çıxarıb ki, bu gün bizim şifahi ədəbi dilimizdə problemlər var”.

Qeyd edilib ki, Azərbaycanda şifahi ədəbi dilin normaları, orfoepiya normaları olduqca dəqiqdir.

Azərbaycanda savadlılıq səviyyəsinin yüksək olduğunu bildirən alim deyib ki, ölkəmizdə şifahi dil yazılı dilə güclü təsir edir. Əgər Azərbaycan mətbuatında peşəkarların yazılarını oxusaq, görərik ki, ötən əsrin son onilliklərində olan klassik normativlik, yazı normativliyi yoxdur. Bunun əvəzində daha çevik dil var. Ona görə ki, bu gün yazılı mətbuatımızda reportaj üslubu çox güclüdür. Bu baxımdan şifahi dilin təsiri olacaq və yazılı mətbuatı bundan qorumaq da lazım deyil. Bununla yanaşı, düzgün yazmaq problemi qalır.

Yol verilən nöqsanların, əsasən, sözlərin düzgün yazılışı ilə bağlı olduğunu deyən Nizami Cəfərov bildirib ki, Azərbaycanda yazılı mətbuatın səviyyəsi kifayət qədər yüksəkdir. Mətbuat kütləvi hadisə olduğundan işçilərin hamısının peşəkarlığı çox çətin məsələdir. Alim bu baxımdan AZƏRTAC-ın informasiyalarında yüksək peşəkarlığın müşahidə olunduğunu xüsusi vurğulayaraq deyib: “Müqayisə üçün deyək ki, AZƏRTAC-ın materiallarında yüksək peşəkarlıq var. Hiss olunur ki, burada redaktə və korrektura işi var. Yəni, sabah qəzet səhifələrində yer alacaq hər bir mətnin üzərində nəzarət var. Mətn son həddə qədər nəzarətdən keçir. Eləcə də “Azərbaycan”, “Xalq qəzeti” və “Respublika” qəzetlərində də yazı normalarına ciddi riayət olunur”.

Azərbaycanda ədəbi dilin qorunmasına ciddi ictimai nəzarətin olduğunu deyən Nizami Cəfərov teleradio məkanında ədəbi dil normalarının əsasən aparıcılar və diktorlar tərəfindən pozulduğunu qeyd edib. O, bunun əsas səbəbi kimi bəzi teleradio proqramlarının aparıcılarının əsasən incəsənət xadimləri olmasını göstərib.

Nizami Cəfərov Azərbaycan dilinin xalqımızın varlığının və milli dövlətçiliyimizin rəmzi olduğunu vurğulayaraq, ədəbi dilin qorunmasının vacibliyini qeyd edib, bu baxımdan konfransın əhəmiyyətini yüksək qiymətləndirib. 

İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının sədri, AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar İMANOV konfransın əhəmiyyətini xüsusi vurğulayıb, belə müzakirələrin vaxtaşırı keçirilməsinin vacibliyini diqqətə çatdıraraq deyib: “Birinci ondan başlamaq lazımdır ki, biz dil və nitqi bir-birindən ayırmalıyıq. Dövlət sənədlərində də deyildiyi kimi, Azərbaycan dili kifayət qədər zəngin dildir və onun imkanları da olduqca genişdir”.

Azərbaycan dilinin imkanlarının genişləndirilməsinin, dilin zənginləşdirilməsinin vacibliyini qeyd edən alim bu gün milli mətbuatda, televiziyada və radioda müşahidə olunan qüsurların səbəblərinin müəyyənləşdirilməsinin zəruriliyini diqqətə çatdırıb. Bildirib ki, ədəbi dilin pozulmasının əsas səbəblərindən biri də aidiyyəti qurumların öhdələrinə düşən işi layiqincə yerinə yetirməmələridir.

Teleradio məkanında aparıcıların tez-tez dialektlərdən istifadə etdiklərini, sintaksis qaydalarını pozduqlarını bildirən M.İmanov bunun yolverilməz olduğunu qeyd edib. Diqqətə çatdırıb ki, başqa dillərin Azərbaycan dilinə, Azərbaycan dilinin isə digər dillərə təsiri qaçılmazdır. Burada əsas məsələ jurnalistlərin həmin sözləri necə işlədə bilmələridir. Dövlətimizin başçısı da AMEA-nın yubileyində bu məsələyə toxunaraq bildirdi ki, bizim dilimiz gözəl dildir və yersiz əcnəbi sözlərdən istifadə etmək lazım deyil. Bu, onu göstərir ki, belə sözlərin intensiv işlədilməsi nitq normalarına təsir göstərməyə başlayır.

Muxtar İmanov vurğulayıb ki, bu gün Azərbaycan mətbuatında istedadlı jurnalistlər çalışırlar və onlar ədəbi dilin qorunmasında mühüm xidmətlər göstərirlər. Lakin bununla yanaşı, televiziya, radio, qəzet və jurnallarda ədəbi dilin normalarının pozulması ilə bağlı ciddi qüsurlara da rast gəlinir. Belə halların aradan qaldırılması üçün redaksiyalarda istedadlı jurnalistlərin bilik və bacarıqlarından səmərəli istifadə olunmalı, onların irəli çəkilməsi təmin edilməlidir. Peşəkar jurnalist üslub, forma, məzmun və s. axtarışı aparmalıdır və biz ona bu şəraiti yaratmalıyıq. Lakin istedadı, peşəkarlığı olmayan bir şəxsi televiziyada və ya radioda vəzifəyə təyin ediriksə, ondan heç nə tələb edə bilmərik və bizim problemlərimizin əksəriyyəti buradan qaynaqlanır. Buna görə də biz peşəkar jurnalistləri irəli çəkməliyik.

Dövlətimizin başçısının fərman və sərəncamlarında küçələrdə reklam və lövhələrdə Azərbaycan ədəbi dilinin qaydalarının pozulması hallarına yol verilməsinin qeyd edildiyini deyən M.İmanov deyib ki, qanuna əsasən reklam lövhələrində yazılar əvvəlcə Azərbaycan dilində, sonra əcnəbi dildə əks olunmalıdır.

Alim ədəbi-publisistik üslubun normalarının qorunmasında jurnalistlərin fəaliyyətinə geniş yer verilməsinin önəmini diqqətə çatdırıb.

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün NAĞISOYLU Azərbaycan dilinin zənginliyinə görə digər dillərdən fərqləndiyini qeyd edib. Alim ümummilli liderin rəhbərliyi ilə hazırlanmış “Dövlət dili haqqında” 2002-ci il 30 sentyabr tarixli Qanunun müddəalarının hər bir Azərbaycan vətəndaşını, xüsusilə də dilçilik sahəsində çalışan mütəxəssisləri ədəbi dilimizin saflığı keşiyində dayanmağa, onun düzgün şəkildə tətbiqi və inkişafı istiqamətində düşünüb-daşınmağa, bu sahədə əməli tədbirlər görməyə səslədiyini qeyd edib.

Möhsün Nağısoylu bildirib ki, Azərbaycan ədəbi dilinin qorunması baxımından qarşıda duran məqsəd və vəzifələrin həlli daha çox AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun öhdəsinə düşür. Bu elmi müəssisədə Prezidentin Azərbaycan dili haqqında 2013-cü il 9 aprel tarixli Sərəncamından irəli gələn vəzifələri həyata keçirmək məqsədilə bir sıra əməli işlər görülüb. Bu baxımdan Dilçilik İnstitutunda bir neçə yeni şöbənin - qədim dillər və mədəniyyətlər, sosiolinqvistika və dil siyasəti, kompüter dilçiliyi, monitorinq şöbələrinin yaradılması qeyd edilib.

Bildirilib ki, Dilçilik İnstitutunda dilimizin saflığının qorunması, ədəbi dil normalarının pozulması hallarının qarşısının alınması sahəsində də məqsədyönlü işlər yerinə yetirilir. İnstitutun əməkdaşları bu məqsədlə vaxtaşırı yoxlamalar aparır, monitorinqlər keçirir və ən başlıcası, sözügedən sahədəki nöqsanların aradan qaldırılması üçün maarifləndirici tədbirlər görür, aidiyyəti təşkilatlara tövsiyələr verir, onlarla müqavilələr bağlayır. Televiziya və radio kanallarında, mətbuat orqanlarında və sosial şəbəkələrdə Azərbaycan ədəbi dilinin normalarının pozulması hallarına tez-tez rast gəlmək olur. Bu sahədə pozuntuların qarşısının alınmasında ictimaiyyətin də fəal iştirakının təmin edilməsi və operativ tədbirlərin görülməsi məqsədilə Dilçilik İnstitutunda artıq iki ildir ki, “qaynar xətt” fəaliyyət göstərir.

Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal ABDULLAYEV Prezident İlham Əliyevin ədəbi dil məsələsinə daim xüsusi diqqət yetirdiyini, bu istiqamətdə fərman və sərəncamlar imzaladığını bildirərək deyib: “Prezident İlham Əliyev Azərbaycan dilinin qorunması məsələsinə həmişə yüksək diqqət və qayğı göstərib. Prezident İlham Əliyev Ana dilini öz şəxsi örnəyi ilə qoruyur. Biz onun nitqlərinə, çıxışlarına qulaq asırıq və Azərbaycan dilinin potensialından istifadə etmək istedadının şahidi oluruq. Bu, çox vacib məsələdir. Dövlətimizin başçısı həm fərman və sərəncamları ilə, həm də şəxsi örnək olaraq Azərbaycan dilində səlis, dəqiq, mühakiməli və müdrik nitqləri ilə Azərbaycan dilinə münasibətini göstərir”.

KİV-də ədəbi dilin normalarının pozulmasının qarşısını almaq üçün bu sahəyə sistemli, kompleks yanaşmanın vacibliyini ifadə edən rektor bildirib ki, dilimizə başqa dillərdən sözlərin gəlməsinin qarşısını almaq lazım deyil. Çünki hər bir dil bu prosesi özü tənzimləyir. Azərbaycan dilini belə hallarla sarsıtmaq, məhv etmək mümkün deyil. Dil xalqa məxsusdur, dili məhv etmək üçün xalqı məhv etmək lazımdır.

K.Abdullayev bildirib ki, mətbuatda, efirdə səslənən hər bir söz həmin ifadəni səsləndirən şəxsin intellektual səviyyəsini müəyyənləşdirir. Buna görə də bu baxımdan mediaya, efir məkanına intellektual səviyyəsi yüksək olan şəxslər cəlb edilməlidir. Aparıcılar yüksək intellektə, nitq mədəniyyətinə malik olmalı, haqqında danışdıqları məsələləri dərindən bilməlidirlər. Biz çox vaxt bəzi aparıcıların nədən danışdığının özünün də bilmədiyinin şahidi oluruq. Təbii ki, belə aparıcılar dilimizə yersiz sözlər də gətirəcək, ədəbi dil normalarını da pozacaqlar. Bu baxımdan həmin aparıcıların, jurnalistlərin intellektual səviyyələrinin qaldırılmasına çalışmalı, intellektual səviyyəsi olmayan insanları mətbuata gətirməməliyik.

Akademik bildirib ki, bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi cəsarətli və qətiyyətli siyasət nəticəsində Azərbaycan multikulturalizmin təntənəsini yaşayır. Multikultural cəmiyyətin ən böyük təhlükələrindən biri dil məsələsidir. Çünki müxtəlif mədəniyyətlərdən dövlət dilinə müəyyən təsirlər və təzyiqlər var. Azərbaycan dilinin gücü, eyni zamanda, ölkəmizdə yaşayan xalqların dilinin gücündən, dilimizin qədim potensialından – “Kitabi-Dədə Qorqud”un, Nizaminin, Füzulinin, Qazi Bürhanəddinin, Nəsiminin, Hüseyn Cavidin və başqa dahilərimizin dilinin gözəlliyindən yaranır. Onların əsərlərini mütaliə etməmiş adamları efirə buraxmaq düzgün deyil. Bu baxımdan ədəbi dilin qorunması vacib əhəmiyyət kəsb edir.

Kamal Abdullayev bu problemin həllində kütləvi informasiya vasitələrinin nümayəndələri üçün təlim və seminarların təşkilinin önəmini diqqətə çatdırıb. Qeyd edib ki, bu prosesdə müvafiq qurumların, o cümlədən AMEA-nın Dilçilik İnstitutunun, Azərbaycan Dillər Universitetinin potensialından istifadə etmək lazımdır.

Məruzələrdən sonra aparılan müzakirələrdə çıxış edən Azərbaycan Dil Qurumunun sədri, Xalq şairi Sabir RÜSTƏMXANLI konfransda Azərbaycan dilinin taleyi, mətbuatda işlədilməsi, cəmiyyət həyatındakı yeri ilə bağlı mühüm məqamlara toxunulduğunu bildirib. O, dilin və sözün son dərəcə ciddi məsələ olduğunu qeyd edərək vurğulayıb ki, dil varsa xalq var, dil yoxdursa xalq da yoxdur.

“Dil ana südü kimidir. Ana südü içməyən uşaq ömrü boyu xəstələndiyi kimi, ana dilinin içindən keçməyən uşaqlar da ömrü boyu bu dildə yarımçıq danışırlar. Ona görə də ilk məsələ uşaqlarımızın ana dilində tərbiyəsidir, ana dilində təhsildir, ana dilində məktəblərdə bilik səviyyəsidir. Kadr hazırlığı oradan başlayır”, - deyə S.Rüstəmxanlı əlavə edib.

Xalq şairi dərsliklərdə dilin nə cür təqdim olunmasının vacibliyini qeyd edərək bildirib ki, bu, çox ciddi məsələdir. Dərsliklərdə ana dilinin işlənmə səviyyəsi mütləq nəzarətdə saxlanılmalıdır.

Radio və televiziyalarda mövcud dil probleminə toxunan Azərbaycan Dil Qurumunun sədri deyib: “Vaxtılə Azərbaycanın bir-iki televiziya kanalı olub və onları nəzarətdə saxlamaq, yaxşı kadr tapmaq asan idi. Bu qədər televiziya kanalı yaranıbsa təbii ki, o qədər də kadr, mütəxəssis olmalıdır. Buna görə çox da həyəcanlanmaq lazım deyil. Onların hər biri tədricən öz kadrını, mütəxəssisini tapacaq. Yetər ki, biz uşaqlarımıza dilimizi yaxşı öyrədək”.

S.Rüstəmxanlı, həmçinin reklam lövhələrində, müxtəlif obyektlərin adlandırılmasında ana dilindən istifadə etməyin vacibliyini vurğulayıb.

Konfransın çox aktual mövzuya həsr olunduğunu deyən İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü Azər HƏSRƏT deyib ki, dövlətin bu məsələyə xüsusi diqqəti hamımıza lazım olan əsas məqamdır: “Hamımız bilirik ki, Prezident İlham Əliyev şəxsən bu məsələni diqqətdə saxlayır və bugünkü tədbir də onun tapşırığı ilə keçirilir. Biz vəziyyətdən çıxmaq üçün nə edə bilərik? Birincisi, televiziya və radioların rəhbərlərinin hamısının burada olmasından yararlanaraq konkret təkliflər verək ki, icra edilsin”.

Azər Həsrət qeyd edib ki, televiziya aparıcılarının əksəriyyəti bədii ədəbiyyat oxumur. Televiziyalarda tapşırıq vermək olar ki, aparıcılar, diktorlar bədii ədəbiyyat oxusunlar.

“Hamımız istəyirik ki, dilimiz təmizlənsin, zərurət olmadan əcnəbi sözlər dilimizdə işlədilməsin. Bütün televiziya kanallarında “start verildi” sözü işlədilir. “Başlamaq” sözü var ikən niyə onu işlətməyək? Gəlin, burada elə tapşıraq, hamımız bir yerdə qərar verək ki, bu “start vermək” sözünü yığışdırırıq”, - deyə A.Həsrət əlavə edib.

İTV Yayım Şurasının üzvü vurğulayıb ki, kütləvi informasiya vasitələrində, televiziya və radiolarda əcnəbi dillərdən alınaraq Azərbaycan dilini korlayan sözlər də var: “Məsələn, “servis xidməti” sözü işlədilir. “Servis” elə “xidmət” deməkdir. Yaxud “sınaq imtahanı” deyə söz işlədilir. Bu, nə deməkdir? “Sınaq”, “test”, “imtahan” elə üçü də eyni sözdür. Yəni, bunları təmizləmək çətin məsələ deyil. Bunları deməkdə məqsədim odur ki, biz bu xırda məsələlərdən başlasaq, yəqin ki, vəziyyəti düzəldə biləcəyik. Sadəcə qarşıya qoyulan tapşırıqları icra etməliyik”.

Konfransa yekun vuran Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli HƏSƏNOV tədbirdə faydalı fikirlərin səsləndiyini qeyd edib, dövlətimizin ana dilinin saflığının qorunmasına xüsusi önəm verdiyini diqqətə çatdıraraq deyib: “Son zamanlar Azərbaycan dilinin vergülündən tutmuş üslubuna qədər pozulması halları yavaş-yavaş meyil halı almaqdadır. Əlbəttə, Azərbaycan dili zəif dil deyil ki, hansısa normaların pozulması dilin məhvinə gətirib çıxarsın. Amma bütövlükdə dilin saflığının qorunması, onun inkişafının təmin olunması və bu sahəyə dövlətin ayırdığı diqqət qarşımıza qoyduğumuz məqsədə çatmağın əsas yollarından biridir. Biz bunu mütləq şəkildə həyata keçirməliyik”.

Konfransda aparılan müzakirələrdə bütün sahələr üzrə əsas vəzifələrin və hədəflərin dəqiq müəyyənləşdirildiyini qeyd edən Prezidentin köməkçisi Azərbaycan ədəbi dilinin saflığının qorunması və inkişafı prosesində KİV ilə yanaşı, cəmiyyətin hər bir üzvünün üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayaraq bildirib: “Hamı anlamalıdır ki, Azərbaycan dilini yaşatmaq üçün bizim yalnız bir coğrafi ərazimiz var, o da Azərbaycan ərazisidir. Azərbaycan dilinin yaşayacağı bir hüquqi təsisat var, o da Azərbaycan dövlətidir. Azərbaycan dilini yaşadanlar Azərbaycan vətəndaşlarıdır və xarici ölkələrdə yaşayan soydaşlarımızdır. Azərbaycan dilinin gözəlliklərini, zənginliklərini qoruya, o dildə əsərləri yarada biləcək bir xalq var, o da biz azərbaycanlılarıq. Hər kəs buna məsuliyyətlə yanaşmalıdır”.

Konfransın mövzusu ilə bağlı müzakirələrin aidiyyəti qurumlarda, elmi institutlarda davam etdirilməsinin vacibliyini diqqətə çatdıran Prezidentin köməkçisi deyib: “Biz çox istərdik ki, aparıcılarımız Azərbaycan dili ilə yanaşı, xarici dilləri də səlis bilsinlər, həm intellektli, həm gözəl, həm də yaxşı xarici görkəmə malik olsunlar. Çünki xarici ölkələrin televiziya kanallarının verilişlərinə baxanda həmin ölkələrin obrazını görürsünüz. Niyə Azərbaycan xalqını gözəl aparıcı təmsil etməsin? Həm də yaxşı olar ki, onlar ana dilini gözəl bilsinlər, yüksək intellektli, yaxşı həmsöhbət olsunlar. Yəni, tamaşaçını cəlb etməyin yolu təkcə aparıcının görünüşü deyil. Təəssüf ki, son illər Azərbaycanda süni reytinq arxasınca qaçmaqla bu işə mənfi təsir göstərilib”.

Əli Həsənov dövlətimizin başçısının qaldırdığı həyəcan siqnalına dilçi alimlər, KİV rəhbərləri və nümayəndələri tərəfindən dərhal ciddi reaksiya verildiyini ifadə edərək dərin məzmunlu çıxışlara görə təşəkkürünü bildirib.

“Televiziya və KİV rəhbərləri bilməlidirlər ki, Azərbaycan cəmiyyətinə nümunələri onlar təqdim edirlər. Ona görə də televiziya efirinə, mətbuatın səhifələrinə bütün sahələr üzrə Azərbaycanı, xalqımızı təmsil etmək iqtidarında olan şəxslər çıxarılmalıdır. Burada televiziyaların üzərinə mühüm vəzifə düşür”, - deyə Prezidentin köməkçisi diqqətə çatdırıb.

Əli Həsənov Azərbaycan ədəbi dilinin normalarının pozulmasının qarşısının alınması üçün bu barədə müxtəlif vəsaitlərin, nəşrlərin hazırlanmasının, müvafiq kursların açılmasının vacibliyini qeyd edərək deyib: “Cəmiyyətdə adi vətəndaşdan, QHT nümayəndəsindən, KİV rəhbərindən tutmuş alimə, ziyalıya qədər hər kəs hiss etməlidir ki, Azərbaycan ədəbi dilinin qorunması hər bir azərbaycanlının ümdə vəzifəsidir. Ümummilli lider də bu haqda danışarkən bildirirdi: hər bir azərbaycanlı fəxr etməlidir ki, o, azərbaycanlıdır. Hər bir azərbaycanlı fəxr etməlidir ki, onun gözəl Ana dili var. Ona görə də Ana dilimizin gözəlliyinə, saflığına zərər vuranlar Azərbaycan cəmiyyətinin ictimai qınağına tuş gəlməlidirlər”. 

Konfransın məhsuldar keçdiyini qeyd edən Prezidentin köməkçisi bildirib: “Mən sizin adınızdan cənab Prezidenti əmin etmək istəyirəm ki, Azərbaycan dilinin qorunması ilə bağlı onun qaldırdığı həyəcan siqnalı, Azərbaycan dilinin lüzumsuz xarici müdaxilələrdən qorunması ehtiyacı ziyalılarımız tərəfindən ciddi qəbul edilib və hər kəs bu işə öz dəstəyini verməyə hazırdır”.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında